Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-432/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs Suraxanı RPİ-nin polis əməkdaşlarıyla bağlı “vəzifə saxtakarlığı, qanunsuz psixiatriya müdaxiləsi, təhqir və qeyri-insani rəftar barədə” məhkəmə nəzarəti qaydasında etdiyi şikayətinin geri qaytarılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqdim olunmuş materialdan görünür ki, Şikayət verən şəxs Suraxanı RPİ-nin polis əməkdaşlarıyla bağlı “vəzifə saxtakarlığı, qanunsuz psixiatriya müdaxiləsi, təhqir və qeyriinsani rəftar barədə” şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin şikayətin məzmunundan görünür ki, Suraxanı RPİ-nin əməkdaşları tərəfindən ailəsinə qarşı qanunsuz hərəkətlər edilmiş, sonradan isə hadisə ilə bağlı həqiqəti əks etdirməyən saxta materiallar və qərardad hazırlanmışdır. Belə ki, həyat yoldaşı Səfixanlı İlham İsrafil oğlu, Tik-tok sosial platformasında yol polisi tərəfindən saxlanılması ilə bağlı paylaşım etmiş, həmin paylaşımda emosional şəkildə “ağzımızı iynələyirlər" ifadəsini işlətmişdir. Lakin polis əməkdaşları həmin paylaşımı əsassız şəkildə başqa istiqamətə yönəldərək həyat yoldaşını evdən zorla, yarıçılpaq vəziyyətdə aparmışlar. Polis əməkdaşlarının arxasınca Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinə getmişdir. Orada polis əməkdaşları tərəfindən psixiatriya briqadası çağırılmışdır. Həkimlərə həyat yoldaşının psixi xəstə olmadığını bildirmiş və “bu nə oyundur, niyə aparırsınız?” deyə etiraz etmişdir. Hətta polis əməkdaşlarından biri ona "onlar ağıllansın, deyə aparılır” məzmununda cümlə işlətmişdir. Bu isə psixiatriya xidmətindən tibbi məqsədlə deyil, vətəndaşa təzyiq vasitəsi kimi istifadə edildiyini göstərir. Psixiatriya briqadasına həyat yoldaşının aparılmasına razılıq verməmiş və bununla bağlı rəsmi sənədlərə imza atmışdır. Psixiatriya briqadası getdikdən sonra isə şöbə rəisi tərəfindən küçə söyüşləri ilə ağır formada təhqir edilmişdir. Bundan başqa, həyat yoldaşı Səfixanlı İlham İsrafil oğlu axşam saatlarınadək polis şöbəsində soyuq şəraitdə, barmaqlıqlar arxasında saxlanılmış, ona qarşı psixoloji təzyiq, təhqir və fiziki güc tətbiq edilmişdir. Lakin sonradan təhqiqatçı Ramiz Süleymanov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardadda göstərilmişdir ki, guya onun izahatını almaq mümkün olmamış və hadisə “intihar barədə müraciət" əsasında araşdırılmışdır. Bu məlumatlar tamamilə yalandır və həqiqəti əks etdirmir. Hesab edir ki, aidiyyəti şəxslər özlərini qorumaq və məhkəməni yanıltmaq məqsədilə hadisəni bilərəkdən təhrif etmiş, saxta məlumatları rəsmiləşdirmişlər. Çünki o, polis şöbəsində olmuşdur. Psixiatriya briqadası ilə şəxsən danışmış, hospitalizasiyaya etiraz etmişdir. Rəsmi sənədlərə imza atmışdır. Polis əməkdaşları ilə birbaşa ünsiyyətdə olmuşdur. Belə olan halda qərardadda “izahat almaq mümkün olmamışdır” qeyd edilməsi açıq şəkildə faktların təhrif olunması və vəzifə saxtakarlığıdır. Odur ki, 1) Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinin əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verilməsini, 2) ##.##.2026-cı il tarixli qərardadda göstərilən məlumatların saxtalaşdırılmasının araşdırılmasını, 3) “Şikayət verən şəxs izahatını almaq mümkün olmamışdır” qeydinin hansı əsasla yazıldığının müəyyən edilməsini, 4) psixiatriya briqadasının çağırış sənədlərinin, həkim rəylərinin və imzaladığı sənədlərin məhkəmə tərəfindən tələb edilməsini, 5) 102 xidmətinin audioyazıları və polis şöbəsinin kamera görüntülərinin məhkəməyə təqdim edilməsini, 6) hadisədə iştirak etmiş polis əməkdaşları və psixiatriya briqadasının əməkdaşlarının məhkəmədə dindirilməsini, 7) həyat yoldaşının hansı əsasla saxlanılması, ona qarşı güc tətbiq edilməsi və barmaqlıqlar arxasında saxlanılmasının araşdırılmasını, 8) toplanmış materiallarda saxtakarlıq halları aşkar olunarsa materialların prokurorluğa göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim P.Muradov) ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarına əsasən Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət geri qaytarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, onun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsini, iş materiallarının yenidən baxılması üçün başqa tərkibə məhkəməyə göndərilməsini, şikayətində göndərilən halların tam, hərtərəfli, obyektiv araşdırılmasının təmin edilməsini, 102 xidmətindən audioyazıların, polis şöbəsinin müşahidə kameralarının görüntülərini, psixatriya briqadasının sənədlərinin, həkim rəylərinin və digər sübutlarının tələb olunmasının təmin edilməsini, ona və ailəsinə dəymiş maddi və mənəvi ziyanın müəyyən olunmasına əsas verən hallara hüquqi qiymət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar qanunsuz, əsassız və Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə ziddir. Məhkəmə onun şikayətinin mahiyyətini araşdırmamış, yalnız formal əsaslara istinad etməklə şikayəti geri qaytarmışdır. Halbuki təqdim etdiyi şikayətdə göstərmişdir ki: o hadisənin birbaşa iştirakçısı olmuşdur; Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsində şəxsən olmuşdur; polis əməkdaşları ilə birbaşa ünsiyyətdə olmuşdur; psixiatriya briqadası ilə şəxsən danışmışdır; həyat yoldaşının hospitalizasiyasına etiraz etmişdir; bununla bağlı sənədlərə imza atmışdır; polis şöbəsində təhqir olunmuşdur. Belə oian halda onun hüquq və qanuni maraqlarının pozulması barədə iddialara məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə həmçinin aşağıdakı mühüm hallan araşdırmaqdan yayınmışdır: - ##.##.2026-cı il tarixli qərarda göstərilən melumatların həqiqətə uyğun olub-olmaması; - "Şikayət verən şəxs izahatını almaq mümkün olmamışdır" qeydinin hansı əsasla yazılması; -102 xidmətinin audioyazıları; Polis şöbəsinin müşahidə kameralarının görüntüləri; Psixiatriya briqadasının çağırış sənədləri; -Həkim rəyləri; İmzalanmış sənədlər; Polis əməkdaşlarının və psixiatriya briqadasının hərəkətlərinin qanuniliyi. Məhkəmə göstərilən sübutları tələb etmədən, şahidləri dindirmədən, hadisənin faktiki hallarını müəyyən etmədən şikayəti geri qaytarmışdır. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının: -26-cı maddəsində nəzərdə tutulmuş hüquqların müdafiəsi hüququnu; 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnu; 71 -ci maddəsində nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarının təminatı prinsipini pozur. Məhkəmənin mövqeyi nəticə etibarilə dövlət orqanlarının hərəkətlərinin məhkəmə nəzarətindən kənarda qalmasına və vətəndaşın şikayət vermək hüququnun əsassız məhdudlaşdmlmasına səbəb olmuşdur. Əlavə olaraq bildirir ki, şikayət etdiyi hadisələr nəticəsində ona və ailə üzvlərinə ciddi maddi və mənəvi ziyan dəymişdir. Hadisədən sonra həyat yoldaşı Səfixanlı İlhamın sağlamlıq vəziyyəti kəskin şəkildə pisləşmişdir. O, daimi əsəb gərginliyi, yüksək təzyiq, yuxusuzluq və psixoloji sarsıntı keçirmiş, hazırda davamlı olaraq dərman preparatları qəbul etməyə və müalicə almağa məcbur olmuşdur. Hadisədən sonra onun səhhəti əvvəlki vəziyyətinə qayıtmamış, ailə büdcəsindən müalicə, dərman preparatları və tibbi xidmətlər üçün əlavə xərclər çəkilmişdir və bu xərclər davam etməkdədir. Onun özümün onkoloji xəstə olmağı, qızımın ağır psixi xəstəlikdən əziyyət çəkməsi və ailədə əlilliyi olan şəxslərin mövcudluğu nəzərə alınarsa, baş vermiş hadisələrin ailəsinə vurduğu mənəvi zərərin miqyası daha aydın görünür. Şikayət etdiyi hərəkətlər nəticəsində ailəsi uzun müddət qorxu, stress, psixoloji gərginlik və narahatlıq şəraitində yaşamağa məcbur olmuşdur. Bu səbəbdən hesab edir ki, hadisə ilə bağlı vurulmuş maddi və mənəvi ziyana görə məsul şəxslər qanunla müəyyən edilmiş qaydada cavabdehlik daşımalıdırlar. Birinci instansiya məhkəməsi təqdim olunmuş materialları tam, hərtərəfli və obyektiv araşdırmaq əvəzinə formal mövqe tutmuş, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı Şikayət verən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilərək baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçısını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətinin ona geri qaytarılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinə yenidən baxılması üçün material Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Həmin Məcəllənin 449.2.3-cü maddəsində qeyd edilir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2.tutma və həbsdə saxlanılması; 449.3.3.tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4.həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5.cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6.məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7.təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: - cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; - tutulma və həbsdə saxlanması; - tutulmuş şəxslərin hüquqlarının pozulması; - həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; - cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; - məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; -təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3.1- 449.3.7-ci maddələri). Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırki şikayət üzrə Şikayət verən şəxs şikayətinə notarial qaydada təsdiq olunmuş etibarnamə əlavə etsə də, həmin etibarnamədən görünür ki, Səfixanlı İlham İsrafil oğlu tərəfindən ## ###### 2025-ci il tarixdən ## ###### 2035-ci il tarixədək həmin etibarnamə ilə Şikayət verən şəxs Səhiyyə Nazirliyinin bütün orqanlarında, istənilən Poliklinikalarda, Birləşmiş şəhər xəsətxanalarında, tibb mərkəzlərində onu təmsil etməyi, adından zəruri sənədləri toplamağı, sənədləri təhvil verməyi, sənədlər almağı, arayışlar almağı, dərman preparatlarını, protezləri, tibbi arabanı və digər tibbi ləvazimatları almağı, ona çatası müavinəti, yardımı, pulu almağı, adından ərizə verməyi, sənədlərdə imza etməyi, istənilən ödənişləri etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Göründüyü kimi Şikayət verən şəxs etibarnamə ilə məhkəmədə şikayət vermək, iştirak etmək kimi səlahiyyətlər verilmədiyindən onun məhkəmə nəzarəti qaydasında Səfixanlı İlham İsrafil oğlu əvəzindən şikayət vermək hüququ olmamışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Beləki, məhkəməyə təqdim edilmiş şikayətdən göründüyü kimi, Şikayət verən şəxs əri Səfixanlı İlham İsrafil oğlu II dərəcəli əlildir (müddətsiz), şəxsiyyətin isterik pozğunluğu, davamlı əhval pozuntusu, şəxsiyyətin isterik pozuntusu və s. xəstəliklərdən əziyyət çəkir. Bakı şəhəri Suraxanı RPİ-nin əməkdaşları tərəfindən onun ailəsinə qarşı qanunsuz hərəkətlər edilmiş, sonradan isə hadisə ilə bağlı həqiqəti əks etdirməyən saxta materiallar və qərardad hazırlanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələr tərəfindən hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanması hüququnu məhdudlaşdıran, habelə dövlət peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara və cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2.tutma və həbsdə saxlanılması; 449.3.3.tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4.həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5.cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6.məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7.təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Materialdan həmçinin görünür ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə əsas tələblərindən ailəsinə, onun II dərəcəli əlil, şəxsiyyətin isterik pozğunluğu, davamlı əhval pozuntusu, şəxsiyyətin isterik pozuntusu xəstəliyindən əziyyət çəkən əri Səfixanlı İlham İsrafil oğlunun Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılması, ona qarşı psixoloji təzyiq və fiziki güc tətbiq edilməsi ilə bağlı olmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi həmin şikayətlərin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsinin dairəsinə düşüb-düşməməsini kifayət qədər əsaslandırmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarında həmçinin təhqiqatçı Ramiz Süleymanov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərar şikayət ərizəsinə əlavə edilməməsi qeyd edilmişdir. Bununla bağlı, məhkəmə kollegiyası hesab edir ki, həmin qərarın təqdim edilməməsi ərizənin geri qaytarması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.5-ci maddəsinə əsasən hakim ifadələri, şikayəti təsdiq və ya təkzib edən şəxsləri məhkəmə iclasına çağırmaq və onları dindirmək, şikayətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutları tələb etmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası hesasb edir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət ərizəsinin ona geri qaytarılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətlərinə yenidən baxılması üçün material Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq qərara alır: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarı ləğv edilsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinə yenidən baxılması üçün material Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Zamin İbrahimov Murad Məmmədov
Məhkəmə qərarları › İş №6(3-6)-432/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-432/2026
24.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver