Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-488/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X1 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru – X7, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi – X3, şikayətçi Şikayət verən şəxs və nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan ********* saylı cinayət işi üzrə Şikayət verən şəxs zərərçəkmiş şəxs kimi tanınmamasının qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi müavini Asəf Sarıkişiyev tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Təqdim olunmuş materiallardan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə müstəntiq X3 Şikayət verən şəxs zərərçəkmiş şəxs kimi cinayət prosesinin iştirakçısı qismində tanınmamasının qanunsuz hesab edilməsi ilə bağlı Şikayət verən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.V.Sadıqova) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Şikayət verən şəxs şikayəti təmin edilərək Şikayət verən şəxs zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilməsi qanunsuz hesab edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev apellyasiya protesti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Protestin dəlilləri və tərəflərin çıxışları: Protest onunla əsaslandırılmışdır ki, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ********* nömrəli cinayət işinin istintaqı davam etdirilir. Şikayət verən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb-tanınmaması və ya tanınmasından imtina edilməsi barədə hər hansı bir qərar qəbul edilməmiş, o cümlədən bu barədə hər hansı bir vəsatət rədd edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, aparılmış istintaqla Şikayət verən şəxs Emil Səməndərova birbaşa ödəniş etmədiyi, göstərilən qeyri-yaşayış sahəsinə dair müqavilə və maliyyə arayışının Emil Səməndərov tərəfindən Fikrət Abdullayev, Bəxtiyar Tarıyev və Tahir adlı şəxslərlə arasında olan işgüzar və şəxsi münasibətə görə verdiyi və onlara heç bir borcunun olmadığı müəyyən edilmişdir. Bundan başqa, “xxxx” MTK-nın dirketoru olmuş Emil Səməndərov və qeyrilərinin barəsində törətdikləri cinayət əməllərinə dair halların araşdırılması istiqamətində istintaq və əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru X7 apellyasiya protestini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X3 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, protestin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Şikayət verən şəxs apellyasiya protestinə etiraz edərək bildirmişdir ki, “aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Quliyev Rəşad Əhməd oğlu ilə tanışı Fikrət Məmmədov arasında olan işgüzar münasibətlər əsasında sonuncunun xahişi ilə “xxxx” MTK-nın direktoru olmuş X2 tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci blokunda yerləşən 355 m2 ölçüdə olan qeyri-yaşayış sahəsi Rəşad Quliyevin istəyi ilə sonuncunun oğlu Şikayət verən şəxs adına rəsmiləşdirilmişdir.” Bununla əlaqədar qeyd edir ki, CPM-də qəbul edilmiş terminologiyaya və CPM-nin nəzərdə tutduğu cinayəthüquqi instutisional əsaslara görə, bu kimi "işgüzar münasibətlər əsasında sonuncunun xahişi" halları bir qayda olaraq qabaqcadan əlbir olan qrup və ya iştirakçılıq hesab edilməlidir. Həmçinin apellyasiya protestində bildirilir ki, "İlk öncə nəzərə alınmalıdır ki, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ********* nömrəli cinayət işinin istintaqı davam etdirilir. Şikayət verən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıbtanınmaması və ya tanınmasından imtina edilməsi barədə hər hansı bir qərar qəbul edilməmiş, o cümlədən bu barədə hər hansı bir vəsatət rədd edilməmişdir", yəni illərdir davam edən istintaq müddətində, vətəndaşın şikayət ərizəsi verməsinə, həmçinin şahid kimi dindirilməsinə baxmayaraq hələ də qanuni qərar qəbul edilməmişdir. “Aparılmış istintaqla Şikayət verən şəxs Emil Səməndərova birbaşa ödəniş etmədiyi, göstərilən qeyri-yaşayış sahəsinə dair müqavilə və maliyyə arayışının Emil Səməndərov tərəfindən Fikrət Abdullayev, Bəxtiyar Tarıyev və Tahir adlı şəxslərlə arasında olan işgüzar və şəxsi münasibətə görə verdiyi və onlara heç bir borcunun olmadığı müəyyən edilmişdir.” İşin faktiki halları isə tam fərqlidir. Belə ki, Emil Səməndərov bildirmişdir ki, ona verilməli olan pul Fikrət Abdullayev, Bəxtiyar Tarıyev və Tahir adlı şəxslərə verilməlidir. Emil Səməndərov bunu adı qeyd edilən şəxslərin iştirakı ilə bildirmişdir. Həmçinin armatur tikintidə istifadə edilmişdir. Bu səbəbdən də apellyasiya protestinin guya Emil Səməndərovun onlara heç bir borcunun olmaması barədə dəlili əsassızdır. Odur ki, protestin təmin olunmamasını və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Şikayət verən şəxs nümayəndəsi Nümayəndə apellyasiya protesti ilə əlaqədar çıxış edərək, protestin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş protesti, iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, protest qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və Şikayət verən şəxs zərərçəkmiş şəxs kimi cinayət prosesinin iştirakçısı qismində tanınmamasının qanunsuz hesab edilməsi barədə şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş kifayət qədər əsaslar olduqda hər bir şəxs özünün zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizə ilə cinayət prosesini həyata keçirən orqana müraciət etməyə haqlıdır. Yuxarıda sadalanan cinayət-prosessual qanunvericiliyinin normalarından görünür ki, hər bir şəxs cinayət prosesində özünün prosessual statusunun müəyyənləşdirilməsi məqsədi ilə cinayət prosesini həyata keçirən orqana müraciət edə bilər. Azərbaycan Respublikası CPM-nin 121.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan aşağıdakıları yerinə yetirməlidir: istintaq və ya digər prosessual hərəkət aparılan zaman cinayət prosesi tərəflərinin verdikləri vəsatətləri, habelə cinayət prosesində iştirak edən digər şəxslərin xahişlərini bu hərəkətlərin (məhkəmə iclasının) protokoluna daxil etmək; cinayət təqibi üzrə icraatın materiallarına cinayət prosesi tərəflərinin, habelə cinayət prosesində iştirak edən digər şəxslərin yazılı vəsatətlərini və xahişlərini əlavə etmək; bu Məcəllədə digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmaq və nəticələri üzrə müvafiq qərar çıxarmaq (vəsatətin həll olunması cinayət prosesini həyata keçirən orqan tərəfindən vəsatət üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyətli hallar müəyyən edilənədək təxirə salına bilər; bu Məcəllədə nəzərdə tutulmuş hallarda vəsatətin vaxtında verilməməsi onun baxılmamış saxlanılmasına səbəb olur); vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın surətini dərhal ərizəçiyə göndərmək. Həmin Məcəllənin 121.2-ci maddəsinə əsasən, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə cinayət prosessini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafıəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanın, cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutma və həbsdə saxlanılması; tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 442.2-ci və 442.2.2-ci maddələrinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə - cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyində cinayət prosesini həyata keçirən orqanın şəxslərinin, həmçinin onların məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərinin və ya qərarlarının, eyni zamanda şikayət vermək hüququna malik olan prosessual şəxslərin dairəsi dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2009-cu il tarixli qərarında qeyd edilir ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında aydın şəkildə qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlardan hansı hallarda şikayətin verilə bilməsinin mümkünlüyü şərh edilmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatları, habelə maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, protest qismən təmin olunmalı, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və Şikayət verən şəxs zərərçəkmiş şəxs kimi cinayət prosesinin iştirakçısı qismində tanınmamasının qanunsuz hesab edilməsi barədə şikayətin icraata olunmasından imtina edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi müavini Asəf Sarıkişiyevin verdiyi protest qismən təmin edilsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Şikayət verən şəxs zərərçəkmiş şəxs kimi cinayət prosesinin iştirakçısı qismində tanınmamasının qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-488/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-488/2026
31.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver