Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-193/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayətçi Eminov Shamo Almaz oğlunun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Eminov Shamo Almaz oğlu tərəfindən Səbail Rayon Polis İdarəsi tərəfindən tətbiq edilmiş ölkədən getmək çıxışına “Qadağandır” statusu ilə məhdudiyyət qoyulmasının qanunsuz hesab edilərək ləğv edilməsi, həmin qərarı qəbul edən şəxslərin məsuliyyətə cəlb edilməsi barədə xüsusi qərarın qəbul edilməsi, Eminov Shamo Almaz oğlunun İnsan Hüquqlarının və X5 haqqında Konvensiyanın * saylı Protokolunun 2-ci maddəsində və * saylı protokolun 2-ci maddəsi ilə birgə götürməklə 18-ci maddəsində göstərilən hüquqlarının pozuntusunun tanınması və Eminov Shamo Almaz oğlunun ölkədən çıxışına qoyulmuş qanunsuz qadağa nəticəsində dəymiş 10000 manat mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim Ülviyyə Şükürova) Eminov Shamo Almaz oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayət geri qaytarılmışdır. Qərardan narazı qalan şikayətçi Eminov Shamo Almaz oğlunun vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçiyə bu günə kimi ölkədən çıxışına “Qadağandır” statusu ilə məhdudiyyət qoyulması qərar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən təqdim olunmayıb. Məhkəmə Ərizəçinin şikayətini təmin etməyib, iş üzrə araşdırma aparmayıb, əsassız qərar qəbul edib. Məhkəmə öz qərarını əsaslandırmayıb, işi rədd edib. Məhkəmə prosesinin vaxtı və yeri barədə Ərizəçiyə məlumat verilməyib. Ümumiyyətlə, məhkəmə məhkəmə prosesini keçirmədən şikayəti geri qaytarıb, qərarı isə ərizəçiyə təqdim etməyib. Ərizəçi Gürcüstan Respublikasının vətəndaşıdır. Ərizəçi ölkədə tanınmış jurnalistdir. Ərizəçi Kanal 13-də fəaliyyətinə görə Səbail Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum edilib. O, CM-in 206.3.2-ci maddəsi ilə təqsirləndirilib. Həbs müddətinin uzadılması ilə bağlı 4 dəfə qərar qəbul olunub. Daha sonra Səbail Rayon Məhkəməsinin 19.09.24-cü il tarixli qərarı ilə həbs müddətinin 27.12.24-cü il tarixinə kimi uzadılıb. Müddətin bitməsi ilə o ## ###### 2024-cü ildə azadlığa çıxıb. Ərizəçi Səbail Rayon Polis İdarəsinə ölkədən çıxışına qadağanın götürülməsi ilə bağlı müraciət edib. Lakin Səbail Rayon Polis İdarəsi qadağanı götürməyib. Nəticədə, Ərizəçi Gürcüstana qayıda bilməyib. Ərizəçiyə ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı əlavə heç bir məlumat verilməyib, qərar təqdim edilməyib, evinə bildiriş gəlməyib. Ərizəçinin valdeynləri Gürcüstan Respublikasının vətəndaşıdır və orada yaşayır. Gürcüstanda olduğu dövrdə ərizəçi onların qeydinə qalıb. Atasının 85 yaşı var. Ərizəçi qoyulan qadağaya görə Gürcüstana qayıda bilmir və atasının sağlamlığından narahatdır. Ərizəçi bildirir ki, ölkədən çıxışına məhdudiyyət qoyulması qanunsuzdur. Ərizəçi azadlığa çıxdığı gündən bu yana heç bir cinayət işində təqsirləndirilən şəxs və ya şahid olmayıb. Ərizəçiyə ölkədən çıxışına qadağa qoyulması ilə bağlı qərar təqdim edilməyib. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsinə qeyd olunub ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 69.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Konstitusiyanın 28-ci maddəsinin 3-cü bəndində də öz əksini tapıb. Həmin maddəyə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 69.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Ərizəçinin ölkədən çıxmağına məhdudiyyət qoyulması üçün heç bir qanuni əsas olmayıb. Ərizəçi barəsində hal-hazıda cinayət işi yoxdur, o hər hansı iş üzrə nə təqsirləndirilən, nə də şübhəli şəxs kimi tanınıb. Bu halda Səbail Rayon Polis İdarəsinin Ərizəçinin ölkədə çıxışına məhdudiyyət qoyulması barədə qoyulmuş məhdudiyyət tamamilə qanunsuz və əsassız olub. Ərizəçinin əsaslandırılmış şikayəti təqdim olunub, məhkəmə Ərizəçinin şikayətini təmin etməyib, iş üzrə araşdırma aparmayıb, əsassız qərar qəbul edib. Beləliklə də, müəyyən olunur ki, Xətai Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı açıq-aşkar əsassızdır və eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın məhkəməyə müraciət hüququna təminat verən 6(1)-cı maddəsinin də pozuntusu baş vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə kollegiyası materiala tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə məhkəməyə yalnız şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər daxil olmuş, şikayət verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında qərarın surəti iş materiallarına əlavə edilməmiş, eləcə də hansı tarixdə qərarın qəbul edilməsi barədə iş materiallarına hər hansı təsdiqedici sənəd əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəblərə görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırılmadan şikayətə mahiyyəti üzrə baxılması mümkün deyil və ona görə də Eminov Shamo Almaz oğlunun Səbail Rayon Polis İdarəsi tərəfindən tətbiq edilmiş ölkədən getmək çıxışına “Qadağandır” statusu ilə məhdudiyyət qoyulmasının qanunsuz hesab edilərək ləğv edilməsi, həmin qərarı qəbul edən şəxslərin məsuliyyətə cəlb edilməsi barədə xüsusi qərarın qəbul edilməsi, Eminov Shamo Almaz oğlunun İnsan Hüquqlarının və X5 haqqında Konvensiyanın * saylı Protokolunun 2-ci maddəsində və * saylı protokolun 2-ci maddəsi ilə birgə götürməklə 18-ci maddəsində göstərilən hüquqlarının pozuntusunun tanınması və Eminov Shamo Almaz oğlunun ölkədən çıxışına qoyulmuş qanunsuz qadağa nəticəsində dəymiş 10000 manat mənəvi zərərin ödənilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Apellyatorun apellyasiya şikayətində gətirdiyi dəlillərlə bağlı, məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin Lll fəsli (442-454-cü maddələri) ilə tənzimlənir və qanunvericilikdə məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkət və qərarların dairəsi dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449-cu maddəsindən göründüyü kimi, qanunvericilikdə məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən şəxslərin, yəni təhqiqatçı, müstəntiq və prokurorun prosessual hərəkət və qərarlarından, eləcə də tutulma və həbsdə saxlanılma ilə bağlı prosessual hərəkət və qərarlarından şikayət verilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi, şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi, ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3.5-ci maddəsində, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında “tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması” ilə bağlı hərəkətlər göstərilmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Cinayət-Prosessual Məcəllənin 453.10-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” ## ###### 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 453.10 və 454-cü maddələrinin tələbləri baxımından cinayət işinin başlanmasının rədd olunması barədə qərarın qanuniliyi və əsaslılığına dair hakimin qərarının apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılması eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir. Belə ki, birinci instansiya məhkəməsinin qərarında məhkəmə qeyd etmişdir ki, “Cinayət Prosessual Məcəllənin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## ###### 2015-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə prosessual funksiyaların bölüşdürülməsi prinsipini rəhbər tutaraq, əməliyyat-axtarış və ya ibtidai araşdırma subyektlərinin fəaliyyəti sahəsində bütövlükdə qanunçuluğa nəzarət etmək vəzifəsini daşımır. Belə ki, cinayət barədə məlumatların qeydiyyatı, ibtidai araşdırmanın başlanması haqqında qərar və ya digər insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı olmayan prosessual tədbirlər məhkəmə nəzarətinin predmeti ola bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət-Prosessual Məcəllənin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi hazırki iş üzrə Şamo Hüseynovun ölkədən getmə ilə bağlı hüquqlarının hansı prosessual şəxsin, hansı prosessual aktı və ya hərəkəti əsasında məhdudlaşdırıldığı bəlli deyildir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətçi Eminov Shamo Almaz oğlunun şikayətinin geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Eminov Shamo Almaz oğlunun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-193/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-193/2026
16.04.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver