Məhkəmə qərarları › İş №2(5-98)-770/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(5-98)-770/2026

27.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-770/2026 27.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü barədə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti) Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin hakimi İsmayılova Səbinə Vüqar qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehdən öz xeyrinə 2100 manat avans məbləğinin və həmin məbləğə görə faizlərin cavabdehin avansı qaytarmalı olduğu müddət bitdiyi tarixdən sonrakı gündən, yəni xx.xx.2026-cı ildən başlayaraq faktiki ödəniş gününədək hesablanması, dövlət rüsumu və digər məhkəmə xərcləri ilə birlikdə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi.

3. İddia tələbindən görünür ki, İddiaçı icra müqaviləsi üzrə ödədiyini iddia etdiyi avans məbləğinin və bu məbləğə hesablanmış müvafiq faizin Cavabdeh tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu mübahisəyə iddiaçının seçməsinə görə aidiyyət, müstəsna aidiyyət, yaxud müqavilə aidiyyəti və s. istisna ərazi aidiyyəti qaydalarının tətbiqini zəruri edən hallar yoxdur. Buna baxmayaraq, müvafiq iddia ərizəsi ümumi ərazi aidiyyəti qaydasında cavabdehin rəsmi qeydə alındığı yer üzrə fəaliyyət göstərən məhkəməyə verilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

4. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş şəxs Zəngilan rayonunda qeydiyyatdadır. Lakin müvafiq iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir.

5. Məhkəmə iddia ərizəsində “səlahiyyət (alternativ səlahiyyət)” başlığı ilə qeyd edilmiş tərəflər arasındakı müqavilənin Bakı şəhərində bağlanması, cavabdehin müqavilədə göstərilən ünvanının Nəsimi rayonunda yerləşməsi, müqavilədə nəzərdə tutulmuş işlərin məhz Bakı şəhərində görülməli olması və bu əsaslarla işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olması ilə bağlı iddiaçının mövqeyinə münasibətdə qeyd edir ki, bu halların heç biri işə ərazi aidiyyəti üzrə baxmalı olan məhkəmənin dəyişməsi üçün əsas təşkil etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40-cı maddəsində ümumi ərazi aidiyyəti qaydasına istisna kimi müqavilə aidiyyəti nəzərdə tutulsa da nəzərə alınmalıdır ki, həmin qaydanın tətbiq edilməsi üçün tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirmiş olmalıdırlar. Lakin hazırkı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən tərəflər arasında belə bir saziş bağlandığı görünmür. Əksinə, ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli müqavilənin 4.4cü bəndində bütün yaranan mübahisələrin tərəflər arasında danışıqlar yolu ilə, əgər bu yol nəticə verməzsə, zərər çəkən tərəfin aidiyyəti məhkəməyə müraciəti əsasında həll ediləcəyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən müqavilədə bu müqavilə ilə bağlı mübahisələrə məhz Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasının şərtləşdirilmədiyi hazırkı vəziyyətdə müqavilənin Bakı şəhərində bağlanması, müqavilədə cavabdehin ünvanı kimi göstərilmiş ünvanın Nəsimi rayonunda yerləşməsi, yaxud müqavilə üzrə işlərin Bakı şəhərində görülməli olması ilə bağlı hallar işə ərazi aidiyyəti qaydasında baxmalı olan məhkəmənin dəyişməsi üçün əsas ola bilməz.

6. Məhkəmə, həmçinin onu da qeyd edir ki, işə ümumi ərazi aidiyyəti qaydasında baxmalı olan Zəngilan Rayon Məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ilə eyni inzibati binada fəaliyyət göstərir. Bu vəziyyətdə məhkəmə işin ərazi aidiyyətinin dəyişdirilməsinin işə məhz Bakı şəhərində baxılması baxımından iddiaçı üçün heç bir üstün prosessual marağa xidmət etmədiyini hesab edir.

7. Son olaraq, məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək üçün 41 manat məbləğində dövlət rüsumu ödənilmişir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılmalı olduğundan məhkəmə hesab edir ki, bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının ödədiyi 41 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

8. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən, ərazi aidiyyəti qaydalarına riayət edilmədən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

9. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu (xx.xx.2026-cı il tarixli, **********92 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səbinə İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar