Məhkəmə qərarları › İş №2(5-98)-137/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(5-98)-137/2026

13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-137/2026 13.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü barədə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti) Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin hakimi İsmayılova Səbinə Vüqar qızı, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İddia tələbi.

1. İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Xəqani Əliyevin hərəkətsizliyi qanunsuz hesab edildiyinə görə cavabdeh Binəqədi rayon İcra Şöbəsindən maddi zərərə görə 118942 manat, mənəvi zərərə görə 67635 manat pulun alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi.

3. İddia ərizəsinin əsaslandırıcı hissəsindən, eləcə də iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı Cavabdeh icra məmurunun yol verdiyi hərəkətsizliyə görə maddi və mənəvi zərərə məruz qaldığını iddia edərək, həmin zərərin müvafiq icra şöbəsi tərəfindən ödənilməsini tələb etmişdir. Yəni hazırkı iddia icra məmurunun hərəkətsizliyindən şikayətlə bağlı məhkəmə qətnaməsinin icrası qaydasında deyil, icra məmurunun hərəkətsizliyi nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı iddia icraatı qaydasında qaldırılmışdır.

4. Belə olan halda məhkəmə hesab edir ki, işə icra edilmədiyi iddia edilən məhkəmə qətnaməsini qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində yox, ümumi ərazi aidiyyəti qaydasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, sözügedən iddia Cavabdehnə qarşı qaldırılmış, mübahisəyə iddiaçının seçməsinə görə aidiyyət, müstəsna aidiyyət, yaxud müqavilə aidiyyəti və s. istisna ərazi aidiyyəti qaydalarının tətbiqini zəruri edən hallar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsi olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməlidir.

5. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən, ərazi aidiyyəti qaydalarına riayət edilmədən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

6. Son olaraq, məhkəmə onu da qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, İddiaçı Ağdam rayonundan məcburi köçkün olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunun ödənilməsindən azad olduğundan məhkəmə bu qərardadla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılmış iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini həll etmir.

7. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq,

Q Ə R A R A A L D I:

İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səbinə İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar