Məhkəmə qərarları › İş №2(5-97)-810/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(5-97)-810/2026

10.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-97)-810/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdehnə qarşı “öhdəlik qoyulması” barədə iddia tələbi üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “öhdəlik qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı - İddiaçı "Dizayn" ixtisası üzrə istehsalat təcrübəsinə göndərilməsi öhdəliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin üzərinə qoyulması, bu mümkün olmadıqda, istehsalat təcrübəsi üçün təşkil olunan İİİ kursun İİ semestrnə görə ödənilmiş 500 (beş yüz) manat təhsil haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecindən tutularaq İddiaçı - İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə yolverilməzliyə görə iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddia tələbi “öhdəlik qoyulması” barədədir, cavabdeh qismində Cavabdeh göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Lakin inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun: -2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -3.1-ci maddəsinə əsasən, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanunun: 2.2-ci maddəsinə əsasən, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. - 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların (yaxud inzibati səlahiyyətlərin daşıyıcısı olan fiziki və hüquqi şəxslərin) belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Hazırda iddiaçı məhkəməyə müraciət edərək "Dizayn" ixtisası üzrə istehsalat təcrübəsinə göndərilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını, bu mümkün olmadıqda isə ödədiyi təhsil haqqının geri qaytarılmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına görə müvafiq şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edən həm fiziki, həm hüquqi şəxs inzibati orqan anlamına gələ bilər. Publik hüquqi şəxs dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Hazırki mübahisə üzrə cavabdeh qismində cəlb edilmiş subyekt Cavabdeh təhsil sahəsində dövlətin səlahiyyətlərini icra edən publik hüquqi şəxs statusuna malikdir. Cavabdehin təşkilati hüquqi formasından asılı olmayaraq iddiaçıya göstərilən təhsil xidmət ictimai əhəmiyyət daşıyır və müəssisə bu sahədə dövlətin publik funksiyalarını icra edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisə publik hüquq münasibətlərindən irəli gəldiyindən və cavabdehin hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətilə bağlı olduğundan, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və ona görə də iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya hazırki tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının: - 3.2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. - 15.4-cü maddəsinə əsasən, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. - 16.1-ci maddəsinə əsasən, inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. - 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. - 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin baxılmaq üçün icraata qəbul edilməsindən imtina edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “öhdəlik qoyulması” barədə iddia tələbi üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. III. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “öhdəlik qoyulması” barədə iddia tələbi üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2026-cı il tarixdə (qəbz № **********) ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. İddiaçı hazırki tələb üzrə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar