Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-544/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrliyi və məruzəsi ilə), X5 və Əhmədov Zəfər Vahid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, şikayətçi Şikayət verən şəxs və müdafiəçisi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Şikayət verən şəxs müdafiəçisinin Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin **/****-C-** nömrəli araşdırma materialı üzrə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarının ləğv edilərək ibtidai araşdırmanın davam etdirilməsi üçün iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Şikayət verən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalması barədə məlumatla əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində **/****-C-** nömrəli material üzrə Elvin Bəşirlinin ## ###### 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə istinad edilməklə cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Mübahisələndirilən qərardan görünür ki, araşdırmaya səbəb olmuş məlumat Bakı İstintaq Təcridxanasından daxil olmuşdur. Başqa sözlə, Şikayət verən şəxs qarşı zorakılıq tətbiq edilməsi barədə məlumat cinayət işi məhkəməyə göndərildikdən sonra müdafiə məqsədilə ilk dəfə irəli sürülmüş iddia deyil, dövlət müəssisəsi tərəfindən qeydə alınmış hal əsasında araşdırma predmetinə çevrilmişdir. Bakı İstintaq Təcridxanasına qəbul edilərkən Şikayət verən şəxs bədənində qançır izinin olması tibbi sənədlərdə qeydə alınmışdır. İş materiallarından görünür ki, Şikayət verən şəxs ## ####### 2025-ci il tarixində şübhəli şəxs qismində tutulduqdan sonra müvəqqəti saxlama yerinə təhvil verilərkən tibbi baxışdan keçirilmiş və həmin vaxt onun bədənində hər hansı xəsarət müəyyən edilməmişdir. İki rəsmi dövlət sənədinin müqayisəsi obyektiv faktiki ardıcıllıq yaradır: Şikayət verən şəxs müvəqqəti saxlama yerinə xəsarətsiz qəbul edilmiş, bundan sonra dövlətin nəzarəti altında saxlanılmış, həmin müddətdə onunla dindirmə, üzləşdirmə və ittiham üçün əhəmiyyət daşıyan digər prosessual hərəkətlər aparılmış, daha sonra Bakı İstintaq Təcridxanasına qəbul edilərkən onun bədənində qançır müəyyən edilmişdir. Qərarın əsaslandırıcı hissəsində Şikayət verən şəxs izahatı alınarkən polis əməkdaşlarından şikayət və tələbinin olmadığını bildirməsinə, həmçinin məhkəmə-tibbi ekspertizasının keçirilməsindən və tibbi müayinədən imtina etməsinə xüsusi əhəmiyyət verilmiş və bundan onun polis əməkdaşları tərəfindən fiziki və psixoloji işgəncələrə məruz qalmamasının müəyyən edildiyi nəticəsi çıxarılmışdır. Lakin şəxsin müəyyən mərhələdə “şikayətim yoxdur” deməsi onun bədənində obyektiv olaraq qeydə alınmış qançırın mənşəyini izah etmir və dövlətin həmin xəsarətin yaranma səbəbini araşdırmaq vəzifəsini aradan qaldırmır. Şəxsin sonrakı ekspertizadan imtina etməsi artıq mövcudluğu dövlət müəssisəsinin tibbi sənədi ilə qeydə alınmış xəsarətin harada və hansı şəraitdə yaranmasını araşdırmamaq üçün hüquqi əsas təşkil edə bilməz. Üstəlik, Şikayət verən şəxs işgəncə barədə mövqeyinin sonrakı müdafiə taktikasının nəticəsi kimi meydana çıxması barədə ehtimal da işin faktiki halları ilə təkzib olunur. Şikayət verən şəxs müdafiəsini həyata keçirməyə başladıqdan sonra ilk hüquqi tədbirlərdən biri ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji zorakılıq tətbiq edilməsi barədə aidiyyəti dövlət orqanına rəsmi qaydada şikayət etmək olmuşdur. Şikayət verən şəxs onun bilavasitə iştirakı ilə əlavə dindirilməsi aparılmış və həmin dindirmə zamanı o, əvvəlki özünü ifşa edən ifadələrinin könüllü olmadığını, ona qarşı fiziki və psixoloji zorakılıq tətbiq edildiyini və əvvəlki ifadələrinin məhz həmin təsir nəticəsində alındığını açıq şəkildə bildirmişdir. Şikayət verən şəxs bu mövqeyindən sonrakı mərhələlərdə də geri çəkilməmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı o, ittiham üzrə ona aid edilən əməli qəbul etmir və əvvəlki ifadələrinin işgəncə və qanunsuz təsir nəticəsində alındığını məhkəmə qarşısında da təkrar etmişdir. Şikayət verən şəxs sonrakı bəyanatı yalnız onun subyektiv ifadəsindən ibarət deyil. Həmin bəyanat onun polis nəzarətindən sonra Bakı İstintaq Təcridxanasına qəbul edilərkən bədənində qançırın qeydə alınması ilə obyektiv şəkildə müşayiət olunur. Digər tərəfdən isə müvəqqəti saxlama yerinə gətirilərkən aparılmış tibbi baxış zamanı onun bədənində xəsarət müəyyən edilməmişdir. Bu halda cavablandırılmalı olan əsas sual son dərəcə konkretdir: Şikayət verən şəxs müvəqqəti saxlama yerinə xəsarətsiz qəbul edilmişdirsə, istintaq təcridxanasına daxil olarkən onun bədənində qeydə alınmış qançır harada, nə vaxt və hansı şəraitdə yaranmışdır? Mübahisələndirilən qərarda bu suala cavab yoxdur. Əgər həmin xəsarət polis əməkdaşlarının hərəkətləri nəticəsində yaranmamışdırsa, araşdırma orqanı onun alternativ mənşəyini müəyyən etməli idi. Xəsarətin təxmini yaranma vaxtı, yaranma mexanizmi, həmin dövrdə Şikayət verən şəxs harada saxlanılması, onunla hansı şəxslərin təmasda olması, hansı vaxtlarda dindirilməyə və digər istintaq hərəkətlərinə aparılması, saxlanıldığı və istintaq hərəkətlərinin həyata keçirildiyi yerlərdə videomüşahidə kameralarının olub-olmaması, həmin görüntülərin əldə edilib-edilməməsi, növbətçi və konvoy əməkdaşlarının kimliyi və digər obyektiv məlumatlar müəyyən edilməli idi. Qərarın məzmunundan bu istiqamətdə effektiv və nəticəyə yönəlmiş araşdırmanın aparıldığı görünmür. Şikayət verən şəxs zorakılıq barədə iddiasının başqa mühüm xüsusiyyəti onun cinayət işi üzrə özünü ifşa edən ifadələrin alınması ilə bilavasitə əlaqəli olmasıdır. Şikayət verən şəxs bildirir ki, ona qarşı fiziki və psixoloji təsir məhz ittihamı təsdiq edən ifadələrin alınması məqsədilə həyata keçirilmişdir. Cinayət işinin materialları həmin iddianın ciddi şəkildə araşdırılmasını tələb edən əlavə hallar da ortaya qoyur. Belə ki, X3 məxsus dona ## ####### 2025-ci il tarixində baxış keçirilərkən rəsmi protokolda onun üzərində yalnız "naməlum ləkələrin" olduğu göstərilmişdir. Buna baxmayaraq, Şikayət verən şəxs sonrakı dindirilməsi zamanı müstəntiq tərəfindən həmin naməlum ləkələr artıq "sperma ləkələri" kimi təqdim edilmiş və Şikayət verən şəxs onların ona məxsus olub-olmaması soruşulmuşdur. Sonradan aparılmış ekspertiza həmin ləkələrdə PSA antigenini aşkar etməmiş, Şikayət verən şəxsla müqayisəyə yararlı genetik nəticə əldə edilməmişdir. Həmin dindirməni aparmış müstəntiq özü də "naməlum ləkə"nin dindirmə zamanı "sperma ləkəsi" kimi təqdim edilməsini səhv kimi izah etmişdir. Bu hal özlüyündə Şikayət verən şəxs işgəncə verilməsini sübut edən fakt kimi təqdim edilmir. Lakin şəxsin əvvəlki ifadələrinin hansı şəraitdə və hansı üsullardan istifadə edilməklə alındığının araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. İstintaq orqanının hələ ekspertiza ilə müəyyən edilməmiş faktı şübhəli şəxsə artıq müəyyən edilmiş elmi fakt kimi təqdim etməsi onun sonrakı etirafedici ifadələrinin alınma şəraitinin ayrıca araşdırılmasını tələb edir. Cinayət işinin materiallarında Şikayət verən şəxs zərərçəkmiş şəxsə məxsus donla birlikdə çəkilmiş fotoşəkli də mövcuddur və fotocədvəldə onun guya boşaldığı yeri göstərməsi təsvir edilmişdir. Lakin həmin vaxt don üzərində olan ləkənin sperma olduğu ekspertiza ilə müəyyən edilməmişdi. Rəsmi baxış protokolunda həmin izlər yalnız "naməlum ləkələr" kimi qeyd olunmuşdu. Şikayət verən şəxs isə sonradan həmin etirafedici ifadə və hərəkətlərin zorakılıq və qanunsuz təsir şəraitində həyata keçirildiyini bildirir. Buna görə həmin fotocədvəl və digər etirafedici xarakterli istintaq hərəkətləri də işgəncə barədə iddiadan təcrid edilmiş şəkildə qiymətləndirilə bilməz. Əgər zorakılığın məqsədinin şəxsdən ittihamı təsdiq edən ifadə və nümayiş xarakterli hərəkətlər əldə etmək olduğu bildirilirsə, məhz həmin hərəkətlərin hansı şəraitdə həyata keçirildiyinin müəyyən edilməsi araşdırmanın predmetinə daxil olmalı idi. Beləliklə, mövcud faktlar vahid ardıcıllıq təşkil edir: Şikayət verən şəxs MSY-yə qəbul edilərkən onun bədənində xəsarət müəyyən edilmir; bundan sonra o, dövlətin nəzarəti altında saxlanılır və həmin müddətdə onunla ittiham üçün əhəmiyyətli istintaq hərəkətləri aparılır; sonradan Bakı İstintaq Təcridxanasına qəbul edilərkən bədənində qançır qeydə alınır; müdafiəçi işə qoşulduqdan dərhal sonra işgəncə barədə rəsmi şikayət edilir; müdafiəçinin iştirakı ilə aparılan əlavə dindirmədə Şikayət verən şəxs əvvəlki ifadələrinin zorakılıq nəticəsində alındığını bildirir; sonrakı mərhələlərdə bu mövqedən geri çəkilmir və məhkəmə baxışı zamanı da əvvəlki ifadələrinin işgəncə ilə alındığını bildirir. Bu ardıcıllığın qarşısında Şikayət verən şəxs müəyyən mərhələdə verdiyi "şikayətim yoxdur" məzmunlu izahatı seçərək digər obyektiv və prosessual məlumatları lazımi qaydada araşdırmadan Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsi üzrə "cinayət hadisəsinin olmaması" nəticəsinə gəlmək tam, hərtərəfli və obyektiv araşdırmanın nəticəsi hesab edilə bilməz. Hazırkı şikayət çərçivəsində müdafiə tərəfi məhkəmədən konkret polis əməkdaşının Şikayət verən şəxs işgəncə verməsi və ya həmin şəxsin təqsirliliyi barədə nəticə çıxarmasını tələb etmir. Müdafiə tərəfinin qaldırdığı məsələ ondan ibarətdir ki, bu qədər ciddi və bir-biri ilə əlaqəli obyektiv məlumatlar mövcud olduğu halda cinayət hadisəsinin ümumiyyətlə olmadığı barədə nəticəyə gəlmək üçün aparılmış araşdırma kifayət etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin **/****-C-** nömrəli araşdırma materialı üzrə məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilməmiş, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Həmin qərardan şikayətçi Şikayət verən şəxs vəkili Müdafiəçi apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi, məhkəmə nəzarəti qaydasında verdikləri şikayətin təmin edilməsini və cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müdafiə tərəfinin şikayətində göstərilmiş əsas faktiki və hüquqi arqumentləri mahiyyəti üzrə cavablandırmamış, dövlətin nəzarəti altında olan şəxsin bədənində yaranmış obyektiv xəsarətin mənşəyinin müəyyən edilməməsinə hüquqi qiymət verməmiş, aparılmış araşdırmanın tamlığını və effektivliyini real şəkildə yoxlamamış, nəticə etibarilə araşdırma orqanının gəldiyi nəticəni faktiki olaraq təkrarlamaqla kifayətlənmişdir. Müdafiə tərəfinin şikayətinin mahiyyəti konkret polis əməkdaşının Şikayət verən şəxs işgəncə verməsinin məhkəmə tərəfindən artıq sübuta yetirilmiş fakt kimi müəyyən olunması və yaxud hər hansı polis əməkdaşının təqsirli elan edilməsi deyil. Şikayətdə qoyulan məsələ bundan ibarət idi ki, bir-birilə əlaqəli obyektiv tibbi və prosessual məlumatlar mövcud olduğu halda Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsi üzrə “cinayət hadisəsinin olmaması” kimi qəti nəticəyə gəlmək üçün aparılmış araşdırma kifayət etmişdirmi? Birinci instansiya məhkəməsi məhz bu suala cavab verməli olduğu halda, həmin sualı faktiki olaraq cavabsız qoymuşdur. Mübahisələndirilən məhkəmə qərarının özündə müdafiə tərəfinin əsas arqumentləri kifayət qədər ətraflı əks etdirilmişdir. Belə ki, qərarda göstərilir ki, Şikayət verən şəxs ## ####### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra MSY-yə təhvil verilərkən tibbi baxışdan keçirilmiş və həmin vaxt onun bədənində hər hansı xəsarət müəyyən edilməmişdir. Daha sonra isə Bakı İstintaq Təcridxanasına qəbul edilərkən onun bədənində qançır izinin olması tibbi sənədlərdə qeydə alınmışdır. Beləliklə, mübahisənin başlanğıc nöqtəsi Şikayət verən şəxs sonradan verdiyi subyektiv ifadə deyil, iki ayrı dövlət müəssisəsində tərtib edilmiş tibbi məlumatların yaratdığı obyektiv xronologiyadır. Şikayət verən şəxs dövlətin nəzarətinə xəsarətsiz daxil olmuş, dövlətin nəzarətində saxlanılmış və həmin nəzarət davam etdiyi dövrdən sonra onun bədənində qançır müəyyən edilmişdir. Bu halda araşdırmanın cavablandırmalı olduğu ən sadə və eyni zamanda ən fundamental sual belədir: Şikayət verən şəxs bədənində qeydə alınmış qançır harada, nə vaxt, hansı mexanizmlə və hansı şəraitdə yaranmışdır? Məhkəmə qərarında bu suala cavab yoxdur. Əgər həmin xəsarət polis əməkdaşlarının hərəkətləri nəticəsində yaranmamışdırsa, araşdırma orqanı onun alternativ mənşəyini müəyyən etməli və bunu obyektiv sübutlarla əsaslandırmalı idi. Müdafiə tərəfi birinci instansiya məhkəməsinə təqdim etdiyi şikayətdə də məhz bu məsələyə diqqət çəkərək xəsarətin təxmini yaranma vaxtının və mexanizminin, həmin dövrdə Şikayət verən şəxs harada saxlanmasının, onunla hansı şəxslərin təmasda olmasının, hansı vaxtlarda dindirilməyə və digər istintaq hərəkətlərinə aparılmasının, saxlanıldığı və istintaq hərəkətlərinin həyata keçirildiyi yerlərdə videomüşahidə kameralarının olub-olmamasının, həmin görüntülərin əldə edilib-edilməməsinin, növbətçi və konvoy əməkdaşlarının kimliyinin müəyyən edilməli olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi isə sadalanan hərəkətlərin hansının aparıldığını, hansının aparılmadığmı, aparılmayan hərəkətlərin nə üçün zəruri hesab edilmədiyini və buna baxmayaraq araşdırmanın hansı səbəbdən tam hesab edilə biləcəyini qərarında göstərməmişdir. Əvəzində məhkəmənin əsaslandırması faktiki olaraq bundan ibarətdir ki, araşdırma zamanı Şikayət verən şəxs və DİN əməkdaşlarının izahatları alınmış, Şikayət verən şəxs ekspertizanın keçirilməsindən imtina etmiş, sorğular edilmiş və polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsinin öz təsdiqini tapmadığı müəyyən olunmuşdur. Bu əsaslandırmada ciddi məntiqi qüsur mövcuddur. “Araşdırma zamanı təsdiqini tapmadı” nəticəsi yalnız o halda hüquqi əhəmiyyət daşıya bilər ki, əvvəlcə həmin faktın müəyyən edilməsi üçün zəruri olan real və mümkün sübutlar toplanmış olsun. Araşdırılmalı obyektiv mənbələr araşdırılmadan, xəsarətin mənşəyi müəyyən edilmədən, xəsarətin yarandığı ehtimal olunan dövrdə şəxsin hərəkət trayektoriyası müəyyənləşdirilmədən, mümkün videomüşahidə materialları araşdırılmadan, onunla təmasda olmuş şəxslərin dairəsi tam müəyyən edilmədən “təsdiqini tapmadı” ifadəsi özlüyündə araşdırmanın effektivliyini sübut etmir. Əks halda, araşdırmanın natamamlığı onun nəticəsinin doğruluğunun sübutuna çevrilmiş olur. Bu isə hüquqi baxımdan qəbul edilə bilməz. Məhkəmə qərarında Şikayət verən şəxs ekspertizadan və tibbi müayinədən imtina etməsinə də əhəmiyyət verilmişdir. Lakin bu hal artıq dövlət müəssisəsi tərəfindən tibbi qaydada qeydə alınmış qançırın mövcudluğunu aradan qaldırmır. Şəxsin sonrakı mərhələdə əlavə ekspertizadan imtina etməsi ilə onun bədənində əvvəldən rəsmi şəkildə qeydə alınmış xəsarətin mənşəyi iki ayrı məsələdir. İmtina mövcud xəsarəti yox etmir. İmtina dövlətin xəsarətin hansı vaxtda yarandığını; hansı şəraitdə yarandığını; şəxsin həmin dövrdə harada olduğunu; kimlərin onunla təmasda olduğunu; mövcud kamera görüntülərinin olub-olmadığını; xəsarətin mümkün alternativ səbəblərini araşdırmaq öhdəliyini də aradan qaldırmır. Eyni qaydada Şikayət verən şəxs müəyyən mərhələdə polis əməkdaşlarından şikayət və tələbinin olmadığını bildirməsi də sonradan rəsmi tibbi sənəddə qeydə alınmış xəsarətin mənşəyinə cavab vermir. Məhkəmə qərarında müdafiə tərəfinin bu arqumenti də açıq şəkildə əks etdirilmişdir: şəxsin müəyyən mərhələdə “şikayətim yoxdur” deməsi onun bədənində obyektiv olaraq qeydə alınmış qançırın mənşəyini izah etmir və dövlətin həmin xəsarətin yaranma səbəbini araşdırmaq vəzifəsini aradan qaldırmır. Lakin məhkəmə öz qərarının nəticə hissəsində bu arqumentin niyə qəbul edilmədiyini izah etməmişdir. Daha mühüm hal ondan ibarətdir ki, Şikayət verən şəxs işgəncə barədə iddiası cinayət işi məhkəməyə göndərildikdən sonra müdafiə məqsədilə ilk dəfə yaradılmış iddia deyil. Məhkəmə qərarının özündə təsbit olunmuşdur ki, araşdırmaya səbəb olan məlumat Bakı İstintaq Təcridxanasından daxil olmuşdur. Bu faktın hüquqi əhəmiyyəti böyükdür. Deməli, dövlətin öz penitensiar müəssisəsində qeydə alınmış vəziyyət müvafiq dövlət orqanında araşdırmanın başlanmasına səbəb olmuşdur. Bu, sonradan məhkum olunmaq təhlükəsi qarşısında müdafiə tərəfindən yaradılmış abstrakt versiya deyil. Üstəlik, müdafiəçi işə qoşulduqdan sonra ilk hüquqi tədbirlərdən biri zorakılıq barədə rəsmi müraciət etmək olmuş, müdafiəçinin iştirakı ilə keçirilmiş əlavə dindirmə zamanı Şikayət verən şəxs əvvəlki özünü ifşa edən ifadələrinin fiziki və psixoloji təsir nəticəsində alındığını bildirmiş və sonrakı mərhələlərdə həmin mövqedən geri çəkilməmişdir. Bu faktlar birinci instansiya qərarında da əks etdirilmişdir. Bütün bunlar birlikdə götürüldükdə, pis rəftar barədə iddianın araşdırılmasını tələb edən kifayət qədər ciddi və obyektiv məlumat mövcud olmuşdur. Bundan əlavə, işgəncə barədə iddia Şikayət verən şəxs ittiham xarakterli ifadələrin hansı şəraitdə alınması ilə bilavasitə əlaqəlidir. Cinayət işinin materiallarında zərərçəkmiş şəxsə məxsus geyimə baxış zamanı onun üzərində yalnız “naməlum ləkələr” olduğu göstərilmişdir. Buna baxmayaraq, Şikayət verən şəxs sonrakı dindirilməsi zamanı həmin ləkələr müstəntiq tərəfindən artıq “sperma ləkələri” kimi təqdim edilmişdir. Sonrakı ekspertizada PSA antigeninin aşkar edilmədiyi və Şikayət verən şəxsla müqayisəyə yararlı genetik nəticənin əldə olunmadığı müdafiə tərəfindən göstərilmişdir. Məhkəmə qərarında hətta müstəntiqin sonradan “naməlum ləkə”nin dindirmədə “sperma ləkəsi” kimi təqdim edilməsini səhv kimi izah etməsi barədə müdafiənin arqumenti də əks olunmuşdur. Müdafiə tərəfi bu faktı işgəncənin müstəqil sübutu kimi təqdim etməmişdir. Əksinə, həmin fakt Şikayət verən şəxs ittihamı təsdiq edən ifadələrin hansı üsullarla və hansı psixoloji şəraitdə alınmasının araşdırılması zərurətini göstərən əlavə hal kimi təqdim edilmişdir. Həmçinin iş materiallarında Şikayət verən şəxs zərərçəkmişə məxsus geyimlə birlikdə çəkilmiş fotoşəklinin və onun guya boşaldığı yeri göstərməsinin əks olunduğu fotonun olması qeyd edilmişdir. Lakin həmin vaxt ləkənin sperma olması ekspertiza ilə müəyyən edilməmişdi. Rəsmi baxış protokolunda həmin izlər yalnız “naməlum ləkələr” kimi göstərilmişdi. Belə şəraitdə araşdırmanın vəzifəsi yalnız Şikayət verən şəxs “şikayətim yoxdur” məzmunlu əvvəlki ifadəsini və polis əməkdaşlarının zorakılığı inkar edən izahatlarını toplamaq deyildi. Araşdırma özünü ifşa edən ifadələrin hansı şəraitdə alındığını obyektiv sübut vasitələri ilə yoxlamalı idi. Birinci instansiya məhkəməsi isə müdafiənin bu konkret arqumentlərinin heç birinə ayrıca və əsaslandırılmış cavab verməmişdir. Məhkəmə qərarında Cinayət-Prosessual Məcəllənin 124.1.2, 139.0.1, 139.0.3 və 146.1-ci maddələri sadalanmışdır. Həmin normaların mahiyyətinə görə cinayət hadisəsinin olub-olmaması sübutlarla müəyyən edilir, sübutların kifayət etməsi isə müəyyən edilməli hallar üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən həcmdə sübutların mövcudluğunu nəzərdə tutur. Məhkəmə bu normaları qərarında göstərmişdir. Lakin həmin normaları konkret işin hallarına tətbiq etməmişdir. Əgər Cinayət-Prosessual Məcəllənin 146.1-ci maddəsinə əsasən sübutların kifayətliliyi mötəbər və yekun nəticəyə gəlməyə imkan verməlidirsə, onda “cinayət hadisəsi yoxdur” kimi qəti nəticəyə gəlməzdən əvvəl dövlət nəzarəti altında yaranmış qançırın mənşəyi barədə ağlabatan və sübutlarla əsaslandırılmış nəticə mövcud olmalı idi. Belə nəticə nə prokurorluğun rədd qərarında, nə də birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir. Məhkəmənin “fiziki zor tətbiq edilməsi öz təsdiqini tapmır” ifadəsi xəsarətin mənşəyini müəyyən edən faktiki nəticə deyil. Bu, araşdırmanın yekun nəticəsinin təkrarıdır. Məhkəmə nəzarətinin mahiyyəti isə şikayət edilən orqanın nəticəsini təkrarlamaq deyil, həmin nəticəyə gətirib çıxaran araşdırmanın qanuniliyini, tamlığını və faktiki əsaslarını yoxlamaqdır. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarında fiziki və psixi zorakılıq altında alınmış ifadələrə münasibətdə xüsusi hüquqi standart müəyyən edilmişdir. Plenum qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraatda verdiyi ifadələri sonradan dəyişdirdikdə və bunu fiziki və ya psixi zorakılığın təsiri ilə əlaqələndirdikdə həmin iddianın araşdırılması tələb olunur. Plenumun 27-ci bəndinə görə isə şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər mövcud olduqda məhkəmə, əvvəl aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq, mübahisəli ifadənin Cinayət-Prosessual Məcəllənin 125-ci maddəsi baxımından yolverilənliyini həll edə bilər. Plenum Qərarının 28-ci bəndində daha fundamental prinsip təsbit edilmişdir: məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlərlə əldə edilməsi müəyyən edilərsə, onlardan ittiham hökmündə sübut kimi istifadə edilə bilməz. Ali Məhkəmənin bu yanaşması göstərir ki, qanunsuz təsir barədə əsaslı iddianın hüquqi əhəmiyyəti yalnız ayrıca polis əməkdaşının cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi ilə məhdudlaşmır. Belə iddia həm də şəxsə qarsı aparılan əsas cinayət təqibində istifadə edilən sübutların mənşəyi, mötəbərliyi və yolverilənliyi ilə bilavasitə əlaqəlidir. Hazırkı halda isə vəziyyət daha ciddi xarakter daşıyır: Şikayət verən şəxs həmin ifadələri artıq onun barəsində çıxarılmış ittiham hökmündə əhəmiyyət daşıyan sübutlar sırasına daxil edilmişdir. Buna görə işgəncə və qanunsuz təsir iddiasının effektiv araşdırılması yalnız ehtimal olunan polis zorakılığının müəyyən edilməsi deyil, həm də cinayət mühakimə icraatının bütövlüyünün təmin edilməsi məsələsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı presedentləri də bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Mammadov (Jalaloglu) v. Azerbaijan işində Avropa Məhkəməsi Konvensiyanın 3-cü maddəsinin həm maddi, həm də prosessual aspektlərinin pozulduğunu müəyyən etmişdir: polis nəzarətində pis rəftar və həmin pis rəftar iddiasının effektiv araşdırılmaması. AİHM-in həmin və digər presedentlərdə formalaşdırdığı yanaşmaya görə şəxs dövlət orqanlarının nəzarəti altına sağlam vəziyyətdə daxil olduğu halda, azad edildikdə və ya növbəti saxlanma müəssisəsinə keçirildikdə onun bədənində xəsarətlər müəyyən edilirsə, həmin xəsarətlərin necə yarandığına dair inandırıcı və qənaətbəxş izah vermək dövlətin üzərinə düşür. Bu prinsipin məntiqi sadədir: dövlət nəzarəti altında olan şəxs öz saxlanma şəraitinə, kamera görüntülərinə, növbətçi heyətin məlumatlarına, konvoy sənədlərinə və digər sübutlara sərbəst çıxış imkanına malik deyil. Bu məlumatların hamısı dövlət orqanlarının nəzarətindədir. Hazırkı işdə də məhz belə vəziyyət mövcuddur. Şikayət verən şəxs bədənində əvvəl xəsarətin olmaması və sonradan qançırın qeydə alınması barədə məlumatların hər ikisi dövlət qurumlarının öz sənədlərindən irəli gəlir. Bu səbəbdən müdafiədən həmin qançırı konkret olaraq hansı polis əməkdaşının, hansı dəqiqədə və hansı alətlə törətdiyini sübut etməyi tələb etmək effektiv araşdırma standartını mahiyyətindən məhrum edərdi. Araşdırmanın məqsədi məhz həmin naməlumluğu aradan qaldırmaq olmalı idi. AİHM-in Muradova v. Azerbaijan qərarında da polis zorakılığı və dövlət orqanlarının belə iddiaları effektiv araşdırmaq öhdəliyi Konvensiyanın 3-cü maddəsi baxımından qiymətləndirilmişdir. Konvensiyanın 3-cü maddəsinin prosessual tələbi formal araşdırmanın mövcudluğu ilə kifayətlənmir. Araşdırma faktların müəyyən edilməsinə və məsul şəxslərin müəyyənləşdirilməsinə real imkan verən, obyektiv, hərtərəfli və nəticəyə yönəlmiş olmalıdır. Məhz bu nöqteyi-nəzərdən **/****-C-** nömrəli material üzrə aparılmış araşdırmanın ciddi çatışmazlıqları mövcuddur. Birinci instansiya məhkəməsinin qərarından görünmür ki: xəsarətin təxmini yaranma vaxtının müəyyən edilməsi üçün tibbi qiymətləndirmə aparılıb; xəsarətin mümkün yaranma mexanizmi müəyyən edilib; ## ####### 2025-ci ildən Bakı İstintaq Təcridxanasına qəbul edilənədək Şikayət verən şəxs dəqiq saxlanma və hərəkət xronologiyası bərpa edilib; həmin müddətdə onunla təmasda olmuş bütün əməkdaşlar müəyyən edilib; müvafiq saxlanma və istintaq yerlərindəki videomüşahidə kameralarının mövcudluğu araşdırılıb; mövcud olmuş görüntülər tələb edilərək qorunub və tədqiq edilib; konvoy sənədləri və növbətçi jurnalları araşdırılıb; Şikayət verən şəxs müxtəlif müəssisələrə qəbul və təhvil verilmə sənədləri kompleks şəkildə müqayisə edilib; özünü ifşa edən ifadələrin alındığı konkret vaxtlarla xəsarətin mümkün yaranma intervalı qarşılaşdırılıb; “naməlum ləkə”nin dindirmə zamanı “sperma ləkəsi” kimi təqdim olunmasının səbəbləri və bunun şübhəli şəxsə psixoloji təsiri araşdırılıb; Şikayət verən şəxs özünü ifşa edən hərəkətlərinin və ifadələrinin əldə edilmə şəraiti həmin işgəncə iddiası ilə əlaqəli şəkildə qiymətləndirilib. Əksinə, qərardan görünən budur ki, birinci instansiya məhkəməsi araşdırma materialında Şikayət verən şəxs və polis əməkdaşlarının izahatlarının alınmasını, onun ekspertizadan imtinasını və sorğuların aparılmasını kifayət hesab etmişdir. Bu isə effektiv araşdırmanın kəmiyyətini deyil, sadəcə müəyyən prosessual hərəkətlərin mövcudluğunu göstərir. Hansısa şəxslərdən izahat alınması həmin izahatların obyektiv sübutlarla yoxlanılması demək deyil. Xüsusilə zorakılıqda ittiham edilən dövlət orqanının əməkdaşlarının zorakılıq etmədiklərini bildirmələri obyektiv tibbi sənədlə ortaya çıxan sualı özlüyündə cavablandıra bilməz. Birinci instansiya məhkəməsinin qərarında başqa mühüm çatışmazlıq da mövcuddur. Məhkəmə müdafiə tərəfinin arqumentlərini qərarın təsviri hissəsində kifayət qədər geniş şəkildə sadalayır, lakin əsaslandırıcı hissədə onların əksəriyyətinə fərdi hüquqi cavab vermir. Başqa sözlə, qərarın təsviri hissəsində: ## ####### 2025ci ildə xəsarətin olmaması; sonradan qançırın qeydə alınması; xəsarətin mənşəyinin müəyyən edilməməsi; videomüşahidə görüntülərinin araşdırılması zərurəti; növbətçi və konvoy əməkdaşlarının müəyyənləşdirilməsi; özünü ifşa edən ifadələrin alınması; “naməlum ləkə”nin “sperma ləkəsi” kimi təqdim edilməsi; ekspertiza nəticələrinin bunu təsdiq etməməsi; müdafiəçi işə qoşulduqdan sonra zorakılıq barədə rəsmi şikayətin verilməsi; Şikayət verən şəxs sonrakı ifadələrində əvvəlki ifadələrin zorakılıq altında alınmasını bildirməsi kimi hallar əks etdirilir. Lakin qərarın hüquqi əsaslandırmasında həmin arqumentlərin niyə araşdırmanın natamamlığına dəlalət etmədiyi izah edilmir. Onların qarşısına sadəcə araşdırma orqanının gəldiyi nəticə qoyulur: “fiziki zor tətbiq edilməsi öz təsdiqini tapmır”. Belə yanaşma məhkəmə nəzarətini mahiyyətsizləşdirir. Əgər məhkəmə şikayət edilən qərarın nəticəsini onun qanuniliyinin əsaslandırılması kimi qəbul edirsə, onda məhkəmə nəzarətinin ayrıca mövcudluğunun mənası qalmır. Məhkəmə araşdırma orqanının nəticəsinin nəyə görə düzgün olduğunu göstərməli idi, həmin nəticəni sadəcə təkrar etməməli idi. Xüsusilə nəzərə alınmalıdır ki, prokurorluq Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsini tətbiq etməklə “cinayət hadisəsinin olmaması” kimi qəti reabilitasiyaedici nəticəyə gəlmişdir. Bu, “konkret polis əməkdaşının təqsiri müəyyən edilə bilmədi” nəticəsi deyil. Bu, “zorakılığın konkret mexanizmini müəyyən etmək mümkün olmadı” nəticəsi də deyil. Bu, ümumiyyətlə cinayət hadisəsinin olmadığı barədə qəti nəticədir. Belə nəticənin qəbul edilməsi üçün isə dövlət nəzarəti altında yaranmış obyektiv xəsarətin alternativ, inandırıcı və sübutlarla təsdiqlənmiş izahı xüsusilə əhəmiyyətlidir. Belə izah mövcud deyilsə, cinayət hadisəsinin ümumiyyətlə olmadığı barədə nəticənin hansı sübutlarla əsaslandırıldığı anlaşılmır. Birinci instansiya məhkəməsi məhz bu əsas problemi aradan qaldırmamışdır. Məhkəmənin öz qərarında istinad etdiyi Cinayət-Prosessual Məcəllənin 146.1-ci maddəsi də bunun əksini tələb edir: sübutların həcmi müəyyən edilməli hallar barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verməlidir. Əgər əsas obyektiv sual, yəni dövlət nəzarətində yaranmış qançırın mənşəyi cavabsızdırsa, “cinayət hadisəsinin olmaması” barədə yekun nəticənin mötəbərliyi ciddi şübhə altında qalır. Müdafiə tərəfi bir daha vurğulayır ki, hazırkı apellyasiya icraatında Bakı Apellyasiya Məhkəməsindən konkret polis əməkdaşının Şikayət verən şəxs işgəncə verməsini müəyyən etməsi və yaxud həmin şəxsi cinayət törətməkdə təqsirli hesab etməsi tələb edilmir. Tələb bundan ibarətdir ki, araşdırılmalı fundamental faktlar araşdırılmadan cinayət hadisəsinin olmadığı barədə qəti qərarın saxlanılması yolverilməz hesab edilsin. Başqa sözlə, işgəncənin bu mərhələdə artıq sübuta yetirilməsi ilə işgəncə barədə müdafiə oluna bilən iddianın effektiv şəkildə araşdırılması iki ayrı hüquqi məsələdir. Birinci məsələnin hələ qəti sübuta yetirilməməsi ikinci öhdəliyi aradan qaldırmır. Əksinə, araşdırmanın məqsədi məhz həmin faktı müəyyən etməkdir. Dövlət nəzarətinə xəsarətsiz qəbul edilmiş şəxsin dövlət nəzarəti davam etdiyi müddətdə bədənində xəsarət yaranması, həmin şəxsdən həmin dövrdə özünü ifşa edən ifadələrin alınması, şəxsin sonradan həmin ifadələrin zorakılıqla alındığını bildirməsi və zorakılıq barədə məlumatın dövlət penitensiar müəssisəsinin özündən daxil olması birlikdə götürüldükdə bu iddianı formal izahatlarla bağlamaq deyil, obyektiv və nəticəyə yönəlmiş araşdırma aparmaq tələb olunurdu. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı isə həmin çatışmazlıqları aradan qaldırmaq əvəzinə onları faktiki olaraq legitimləşdirmişdir. Bu səbəbdən ## ######## 2026-cı il tarixli qərarın qüvvədə saxlanılması həm milli cinayət-prosessual qanunvericiliyin sübutların kifayətliliyi və məhkəmə nəzarəti barədə tələbləri, həm Ali Məhkəmə Plenumunun zorakılıq altında əldə edildiyi mübahisələndirilən sübutlarla bağlı hüquqi mövqeyi, həm də Konvensiyanın 3-cü maddəsindən irəli gələn effektiv araşdırma standartı ilə uzlaşmır. Məhkəmə iclasında çıxış edən şikayətçi və vəkili Müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək verilmiş şikayətin təmin edilməsini xahiş etdilər. Konstitusiyanın tələblərinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri də insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etməkdir. Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən **/****-C-** nömrəli toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə **/****-C-** nömrəli toplanmış materialı tələb edib öyrənərkən müəyyən etmişdir ki, araşdırma zamanı Şikayət verən şəxs, Azərbaycan Respublikası DİN əməkdaşlarının izahatları alınmış, Şikayət verən şəxs ekspertizanın keçirilməsindən imtina etmiş, eləcə də sorğu edilmişdir. Şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi şikayət ərizəsində qeyd etdikləri, yəni DİN əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməsi öz təsdiqini tapmır. Araşdırma zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərar qəbul edilmişdir”. Birinci instansiya məhkəməsi məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti rədd edərkən şəxsin qeyd etdiklərinin, yəni ona qarşı fiziki zor tətbiq edilməsinin öz təsdiqini tapmadığını göstərmişdir. Belə hüquqi qənaət isə məhkəmənin qiymət verdiyi prosessual qərarda istinad edilən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsində (cinayət hadisəsinin olmaması) nəzərdə tutulmuş əsasla ziddiyyətli mövqedir. İş materiallarına görə müəyyən edilir ki, Şikayət verən şəxs ## ####### 2025-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və müvəqqəti saxlama yerinə gətirilərkən tibbi baxışdan keçirildikdə bədənində hər hansı xəsarət müəyyən edilməmiş, dövlətin nəzarəti altında saxlanıldığı və onunla müəyyən istintaq hərəkətlərinin aparıldığı dövrdən sonra Bakı İstintaq Təcridxanasına qəbul edilərkən bədənində "qançır izi" olması rəsmi tibbi sənədlərdə qeydə alınmış, Bakı İstintaq Təcridxanasından daxil olmuş rəsmi bildiriş əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində (**/****-C-** nömrəli material) araşdırma aparılmış və Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə (cinayət hadisəsinin olmaması) istinad edilərək cinayət işinin başlanması rədd edilmişdir. Şikayət verən şəxs əlavə dindirilməsi zamanı və sonrakı mərhələlərdə əvvəlki etiraf ifadələrinin fiziki və psixi zorakılıq şəraitində alındığını bildirmişdir. Cinayət-Prosessual Məcəllənin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, hazırkı material üzrə Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsində göstərilən (cinayət hadisəsinin olmaması) əsasla cinayət işinin başlanmasının rədd edilməsi hüquqi baxımdan yolverilməzdir. Göstərilən qəti nəticəyə gəlmək üçün mötəbər və kifayət edən sübutlar məcmusu olmalıdır. Xəsarətin mövcudluğunin rəsmən etiraf və təsdiq edildiyi, həmin xəsarətin alındığı dövrlə bağlı işin halları mübahisəsizdir. Belə ki, onun müvəqqəti saxlama yerinə xəsarətsiz daxil olması, lakin dövlət nəzarətində saxlanıldıqdan sonra Bakı İstintaq Təcridxanasına qəbul edilərkən bədənində qançırın qeydə alınması faktı, yəni xəsarətin mövcudluğu mübahisəsizdir. Bu xəsarətin necə və hansı şəraitdə yaranmasına dair inandırıcı və sübut olunmuş izah təqdim edilmədən "cinayət hadisəsi yoxdur" nəticəsinə gəlinməsi hüquqi ziddiyyət təşkil edir. Araşdırma orqanı isə həmin xəsarətin mənşəyini (bədəndəki qançırın və ya digər xəsarətlər varsa, harada, nə vaxt və hansı şəraitdə yaranmasını) sübutlarla müəyyən etmədən “cinayət hadisəsi olmayıb” deyə bilməz. Bu halda həmin xəsarətin yaranma səbəbini araşdırmaq vəzifəsi dövlətin üzərinə düşür. Şəxsin ilkin izahatda "şikayətim yoxdur" deməsi və ya ekspertizadan imtina etməsi rəsmi sənədlə qeydə alınmış qançırın mövcudluğunu, dövlətin bu obyektiv xəsarəti araşdırmaq öhdəliyini aradan qaldırmır. Buna baxmayaraq, məhkəmə bu halı zorakılığın olmaması kimi qiymətləndirmişdir. Şəxsin imtinası dövlətin xəsarətin yarandığı dövrə dair videomüşahidə kameralarını, növbətçi jurnallarını və şəxslə təmasda olmuş şəxslərin dairəsini araşdırmaq vəzifəsinə mane deyil. Bundan başqa, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, şəxsin dövlət orqanının nəzarətində olduğu dövrdə "şikayətim yoxdur" deməsi və ya ekspertizadan və ya müayinədən imtina etməsi də fiziki və ya psixoloji təsir (təzyiq) altında ola bilər və bu hal ümumiyyətlə nəzərə alınmamışdır. Araşdırma orqanının səthi “yoxlama” apararaq "zorakılıq faktı təsdiqini tapmadı" nəticəsinə gəlməsi "cinayət hadisəsi yoxdur" deməyə əsas vermir. Bu nəticə hadisənin olmadığını deyil, araşdırmanın natamamlığını və effektiv aparılmadığını sübut edir. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılması üçün zəruri hərəkətlərin edilmədiyi mübahisəsizdir. Belə ki, yalnız şikayət edən şəxsin ilkin izahatı alınmaqla kifayətlənilmiş, sonradan ardıcıl, israrlı şikayətlər davam etmiş, xəsarətin alınması halları ilə bağlı yoxlanılması zəruri olan dəlillər irəli sürülmüşdür. Bütün bu məqamların obyektiv yoxlanılması üçün xəsarət yetirməsi israr olunan şəxs(lər)in, şübhəli şəxs qismində tutulduqdan sonra MSY-də eyni yerdə saxlanmış digər şəxslərin, Bakı İstintaq Təcridxanasında Şikayət verən şəxs ilə eyni kamerada saxlanmış şəxslərin, habelə qanuni və əsaslı nəticəyə gəlinməsi üçün mümkün digər şahidlərin müəyən edilib izahatlarının alınması, bu istiqamətdə digər prosessual hərəkətlərin aparılması, müdafiə tərəfinin irəli sürdüyü digər dəlillərin yoxlanılıb məcmu halında müqayisə edilib əsaslı hüquqi nəticəyə gəlinməsi zəruridir. Birinci instansiya məhkəməsi araşdırmanın natamamlığını, xəsarətin mənşəyinin müəyyən edilməməsini, aşkar məhdud araşdırılma aparıldığını diqqətə almayaraq araşdırma orqanının formal nəticəsini təkrar etməklə kifayətlənmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərar şikayətdə qaldırılmış halların tam, hərtərəfli və obyektiv yoxlanılması olmadan, əsasən şəxsin sonrakı izahatına istinadən qəbul edilmiş, bu isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə zidd olmuşdur. Birinci instansiya məhkəməsi isə həmin qərarın qanuniliyini və əsaslılığını lazımi səviyyədə yoxlamadan onu qanuni hesab etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən, şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icraatının vəzifələrindəndir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından yuxarı prokurora; bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə görə, hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlar vasitəsilə müəyyən edilir. Həmin Məcəllənin 212.4.2-ci maddəsinə əsasən, məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından verilmiş şikayət üzrə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 212.3-cü maddəsinə əsasən, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 451.1.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 451.3.1-ci maddəsinə əsasən, şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb edilməklə, bu tələblərin yerinə yetirilməsi təmin edilməlidir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Şikayətçi Şikayət verən şəxs nümayəndəsi və vəkili Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Hazırkı qərar araşdırmanın davam etdirilməsi və icra edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-544/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-544/2026
16.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver