Məhkəmə qərarları › İş №6(3-8)-34/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-34/2026

21.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-34/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, şikayətçi şikayət verən şəxs2 iştirakı ilə, şikayət verən şəxs2 və şikayət verən şəxs1 məhkəmə nəzarəti qaydasında verdiyi şikayətlə bağlı Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayət verən şəxs2 və şikayət verən şəxs1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim F.Ş.Kərimova) Abşeron rayon prokuroru, R Qabil Qasımov tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi” haqqında ## ### 2023-cü il tarixli qərarından şikayət verən şəxs2 və şikayət verən şəxs1 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. IŞIN HALLARI : şikayət verən şəxs2 və şikayət verən şəxs1 məhkəmə nəzarəti qaydasında şikayətlə müraciət edərək, “cinayət işi başlanmasının rədd edilməsinə dair” ##.##.2016-cı il tarixli qərarın ləğv edilməsi barədə ## ### 2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon prokuroru Qabil Qasımovun ## ### 2023-cü il tarixli qərarı qanunsuz və əsassız olmuşdur. ## #### 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması üçün qanuni əsaslar mövcud olmamışdır. Mübahisəli münasibətlər mülki hüquq xarakterli olmuş, həmin hadisələrin isə şikayət verən şəxs2 aidiyyəti olmamış, məsələlər onun mərhum atası Firudin Mirişli ilə bağlı olmuşdur. Zərərçəkmiş şəxs əmlakın bankda girovda olmasını əvvəlcədən bilmiş, bankla bağlı vəziyyətdən məlumatlı olmuş və sonradan məsuliyyəti əsassız olaraq şikayət verən şəxs2 üzərinə yönəltmişdir. Abşeron rayon Polis Idarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş ## #### 2016-cı il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, həmin qərarda tərəflər arasında yaranmış münasibətlərin cinayət tərkibi yaratmadığı müəyyən edilmişdir. Buna baxmayaraq, Abşeron rayon prokurorunun ## ### 2023-cü il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir. 2016-cı ilə aid material müəyyən edilmiş saxlama müddəti başa çatdığından məhv edilmiş, buna baxmayaraq prokuror qərarında həmin materialın öyrənildiyi və araşdırıldığı göstərilmişdir. Məhv edilmiş materialın faktiki olaraq öyrənilməsi mümkün olmadığından, bu hal qərarın formal və əsassız qəbul edilməsini göstərir. Cinayət-prosessual qanunvericilikdə istintaq şöbəsi rəisinin və ya müstəntiqin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğvi ilə bağlı prokuror qarşısında vəsatət qaldırması nəzərdə tutulmamışdır. Vəsatətin verilməsi və qərarın qəbul edilməsi eyni tarixə təsadüf etdiyindən materialın arxivdən tələb olunması, əldə edilməsi və araşdırılması üçün kifayət qədər vaxt olmamışdır. Şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Həmin qərardan şikayət verən şəxs2 və şikayət verən şəxs1 tərəfindən birgə qaydada apellyasiya şikayəti verilmişdir APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## #### 2016-cı il tarixli material məhv olunmasına baxmayaraq (Daxili Işlər Nazirliyinin bu barədə müvaffiq əmri var) 2023-cü il tarixdə rayon prokuroru qeyd olunan materialı nəzərdən keçirdiyini araşdırdığını qeyd edərək bildirmişdir ki, Abşeron rayon Istintaq şöbəsinin rəisi polis Rı Müşviq Qubadov material üzrə ## #### 2016-ci il tarixli qərarın ləğv olunması barədə vəsatət vermişdir. Daha sonra qərarda qeyd edilir ki, “material tərəfindən öyrənilərkən” müəyyən edilmişdir ki, material üzrə səthi araşdırılma aparılmış, izahatlarda adları qeyd edilən bəzi şəxslərin izahatları alınmamış, bu səbəbdən də vəsatət təmin edilməli və qərar ləğv edilməlidir. Cinayət Prossesual qanunvericiliyində bu və ya digər qərarın ləğv olunması ilə bağlı istintaq şöbəsinin rəisinin və ya müstətinqin prokuror qarşısında vəsatət qaldırmaq hüququ yoxdur. Belə bir vəsatətin olub olmaması barədə onlarda məlumat yoxdur. Əgər belə bir fakt varsa bu qanunsuz olmuşdur (məqsədyönlü şəkildə). Bundan başqa bir halda ki, qeyd olunan material məhv olunmuş, necə ola bilər ki, məhv olunmuş material prokuror tərəfindən öyrənilmiş olsun (bu fiziki cəhətdən mümkün deyil). Material 2016-cı ilin materialıdır. Vəsatət və qərarın qəbul olunması eyni günə təsadüf edir (arxivə sorğunun verilməsi, məktub göndərilməsi, işin qaldırılması və öyrənilməsi ən piss halda 2 -3 gün çəkməlidir). Abşeron rayon prokurorunun özünün verdiyi məktubda qeyd olunur ki, 2016-cı il ## #### tarixli material məhv edilmiş - yəni yandırılmılşdır. Sual olunur? Olmayan qərar necə öyrənilə, -nəzərdən keçirilə bilər. Bütün bu qeyd olunan xüsusatlar hamısı sübut edir ki, yuxarıda qeyd olunan qərar qanunsuz və əsassızdır. Ona görə də ləğv olunmalıdır. Qərar ləğv olunduqdan sonra həmin iş üzrə heç bir əlavə araşdırılma aparılmamış, iş tamamilə hərəkətsiz saxlanılmışdır. Bu isə onu sübut edir ki, qərarın ləğv olunması tamamilə formal olmuşdur. PROSES IŞTIRAKÇISININ IZAHATI : Məhkəmə kollegiyasının iclasında şikayət verən şəxs2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə digər şikayətçi şikayət verən şəxs1 və Hərəkətindən (qərarından) şikayət verilən orqan məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasının Hərəkətindən (qərarından) şikayət verilən orqan nümayəndəsinin və digər şikayətçi şikayət verən şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. CPM-nin 442.2 və 442.2.2-ci maddələrinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. CPM-nin 122.1 və 122.2.3-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. CPM-nin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. CPM-nin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər; CPM-nin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər; CPM-nin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş və ya həbs edilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan (CPM-in 449.3.1-449.3.7-ci maddələri) prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. Ilk növbədə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətin mahiyyəti düzgün müəyyən edilmiş və tətbiq edilməli olan prosessual norma düzgün seçilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1 və 449.2-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından yalnız həmin maddədə göstərilən subyektlər və yalnız qanunla nəzərdə tutulmuş hallarda məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 449.3-cü maddəsində isə məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən hərəkət və qərarların dairəsi qəti şəkildə müəyyən edilmişdir. Şikayətçilər apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarına və CPM-nin 449.2.3-cü maddəsinə istinad edərək prokurorun qərarının onların birbaşa mənafelərinə və hüquqlarına toxunduğunu, bu səbəbdən məhkəməyə müraciət hüquqlarının olduğunu iddia edirlər. Məhkəmə kollegiyası izah edir ki, CPM-nin 449.2-ci maddəsi məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ olan subyektlərin dairəsini (şəxsləri) müəyyən edir. Lakin bu şəxslərin hansı konkret qərarlardan məhkəməyə şikayət edə biləcəyi isə həmin Məcəllənin 449.3-cü maddəsində imperativ (mütləq) siyahı ilə məhdudlaşdırılmışdır. Belə ki, CPM-nin 449.3-cü maddəsində məhkəmə nəzarəti qaydasında mübahisələndirilə bilən qərarlar arasında "cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar" daxil edilsə də, "prokurorun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ləğv etmək barədə qərarı" bu siyahıda nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsinin sözügedən şərhi şikayət etmək hüququ olan subyektlərin genişləndirilməsinə xidmət edir, lakin məhkəmə nəzarətinin prosessual predmetini (mübahisələndirilə bilən qərarların siyahısını) dəyişdirmir. Bu baxımdan, birinci instansiya məhkəməsi CPM-nin 449.3-cü maddəsini əsas gətirərək şikayətin geri qaytarılması barədə tam qanuni nəticəyə gəlmişdir. Şikayətçilər fərziyyə irəli sürərək bildirirlər ki, 2016-cı il tarixli material daxili işlər orqanlarında qanunla məhv edildiyi halda, prokuror tərəfindən "öyrənilə bilməzdi", həmçinin istintaq şöbəsi rəisinin prokuror qarşısında qərarın ləğvi barədə vəsatət qaldırmaq hüququ yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 86-cı və digər aidiyyəti normalarına əsasən prokurorluq orqanları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirir və prosessual nəzarət qaydasında aşağı icraat orqanlarının qərarlarının qanuniliyini yoxlamaq mütləq səlahiyyətinə malikdir. Prokuror tərəfindən qərarın ləğv edilməsinin əsaslı olub-olmaması (materialın fiziki mövcudluğu, arxiv sorğuları, səthi araşdırma halları və s.) ibtidai araşdırmanın daxili predmetidir. Bu iddialar prosessual mahiyyət daşıyır və CPM-nin 122.2.2-ci maddəsinə uyğun olaraq, tabeçilik qaydasında yalnız yuxarı prokurora şikayət predmeti ola bilər. Məhkəmə nəzarəti orqanı isə qanunla onun səlahiyyətinə aid edilməyən prokuror qərarlarının daxili əsaslarını və ibtidai araşdırma materiallarının toplanma/ləğv edilmə dinamikasını yoxlaya bilməz. Şikayətdə prokurorun qərarından sonra iş üzrə heç bir əlavə istintaq hərəkətinin aparılmadığı və qərarın formal xarakter daşıdığı iddia olunur. Bu arqument də rədd edilməlidir, çünki cinayət təqibi orqanının prosessual hərəkətsizliyi və ya vaxtında istintaq aparmaması faktı (əgər belə bir hal varsa) müstəqil şikayət predmeti ola bilər, lakin bu hal Abşeron Rayon Prokurorunun ## ### 2023-cü il tarixli qərarının məhkəmə nəzarəti ixtiyarına keçməsinə hüquqi əsas yaratmır. Birinci instansiya məhkəməsi tərəfindən şikayətin icraata götürülmədən geri qaytarılması prosessual qanunvericiliyin hərfi mənasına tam uyğundur. Qeyd edilməsi zəruridir ki, məhkəmə nəzarəti institutu ibtidai araşdırmaya rəhbərlik və ya istintaq funksiyasının həyata keçirilməsi deyil, yalnız qanunda göstərilmiş konkret prosessual qərar və hərəkətlərin qanuniliyinin yoxlanılması məqsədi daşıyır. CPM-nin 449.3-cü maddəsində nəzərdə tutulmuş hallar geniş şərh edilə bilməz ona görə ki, məhkəmə nəzarətinin predmeti qanunla məhdudlaşdırılmışdır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında da ifadə edilmişdir. Həmin qərara əsasən məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkət və qərarların dairəsi qətidir və genişləndirici təfsirə yol verilmir. Birinci instansiya məhkəməsi ərizənin məzmununu təhlil edərək onun bütövlükdə 449.3cü maddədə nəzərdə tutulmuş konkret şikayət predmetinə uyğun gəlmədiyi nəticəsinə gəlmiş və şikayəti mahiyyəti üzrə baxılmadan geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu nəticə qanunun tələblərinə uyğun olduğundan birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyən edilmiş, cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmiş, şikayətin baxılmadan geri qaytarılması üçün hüquqi əsaslar mövcud olmuşdur. Qeyd olunanlara əsasən və CPM-nin 122, 442 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. şikayət verən şəxs2 və şikayət verən şəxs1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar