Məhkəmə qərarları › İş №6(3-6)-307/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-307/2026

05.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-307/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, Rəhimov Elmar Eldar oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs Bakı şəhəri Nərimanov RPI-nin 16-cı PŞ-nin ##.##.2025-ci il tarixli 3- 13-50-1/2-№**** nömrəli məktubunun qanunsuz və əsassız olmasına dair məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarından məhkəmə nəzarəti ilə apellyasiya qaydasında verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş materiallardan görünür ki, Şikayət verən şəxs Bakı şəhəri Nərimanov RPI-nin 16-cı PŞ-nin ##.##.2025-ci il tarixli 3-13-50-1/2-№**** nömrəli məktubunun qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, iş üzrə materialların araşdırılmasının davam etdirilməsi üçün və araşdırmanın hallarından asılı olaraq qanuna uyğun qərar qəbul edilməsi üçün iş materialının Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinə göndərilməsi ilə bağlı qərar qəbul eilməsinə dair məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim H.B.Həsənov) ## ##### 2026-cı il tarixli qərarı ilə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsi icraata qəbul edilməkdən imtina edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır: “... qanunda cinayət prosesini həyata keçirən orqanın məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərinin və ya qərarlarının dairəsi dəqiq müəyyən edilmişdir. Ərizənin məzmunundan göründüyü kimi, Şikayət verən şəxs şikayəti cinayət-prosessual qanunvericilikdə məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual qərar və hərəkətlərə aid deyildir”. Qərardan, Şikayət verən şəxs apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun müraciəti üzrə ərizəsinin məzmununu nəzərə almadan qərar qəbul etmiş, cinayət prosessual prinsiplər daxilində prosesini həyata keçirən orqanın (vəzifəli şəxsin) prosessual hərəkətlərini, habelə qəbul edilmiş qərarların qanuniliyini yoxlanılmasını təmin etməklə ehtimal edilən pozuntuları müəyyən etdiyi halda aradan qaldırılması, habelə pozulması istinad edilən hüquq və azadlıqların qısa müddət ərzində bərpasının icra edilməsi məqsədilə məhkəmə iclası başlananadək ona təqdim edilməli olan bütün materialları tələb etmədən, onları qanunauyğun qaydada əvvəlcədən öyrənmədən, habelə cinayət təqibi orqanının səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədən mübahisəyə səbəb olan nəticəyə gələrək əsassız olaraq şikayətin icraata qəbuldan imtina etmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, məhkəmə nəzarəti qaydasında verilən şikayətin cinayət prosessual prinsiplər daxilində baxılmadan icraata qəbul edilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual fəaliyyətin icra olunması təmin olunduğu təqdirdə mövcud sənədlərə, prosesdə iştirak etmək səlahiyyəti olan şəxslərin, mübahisələndirilə bilən prosessual hərəkətlərin və ya qərarların dairəsinə faktiki iş materiallarına uyğun qiymət verilməklə mümkün olur. Faktiki işin hallarına və işdə olan materiala söykənməyən prosessual aktın qəbul edilməsi məhkəmə nəzarətində prosessual qənaət prinsipinə əməl edilməməsinə səbəb olur. Məhkəmə iclasında, Şikayət verən şəxs, məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, apellyasiya qaydasında daxil olmuş şikayəti qanunvericiliyin tələblərinə uyğun nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 449.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin; əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; müstəntiqin; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulması və həbsdə saxlanılması; tutulmuş şəxsin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması barədə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 442.2-ci və 442.2.2-ci maddələrinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə - cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyində cinayət prosesini həyata keçirən orqanın şəxslərinin, həmçinin onların məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərinin və ya qərarlarının, eyni zamanda şikayət vermək hüququna malik olan prosessual şəxslərin dairəsi dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### -cu il tarixli qərarında qeyd edilir ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında aydın şəkildə qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlardan hansı hallarda şikayətin verilə bilməsinin mümkünlüyü şərh edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası məhkəmə nəzarəti qaydasında verilmiş şikayət üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya qaydasında verilmiş şikayət birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Birinci instansiya məhkəməsi şikayət üzrə qərar qəbul edərkən, Azərbaycan Respublikası CPM-nin 449-cu maddəsinin tələblərinə riayət etmiş və “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-nin 453.6.1-ci maddəsinə əsasən, qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə məhkəmə iclasının yekununda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması barədə qərar qəbul edir. Odur ki, şikayət təmin edilməməli və Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 449 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar