Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-274/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Şikayətçi – Şikayət verən şəxs iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqdim olunmuş materiallardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisədə saxlanılan məhkum Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə müəssisəsinin onun barəsində qəbul edilmiş ##.##.2025- ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən Həbib Həsənov) ## ### 2026-cı il tarixli qərarı ilə məhkum Şikayət verən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə müəssisəsinin onun barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılmışdır. Məhkəmənin həmin qərarından Şikayət verən şəxs apellyasiya şikayəti verib Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs Şikayət verən şəxs məhkəmə iclasında çıxış edərək şikayətin dəlillərinə uyğun izahat verib, verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv olunmalı və material şikayətinin icraata qəbul edilib baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə müvafiq şikayəti geri qaytararkən şikayət ərizəsinin prosessual qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyini qeyd edərək işi icraata qəbul etmədən geri qaytarımışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərmiş olduğu mövqe ilə razılaşmayaraq aşağıdakıları qeyd etmə zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə cinayət prosessini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafıəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanın, cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutma və həbsdə saxlanılması; tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyində cinayət prosesini həyata keçirən orqanın şəxslərinin, həmçinin onların məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərinin və ya qərarlarının, eyni zamanda şikayət vermək hüququna malik olan prosessual şəxslərin dairəsi dəqiq müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında aydın şəkildə qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlardan hansı hallarda şikayətin verilə bilməsinin mümkünlüyü şərh edilmişdir. Məhkəmə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin geri qaytarılması barədə nəticəyə gələrkən qərarı onunla əsaslandırmışdır ki, müraciət edən şəxs öz şikayətini məhkəmə nəzarəti qaydasında təqdim etsə də, məhkəmə bu yanaşma ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – CPM) LII Fəslinin müddəaları, xüsusilə də 442.2.2-ci və 449.1-ci maddələri, məhkəmə nəzarətini müstəsna olaraq məhkəməyədək icraat mərhələsində cinayət prosesini həyata keçirən orqanların (təhqiqatçı, müstəntiq, prokuror) prosessual hərəkət və qərarları üzərində təsis etmişdir. Cəzaçəkmə müəssisəsi isə qanuni qüvvəyə minmiş məhkəmə hökmünü icra edən orqan olaraq, cinayət prosesini həyata keçirən orqan statusuna malik deyildir. Məhkumun cəza çəkməsi ilə bağlı yaranan hər hansı mübahisə və ya şikayət, hökmün icrası mərhələsinə aiddir. Bunu Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 19.3-cü maddəsi birbaşa təsbit edir ki, məhkəmə cəzanı icra edən müəssisənin fəaliyyəti ilə əlaqədar şikayətlərə baxır. Bu növ müraciətlərə baxılma qaydası isə CPM-in LVIII Fəslində tənzimlənir. Beləliklə, şikayət öz hüquqi mahiyyətinə görə hökmün icrası qaydasında baxılmalı olan müraciətdir. Bu isə, öz növbəsində, ərazi aidiyyəti məsələsini gündəmə gətirir. CPM-in müvafiq normaları icrası ilə bağlı məsələlərə baxılma səlahiyyətini, bir qayda olaraq, cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsinə həvalə edir. Müraciət edən şəxs şikayətində Penitensiar Xidmətin Umbakı müəssisəsində cəza çəkdiyini qeyd edir ki, bu da inzibati-ərazi bölgüsünə görə Bakı şəhəri Qaradağ rayonu ərazisidir. Lakin şikayət Nərimanov Rayon Məhkəməsinə ünvanlanmışdır. Bu halda, şikayətin aidiyyət üzrə verilməməsi faktı da mövcuddur. Məhkəmə qeyd edir ki, hazırkı vaxtda müraciətin aidiyyəti məsələsi də mübahisəlidir. İkincisi, məhkəmə müraciətin verilmə qaydasında qanunvericiliyin imperativ normalarının kobud şəkildə pozulduğunu müəyyən edir. CİM-in 14.2-ci maddəsi qəti şəkildə müəyyən edir ki, azadlıqdan məhrum edilmiş şəxslərin şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Bu normanın məqsədi ikitərəflidir: bir tərəfdən, bu, məhkumun müraciət etmək hüququnun təminatıdır, digər tərəfdən isə müraciətin həqiqətən həmin məhkum tərəfindən verildiyini təsdiqləyən və onun qeydiyyatını təmin edən bir mexanizmdir. Hazırkı işdə isə şikayət məhkəməyə bilavasitə poçt vasitəsilə, cəzaçəkmə müəssisəsinin hər hansı müşayiətedici sənədi olmadan daxil olmuşdur. Bu, müraciətin həqiqətən məhkum Şikayət verən şəxs tərəfindən imzalanıb-imzalanmaması barədə əsaslı şübhələr yaradır. Üçüncüsü, şikayət üzrə mübahisə predmeti müəyyən edilməmişdir. Şikayətçi ** saylı Cəzaçəkmə Müəssisəsinin ##.##.2025-ci il tarixli qərarının ləğvini tələb etsə də, həmin qərarın surətini şikayət materiallarına əlavə etməmiş, onun əldə edilməsinin qeyri-mümkünlüyü barədə hər hansı bir dəlil təqdim etməmişdir. Məhkəmə, mövcudluğu və məzmunu barədə heç bir təsəvvürü olmadığı bir aktın qanuniliyi məsələsini müzakirə edə bilməz. Bu, şikayətin predmetinin olmaması deməkdir və onun icraata qəbulunu tamamilə istisna edən haldır. Qeyd olunur ki, sözügedən tarixdə məhkum barəsində bir neçə qərar qəbul edilməsi ehtimalı da mövcuddur. Məhkəmə yekunda belə qənaətə gəlmişdir ki, müraciətin aidiyyət üzrə verilməməsi, qanunla müəyyən edilmiş göndərilmə qaydasının pozulması və mübahisəli qərarın təqdim edilməməsi məhkəməyə belə qənaətə gəlməyə tam əsas verir ki, şikayət ərizəsi prosessual qanunvericiliyin tələblərini pozmaqla tərtib edildiyindən icraata qəbul edilə bilməz və onu verən şəxsə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən əsasla şikayətin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmadığından bu hal şikayətə mahiyyəti üzrə baxılmasına maneə olmamış, verilmiş şikayət aidiyyət qaydalarına əməl edildiyindən geri qaytarılması əsassız olmuşdur. Belə ki, CPM-nin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. CPM-nin 29.1-ci maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Bundan başqa məhkəmənin hazırkı işdə şikayətin məhkəməyə bilavasitə poçt vasitəsilə, cəzaçəkmə müəssisəsinin hər hansı müşayiətedici sənədi olmadan daxil olması, bu müraciətin həqiqətən məhkum Şikayət verən şəxs tərəfindən imzalanıb-imzalanmaması barədə əsaslı şübhələr yaratması ilə bağlı qeyd edir ki, iş materiallarında olan şikayət ərizəsi poçt vasitəsi ilə deyil, şəxsin imzası və cəzaçəkmə müəssisəsinin müşayət məktubu ilə ##.##.2026-cı il tarixdə “Azdoc” elektron sistemi vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa məhkəmənin şikayət üzrə mübahisə predmetinin müəyyən edilməməsi, şikayətçinin ** saylı Cəzaçəkmə Müəssisəsinin ##.##.2025-ci il tarixli qərarının ləğvini tələb etsə də, həmin qərarın surətini şikayət materiallarına əlavə etməməsi, onun əldə edilməsinin qeyrimümkünlüyü barədə hər hansı bir dəlil təqdim etməməsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə iclası təyin edərək məhkəmə baxışında şikayətin və xahişin mahiyyətini, şikayətin xüsusiyyətcə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətləri və ya qərarları ilə bağlı konkret anlayışa aid olub olmadığını araşdırmalı olduğu halda şikayətin icraata qəbul edilmədən geri qaytarılması barədə nəticəsi əsassız hesab olunur. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli, hazırkı material şikayətin icraata qəbul edilib baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 452, 453-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Şikayətçi Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin geri qaytarılmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin. Material şikayətin icraata qəbul edilib baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №6(3-6)-274/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-274/2026
18.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver