Məhkəmə qərarları › İş №6(3-6)-549/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-549/2026

14.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-549/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Şikayət verən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi İmanov İlkin Bəkir oğlunun ##.##.2024-cü il tarixli şahid X3 şahid qismində dindirilməsi protokolunun ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi İmanov İlkin Bəkir oğlunun ##.##.2024-cü il tarixli şahid X3 şahid qismində dindirilməsi protokolunun tərtibi, təsdiqi və onun üzləşməsi hərəkət (hərəkətsizliyini) qanunsuz hesab edilərək həmin protokolların ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi İmanov İlkin Bəkir oğlunun ##.##.2024-cü il tarixli şahid X3 şahid qismində dindirilməsi protokolunun ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin baxılmadan geri qaytarılması qərara alınmışdır. Həmin qərardan narazı qalan Şikayət verən şəxs apellyasiya şikayəti verib Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, Şikayət verən şəxs məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun olaraq məhkəmə nəzarəti qaydasında şikayətin əsaslandığı halları ətraflı tədqiq etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII Fəsli ilə təsbit edilmiş məhkəmə nəzarəti institutu, məhkəməyədək icraat mərhələsində şəxslərin Konstitusiya ilə təminat altına alınmış fundamental hüquq və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmasının qarşısını almaq məqsədi daşıyan xüsusi və müstəsna bir icraat növüdür. Bu icraatın predmeti qanunverici tərəfindən dəqiq və məhdud şəkildə müəyyən edilmişdir. CPM-in 449.3-cü maddəsi məhkəmə nəzarəti qaydasında şikayət verilə biləcək prosessual hərəkət və qərarların tam və qapalı siyahısını təqdim edir. Həmin siyahıya cinayət işinin başlanmasının rədd edilməsi, tutulma, həbs, icraatın dayandırılması və ya xitam verilməsi kimi, birbaşa şəxsin hüquqi statusuna və azadlıqlarına təsir edən qərarlar və hərəkətlər daxildir. Ərizəçi Şikayət verən şəxs isə prosessual sənədin – “şahidin dindirilməsi haqqında” protokolun qanunsuz hesab edilib ləğv edilməsini xahiş edir. CPM-in 51-ci maddəsinə əsasən, protokol prosessual hərəkətin gedişini və nəticələrini qeydə alan, faktları təsbit edən sənəddir. O, müstəqil hüquqi nəticələr yaradan bir qərar deyil, aparılmış prosessual hərəkətin sənədli təsdiqidir. Şikayət edilən protokol öz-özlüyündə Şikayət verən şəxs hüquqlarını məhdudlaşdıran və ya onu hər hansı bir vəzifə daşımağa məcbur edən akt deyil, işin halları barədə şahidin dindirilməsi ilə bağlı məlumatları qeydə alan sənəddir. Bu sənədin qanuniliyi, mötəbərliyi və sübut kimi mümkünlüyü məsələsi, CPM-in 125, 144 və 145-ci maddələrinə müvafiq olaraq, işə mahiyyəti üzrə baxılarkən məhkəmə istintaqı mərhələsində həll edilməli olan sübutların qiymətləndirilməsi predmetinə daxildir. Məhkəmə nəzarəti icraatını həyata keçirən hakimin səlahiyyətinə isə sübutların qabaqcadan qiymətləndirilməsi daxil deyildir. Əks yanaşma, məhkəmə nəzarəti institutunun mahiyyətinin təhrif edilməsinə və onun işə mahiyyəti üzrə baxan məhkəmənin səlahiyyətlərini əvəz etməsinə gətirib çıxarardı ki, bu da cinayət mühakimə icraatının prinsiplərinə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarında da vurğulandığı kimi, məhkəmə nəzarəti qaydasında icraat və cinayət mühakimə icraatı fərqli və müstəqil icraat növləridir. Beləliklə, şikayətin predmeti CPM-in 449.3-cü maddəsində nəzərdə tutulmuş hallar siyahısına aid olmadığından, şikayətə məhkəmə nəzarəti qaydasında baxılması prosessual cəhətdən mümkün deyil. Bundan əlavə, şikayət ərizəsində mübahisələndirilən protokolun hansı hüquq və azadlıqları pozduğu konkretləşdirilməmişdir. CPM-in 449.2.3-cü maddəsi şikayət vermək hüququnu “hüquq və azadlıqları pozulan digər şəxslər” üçün tanıyır. Bu o deməkdir ki, şikayətçi təkcə hərəkət və ya qərarın qanunsuz olduğunu iddia etməməli, həm də bu qanunsuzluğun onun hansı konkret Konstitusiya və ya qanunla müəyyən edilmiş hüququnu pozduğunu əsaslandırmalıdır. Şikayət verən şəxs şikayətində isə şahidin dindirilməsi haqqında protokolun onun hansı hüququnu pozması barədə heç bir hüquqi arqument irəli sürməmiş, həmin protokolun qanunsuz olduğunu qeyd etmişdir. Əgər şikayətçi bu hərəkətlərin icrası zamanı hər hansı qanun pozuntusuna yol verildiyini iddia edirsə bu hal işə mahiyyəti üzrə baxılarkən müvafiq sübutun (protokolun) qiymətləndirilməsi zamanı araşdırılmalıdır. Beləliklə, Şikayət verən şəxs şikayəti məhkəmə nəzarəti icraatının predmetinə aid olmayan məsələlərə dair verildiyindən, bu şikayətin icraata qəbul edilməsi prosessual qanunvericiliyin tələblərinə zidd olardı. Şikayətçinin irəli sürdüyü dəlillər işə mahiyyəti üzrə baxan məhkəmədə sübutların tədqiqi və qiymətləndirilməsi mərhələsində irəli sürülə və araşdırıla bilər. Məhkəmə nəzarəti institutundan onun təyinatına uyğun olmayan şəkildə istifadə edilməsi cəhdi yolverilməzdir və geri qaytarılmasında birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar