Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-38/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs və onun etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ ##.##.2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı (hakim Hüseynquliyeva Lamiyə) ilə Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qanuni hesab edilmişdir. IŞIN HALLARI: Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şikayət verən şəxs qərardan şikayət etmək, həmçinin pozulmuş hüquqlarınının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Məhkəmə nəzarəti qaydasında iş materialına baxan Bərdə Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Şikayət onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixdə saat təxminən 15:00 radələrində Bərdə rayon Polis şöbəsində olarkən həmin şöbənin 8 əməkdaşı tərəfindən amansızlıqla döyülmüş, işgəncələrə məruz qalmışdır. Onu tək nəfərlik kameraya (saxlama yerinə) salaraq yenidən döymüş, nalayiq söyüşlərlə şəxsiyyətini alçaltmağa çalışmışlar. Lakin bununla da kifayətlənməmiş, qanunsuz hərəkətlərinə davam edərək ondan “5 min manat ver, səni burdan buraxaq" deyib, qanunla bir araya sığmayan tələblərini davam etdirmişlər. Bundan sonra təzyiqlər nəticəsində o, məcbur qalaraq üzərində olan 1000 manat pulu (hansı ki işlətdiyim yanacaq doldurma məntəqəsinin pulu olmuş) həmin polis əməkdaşlarına vermişdir. "Məni buraxın gedim" deyəndə, polis əməkdaşları qanunsuz əməllərini ört-bastır etmək üçün barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir ki, o, şikayət etməsin. Ancaq bu da onların sonuncu qanunsuzluğu olmamışdır. Belə ki, polis əməkdaşları protokolun tərtib edilməsini bildirərək, əlavə olaraq 100 manat da cərimə pulu almış, lakin protokol və ya qərar bugünədək ona təqdim edilməmişdir. Həmçinin Bərdə RPŞdə onun mobil telefonunu əlindən alınaraq yoxlanılmış, telefonda nə axtardıqları isə ona hələ də bugünə kimi aydın deyil. Bir neçə saat Bərdə RPŞ-də qanunsuz saxlanıldıqdan sonra atası və qaynatası şöbəyə gəlmiş, lakin o, özündə güc tapıb birtəhər zəng edərək demişdir ki, "gedin, narahat olmayın, özüm gələcəm". Çünki həmin vaxt döyüldüyündən vəziyyəti heç də yaxşı olmamış, yaxınlarının onu bu vəziyyətdə görmələrini istəməmişdir. Lakin səhəti bir müddət sonra kəskin pisləşmiş, çünki polislər tərəfindən şöbədə davamlı olaraq psixoloji təzyiqlərə, fiziki təsirə, işgəncəyə məruz qalmışdı. X1 X6 aparmışlar. Bu barədə müxtəlif orqanlara rəsmi olaraq müraciətlər edilmişdir. Əvvəlki müraciətlərində də qeyd etmişdir ki, ona qarşı qanunsuzluq edən şəxslər Bərdə RPŞ-nin əməkdaşları bölmə rəisi Fərid, Amil adlı polis əməkdaşı və Fariz Mehdiyev adlı polis əməkdaşı və digər qanunsuz əməlləri etmiş şəxslər qanuna müvafiq qaydada məsuliyyətə cəlb edilsinlər və cəzalandırılsınlar. Bundan başqa, hadisə ilə əlaqədar o, və atası şikayətlər edəndən sonra ondan aldıqları 1000 manat pulu dostu Asif Məmmədova göndərmişlər ki, sonuncu pulu ona qaytarsın. Bundan sonra Asif Məmmədov ona zəng edərək 1000 manat pulu götürməsini bildirmiş, lakin o, heç bir pul götürməyəcəyini və polis əməkdaşlarından şikayətçi olduğunu bildirmişdir. Əgər 1000 manat pul ondan alınmamışdısa və Asif Məmmədova göndərilməmişdirsə, ona haradan məlum ola bilərdi ki, 1000 manat pul ona çatdırılması üçün Asif Məmmədova göndərilsin? Odur ki, şikayətin təmin edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs və onun etibarnamə üzrə nümayəndəsi Qalib Həsənov şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını xahiş etdilər. Şikayətçi Şikayət verən şəxs əlavə olaraq göstərdi ki, o, özü yanacaqdoldurma yeri üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hadisə baş verən günü sürücü onun yanacaq yükünü maşında gətirən zaman Bərdə RPŞ-nın əməkdaşları tərəfindən saxlanılıb şöbəyə aparılmışdır. Maşın həmin sürücünün mülkiyyətində olmuş, lakin yanacaq isə ona məxsus olmuşdur. O, yükünün maşında olduğunu nəzərə alıb hadisəni eşidən kimi dərhal Bərdə RPŞ-yə getmiş və həmin sürücü ona demişdir ki, polis əməkdaşına 1500 manat pul versin ki, onu şöbədən buraxsınlar. Şöbənin həyətində həmin sürücüyə demişdir ki, uzağı burada 2 gün qalıb çıxacaqsan, sürücüdə ona demişdir ki, əgər mən burda qalsam sənin pulunu vermiyəcəm. Şöbənin həyətində onların bu söhbətini eşidən yaxınlıqda olan Fərid adlı polis əməkdaşı ona demişdir ki, dərhal polis şöbəsini tərk etsin. O, da heçnə demədən normal yeriş ilə polis şöbəsindən çıxıb gedərkən polis şöbəsinin həyətində olduğu zaman arxa tərəfdən polis əməkdaşı Fərid nəzarətçilərə qışqıraraq onu saxlamalarını demiş və həmin polis əməkdaşı onun gəlib qolundan tutaraq ona demişdir ki, sən polis əməkdaşları barədə nalayiq ifadələr işlətmisən. Halbuki o, belə ifadələr işlətməmiş, sakitcə yolunu davam etmişdir. Daha sonra həmin polis əməkdaşı onu qolundan tutbu polis şöbəsinin 3-cü mərtəbəsinə qaldıraraq həmin polis əməkdaşı Fərid ilə yanaşı, Amil, Fariz və ITB-nin müavini Habil xidməti otaqların birində heç bir səbəb olmadan onu təpik və yumruq zərbələri ilə vuraraq döymüşlər, onu yıxmaq istəmişlər, lakin bunu edə bilməmişlər, ona görə də aşağı mərtəbədən də daha 4-5 polis əməkdaşını köməyə çağıraraq onun əl-qoluna qandal vuraraq arxası üstə yerə yıxıb döymüşlər. Bundan sonra onu müavin Natiq müəllimin xidməti otağına, daha sonra aşağı zirzəmiyə apararaq onu orada da döymüşlər. Həmin vaxtı zirzəmidə 3-4 polis əməkdaşı olmuşdur. Bir neçə saat şöbənin zirzəmi kimi yerində saxlanılmış onu döyən Fərid adlı polis əməkdaşı ondan 1000 manat pul almış, daha sonra o, guya ki, xırda xuliqanlıq etdiyinə görə barəsində protokol tərtib olunmuş və ona görə də ayrıca 100 manat əlavə pul ondan alınmışdır. Onu 4-5 saat polis şöbəsində saxladıqdan sonra axşam saat 8-9 radələrində onu polis şöbəsindən buraxmışlar. Döyüldüyündən səhhəti pisləşmiş, iş yoldaşları ona tibbi yardım göstərilməsi üçün Ağdam rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sifəğtində və bədəninin müxtəlif yerlərində xəsarətlər olmuş, xəstəxanada polis əməkdaşları tərəfindən döyülməsini həkimlərə demişdir. Ona xəstəxanada kəllə-beyin diaqnozu qoyulmuşdur. Bir həftəyə yaxın xəstəxanadan yatmış, xəstəxanadan çıxdıqdan sonra Hərəkətindən (qərarından) şikayət verilən orqan müraciət etmiş, müstəntiq özü də onun aldığı xəsarət izlərini görmüş və barəsində tibbi ekspertiza təyin olunmuşdur. Hadisədən bir neçə gün sonra dostu Asif Məmmədov ona telefon zəngi edərək polis əməkdaşı Fəridin ondan aldığı 1000 manat pulun gətirib ona qaytarmasını demiş, o, dostu ilə razılaşmamış və həmin 1000 manat pulu götürməmişdir. Daha sonra o, X2 cənab Nazirə və Baş Prokurora müraciət etdikdən sonra araşdırma aparılmış, onu döyən polis əməkdaşı Farizin atası və qayınatası, digər polis əməkdaşı Amilin anası, atası və dayısı onun qayınatası, Ağdam Veteranlar sədri Hatəmli Baxşeyişə müraciət edərək ondan şikayət ərizələrini geri götürmələrini xahiş etmişlər. Hazırda onun yaxınlarına və tanıdığı insanlara qarşı onu döyən polis əməkdaşları tərəfindən təsirlər olunur ona görə ki, o, onların barəsində verdiyi şikayət ərizələrini geri götürmür. Hazırda o, Bərdə rayon polis şöbəsinin onu döyən polis əməkdaşları Fərid, Amil və Fariz adlı şəxslərdən şikayətçidir. Polis əməkdaşlarının cinayətləri ört-bastır olunur, onu döyən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir. Hərəkətindən (qərarından) şikayət verilən orqan qərarının ləğv olunmasını xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından və toplanmış sübutlardan görünür ki, ibtidai araşdırmanı həyata keçirən orqan tərəfindən araşdırma aparılarkən şikayətçi Şikayət verən şəxs tərəfindən irəli sürülmüş dəlillərə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməmiş, nəticədə şikayətçi Şikayət verən şəxs dəlilləri tam araşdırılmamışdır. Şikayətçi Şikayət verən şəxs dəlillərindən göründüyü kimi o, adlarını yuxarıda qeyd etdiyi polis əməkdaşları tərəfindən döyülmüş və işgəncələrə məruz qalmış, lakin həmin xüsuatlara nə prokurorluq, nə də məhkəmə tərəfindən aparılmış araşdırma zamanı düzgün hüquqi qiymət verilmədiyi üçün onun hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası iş materialları ilə tanış olub və şikaytəçi Şahrud Həsənlinin izahatını dinləyib qeyd edir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərar aşağıdakı xüsusatlara görə natamamdır, həmin fakt üzrə araşdırılma tam və hərtərəfli aparılmamış, zəruri şəxslərin izahatları alınmamış və ziddiyyətli xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə tam və obyektiv qərarın qəbul edilməsini təmin etmək üçün aşağıdakı xüsusatlar üzrə hərtərəfli araşdırma aparılıb onlara hüquqi qiymət verilməlidir: 1) Ilkin olaraq polis şöbəsində saxlanılmış Elnur adlı sürücünün izahatı alınmamışdır (hansı ki bu ifadələr Şikayət verən şəxs polis şöbəsinə hansı səbəbdən gəlməsini təsdiq edir). Belə ki, onun izahatının alınması yolu ilə Şikayət verən şəxs hansı səbəbdən polis şöbəsinə gəlməsi, ümumiyyətlə Elnurun idarə etdiyi Şikayət verən şəxs yükünü daşıdığı avtomobilin polis şöbəsinə gətirilməsinin hüquqi əsasları, sürücüdən polis əməkdaşlarının pul istəyibistəməmələri müəyyən edilməli, sürücü barədə IXM-nin tələblərinə uyğun olaraq qanunamüvafiq tədbirlər görülüb görülməməsi, ümumiyyətlə avtomobillə IXM-in hansı tələblərinin pozulmasının müəyyən edildiyi araşdırılmalıdır. Daha sonra Şikayət verən şəxs oraya gəlməsinə və səbəbinə hüquqi qiymət verilməlidir. 2) Ilk ekspertiza rəyi ##.##.2026-cı il tarixə təsadüf edir, həmin rəydə Şikayət verən şəxs müayinəsi zamanı aşağıdakı xəsarətlərin olması qeyd edilmişdir: -Keçirilmiş qapalı kəllə-beyin travmasının qalığı, -Beyin silkələnməsi, -Sol üst göz qapağının qançırı xəsarətləri. Törənmə müddəti ##.##.2026-cı il tarixə uyğun gəlir. Təkrar məhkəmə-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli rəyində yalnız sol üst göz qapağında qançırın aşkar olunması qeyd edilmişdir. Daha sonra ##.##.2026-cı il tarixli komisyon məhkəmə-tibbi ekspertizasının rəyində isə yenə də yalnız sol üst göz qapağında qançırın aşkar olunduğu qeyd edilmişdir. Ibtidai araşdırma orqanı hansı səbəbdən hadisədən dərhal sonra keçirilmiş ekspertizanın nəticəsində verilmiş rəyin mötəbər olmaması, lakin hadisədən bir ay yarım və 3 ay sonra keçirilmiş ekspertizanın nəticəsində verilmiş rəyin mötəbər hesab etməsinə dair qərarında hər hansı ağlabatan dəlil irəli sürməmiş, bu xüsusata hüquqi qiymət verilməmişdir. Onu da nəzərə almaq lazımdır ki, hər üç ekspertiza rəyində sol üst göz qapağının qançırı xəsarəti qeyd edilsə də, həmin xəsarətin hansı şəraitdə və kim tərəfindən yetirilməsi müəmmalı olaraq qalmışdır. Araşdırma zamanı onu da nəzərə almaq lazımdır ki, hadisənin üzərindən müəyyən müddət keçdikdən sonra şəxsdə olan xəsarətlərin aradan qalxması bədənin fizioloji xüsusiyyətidir. Ağcabədi RMX-nın nevropotoloqu izahatında B.Hətəmlinin xahişi ilə ilkin rəy verməsini qeyd etsə də prokurorluq tərəfindən bu hissədə araşdırma aparılmamış, onun belə bir rəyi şəxsi görmədən hansı səbəbdən verməsi, həmin izahatının həqiqəti əks etdirib-etdirməməsi ilə bağlı heç bir sübut toplanmamış, yalnız şifahi şəkildə verilmiş izahata əsaslanmışdır. Eyni zamanda nevropotoloqun hərəkətləri ilə bağlı Ağcabədi rayon prokurorluğuna material ayrılaraq araşdırılması üçün göndərilməsi qeyd edilsə də, bu hissədə aparılmış araşdırmanın nəticələri materiala əlavə edilməmişdir. Nəzərə almaq lazımdır ki, nevropotoloqun hazırkı izahatı həqiqət hesab edilsə onun hərəkətlərində CM-in “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” fəslində nəzərdə tutulmuş bir və ya bir neçə maddəsinin tərkib əlamətlərinin olubolmaması məsələləri araşdırılmalıdır. Lakin bu hissədə aparılmış araşdırmanın nəticələri hazırkı materialdan müəyyən edilmir. Odur ki, əsaslı və ciddi sübutlar toplanmadan ilk ekspertiza rəyinin mötəbər olmaması ilə bağlı nəticəyə gəlinməsi əsassızdır. 3) Yalnız sol üst göz qapağının qançırı xəsarətləri olması qeyd edilsə belə bu xəsarətlərin hansı şəraitdə alınması ilə bağlı heç bir araşdırma aparılmamışdır. Şikayət verən şəxs həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirildiyini qeyd edir, lakin prokurorluq tərəfindən aparılmış araşdırmada bunu təkzib edə biləcək hər hansı sübut toplanmamış, məsələyə səthi yanaşılmışdır. Avropa Məhkəməsi qeyd edir ki, Konvensiyanın 3-cü maddəsində qeyd olunan hüquq demokratik cəmiyyət üçün ən fundamental dəyərlərdən biridir. Hətta ən ekstrimal vəziyyətlərdə, məsələn terrorizmlə və qrup halında cinayətlərə qarşı mübarizə halında Konvensiya mütləq mənada işgəncə, qeyri-insani və ləyaqəti alçaldan cəzaların edilməsini qadağan edir və qəti bu hərəkətlərə haqq qazandırmır. Digər maddələrdən fərqli olaraq (Məsələn, * saylı protokolun 1-ci maddəsi) 3-cü maddə qəti olaraq istisna tanımır, hətta millətin və cəmiyyətin həyatını təhdid edən fövqəladə hallar zamanında belə (see Assenov və digərləri v. Bolqarıstana qarşı, ## ####### 1998, § 93, Selmouni v. Fransaya qarışı no. 25803/94, § 95, AIHM 1999-V). Qeyri-insani rəftar hətta minimal səviyyədə olan ciddilik zamanı da Konvensiyanın 3-cü maddəsinin əhatəsinə düşür. Qeyri-insani rəftara dair minimal səviyyəni müəyyən edən zaman qiymətləndirmə işin hallarından, xüsusiyyətlərindən, qeyri-insani rəftarın müddətindən, onun fiziki və mənəvi təsirindən, qeyri-insani rəftara məruz qalan şəxslərin cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (bax Irlandiya v. the Birləşmiş Krallıq, ## ###### 1978, § 162, Series A no. 25; Kudła v. Polşaya [GC], no. 30210/96, § 91, AIHM 2000-XI; və Peers v. Yunanıstana, no. 28524/95, § 67, AIHM 2001-III). Məhkəmə təkrarən qeyd edir ki, nə zaman ki, şəxs polis saxlama məntəqəsinə aparılan zaman yaxşı, səhhəti normal olub, xəsarətsiz olub və azad edilən zaman zədəli olub, bu zaman Konvensiyanın 3-cü maddəsinin gərəyincə dövlət ağlabatan sübutlar irəli sürməlidir ki, necə oldu ki, bu zədələr əmələ gəldi (bax Tomasi v. France, 27 Avqust 1992, §§ 108-11, Series A no. 241-A, və Selmouni, § 87). Işin hallarından göründüyü kimi Şikayət verən şəxs polis şöbəsinə daxil olarkən bədəni üzərində xəsarətin olmasına dair heç bir sübut yoxdur, eyni zamanda polis əməkdaşları və prokurorluq orqanı tərəfindən onda yaranan xəsarətlərin sonradan necə əmələ gəlməsi ilə bağlı ağlabatan sübut irəli sürməmişdir. 4) Şikayət verən şəxs deməsinə görə o, 4-5 saat Bərdə RPŞ-də saxlanılmışdır. Prokurorluq orqanı tərəfindən bu xüsusat da ümumiyyətlə araşdırılmamışdır. Əgər Şikayət verən şəxs IXMin 510-cu maddəsi ilə saxlanılmışdırsa bunun əsasları, səbəbləri, IXM-də nəzərdə tutulmuş tutulma hərəkətinin prosessual təminatlarına əməl olunub-olunmaması, şəxsin barəsində bu barədə qərar qəbul edilib-edilməməsi məsələləri açıq qalmışdır. IXM-in 89.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. IXM-in 90-cı maddəsi inzibati qaydada tutma haqqında protokola dair məlumatları tənzimləyir. Şəxsin barəsində inzibati qaydada tutma haqqında protokolun tərtib olunubolunmaması qeyri-müəyyəndir. Eyni zamanda IXM-in 91-ci maddəsində inzibati qaydada tutulmuş şəxsin hüquqları və onların təmin edilməsi qaydası qeyd olunmuş, bu hüquqların təmin edilib-edilməməsi də aşkar deyildir. 5) Şikayət verən şəxs saxlanılarkən və bundan sonra polis şöbəsinin ərazisində olan müşahidə kameralarına baxış keçirilməmişdir. Məhz həmin baxışın keçirilməsi yolu ilə Şikayət verən şəxs həqiqətən də inzibati xəta törətməsi, qanunamüvafiq qaydada saxlanılması və ona qarşı heç bir qanunsuzluğa yol verilməməsi və ya bunların əksi sübut oluna bilərdi. Lakin həmin müşahidə kameralarına baxış keçirilməmişdir. 6) Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda polis əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunması qeyd edilmişdir. Lakin, onların hansı hərəkətlərinə görə, Şikayət verən şəxs narazılığına səbəb olmaları, hansı hərəkətlərə yol vermələri istintaq orqanı tərəfindən araşdırılmamışdır. Çünki, polis əməkdaşlarının izahatına görə onlar heç bir qanunsuzluğa yol verməmişlər, Şikayət verən şəxs izahatına əsasən isə o, döymüş və qanunsuz saxlanılmışdır. Polis əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunmaları Şikayət verən şəxs qarşı törətdikləri qanunsuz hərəkətlərin mövcud olmasını dolayı yolla təsdiq edir. 7) Eyni zamanda Şikayət verən şəxs 4-5 saat polis şöbəsində saxlanılmışdırsa həmin gün növbədə olan polis əməkdaşları müəyyən edilib izahatları alınmılıdır. 8) Bundan başqa Şikayət verən şəxs izahatında polis əməkdaşı Fəridin ondan 1000 manat pul aldığını, şikayətlərindən sonra isə dostu Asif Məmmədov vasitəsilə qaytarmaq istədiyini göstərmişdir. Bu xüsusat üzrə A.Məmmədovun izahatı alınmalıdır. 9) Bundan başqa Şikayət verən şəxs müalicəsində iştirak etmiş Ağdam RMX-nın həkimlərinin izahatları alınmamış, onların Şikayət verən şəxs səhhətinin real vəziyyəti haqqında verə biləcəkləri ifadələr araşdırma predmetindən kənarda qalmışdır. 10) Şikayətçi Şikayət verən şəxs izahatında göstərdiyi onu döyən polis əməkdaşları Əsgərli Farizin atasının və qayınatasının, digər polis əməkdaşı Verdiyev Amilin anasının, atasının və dayısının onun qayınatası Ağdam Veteranlar sədri Hatəmli Baxşeyişə müraciət edərək onun polis əməkdaşları barədə verdiyi şikayət ərizələrini geri götürməsini xahiş etmələri barədə şikayətçinin qayınatasının H.Baxşeyişin və həmin polis əməkdaşlarının Şikayət verən şəxs qayınatasına müraciət edən qohumlarının izahatları alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərar yuxarıda göstərilən xüsusatlara görə natamamdır, həmin fakt üzrə araşdırma tam və hərtərəfli aparılmamış, zəruri şəxslərin izahatları alınmamış və ziddiyyətli xüsusatlara hüquqi qiymət verilməmişdir. Belə olan halda iş materiallarından göründüyü kimi Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən qeyd olunan xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin bütün faktiki halları və mövcud sübutlar tədqiq edilərək, eləcə də yeni sübutlar toplanaraq iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparıldıqdan sonra şikayətçi Şikayət verən şəxs izahatında göstərdiyi Bərdə RPŞ-nin polis əməkdaşlarının (Bağıyev Fərid, Fariz Əsgərli və Amil Verdiyev) əməllərinə hüquqi qiymət verilməklə yekun qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, təkrar araşdırma zamanı yuxarıda qeyd edilən xüsusatlara araşdırılıb hüquqi qiymət verilməli, işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi baxımından qeyd edilən xüsusatlara aydınlıq gətirilməli və yalnız bundan sonra iş üzrə qanunmüvafiq qərarın qəbul olunması təmin olunmalıdır. CPM-nin 442.2 və 442.2.2-ci maddələrinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə də baxır. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: 451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; 451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından“ şikayətçinin verdiyi şikayət təmin edilməli, Hərəkətindən (qərarından) şikayət verilən orqan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ ##.##.2026-cı il tarixli qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və şikayətçi Şikayət verən şəxs (şikayətinə) Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması təmin edilməli, şikayətdə göstərilən xüsusatlar üzrə əlavə araşdırma aparılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və CPM-nin 450-451, 453 və 454-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Hərəkətindən (qərarından) şikayət verilən orqan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Hərəkətindən (qərarından) şikayət verilən orqan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Materiala və Şikayət verən şəxs ərizəsinə (şikayətinə) Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada istintaq orqanında yenidən baxılması təmin edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-7)-38/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-38/2026
02.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver