Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-404/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, təqsirləndirilən şəxs - Şikayət verən şəxs və müdafiəçisi müdafiəçi2 iştirakları ilə Şikayət verən şəxs müdafiəçiləri müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 məhkəmə nəzarəti qaydasında şikayətləri üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 6(5-102)- ***/**** saylı qərarından müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MUƏYYƏN E T D İ: Təqdim olunmuş iş materiallarından görünür ki, müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 həbsdə saxlanılan Şikayət verən şəxs işgəncəyə məruz qalması ilə bağlı məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət vermişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim P.N.Muradov) ## #### 2026-cı il tarixli qərarı ilə şikayət icraata qəbul edilmədən geri qaytarılmışdır. Qərardan müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 birgə apellyasiya şikayəti vermiş və şikayəti onunla əsaslandırmışlar ki, ərizəçi ## ###### 2025-ci ildə DTX əməkdaşları tərəfindən saxlanılmış və evində axtarış-götürmə istintaq hərəkəti keçirilmiş, ## ###### 2025-ci ildə Səbail Rayon Məhkəməsi ərizəçi barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçmiş , fevral və iyun aylarında həbsdə saxlanılma müddəti uzadılmış, hazırda ərizəçi DTX-nın Istintaq Təcridxanasında saxlanılır, ərizəçi ## ###### 2025-ci ildən DTX-nın Istintaq Təcridaxansında saxlanılaraq həftədə dörd dəfə vəkilləri, ailəsi isə həftədə bir dəfə (adətən cümə günləri) ərizəçiylə görüşür, hər dəfə görüşərkən ərizəçinin vəkillərinin sənədləri bir-bir yoxlanılır, ərizəçinin vəkilləri ona sosial şəbəkələrdə yayılan xəbərləri və ya mediada yayılan informasiyaları çap edərək gətirmək istəmiş, lakin hər dəfə ərizəçinin vəkillərinə bu qadağa edilmiş, onların gətirdiyi informasiya əllərindən alınmış,ərizəçinin vəkilləri ilə hər dəfə DTX ITnin əməkdaşı söhbət edir və irad bildirir ki, o, sənəd, xəbər gətirməsin, bu hal artıq mütəmadi hal almış, hər dəfə DTX IT əməkdaşları ərizəçinin vəkillərinin qeydlərini, sənədlərini yoxlayır və mediadan çıxarışları ərizəçiyə göstərməyə imkan vermir, ərizəçiyə saxlanıldığı otaqda yazdığı sənədlərin vəkillərə DTX IT-da təqdim edilməsinə imkan verilmir, hər dəfə vəkillə görüşə gəldikdə və aparıldıqda ərizəçi bütünlüklə yoxlanılır. Ərizəçi ## #### 2026-cı ildə "France 24” KIV-ə müsahibə vermiş, bu müsahibə dərc edildikdən sonra ərizəçiyə qarşı DTX IT-də qanunsuz qadağalar qoyulmuşdur. Qanunsuz qadağalar bunlardır: ailəsi ilə telefonla danışmaq hüququ, ailəsi ilə həftədə bir dəfə görüş hüququ qanunsuz qadağan edilmiş, tək adamlıq otaqdan 3 nəfərlik otağa keçirilmiş, otaqda olan digər 2 nəfərin də telefonla danışmaq hüququna qadağan qoyulmuş, otaqda olan televizor və radio otaqdan çıxarılmış, ərizəçiyə gətirilən sovqatdan ərzaq, xüsusilə yemək çıxarılmış, otaqda olan şəxslərdən birinin psixiatrik xəstə olmasına baxmayaraq ərizəçi o şəxslə saxlanılmış, ərizəçiyə verilən bütün sənədlər, informasiya məlumatları vəkillərdən alınmış və ona təqdim edilməmiş, ərizəçinin vəkilləri və onların sənədləri yoxlanılır və sənədləri əllərindən alınır, otaqda saxlanılan iki nəfər ərizəçi ilə konfliktə cəlb edilir, ərizəçi idmana aparılmır və gəzinti hüququ qadağan edilmiş, ərizəçidə hazırda yuxusuzluq yaranmışdır. Məhkəmə iclasında məhkəmə nəzarəti qaydasında şikayət vermiş vəkil müdafiəçi2 şikayəti müdafiə edərək, təmin olunmasını və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, Şikayət verən şəxs Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq Təcridxanasında işgəncəyə məruz qalması faktının araşdırılması üçün müvafiq quruma məlumat verilməsi barədə, Şikayət verən şəxs Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq Təcridxanasında saxlanıldığı otağın dəyişdirilməsi, psixi pozuntusu olan şəxslə saxlanılması, televizor və radionun götürülməsi, idman və gəzinti hüququnun qadağan edilməsi, ailəsi ilə telefonla danışmaq və görüşmək hüququnun günlərlə qadağan edilməsi, sovqatından bişirilmiş yeməyin çıxarılması, dünyada və ölkədə olan hadisələr barədə, özü barədə olan informasiyanın verilməməsinin qanunsuz hesab edilməsi, həmçinin Şikayət verən şəxs Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3, 6, 8, 10, 13, 14 və 18-ci maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şikayət verən şəxs apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, 1 ay 2 gündür ki, yuxusuzluqdan əziyyət çəkir və vəkilləri haqlı olaraq bu halı müvafiq konvensiyanın 3-cü maddəsinə əsasən isgəncə kimi təsbit edərək məsələ qaldırıblar. Hər şey iyun ayının 11-dən başlanmışdır. Belə ki, 10 iyunda o, "France 24” nəşrinə geniş müsahibə vermiş və bundan sonra ona qarşı təzyiqlər başlamışdır. Onun kamerası dəyişdirilərək o, üç nəfərlik kameraya yerləşdirilmişdir. Kamera yoldaşlarından biri bir neçə il müharibə həyatı yaşamış şəxsdir və psixi pozuntuları vardır. O həmin şəxsdən şikayətçi deyildir və müharibə görmüş bütün şəxslərdə olduğu kimi onun da bu cür olmasını normal qarşılayır. Sadəcə olaraq həmin şəxs dindardır və zikr edəndə, namaz qılanda özündən gedir. Gecələr saat 3-4 arası yuxudan oyanır və səhər saat 6-ya, yəni onlar oyanana kimi həmin şəxsin bu proseduru davam edir. Zikr zamanı sözügedən şəxs qışqırır, başını divara vurur və bu cür hərəkətləri nəticəsində onun yatması mümkünsüz olur. Bu hal artıq 32 gündür ki, davam edir. Bu məqsədli şəkildə edilir və o bunu işgəncə kimi qiymətləndirir. Onun telefonla danışmaq və görüş hüquqları məhdudlaşdırılmış, həmçinin idmandan məhrum olunmuşdur. Bu ayrıseçkilik bir aydır ki, davam edir və bu məhrumiyyətlər onunla bərabər kamera yoldaşlarına da şamil edilir. Kamera yoldaşı vasitəsilə ona psixoloji təzyiq edilir, ona görə isə kamera yoldaşları məhrumiyyətlərlə üzləşir və beləcə kameradaxili vəziyyət gərginləşdirilir. Onların da telefonla danışmaq və görüş hüquqlarının məhdudlaşdırılması, idmandan məhrum olunmaları başadüşülən deyil. Bu hüquqlardan məhrum olunmaqla psixi xəstə olan kamera yoldaşının vəziyyəti daha da pisləşir və bunun nəticəsində özünün də vəziyyəti pisləşmiş olur. Bu hallar gündüz vaxtları da baş verir, sadəcə onun oyaq vaxtına düşdüyü üçün buna birtəhər dözmək olur, lakin gecələr dözülməz olur. Həmin şəxsin müalicəyə ehtiyacı var, Gürcüstanda da belə həbs həyatı yaşayarkən müalicə olunmuş, lakin Azərbaycanda olunmur. Onun informasiya hüququ da pozulur, vəkillərinin yazdıqları şikayəti belə oxumağa imkan yaradılmır, gəlib məhkəmədə tanış olur. Onun saxlanıldığı yerdə axtarış aparılaraq bütün sənədləri, vəsatətləri və məhkəməyə müraciətləri götürülmüşdür. O, DTX-dan bunu gözləmirdi. Bütün bunlar məqsədli və ardıcıl edilir ki, o, susdurulsun və bununla da ondan qisas alınır. Bu məsələyə görə o, Avropa Məhkəməsinə qədər gedəcəkdir və əmindir ki, bu iş Azərbaycan tarixinə düşəcək və bununla da DTX növbəti dəfə özünü tarixə saldıracaqdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını və tətbiq edilməli olan prosessual qanunvericiliyin normalarını qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, iş materiallarından görünür ki, ərizəçi və onun müdafiəçiləri DTX Istintaq Təcridxanasında saxlanılma şəraiti ilə bağlı bir sıra halları - psixi pozuntusu olan şəxslə eyni kamerada saxlanılması, kameranın dəyişdirilməsi, telefon və görüş hüququnun məhdudlaşdırılması, televizor və radionun götürülməsi, idman və gəzinti hüququnun məhdudlaşdırılması, sovqatdan gətirilmiş qidaların qəbuluna icazə verilməməsi, informasiya alma imkanlarının məhdudlaşdırılması və digər halları işgəncə və qeyri-insani rəftar kimi qiymətləndirərək bunlarla bağlı araşdırma aparılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hər bir arqumentə münasibətdə ayrı-ayrılıqda hüquqi qiymət verməyi zəruri hesab edir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.2 və 449.3-cü maddələri məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkət və qərarların dairəsini müəyyən etmişdir. Həmin normalar cinayət prosesini həyata keçirən orqanın konkret prosessual qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılmasını nəzərdə tutur və məhkəmənin bu icraat çərçivəsində penitensiar müəssisənin saxlanma şəraitinə dair inzibati-təşkilati məsələlərin həlli və ya ümumi nəzarət funksiyasını həyata keçirməsini nəzərdə tutmur. Məhkəmə kollegiyası “şikayətçinin işgəncəyə məruz qalması barədə” iddiasına münasibətdə qeyd edir ki, Avropa Insan Hüquqları Məhkəməsinin bir çox qərarlarında ifadə olunduğu kimi, Konvensiyanın 3-cü maddəsinin tətbiqi üçün iddia edilən rəftar minimum ağırlıq həddinə ("minimum level of severity”) çatmalı, həmin hal obyektiv məlumatlar və ya mötəbər sübutlarla təsdiq olunmalıdır. Hazırkı iş üzrə ərizəyə belə halları ilkin mərhələdə təsdiq edən tibbi sənədlər, video materiallar və ya digər obyektiv sübutlar əlavə edilməmişdir. Təkcə şikayətçinin subyektiv mülahizələri həmin iddiaların həqiqiliyini təsdiq etmək üçün kifayət hesab oluna bilməz. Məhkəmə kollegiyası “psixi pozuntusu olduğu iddia edilən şəxslə eyni kamerada saxlanılması” barədə dəlilə münasibətdə qeyd edir ki, belə halın mövcudluğu avtomatik olaraq Konvensiyanın 3-cü maddəsinin pozuntusu kimi qiymətləndirilə bilməz. Bunun üçün həmin saxlanma şəraitinin ərizəçinin sağlamlığına və ləyaqətinə real və ciddi təsir göstərdiyini təsdiq edən obyektiv sübutlar təqdim edilməlidir. Iş materiallarında belə sübutlar mövcud deyildir. “Ərizəçinin otağının dəyişdirilməsi barədə” tələbinə münasibətdə kollegiya qeyd edir ki, saxlanılan şəxslərin hansı kamerada yerləşdirilməsi penitensiar müəssisənin daxili təhlükəsizlik və rejim məsələlərinə aid olmaqla, AR CPM-in 449-cu maddəsi ilə nəzərdə tutulmuş məhkəmə nəzarətinin predmetinə daxil deyildir. Məhkəmə kollegiyası “telefon danışıqları və ailə üzvləri ilə görüş hüququnun məhdudlaşdırılması” barədə iddialarla bağlı qeyd edir ki, bu hüquqlar qanunla müəyyən edilmiş əsaslar olduqda məhdudlaşdırıla bilər. Iş materiallarında həmin məhdudiyyətlərin konkret prosessual qərarla qanunsuz tətbiq edilməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. “Televizor və radionun götürülməsi, idman və gəzinti hüququnun məhdudlaşdırılması, sovqatdan gətirilmiş qidaların qəbul edilməməsi, informasiya alma imkanlarının məhdudlaşdırılması barədə” dəlillərə münasibətdə də kollegiya hesab edir ki, göstərilən hallar penitensiar müəssisədə saxlanılma rejiminin təşkili ilə bağlı məsələlər olub, onların qanunsuz tətbiq edilməsi barədə konkret prosessual qərar və ya həmin qərarın qanuna zidd olduğunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Bu baxımdan həmin iddialar məhkəmə nəzarəti qaydasında araşdırılmasını tələb edən prosessual hərəkət və ya qərar kimi qiymətləndirilə bilməz. Nəhayət şikayətçinin “Konvensiyanın 3, 6, 8, 10, 13, 14 və 18-ci maddələrinin pozulduğunun tanınması” barədə tələbinə münasibətdə kollegiya qeyd edir ki, milli məhkəmə CPM-in 449-cu maddəsi üzrə həyata keçirilən məhkəmə nəzarəti çərçivəsində abstrakt qaydada Konvensiya müddəalarının pozulmasını müəyyən edən qərar qəbul etmir. Belə qiymətləndirmə yalnız konkret prosessual qərarın və ya hərəkətin qanuniliyinin yoxlanılması zamanı verilə bilər. Hazırkı iş üzrə isə belə nəticəyə gəlmək üçün kifayət edən dəlillər müəyyən edilməmişdir. Avropa Insan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də saxlanma şəraiti ilə bağlı iddialar onların məcmu halında, müddəti, intensivliyi, nəticələri və təqdim edilmiş sübutlar nəzərə alınmaqla qiymətləndirilir. Hazırkı işdə təqdim olunmuş materiallar həmin meyarlara uyğun olaraq Konvensiyanın 3-cü maddəsinin pozuntusunu ehtimal etməyə kifayət etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin icraata qəbul edilmədən geri qaytarılması barədə nəticəyə gələrkən prosessual qanunun tələblərini düzgün tətbiq etmiş, iş üzrə əhəmiyyət kəsb edən halları düzgün qiymətləndirmiş və apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunun tələbinə və daxil olmuş şikayətin məzmununa uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət, həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, verilmiş şikayətə mahiyyəti üzrə baxılması üçün əvvəlcə şikayətin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılmalı, daha sonra verilmiş şikayətə mahiyyəti üzrə baxılması mümkündür. Qeyd etmək lazımdır ki, cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılması o halda mümkündür ki, həmin fəaliyyət şəxsin hüquqlarının pozulması ilə nəticələnir və həmin hüquqlarının bərpası ilə bağlı müraciətlər cavabsız saxlanılır. Apellyasiya şikayətində müvafiq orqanlara müraciət olunması qeyd olunsa belə, bununla bağlı məhkəməyə yalnız sosial şəbəkə hesabları üzərindən müraciətlərin olunması ilə bağlı mətnlərin qeyd edildiyi fotoşəkillər təqdim edilmiş, Baş Prokurorluğa müraciət edilməsini təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa, onu da qeyd etmək lazımdır ki, müdafiəçilərin qeyd etdikləri kimi hətta Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə müraciət edilmiş olsa da belə qeyd edilən təsisat ümumiyyətlə cinayət prosesini həyata keçirən qurum deyil. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarında qeyd edildiyi kimi iddia olunan işgəncə halları ilə bağlı hər hansı araşdırmanın aparılmaması və müvafiq qərarın qəbul edilməməsi arqumenti kifayət qədər əsaslı hesab olunmalıdır. Məlum olduğu kimi məhkəmə nəzarətinin həyata keçirilməsi sırf cinayət prosesini həyata keçirən orqanların bununla bağlı olan fəaliyyəti ilə əlaqəlidir. Əlavə olaraq o da nəzərə alınmalıdır ki, iş materiallarından və hazırda mübahisələndirilən məhkəmənin qərarından bir daha aydın olur ki, ## #### 2026-cı il tarixində ərizə ilə Səbail rayon məhkəməsinə müraciət edilsə də, müdafiəçi tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə sosial şəbəkə üzərindən müaraciət edilməsi ilə bağlı mətnlər həmin müraciətdən sadəcə iki gün əvvəl, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə isə 26 iyun və 02 iyul tarixlərində olunmuşdur. Cinayət-Prosessual Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulması və həbsdə saxlanılması; tutulmuş şəxsin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması barədə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarında da qeyd edildiyi kimi, şikayət verən şəxs tərəfindən verilmiş şikayətdə irəli sürülən tələblər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş məhkəmə nəzarəti predmetinə aid olmadığından, həmin şikayət üzrə məhkəmə icraatının mümkünlüyü istisna edilir. Bu səbəbdən, şikayətə mahiyyəti üzrə baxılması üçün prosesual əsaslar mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 454-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 453.6.1-ci maddəsinə əsasən, qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə məhkəmə iclasının yekununda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması barədə qərar qəbul edir. Odur ki, verilmiş şikayət təmin olunmamalı və Şikayət verən şəxs müdafiəçiləri müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 məhkəmə nəzarəti qaydasında verdikləri şikayət üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin icraata qəbul edilmədən geri qaytarılmasına dair qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 449, 453 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Şikayət təmin olunmasın. Şikayət verən şəxs müdafiəçiləri müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 məhkəmə nəzarəti qaydasında verdikləri şikayət üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin icraata qəbul edilmədən geri qaytarılması haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-404/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-404/2026
13.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver