Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-565/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Qarayeva Mehriban Cəfər qızı və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından şikayətçinin vəkili Vüsal İbadov tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən daşınmaz əmlakları üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin icraatında ********* saylı cinayət işinin istintaqı aparılmışdır. Həmin cinayət işinin istintaqı ilə əlaqədar Şikayət verən şəxs atası Rüstəmov Elçin Ənvər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməklə, barəsində axtarış elan edilmişdir. Sözügedən cinayət işinin istintaqı ilə əlaqədar Şikayət verən şəxs mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Abdülvahab Salamzadə küçəsi, məhəllə 1055, ev 7, mənzil *** saylı yaşayış sahəsinə və ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərinə istintaq orqanı tərəfindən məhdudiyyət tətbiq edilmişdir. Halbuki, Şikayət verən şəxs qeyd olunan cinayət işinə heç bir aidiyyəti yoxdur və tətbiq edilmiş məhdudiyyət onun hüquqlarını kobud surətdə pozur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə Şikayət verən şəxs daşınmaz əmlakları üzərində qoyulmuş məhdudiyyət ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayətin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan şikayətçinin vəkili Vüsal İbadov apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bundan başqa, həmin Məcəllənin 121 və 122-ci maddələrində cinayət prosesini həyata keçirən orqan tərəfindən vəsatətlərə və xahişlərə baxılması qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi cinayət əməli hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində mülkiyyət hüququ ilə bağlı müddəalar öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1-ci əsasən aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı cinayət əməli hesab olunur. Göründüyü kimi, hüquqlarını müdafiə etdiyi Şikayət verən şəxs sözügedən cinayət işinə heç bir aidiyyəti olmasa da, onun hüquqları kobud şəkildə pozulmuş, mülkiyyət hüquqlarına məhdudiyyət tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmiş, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar materialı araşdırıb, hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materiallarında olan ## ###### 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Rüstəmov Elçin Ənvər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 213- 1.2.1 və 213-1.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli şəxsin ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan edilməsi barədə qərardan görünür ki, Rüstəmov Elçin Ənvər oğlunun olduğu yer müəyyən edilərək tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədi ilə barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərara əsasən Rüstəmov Elçin Ənvər oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi və həbs etmənin əvvəlinin tutulduğu andan hesablanması qərara alınmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında bildirir ki, əmlak üzərinə həbsin qoyulması şəxsi ona məxsus olan mülkiyyətindən məhrum etmir. Məhkəmə təkrar edir ki, hüquqi prosedurlar çərçivəsində əmlak üzərinə həbsin qoyulması həmin əmlakın istifadə edilməsinə nəzarətin həyata keçirilməsi ilə əlaqəlidir. Bununla da həmin məsələ Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin 2-ci bəndinin qüvvəsi altına düşür (Raymondo İtaliyaya qarşı, Borjonov Rusiyaya qarşı, AİHM qərarı). Bundan başqa Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə əsasən dövlət qurumları tərəfindən mülkiyyətdən maneəsiz istifadə etmək hüququnun məhdudlaşdırılmasına birinci və ən vacib tələb həmin məhdudlaşdırmanın qanuni olmasıdır. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi prinsipi Konvensiyanın hər bir maddəsinə aiddir. Ümumi ictimai maraqlarla şəxsin fundamental hüquqlarının müdafiəsi vəzifəsi arasında ədalətli tarazlığın qorunması məsələsi yalnız müdaxilənin qanunilik və əsaslılıq tələblərinə uyğun olmasının müəyyənləşdirilməsindən sonra yaranır (Baklanov Rusiyaya qarşı, Frizen Rusiyaya qarşı, AİHM qərarı). Nəzərə almaq lazımdır ki, həyata keçirilən məhdudlaşdıcı tədbirlər mütləq milli qanunvericilikdə öz əsasını tapmalıdır. Qanun hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən görünən olmalıdır (Beyeler İtaliyaya qarşı AİHM qərarı). ## ### 2003-cü ildə Azərbaycan Respublikası tərəfindən də ratifikasiya edilən Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına görə, əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digər əmlaka çevrilibsə və ya dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə görülür. Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi müsadirə edilir. Cinayət nəticəsində əldə olunan gəlirlərə tətbiq edilən tədbirlər eyni zamanda cinayət nəticəsində əldə olunan gəlirlərdən alınmış hasilata və ya mənfəətə, cinayətdən əldə edilən gəlirlərə çevrilmiş və ya əvəz edilmiş əmlakdan alınmış hasilata və ya mənfəətə və ya cinayətdən əldə edilən gəlirlərin qatıldığı əmlakdan alınmış hasilata və ya mənfəətə də eyni qaydada və həcmdə tətbiq edilir (Konvensiyanın 12-ci maddəsinin 3, 4 və 5-ci bəndləri). Konvensiyada məhkəmələr tərəfindən cinayət törətmiş şəxsin cinayətdən əldə olunması güman edilən gəlirlərinin və ya müsadirə edilməli digər əmlakının qanuni mənbəyinin araşdırılaraq müəyyən edilməsi də xüsusilə vurğulanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs: 248.1.1. mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir; 248.1.2. əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Abdülvahab Salamzadə küçəsi, məhəllə 1055, ev 7, mənzil *** saylı yaşayış sahəsinin və ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Şikayət verən şəxs adına rəsmiləşdirilməsi həmin əmlakların faktiki olaraq onun vəsaiti hesabına əldə edildiyini təsdiq edən hal kimi qiymətləndirilə bilməz və onların qeyd olunan şəxsin adına rəsmiləşdirilməsinin formal xarakter daşıması barədə əsaslı şübhələr mövcuddur. Belə ki, sözügedən əmlakların əldə edildiyi dövrdə Şikayət verən şəxs yaşının az olması, sabit gəlir mənbəyinin olmaması həmin əmlakların alınması üçün zəruri maliyyə vəsaitini müstəqil şəkildə əldə etməsinin mümkünlüyünə əsaslı şübhələr yaradır. Bu baxımdan, əmlakların əldə edilməsinə sərf olunmuş pul vəsaitlərinin mənbəyinin və həmin vəsaitlərlə Rüstəmov Elçin Ənvər oğlu arasında mümkün əlaqənin müəyyən edilməsi cinayət işinin halları baxımından mühüm əhəmiyyət kəsb edir. Əmlakların əldə edildiyi dövrdə şikayətçinin tələbə olması və müstəqil gəlir mənbəyinin müəyyən edilməməsi öz-özlüyündə əmlakın cinayət yolu ilə əldə edilməsinin sübutu hesab edilə bilməz. Lakin, bu hal əmlakın əldə edilməsinin maliyyə mənbəyinin araşdırılması baxımından əhəmiyyətli faktiki haldır və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Nəticə etibarı ilə hazırki iş üzrə əmlakın əldə edilməsi zamanı şikayətçinin yaşı, tələbə olması, müstəqil gəlir mənbəyinin müəyyən edilməməsi, əmlakın maliyyələşmə mənbəyini aydın olmaması, təqsirləndirilən şəxslə yaxın ailə münasibəti və təqsirləndirilən şəxsin axtarışda olması kimi hallar birlikdə qiymətləndirildikdə, əmlakın faktiki mənşəyinin və mümkün cinayət yolu ilə əldə edilmiş vəsaitlə əlaqəsinin araşdırılmasını zəruri edən əsasların mövcud olduğu qənaətinə gəlinir. Bununla yanaşı, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tətbiq edilmiş məhdudiyyət əmlakın üzərinə həbs qoyulması xarakteri daşımır və Şikayət verən şəxs həmin əmlaklardan istifadə etmək hüququnu aradan qaldırmır. Məhdudiyyət yalnız əmlaklar üzərində sərəncam verilməsi imkanının məhdudlaşdırılmasına yönəlmişdir. Bu səbəbdən tətbiq edilmiş tədbir şəxsin əmlakdan istifadə hüququna müdaxilə etmədən, həmin əmlakların özgəninkiləşdirilməsinin və ya onların hüquqi statusunun dəyişdirilməsi yolu ilə gələcəkdə cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək əmlaklar üzərində faktiki nəzarətin itirilməsinin qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin VII hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs əmin olmalıdır ki, dövlət orqanları tərəfindən hər hansı qanuni təqib həyata keçirilirsə, həmin fəaliyyətə müstəqil məhkəmə orqanı tərəfindən nəzarət mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” # ###### 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 442.2-ci və 442.2.2-ci maddələrinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə - cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.1.4 və 449.1.5-cü maddələrinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. 449.2 və 449.2.3-cü maddələrinə əsasən qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər. 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərarlardan birini çıxarır. 451.3-cü maddəsinə əsasən şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şikayət verən şəxs daşınmaz əmlakları üzərində qoyulmuş məhdudiyyət ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-565/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-565/2026
21.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver