Məhkəmə qərarları › İş №6(3-6)-275/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-275/2026

18.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-275/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi və şikayətçi İsmayılov Eldar Xankişi oğlunun iştirakı ilə, Şikayətçi İsmayılov Eldar Xankişi oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından İsmayılov Eldar Xankişi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxış keçirərək MÜƏYYƏN ETDİ: İsmayılov Eldar Xankişi oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, şikayəti üzrə qəbul edilmiş prosessual qərarın ona təqdim edilməsi, ********* nömrəli cinayət işinin hazırkı vəziyyəti barədə rəsmi məlumatın verilməsi, zərərçəkmiş şəxs qismində tanınması məsələsinə baxılması və bu barədə əsaslandırılmış qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə İsmayılov Eldar Xankişi oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Həmin qərardan İsmayılov Eldar Xankişi oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 452.1, 454-cü maddələrinə əsasən, məhkəmə nəzarəti qaydasındakı birinci instansiya məhkəməsinin qərarlarından apellyasiya instansiyası məhkəməsinə protest və ya şikayət həmin qərarlar elan olunduqdan sonra 3 (üç) gün müddətində verilə bilər. Həmin Məcəllənin 453-cü maddəsinin tələblərinə əsasən isə qeyd edilən qəbildən olan işlər üzrə birinci instansiya məhkəməsinin qərarı elan olunduqdan sonra 03 (üç) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. İşin materiallarından göründüyü kimi, şikayətçi İsmayılov Eldar Xankişi oğlunun məhkəmə nəzarəti qaydasında şikayətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində ##.##.2026-cı il tarixdə baxılıb qərar qəbul edilmiş, İsmayılov Eldar Xankişi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti isə ## ### 2026-cı il tarixdə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, İsmayılov Eldar Xankişi oğlu apellyasiya şikayəti vermə müddətini ötürmüş, ərizə ilə müraciət edərək şikayət vermə müddətinin bərpa edilməsini xahiş etməmişdir. Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarından İsmayılov Eldar Xankişi oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş apellyasiya şikayəti, şikayət vermə müddəti ötürülməklə verildiyindən, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İsmayılov Eldar Xankişi oğluna izah olunmalıdır ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizə ilə qərarı qəbul etmiş birinci instansiya məhkəməsinə müraciət edə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 452.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından İsmayılov Eldar Xankişi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyi üçün material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə geri qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan kassasiya şikayəti və protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar