Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-233/2026 30.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 5, mənzil 69 ünvanında müvəqqəti qeydiyyata alınaraq yaşayan, Gürcüstan Respublikası vətəndaşı Cavabdeh iddiaçı, İddiaçı arasında olan şifahi razılaşmaya əməl etmədiyinə görə cavabdehin hesabından 4512 manat tıtularaq iddiaçının xeyrinə ödənilməsini, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 5, mənzil 69 ünvanında müvəqqəti qeydiyyata alınaraq yaşayan, Gürcüstan Respublikası vətəndaşı Cavabdeh özündən yaşca böyük olan iddiaçı, İddiaçı hədələdiyinə və təhqir etdiyinə görə cavabdehdən 5000 manat mənəvi təzminat tutularaq iddiaçının xeyrinə ödənilməsini və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 115 manat vəsait cavbdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur.
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Hakimin mövqeyi:
4. İddia ərizəsində cavabdehin müvəqqəti qeydiyyat ünvanı ünvan 1əbəbdən iddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir.
5. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının vətəndaşı deyil. İddia ərizəsinə cavabdehin sonuncu dəfə qeydə alındığı yer haqqında məlumatlar (şəxsiyyət vəsiqəsinin surəti, MAPS arayışı, yaşayış yerindən arayış, müvəqqəti yaşayış yeri haqqında icazə) əlavə edilməmişdir.
6. Yuxarıda qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.
7. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılmalıdır.
8. İş materiallarına əlavə edilmiş 1-********** nömrəli mədaxil qəbzdən görünür ki, (pin kod: xxxxxxx, GPP qəbz nömrəsi: **********) görünür ki, hazırki iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 115 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Nəticə:
9. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır.
10. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
Qərara aldım:
İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 115 manat dövlət rüsumu (pin kod: xxxxxxx, GPP qəbz nömrəsi: **********) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova