Məhkəmə qərarları › İş №6(3-6)-262/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-262/2026

18.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-262/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs şikayət ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, hərəkətindən (qərarından) şikayət verilən orqan2 və Səbail rayon polis idarəsinin istintaq şöbəsinə ünvanladığı vəsatətlərin baxılmamış saxlanılmasının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarına əsasən Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət baxılmadan geri qaytarılmışdır. Qərardan narazı qalan Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası CPM-in 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası CPM-in 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-in 451-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Göründüyü kimi, qanunda cinayət prosesini həyata keçirən orqanın məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərinin və ya qərarlarının dairəsi dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulma və həbsdə saxlanması; tutulmuş şəxslərin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (CPM-in 449.3.1-449.3.7-ci maddələri). Qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətçi məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulma və həbsdə saxlanması; tutulmuş şəxslərin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (CPM-in 449.3.1-449.3.7-ci maddələri) prosessual hərəkət və qərarlarından şikayət verə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki şikayətçi Şikayət verən şəxs müdafiəçisi tərəfindən verilmiş şikayət ərizəsi düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Odur ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 451-453-cü maddələrini rəhbər tutaraq, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar