Məhkəmə qərarları › İş №6(3-6)-299/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-299/2026

01.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-299/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Murad Akif oğlu və Ibrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, Şikayət verən şəxs Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun hərəkət və hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı baxış iclası keçirərək müəyyən e t d i: Şikayət verən şəxs Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun hərəkət və hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək həmin hərəkət və hərəkətsizliyin qanunsuz hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cinayət hadisəsi haqqında ərizəsinə Bakı şəhəri Yasamal rayon prokuroru qərarla ya cinayət işinin başlanılması və ya rəddi barədə qərar qəbul edilməsi (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3.1-ci maddəsinin tələbi ilə cinayət haqqında ərizənin qəbulu hesab ediləndir) qanuni (münasibət) hərəkət və qərar olardı. Əksi olduğu üçün Yasamal rayon prokuroru qanunsuz hərəkət və (hərəkətsizliyi ilə) qərarı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3.1-ci maddəsinin tələbinin əleyhinə cinayət haqqında ərizəsinin qəbulundan imtina etmişdir. Sübut – ***-ş-**/*** saylı cavab məktubunu qoşma formasında bu ərizəsinə əlavə etmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.2.3, 449.3.1-ci (442-455) maddələrinə əsasən Bakı şəhəri Yasamal rayon prokurorunun cinayət haqqında ərizəsinə qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı cavab verməməsi (yəni qərarla) və ərizəsini yerinə yetirməməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3.1-ci maddəsi ilə onun qanunsuz hərəkəti ilə hərəkət və (hərəkətsizliyi ilə) qərarlarının qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini, ərizəsinə onun, şikayət verdiyi şəxsin və dövlət hesabına müdafiəçinin iştirakı ilə baxılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarına əsasən Şikayət verən şəxs Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun hərəkət və hərəkətsizliyindən verdiyi şikayət məhkəmə nəzarəti qaydasında baxıla bilmədiyi üçün geri qaytarılmışdır. Həmin qərardan narazı qalan Şikayət verən şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının icalsında şikayətçi iştirak etmədiyindən məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayətçinin şikayəti həm predmetinə görə məhkəmə nəzarəti qaydasında baxıla bilən məsələlərə aid olmadığından, həm də eyni məzmunlu şikayət üzrə artıq məhkəmə tərəfindən qərar qəbul edildiyindən, onun təkrar baxılması üçün hüquqi əsaslar mövcud olmadığından geri qaytarılmalıdır. Belə ki, şikayətçi tərəfindən irəli sürülən dəlillər Bakı Apellyasiya Məhkəməsinin çıxardığı hökmün guya saxta sübutlar əsasında qəbul edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, apellyasiya instansiyası məhkəmələrinin hökmlərinin və qərarlarının qanuniliyinin və əsaslılığının yoxlanılması Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinə əsasən kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Bu baxımdan, şikayətçinin göstərdiyi hallar məhkəmə nəzarəti qaydasında yoxlanıla biləcək məsələlərə aid olmayıb, kassasiya instansiyası tərəfindən araşdırılmalı olan hallardır. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, şikayətçi Şikayət verən şəxs tərəfindən eyni məzmunlu şikayət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən artıq araşdırma aparılmış və həmin məhkəmənin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə şikayətin məhkəmə nəzarəti qaydasında baxılmalı olmaması əsası ilə geri qaytarılması barədə qərar qəbul edilmişdir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən Şikayət verən şəxs ünvanlanmış ## ###### 2026-cı il tarixli, ***-ş-**/*** saylı məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmünün saxta sübutlar əsasında çıxarılması barədə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) daxil olmuş ## ###### 2026-cı il tarixli müraciətə baxılmışdır. Nəzərinizə çatdırılır ki, müraciətdə göstərdiyiniz xüsusatlar məhkəmə qaydasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər. Həmin Məcəllənin 409.2-ci maddəsinə əsasən məhkum edilmiş şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi yalnız məhkumun mənafelərinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər. Məhkumun müdafiəsi naminə verilmiş kassasiya şikayəti digər məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşdirilməsi üçün əsas ola bilməz. Sözügedən Məcəllənin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bundan əlavə bildirilir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual qanunvericiliyinə əsasən apellyasiya instansiyası məhkəməsinin çıxardığı hökm və qərarların qanuniliyinin və əsaslılığının yoxlanılması kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi tərəfindən həmin hökm ləğv edilmədiyi və ya dəyişdirilmədiyi müddətdə, qüvvəyə minmiş hökmdə əksini tapmış halların yenidən araşdırılması və ya hakimlərin hərəkətlərinə cinayət-hüquqi qiymət verilməsi qanunla yol verilən hesab edilmir. Qeyd olunanlar ümumiləşdirilməklə izah edilir ki, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Nəzərinizə çatdırılır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyasının çıxardığı hökmün ləğv edilməsi barədə qərar qəbul edildiyi halda kassasiya instansiyası məhkəməsi həmin hökmün saxta sübutlar əsasında çıxarılması məsələsinə hüquqi qiymət verilməsi üçün bu barədə xüsusi qərardad çıxarmaqla prokurorluğa məlumat verəcəyi təqdirdə göstərilən xüsusatlar üzrə araşdırmanın aparılması təmin ediləcəkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 122.2-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından — yuxarı məhkəməyə”. 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sözügedən şikayət məhkəmə nəzarəti qaydasında baxıla bilən şikayətlərin kateqoriyasına aid deyildir. Eyni zamanda iş materiallarının tədqidi zamanı məlum olur ki, eyni məzunlu şikayət üzrə Yasmal Rayon Məhkəməsinin ## ##### 2025-cı il tarixli qərarına əsasən məhkəmə tərəfindən araşdırma aparılaraq şikayətin geri qaytarılması barədə qərar qəbul edilmişdir, təkrar verilən şikayətdə isə şikayətə baxılması üçün yeni hüquqi əsaslar mövcud deyildir. Bu səbəbdən də, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarılmalısı barədə birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 450.6.5-ci maddəsinin tələblərinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1-ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara a l d ı: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun hərəkət və hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Zamin Ibrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar