Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-246/2026 02.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. 153.4-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarının 15.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid ərizə ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, ərizəçiyə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə mülki icraat qaydasında baxılmalı deyil. Belə ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən, məhkəmə aidiyyətini düzgün seçməmişdir. Hansı ki, qanunun mənasına görə ünvan 1 ünvanına dair cavabdehlərin qeydiyyata düşməsi iddiaçı tərəfindən verilmiş razılıq əsasında olduğundan ona məxsus yaşayış sahəsinə cavabdehlərin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Əgər, qeyd olunan müraciətin təmin olunmasından inzibati orqan tərəfindən imtina edilərsə, bu məsələyə inzibati məhkəmə icraatı qaydasında baxılaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi həmin orqanın üzərinə qoyula bilər. Göründüyü kimi, belə iddialara ümumi məhkəmədə baxıla bilməz, iddiaçı qanunvericiliyin müvafiq tələblərinə əməl etdikdən sonra aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Beləliklə,məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə, yəni irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə iddianın qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya izah edilməlidir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsindən çıxarılması üçün aidiyyəti üzrə qeydiyyat orqanına müraciət edə bilər. Müraciətin təmin olunmasından inzibati orqan tərəfindən imtina edilərsə, iddiaçının aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya izah edilsin ki, cavabdehlərin mübahisəli mənzildən çıxarılması üçün aidiyyəti üzrə qeydiyyat orqanına müraciət edə bilər. Müraciətin təmin olunmasından inzibati orqan tərəfindən imtina edilərsə, iddiaçının aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad İddiaçı tərəfindən ödənilmiş 100 manat (Şəxsiyyət vəsiqəsinin Fini: xxxxxxx, GPP qəbzin nömrəsi: **********, tarix: xx.xx.2026-cı il) dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(5-99)-246/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(5-99)-246/2026
02.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver