Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-443/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakı ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı Bəkir Eyvazlı tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə yenidən araşdırma aparılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6(5-101)-94/2026 saylı, ## #### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Məhkəmənin həmin qərarından Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, şikayətin təmin edilməsini və toplanmış materialların obyektiv araşdırılma aparılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə o, X6 üzü şəhər istiqamətində yerləşən yanacaq doldurma məntəqəsinin qarşısındakı piyada xəttindən hərəkət edərkən vətəndaş X2 idarə etdiyi qara rəngli Mersedes GL markalı, **-TR-*** markalı dövlət qeydiyyat nişanlı minik avtomobili arxadan gələrək onun sol qol nahiyyəsindən vuraraq ona bədən xəsarəti yetirmişdir. Baş vermiş hadisə ilə bağlı dərhal tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə şikayətlə müraciət olunmuşdur. Müraciətindən təxminən 1 saat sonra özünü Sabunçu RPİ-nin təhqiqatçısı kimi təqdim edən Bəkir Eyvazov adlı şəxs ona zəng edərək onu Sabunçu rayon Polis İdarəsinə dəvət etmişdir. Tərəfindən iş üzrə müvafiq izahat verildikdən sonra ##.##.2026-ci il tarixdə o, Sabunçu Rayon Məhkəmə Ekspertizası Şöbəsində ekspertizadan keçirilməsini tələb etdikdə məhkəmə eksperti Elçin adlı şəxs onu ekspertizadan keçirmək, rentgen otağına və travmatoloq baxışına göndərmək əvəzinə, sadəcə vizual müşahidə aparmaqla kifayətlənmiş və təhqiqatçı B.Eyvazov ona hansı rəyi və ağırlıq dərəcəsini desə ona uyğun rəy verəcəyini ona bildirmişdir. Özünün ixtisası hüquqşünas olduğu üçün buna etiraz etmişdir və ekspert rəyini məhkəmə tibb ekspertindən tələb etdikdə ona Bəkir Eyvazovun ekspert rəyini vətəndaşa təqdim etməyə icazə vermədiyini demişdir. Həmin vaxtdanda Sabunçu RPİ-nin təhqiqatçısı B.Eyvazov onun işini hərəkətsiz formada saxlayaraq hadisə yerinə baxış keçirməkdən, həmin nəqliyyat vasitəsini saxlayaraq təqsirkar şəxsi məsuliyyətə cəlb etməkdən imtina etmişdir. B.Eyvazovun qanunusuz hərəkətləri barədə 4 dəfə 102 xidmətinə şikayət etsə də, həmin şəxs barəsində heç bir qanuni tədbir görülməmiş, zərərçəkmiş kimi hüquqları kobud surətdə pozulmuş, ona vurulan maddi və mənəvi ziyan ödənilməmiş, təqsirkar sürücü isə qanuni məsuliyyətə cəlb olunmamışdır. Tərəfindən müvafiq dövlət orqanlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Baş prokuroruna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə və başqa vəzifəli şəxslərə ##.##.2026-cı il tarixdə şikayət ərizələri göndərildikdən sonra iş nəzarəti qaydasında Sabunçu Rayon Prokurorluğunda öyrənilərkən müəyyən olundu ki, Sabunçu rayon Polis İdarəsinin baş təhqiqatçısı, R Bəkir Eyvazlı ##.##.2026-cı il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsinə dair əsassız qərar qəbul etmiş, həmin qərarı prosessual qanunvericiliyin tələblərini pozaraq 24 saat müddətində ona göndərməyə borclu olduğu halda bunu etməmiş, hadisə yerinə baxış keçirilməsi, hadisə yerindən qəzanın video görüntülərinə baxış keçirməkdən imtina etməklə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, onun konstitusion hüquqlarını kobud sürətdə pozmuşdur. Sabunçu RPİ-nin təhqiqatçısı B.Eyvazovun xidmət yerinə 3-4 dəfə müraciət edərək araşdırma materialları ilə tanış olmaq istəsə də, Sabunçu RPİ-nin əməkdaşları onu aldadaraq guya ki, həmin təhqiqatçının otağında olmadığını deməklə sadəcə süründürməçiliyə yol vermiş, zərərçəkən şəxs qismində cinayət prosessual qanunvericilində nəzərdə tutulmuş prosessual hüquqlarını pozmuşdur. Onun ayrı-ayrı dövlət orqanlarına ünvanladığı çox saylı şikayətləri əsasında Sabunçu Rayon prokurorluğunda guya ki material öyrənilmiş, tamamilə qanunsuz və əsassız olan ##.##.2026-cı il tarixli qərar prokurorluqda ləğv edilərək əlavə araşdırma aparılmaq əvəzinə guya ki, heç bir pozuntu olmaması səbəbi ilə bağlı ona Sabunçu rayon prokuroru tərəfindən ##.##.2026-cı il tarixdə rəsmi məlumat göndərilmişdir. Halbuki, Sabunçu Rayon Prokurorluğunda işin faktiki hallarını, B.Eyvazlının qanunsuz olaraq qəbul etdiyi ##.##.2026-cı il tarixli qərarını diqqətlə oxusaydılar həmin qərarda açıq aydın görə bilərdilər ki, qərarın təsviri-əsaslandırıcı hissəsi ilə nəticə hissələri üst-üstə düşmür. Belə ki, həmin qərarın təsviri hissəsində ##.##.2026-cı il tarixli, *** nömrəli məhkəmə tibb ekspertizasının keçirilməsinə dair rəyində onun əvəzinə hansısa vətəndaş X1 bədənində hər hansı xəsarətlərin olmaması qeyd olunur. Belə olan vəziyyətdə təbii sual ortaya çıxır ki, vətəndaş X1 onun aldığı xəsarətə nə aidiyyatı var. Təkcə bu halın özü bir daha onu görsədir ki, təhqiqatçı B.Eyvazovlının ##.##.2026-cı il tarixli qərarı tamamilə qanunsuz və əsassızdır. Həmin qərarda onun xəsarət almağı ilə bağlı ekspert rəyinin təhrif edilərək başqa şəxsin adının yazılması həmin qərarın qanunsuz olduğu üçün ləğv edilməsinə bilavasitə əsasdır. Bundan əlavə hadisəni törədən F.Quliyevin onunla telefon danışığı zamanı 2026-cı ilin may ayının ortalarında Sabunçu rayon Polis İdarəsinə çağırılaraq izahatının alındığını, maşınını cərimə meydançasına qoyulduğunu bildirdiyi haldı, necə ola bilər ki, iş üzrə prosessual qərar 25 gün arxa tarixə yəni ##.##.2026-cı il tarixə qəbul oluna bilər? Eyni zamanda iş üzrə tam, hər tərəfəli və obyektiv araşdırma aparmaq əvəzinə gizlin şəkildə ##.##.2026-cı il tarixdə qərar qəbul olunaraq, bu qərarın ona göndərilməməsi, (24 saat müddətində bütün tərəflərə göndərilməlidir) hadisə yerinə baxış keçirilməsinə dair vəsatətinə ümumiyyətlə baxılmaması, hadisəni törədən şəxsin, narkoloji və sərxoşluqla bağlı müayinələrdən keçirilməməsi qeyd edilən materialın səthi araşdırılmasını, ciddi prosessual pozuntulara yol verməsini, onun üçündə ləğv olunmasını zərurət halına çevirir. Bundan əlavə, ##.##.2026-cı il tarixdə Sabunçu Rayon Məhkəməsində iş materialları ilə tanış olarkən Sabunçu rayon Polis İdarəsinin təhqiqatçısı B.Eyvazovun daha bir saxtakarlığa yol verməklə guya ki, ##.##.2026-cı il tarixdə hadisə yerinə baxış keçirilmə barəsində onun iştirakının guya ki, protokol tərtib etməsini öyrənmişdir. Halbuki, ##.##.2026-cı il tarixdə hadisə yerinə ümumiyyətlə hər hansı baxış keçirilməmiş, sonradan əvvəlki tarixə saxta protokol tərtib edilməklə onun adının ora qeyd edilməsi kimi vəzifə saxtakarlığına yol verilmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, xəsarət nəticəsində sol qolu öz funksiyasını itirmiş, buna baxmayaraq o, rentgendən keçirilməmiş, travmatoloq baxışına göndərilməmiş, sadəcə vizual müşahidə aparmaqla kifayətlənilmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Konstitusiyamızın tələblərinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ geniş hüquqi məzmuna malik olmaqla bir sıra elementləri əhatə edir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri də insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etməkdir. Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Hazırkı material üzrə təhqiqat orqanının topladığı sübutlar: İş üzrə Şikayət verən şəxs izahatında bildirmişdir ki, 08.04.20206-cı il tarixdə saat təxminən 16:30 radələrində Bakı şəhəri Sabunçu rayonu Z.Bünyadov prospekti “Tosoil” yanacaq doldurma məntəqəsinin qarşısında piyada keçidi ilə üzü YDM-nin qarşısından keçən zaman qara rəngli “Mersedes Benz GL350” markalı **-TR-*** dövlət nömrə nişanlı avtomobil sağ tərəfi ilə sol qolundan vuraraq qarşıya keçmiş və təxminən 10 metr irəli getdikdən sonra YDM-nin içərisində saxlamışdır. Həmin sürücüyə yaxınlaşaraq iradını bildirmiş, sürücü avtomobildən enməyərək pəncərədən ona “bağışla” deyərək öz işinə davam etmişdir. Həmin şəxsin heç bir reaksiya verməməsini gördükdən sonra qarşıda saxladığı avtomobilinə əyləşətərək yaşadığı evə getmişdir. Evdə olan zaman sol qolunda kəskin ağırılar olduğundan DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. İş üzrə X2 izahatında bildirmişdir ki, “Mersedes Benz GL350” markalı **-TR-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə və BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. ##.##.2026-cı il tarixdə saat təxminən 16:40 radələrində idarə etdiyi avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Z.Bünyadov prospektində hərəkətdə olan zaman “Tosoil” yanacaq doldurma məntəqəsinə girən zaman piyada keçidi ilə yolu keçən kişi cinsli şəxsin qolu idarə etdiyi avtomobilin sağ tərəfinə dəymişdir. Bundan sonra avtomobilin pəncərəsindən ona nəsə olmasını soruşduqda həmin şəxs ona öz iradını bildirmişdir. Bir qədər qarşıya sürərək avtomobildən enmiş və həmin şəxsə yaxınlaşaraq xəsarəti ilə bağlı maraqlanaraq xəstəxanaya aparmağı təklif etdikdə həmin şəxs imtina edərək oradan çıxıb getdiyi üçün o da yanacaq doldurma məntəqəsində yanacaq aldıqdan sonra çıxıb getmişdir. ***/** saylı rədd materialında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin yeri Bakı şəhəri Sabunçu rayonu Z.Bünyadov prospektində “Tosoil” yanacaq doldurma məntəqəsinin girişidir, hadisə yolun sağ kənarında piyada zolağı ilə “Tosoil” yanacaq doldurma məntəqəsinin girişini keçərkən baş vermiş. “Mersedes Benz GL350” markalı **-TR-*** dövlət nömrə nişanlı avtomobil “Tosoil” yanacaq doldurma məntəqəsinə girən zaman piyada zolağı ilə sağdan sola keçən piyadanın sol qoludan avtomobilin sağ tərəfi ilə vurmuşdur. ***/** saylı rədd materialında olan ##.##.2026-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsininin *** saylı ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdül Şikayət verən şəxs sol said nahiyyəsinin qançırı müəyyən edilmiş, xəsarət bərk küt əşya təsirindən törənmiş, qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən ##.##.2026-cı il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. ***/** saylı rədd materialında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı Bəkir Eyvazlı tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərardan görünür ki, Şikayət verən şəxs şikayəti əsasında toplanmış ***/** saylı rədd materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Mersedes GL” markalı, **-TR-*** markalı dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 330-cu maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu rayon Pİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Təhqiqat orqanı və onunla razılaşan birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, X2 əməlində cinayət tərkibi deyil, inzibati xəta tərkibi vardır. Bu qənaət əsaslandırılarkən, müstəsna olaraq ekspert rəyinə istinad olunmuşdur. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, araşdırma prosessual pozuntularla aparılmışdır. Belə ki, təhqiqatçı tərəfindən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında ##.##.2026-cı il tarixli protokol tərtib edilmiş, həmin protokolda baxışda iştirak edən şəxslər kimi Şikayət verən şəxs, hal şahidləri C.Taqıyev və F.Salahov göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, İKT sistemlərinin, onların hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektron verilənlərin, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Həmin Məcəllənin 236.6-cı maddəsinə əsasən baxış qurtardıqda müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir: 236.6.1. baxışın aparıldığı vaxt, tarix və yer; 236.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 236.6.3. baxışda iştirak edən şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer; 236.6.4. hal şahidlərindən hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda); 236.6.5. hal şahidlərindən hər birinə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda); 236.6.6. baxışın xüsusiyyətləri, xüsusən baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd; 236.6.7. müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunanlar. Həmin Məcəllənin 236.7-ci maddəsinə əsasən protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Şikayət verən şəxs ##.##.2026-cı il tarixdə hadisə yerinə ümumiyyətlə iştirakı ilə hər hansı baxış keçirilmədiyini bildirmiş, hal şahidlərinin məlumatları olmamış, protokol Şikayət verən şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 212.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir. Materialda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinin Şikayət verən şəxs göndərilməsini təsdiq edən sənədlər olmamışdır. Bundan əlavə, Şikayət verən şəxs ekspert rəyinin mötəbərliliyini mübahisələndirmiş, onun iddiası yoxlanıldıqda əsassız olmadığı görünmüşdür. Şikayət verən şəxs şikayətində bildirmişdir ki, ekspert onu rentgen otağına və travmatoloq baxışına göndərmək əvəzinə, sadəcə vizual müşahidə aparmaqla kifayətlənmişdir. ##.##.2026-ci il tarixli ekspert rəyini tədqiq etdikdə görünür ki, ekspert rəyində obyektiv müayinə ilə sol saidin orta 1/3-nin ön iş səthində 4,0x3,0 sm ölçüdə göyümtül-qırmızı rəngli, qeyri-müəyyən formalı qançır olduğunu, digər xəsarət aşkar edilmədiyini göstərsə də, hansı üsulların tətbiq edilməsi, hansı müayinələrin aparıldığını göstərməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 271.2.6-cı maddəsinə əsasən ekspertiza aparılmasının xüsusiyyətləri, o cümlədən ekspertin cinayət işinin hansı materiallarından istifadə etməsi, hansı maddi sübutların, nümunələrin və digər obyektlərin tədqiq edilməsi, hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi, qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətli olan hallar barədə qeyd ekspertin rəyində göstərilir: Həmin Məcəllənin 271.3-cü maddəsinə əsasən ekspertin rəyinə ekspertin gəldiyi nəticələri təsdiq edən maddi sübutlar, nümunələr, digər materiallar, habelə fotoşəkillər, sxemlər, cədvəllər əlavə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; 125-ci maddəsinin VII-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək və s cinayət mühakimə icraatının vəzifələrindən ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Eyni Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər; Həmin Məcəllənin 451.1.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 451.3.1-ci maddəsinə əsasən şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, yeni araşdırma zamanı qanunvericiliyin tələbləri gözlənilməli, Şikayət verən şəxs tibbi sənədlər tələb edilməli, onun xəsarətinin dərəcəsinin müəyyən edilməsi üçün yenidən müvafiq ekspertiza keçirilməli, yekunda sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 6(5-101)-94/2026 saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı Bəkir Eyvazlı tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ##### 2026cı il tarixli qərarı ləğv edilməli, hazırkı qərar araşdırma davam etdirilməsi icra edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı Bəkir Eyvazlı tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ##### 2026cı il tarixli qərarı ləğv edilsin. Hazırkı qərar, araşdırma davam etdirilməsi və icra edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-443/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-443/2026
31.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver