Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-312/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Şikayətçi – İsmayılov Eldar Xankişi oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından şikayətçi İsmayılov Eldar Xankişi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İsmayılov Eldar Xankişi oğlu məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətliyinin qanunsuz hesab edilməsi, şikayəti üzrə qəbul edilmiş prosessual qərarın ona təqdim edilməsi, ********* nömrəli cinayət işinin hazırkı vəziyyəti barədə rəsmi məlumatın verilməsi, zərərçəkmiş şəxs qismində tanınması məsələsinə baxılması və bu barədə əsaslandırılmış qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Aytəkin İbrahimova) *(*-**)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə İsmayılov Eldar Xankişi oğlu tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayəti əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından şikayətçi İsmayılov Eldar Xankişi oğlu apellyasiya şikayəti və ona əlavə verib Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və şikayətinin əsaslı hesab edilərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı şikayətçi İsmayılov Eldar Xankişi oğlu apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## ### 2026cı il tarixli qərarının ləğv edilməsi və şikayətinin əsaslı hesab edilərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış müstəntiq və prokurorun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası CPM-nin 450.3cü maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 449.1-ci və 449.2-ci maddələrinə əsasən, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyataxtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutma və həbsdə saxlanılması; tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməs; ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə şikayəti, eləcə də cinayət işinin materiallarını tədqiq edərək şikayətçi İsmayılov Eldar Xankişi oğlu tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməməsi barədə yekun qənaətə gəlmişdir. Belə ki, məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, İsmayılov Eldar Xankişi oğlunun məhkəməyə müraciəti onun şikayəti əsasında toplanmış materialların ********* nömrəli cinayət işinə birləşdirilməsi, lakin özünün bugünədək hələ də zərərçəkmiş şəxs kimi nəzərə alınmaması və müraciətlərinə cavab verilməyərək Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətsizliyi ilə bağlı olsa da, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, İsmayılov Eldar Xankişi oğlunun müraciəti əmisi oğlu İsmayılov Aydın Böyükkişi oğlundan onun xeyrinə tutulmalı olan pulun tələbi ilə bağlı yekun məhkəmə aktının icra edilməməsi ilə əlaqədardır. Belə ki, vətəndaş İsmayılov Eldar Xankişi oğlu bildirmişdir ki, onun xeyrinə yekun məhkəmə aktı qəbul edilsə də sonuncunun öz adına olan əmlakları oğlunun adına keçirtməsi əsası ilə yekun akt icra edilə bilməməkdədir. Odur ki, əmisi oğlunun təqsirləndirilən şəxs olduğu ********* nömrəli cinayət işi üzrə özünün də zərərçəkən şəxs qismində tanınmasını tələb etməkdədir və bununla bağlı da istintaqın aparıldığı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəfələrlə müraciət etmişdir. Lakin onu materiallarla tanış olmağa qoymamaqla yanaşı, bugünədək ona zərərçəkmiş şəxs statusu da verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə məhkəməyə təqdim edilən materialları araşdıraraq müəyyən etmişdir ki, həmin cinayət işi “xxxx” MMC-nin qanunsuz fəaliyyəti ilə bağlı olmaqla onun vəzifəli şəxsləri barəsində cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı olmuş, həmin cinayət işinin istintaqı isə bir mənzilin bir neçə nəfərə satılması faktı üzrə aparılmışdır. İsmayılov Eldar Xankişi oğlunun isə borc tələbi üzrə iddiası özünün də təsdiq etdiyi kimi məhkəmə tərəfindən təmin edilmiş və icraya yönəldilmiş və hazırki cinayət işinini predmetinə isə heç bir aidiyyatı olmamaqdadır. Belə olduğu halda İsmayılov Eldar Xankişi oğlunun zərərçəkmiş şəxs kimi tanınması mümkün olmamaqla yanaşı, cinayət işninin materialları ilə tanış edilməməsinin əsası kimi də onun ********* nömrəli cinayət işi üzrə cinayət prosesinin iştirakçısı olmaması ilə əlaqədardır. Beləliklə məhkəmə qeyd edilənləri, o cümlədən vətəndaş İsmayılov Eldar Xankişi oğlunun müraciətinə qanuna müvafiq qaydada cavab verilməsini də (vətəndaşın Ombudsmana şikayətinə aidiyyatı üzrə İdarə tərəfindən cavab verilməsini) nəzərə alaraq hesab etmişdir ki, hazırki şikayət əsassız olmaqla Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətliliyi qanunsuz hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 46.1-ci maddəsinə əsasən ictimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır. Həmin Məcəllənin 46.2-ci maddəsinə uyğun olaraq cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya media subyektinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. CPM-in 449.2.1-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər. CPM-in 449.3-cü maddəsinə uyğun olaraq bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. CPM-in 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: 451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; 451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətçi İsmayılov Eldar Xankişi oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin təmin edilməməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və CPM-nin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi İsmayılov Eldar Xankişi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin İsmayılov Eldar Xankişi oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair *(*-**)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №6(3-6)-312/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-312/2026
08.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver