Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-57/2026 26.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimləri Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, Abşeron rayon prokurorunun böyük köməkçisi X2 və Abşeron rayon Polis İdarəsinin müstəntiqi X1 iştirakı ilə, “Cinayət işinin başlanması, icraata qəbul edilməsi; zərərçəkmiş şəxs qismində tanınma; şübhəli şəxsin tutulması; təqsirləndirilən şəxs qismində cəlb etmə və qətimkan tədbiri seçilməsi haqqında qərarın ləğv edilməsi” haqqında ## #### 2026-cı il tarixli qərardan verilmiş şikayət üzrə Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Abşeron rayon prokuroru tərəfindən verilmiş apellyasiya protestinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətçi Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi ## #### 2026-cı il tarixli “cinayət işinin başlanması, icraata qəbul edilməsi; zərərçəkmiş şəxs qismində tanınma; şübhəli şəxsin tutulması; təqsirləndirilən şəxs qismində cəlb etmə və qətimkan tədbiri seçilməsi haqqında qərarın ləğv edilməsi” haqqında qərardan məhkəmə nəzarəti qaydasında şikayət verərək, Abşeron rayon prokuroru, R Şəfahət İmranov tərəfindən qəbul edilmiş həmin qərarın ləğv edilməsini xahiş etmişdirlər. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işinin başlanması, icraata qəbul edilməsi, zərərçəkmiş şəxs qismində tanınması, şübhəli şəxsin tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlar Abşeron rayon prokurorunun ##.##.2026-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Həmin qərarla razılaşmır və hesab edir ki, qəbul edilmiş qərar cinayət prosessual qanunvericiliyinin tələblərinin düzgün tətbiq edilməməsi nəticəsində qəbul olunmuş, cinayət işinin faktiki hallarına və toplanmış materiallara tam uyğun gəlmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən, cinayət işinin başlanması üçün cinayət hadisəsini göstərən kifayət qədər məlumatın olması tələb olunur. Cinayət işinin başlanması mərhələsində cinayətin tam sübuta yetirilməsi, bütün şahidlərin dindirilməsi, bütün sənədlərin toplanması və ya mövcud ziddiyyətlərin tam aradan qaldırılması qanunun tələbi deyildir. İş materiallarından müəyyən olunur ki: zərərçəkmiş şəxsin yazılı müraciəti mövcuddur, həmin şəxs ətraflı izahat vermişdir; pul vəsaitinin verilməsi faktı barədə ilkin sübutlar əldə edilmişdir, torpaq sahəsinin rəsmiləşdirilməsi adı ilə vəsait alınması müəyyən edilmişdir, öhdəliyin icra edilməməsi və verilmiş vəsaitin geri qaytarılmaması barədə kifayət qədər ilkin məlumatlar toplanmışdır. Göstərilən hallar cinayət işinin başlanması üçün kifayət edən prosessual və qanuni əsaslar təşkil etmişdir. Qərarda göstərilən iradlar cinayət işinin başlanmasına deyil, ibtidai istintaqın gedişinə aiddir. Prokurorun qərarında göstərilmişdir ki, telefon danışıqları əldə edilməmişdir, WhatsApp yazışmaları götürülməmiş, bank sənədləri toplanmamış, notariat sənədləri alınmamış, Daşınmaz Əmlakın Dövlət Reyestrinə sorğu verilməmiş və əlavə şahidlər dindirilməmişdir. Lakin sadalanan bütün bu hərəkətlər ibtidai istintaqın aparılması zamanı həyata keçirilən istintaq hərəkətləridir. Əgər bu arqument qəbul olunsa, praktik olaraq heç bir cinayət işi başlana bilməz. Çünki bütün sübutların məhz cinayət işi başlanmazdan əvvəl toplanmasının tələb edilməsi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin mahiyyətinə və cinayət təqibinin mərhələlilik prinsipinə ziddir. Qərarda faktiki olaraq cinayət işinin mahiyyəti üzrə yekun nəticə çıxarılmış, bəzi sübutlara üstünlük verilmiş, digər sübutlar isə qəbul edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33 və 145-ci maddələrinə əsasən, sübutların yekun qiymətləndirilməsi ibtidai istintaq başa çatdıqdan sonra həyata keçirilir. Cinayət işinin başlanması mərhələsində isə yalnız cinayət əlamətlərinin mövcudluğu qiymətləndirilir. Bu mərhələdə iş üzrə bütün sübutların tam araşdırılması və onların yekun hüquqi qiymətləndirilməsinin aparılması qanunvericiliyin tələblərinə uyğun deyildir. Qərarda zərərçəkmiş şəxsin izahatı ilə şahid ifadələri arasında müəyyən fərqlərin olduğu göstərilmişdir. Lakin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin mahiyyətinə görə, məhz belə ziddiyyətlərin aradan qaldırılması ibtidai istintaqın əsas vəzifələrindən biridir. Şahid və digər iştirakçıların ifadələri arasındakı uyğunsuzluqların mövcudluğu cinayət işinin başlanmasına maneə hesab edilə bilməz. Əks yanaşma cinayət prosesinin məqsədlərinə və ibtidai istintaq institutunun mahiyyətinə uyğun olmazdı. Qərarda göstərilən çatışmazlıqların mövcud olduğu qəbul edilsə belə, onların aradan qaldırılması üçün ibtidai araşdırmanı aparan orqana yazılı göstərişlərin verilməsi kifayət edərdi. Cinayət işinin başlanması, şübhəli şəxsin tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarların tam həcmdə ləğv edilməsi prosessual baxımdan son tədbir kimi tətbiq olunmalıdır. Hazırkı halda isə belə sərt prosessual tədbirə əl atılmazdan əvvəl, qanunvericiliyin nəzərdə tutduğu daha yüngül prosessual vasitələrdən, o cümlədən yazılı göstərişlərin verilməsi və əlavə istintaq hərəkətlərinin aparılmasının təmin edilməsi imkanlarından istifadə olunması mümkün idi.Toplanmış materiallardan görünür ki, söhbət 60.000 manat məbləğində özgə əmlakının ələ keçirilməsi iddiasından gedir. Hətta cinayət əməli nəticəsində torpaq sahəsinin də ələ keçirildiyi müəyyən olunur ki, gələcəkdə həmin torpaq sahəsinin dəyəri ilə bağlı da ittihamın irəli sürülməsi hüquqi baxımdan mümkün görünür. Belə bir fakt üzrə cinayət təqibinin dayandırılması və ya qəbul edilmiş prosessual qərarların tam həcmdə ləğv edilməsi zərərçəkmiş şəxsin hüquqlarının səmərəli müdafiəsinə də mənfi təsir göstərir. Aşağıda göstərilən səbəblərə görə hesab edirəm ki, Abşeron rayon prokuroru, R Şəfahət İmranov tərəfindən qəbul edilmiş "Cinayət işinin başlanması, icraata qəbul edilməsi, zərərçəkmiş şəxs qismində tanınması, şübhəli şəxsin tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarların ləğv edilməsi barədə" ##.##.2026-cı il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi aidiyyəti istintaq orqanına tapşırılmalıdır. Qeyd edilən qərarın qəbul edilməsinin hüquqi və faktiki əsasları kifayət qədər əsaslandırılmamışdır. Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı (hakim A.Qasımov) ilə şikayətin təmin edilməsi, Abşeron Rayon Prokuroru tərəfindən qəbul edilmiş qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanması, icraata qəbul edilməsi; zərərçəkmiş şəxs qismində tanınma; şübhəli şəxsin tutulması; təqsirləndirilən şəxs qismində cəlb etmə və qətimkan tədbiri seçilməsi haqqında qərarın ləğv edilməsi” qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilməsi qərara alınmışdır. Abşeron rayon prokuroru Ş.İmranov qərardan apellyasiya protesti verərək, qərarın ləğv edilməsini, hərəkətindən (qərarından) şikayət verilən orqan2 ##.##.2026-cı il tarixli qərarının qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, cinayət işinin başlanması səbəbi və əsası halları CPM-də aydın şəkildə müəyyən edilmiş və məhkəmənin qənaətinə görə prokuror prosessual qanunvericiliyin qeyd olunan tələblərini pozaraq araşdırmaya səthi yanaşmış, hazırda şikayət verilmiş qərarı qəbul etməklə obyektiv, tam və hərtərəfli araşdırma aparmamaqla əsassız nəticəyə gəlmişdir. Müstəntiq ##.##.2026-cı il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərarda yalnız Şikayət verən şəxs ərizəsində göstərdiyi məlumatları qeyd edərək, yəni CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə və əməldə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasını göstərmədən əsassız və qanunsuz olaraq cinayət işi başlamışdır. Bu da qanunsuz və əsassız cinayət təqibinin həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-nin 209-cu maddəsində həmin Məcəllədə nəzərdə tutulmuş səbəblər və əsaslar mövcud olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır. Lakin, bir daha qeyd edilməlidir ki, ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi rayon prokurorluğunda öyrənilərək yuxarıda qeyd olunan CPM-nin tələblərinin kobud şəkildə pozulması müəyyən edildiyindən ##.##.2026-cı il tarixli qərar qəbul edilmiş və kifayət qədər əsaslandırılsa da məhkəmə bunun əksi olaraq öz qərarında hər hansı konkret fikir irəli sürmədən yalnız formal cümlələrə istinad etmişdir. Əgər məhkəmə qərəzlilik nümayiş etdirərək həqiqətən də məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti və HK-*/**** nömrəli materialı obyektiv təhlil etmiş olsaydı onda cinayət işi başlamadan izahatı alınmış X3 izahatını və izahatına əlavə etdiyi sənədləri təhlil etməli idi. Belə ki, qeyd olunan sənədlərdən görünür ki, daha sonra təqsirləndirilən şəxs qismində cəlb edilmiş X3 izahatında mübahisə predmeti olan torpaq sahəsinin ona məxsus olmasını bildirmiş və buna dair 1992-ci və 2025-ci illərə aid təsdiq edici sənədləri istintaq orqanına təqdim etmişdir. Lakin, istintaq orqanı öz səlahiyyətləri daxilində cinayət işi başlananadək CPM-nin 207-ci maddəsində nəzərdə tutulmuş mümkün imkanlardan istifadə etməklə cinayət işi başlanması üçün əsas ola biləcək kifayət qədər dəlillər toplamadan, eləcə də Həbib Hüseynovun göstərdiyi xüsusatları ümumiyyətlə yoxlamadan vaxtından əvvəl qanunsuz və əsassız cinayət işi başlayaraq X3 zəruri mötəbər sübutlar əldə etmədən əsassız və qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Cinayət Prosessual Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini müzakirə edib, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Abşeron rayon prokuroru Şəfahət İmranov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərara əsasən Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X1 tərəfindən fakta görə qəbul edilmiş cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında ## #### 2026-cı il tarixli, şübhəli şəxsin tutulması haqqında ## #### 2026-cı il tarixli, təqsirləndirilən şəxs qismində cəlb etmə və qətimkan tədbirinin seçilməsi haqqında ## #### 2026-cı il tarixli qərarlar ləğv edilmiş və əlavə araşdırılma aparılması üçün material Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 84.5.8-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təhqiqatçının və ya müstəntiqin qanunsuz və əsassız qərarlarını ləğv etmək hüququ vardır. Cinayət Prosessual Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Cinayət Prosessual Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilir. Cinayət Prosessual Məcəllənin: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. 135-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. Bu Məcəllənin 128.1-ci maddəsində nəzərdə tutulmuş xüsusiyyətlərə malik sənədlər də maddi sübut hesab edilə bilər. İttiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət prosesində sənədlərin surətindən istifadə olunmasına tərəflərin razılığı ilə icazə verilir. 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. 442.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən görüdüyü kimi, CPMnin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verilə bilər. Abşeron rayon prokuroru Şəfahət İmranov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərar ilə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X1 tərəfindən fakta görə qəbul edilmiş cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında ## #### 2026-cı il tarixli, şübhəli şəxsin tutulması haqqında ## #### 2026-cı il tarixli, təqsirləndirilən şəxs qismində cəlb etmə və qətimkan tədbirinin seçilməsi haqqında ## #### 2026-cı il tarixli qərarlar ləğv edilmişdir. Lakin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror nəzərə almamışdır ki, qərarlar ləğv edilib yenidən araşdırmaya göndərilərkən qərarda qeyd edilənlər “cinayət işinin başlanması, icraata qəbul edilməsi; zərərçəkmiş şəxs qismində tanınma; şübhəli şəxsin tutulması; təqsirləndirilən şəxs qismində cəlb etmə və qətimkan tədbiri seçilməsi haqqında qərarın ləğv edilməsi” üçün əsas hesab edilə bilməz, qeyd edilən hallar araşdırma zamanı cinayət hadisəsinin olub olmaması, əməldə cinayət tərkibinin və şəxsin təqsirinin müəyyən edilməsi üçün zəruri hallardır. Bu isə cinayət işi üzrə icraata xitam verilməsi əsasıdır. İşin natamam araşdırılması lazımı sübutların cinayət işi üzrə toplanılmaması, müstəntiqin səhlənkar yanaşması şikayətçinin hüquqlarının pozulmasına səbəb olan qərarın qəbul edilməsi üçün əsas ola bilməz. Bu isə onu ehtiva edir ki, prokuror tərəfindən qərar qəbul edilərkən işin halları tam, obyektiv araşdırılmadan qərar qəbul edilmiş, işin faktiki halları düzgün müəyyən edilməmiş, prokuror qərar qəbul edərkən tətbiq etdiyi qanunvericilik normalarını, mülahizələri formal sadalamaqla kifəyətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il # ###### tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 451.1.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şikayət ərizəsinin təmin edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya protestinin dəlilləri əsassız hesab edilməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 453.6.1 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Apellyasiya protesti təmin edilməsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-8)-57/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-57/2026
26.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver