Məhkəmə qərarları › İş №2(5-98)-954/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(5-98)-954/2026

11.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-954/2026 11.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdeh "xxxx" MMC Şirkətinə qarşı mülkiyyətində olan əmlaklara müdaxilənin aradan qaldırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, qeyriyaşayış sahələrində quraşdırılmış kanalizasiya borularının aradan qaldırılması, qanunsuz müdaxilənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizə ərazi aidiyyəti qaydalarına riayət edilmədən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-nin, onun mülkiyyətində olan qeyri-yaşayış sahələrində kanalizasiya borularının quraşdırdığını, kanalizasiya sularının axıntısının dayandırılmalı olduğunu və onun mülkiyyət hüquqlarını kobud surətdə pozduğunu iddia edir və qanunsuz hesab edilərək dayandırılmasını tələb etdiyi hərəkətlərin edildiyi daşınmaz əmlaklar Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 303,305,307 ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, hazırki tələb mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması barədə olmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39cu maddəsinin tələbləri baxımından müstəsna aidiyyət qaydalarının tətbiq olunduğu iddia tələbidir və bu tələbə məhz mübahisəli daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə məhkəmədə - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra müvafiq ərazi aidiyyəti üzrə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Eyni zamanda məhkəmə, iddiaçıya iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunu ödəməli olmasını nəzərinə çatdırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 114.1.3, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC Şirkətinə qarşı borcların qanunsuz müdaxiləsinin aradan qaldırılması, gələcək axıntının qarşısının alınması və əvəzi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hal aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar