Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-29/2026 04.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, şikayətçi Şikayət verən şəxs MMC-nin nümayəndəsi – vəkili Müdafiəçi İsaq oğlunun iştirakı ilə, ********* nömrəli cinayət işi üzrə ## ###### 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan verilmiş şikayət üzrə Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs MMC-nin nümayəndəsi – vəkili Müdafiəçi İsaq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs MMC-nin nümayəndəsi – vəkili Müdafiəçi İsaq oğlu şikayətlə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ## ###### 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardqa “227671,35 manat dəyərində əmlakın oğurlanması hissəsində CM-nin 177.3.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin iş üzrə ********* saylı cinayət işi ayrıca icraata ayrılmış, lakin müstəntiq təqdim edilmiş yazılı sübutları və səs yazılarını sübut kimi qiymətləndirməmiş, cinayət işinin materiallarına əlavə etməməklə ittihamın həcmini azaltmış, təqsirləndirilən şəxslərin xeyrinə hərəkət etmişdir. Belə olan halda həmin şəxslərin yenidən zərərçəkmiş şəxsin vəkilinin iştirakı ilə dindirilməsi obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruridir. Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı (hakim A.Qasımov) ilə Şikayət verən şəxs MMC-nin nümayəndəsi və vəkili Müdafiəçi İsaq oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət ərizəsinin mahiyyəti üzrə baxılmadan geri qaytarılması qərara alınmışdır. Şikayət verən şəxs MMC-nin nümayəndəsi – vəkili Müdafiəçi İsaq oğlu qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Cinayətprosessual qanunvericiliyində məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının cinayət prosesinin hər hansı mərhələsi ilə məhdudlaşdıran norma mövcud deyildir. Məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti üzrə tələbi aydındır və təqdim etdiyi sübutlar baxımından baxılıb qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Həmin Məcəllənin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edib, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli, şikayət yenidən baxılması üçün material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. ********* saylı cinayət işi üzrə ##.##.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 12614,8 manat maddi ziyan “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli məktubunda “göstərildiyi 240285,95 manat maddi ziyandan çıxılsın, qalıq qalan 227671,35 manat maddi ziyana görə X2, X4 və X3 barəsində Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. X1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi, X3 və X5 CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş, həmin ittiham üzrə Məhkəmənin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə təqsirli bilinərək, məhkum edilmişlər. Həmin hökm apellyasiya və kassasiya qaydasında zərərçəkmiş hüquqi şəxs tərəfindən mübahisələndirilsə də, gəlinən nəticə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 84.5.8-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təhqiqatçının və ya müstəntiqin qanunsuz və əsassız qərarlarını ləğv etmək hüququ vardır. Cinayət Prosessual Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Cinayət Prosessual Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilir. Cinayət Prosessual Məcəllənin: 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yol verilməzdir. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən görüdüyü kimi, CPMnin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verilə bilər. Digər qərarları məhkəmə nəzarəti qaydasında icraatın predmetini təşkil edə bilməz. Hazırkı işdən göründüyü kimi, cinayət işi üzrə ##.##.2023-cü il tarixli sübutların qiymətləndirilməsi qərarının zahirə mübahisələndirildiyi görsənsə də, reallıqda həmin qərarın cinayət işinin başlanmasının rədd edilməsi hissəsi mübahisələndirilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi isə məhkəmə nəzarəti qaydasında məhkəmənin predmeti təşkil etdiyindən, həmin şikayətə baxılması mümkündür. Həmçinin qeyd edilməlidir ki, mübahisələndirilən qərardan göründüyü kimi, “xxxx” MMC-ə dəymiş 227671,35 manat dəyərində maddi ziyanda oğurluq faktına görə cinayət işindən icraata cinayət işi ayrılmışdır. Həmin cinayət işi üzrə aparılmış prosessual hərəkətlər və qərarlar hazırkı icraatın predmeti təşkil etmədiyindən, həmin xüsusat üzrə dəyərləndirmə aparılması istisna olunsa da, bu hal şəxsin həmin cinayət işi üzrə aparılan prosessual hərəkətlər və qəbul edilən qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət verməsi hüququnu da istisna etmir. Bundan əlavə şikayət ərizəsinin geri qaytarılması zamanı cinayət işi üzrə artıq məhkəmənin hökmünün olmasına istinad edilsə də, məhkəmənin hökmünün olması cinayət işi üzrə prosessual qərarın məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsini istisna etmir. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442, 443, 444, 445, 447 və 449-cu maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2024-cü il qərarına görə Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsi baxımından məhkəmə nəzarəti cinayət mühakimə icraatı üzrə məhkəməyədək icraat mərhələsi ilə məhdudlaşmayaraq, cinayət işlərinə mahiyyəti üzrə baxılması Cinayət-Prosessual Məcəlləsinin 442-454-ci maddələri üzrə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsini istisna etmir; - məhkəmə nəzarəti qaydasında icraat və cinayət mühakimə icraatı fərqli və müstəqil icraat növləri olduğundan cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayətin verilməsi müvafiq cinayət mühakimə icraatına müdaxilə kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il # ###### tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni razılaşmayaraq hesab edir ki, şikayətin geri qaytarılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməməklə, ləğv edilməli, apellyasiya şikayəti təmin edilməli, şikayət məhkəmə nəzarəti qaydasında baxılmasından ötrü birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 453.6.1 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: ********* nömrəli cinayət işi üzrə ## ###### 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan verilmiş şikayət üzrə Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin. Şikayət verən şəxs MMC-nin nümayəndəsi – vəkili Müdafiəçi İsaq oğlu tərəfindən verilmiş şikayət baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Apellyasiya şikayəti təmin edilsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-8)-29/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-29/2026
04.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver