Məhkəmə qərarları › İş №6(3-9)-28/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-9)-28/2026

28.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-28/2026 28.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri Əliyev Əli Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, Şirvan şəhər prokurorunun böyük köməkçisi X1, şikayət vermiş şəxs şikayət verən şəxs1, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi Tərcüməçi iştirakları ilə, M Ü Ə Y Y Ə N E T D İ: Şirvan şəhər prokurorunun köməkçisi X2 tərəfindən ## #### 2026-cı il tarixli qərarla **C-** nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan narazı qalan şikayət verən şəxs1 müdafiəçisi Müdafiəçi Şirvan şəhər prokurorunun köməkçisi X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### 2026-cı il tarixli qərardan məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ilə Şirvan şəhər prokurorunun köməkçisi X2 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, **C-** nömrəli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qanunsuz hesab edilərək ləğv olunmasına dair şikayət verən şəxs1 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmiş, Şirvan şəhər prokurorunun köməkçisi X2 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, **C-** nömrəli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarından narazı qalan şikayət verən şəxs1 müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- */**** nömrəli qərarının ləğv edilərək şikayətin təmin olunmasını xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: şikayət verən şəxs1 müdafiəçisi Müdafiəçi şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şikayət verən şəxs1 ## #### 2024-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib, Bakı şəhər Səbail rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, həbs edildikdən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin X3 və Istintaq Təcridxanasında saxlanılıb. ## ###### 2025-ci ildə onun barəsində ittiham aktı təsdiq edilərək iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan sonra o, saxlanılması üçün Bakı Istintaq Təcridxanasına etap edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə şikayət verən şəxs1 18 il müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra o saxlanılması üçün Umbakı Penitensiar Müəssisəsinə köçürülüb. Onun barəsində olan cinayət işinə Şirvan Apellyasiya Məhkəməsində baxılıb yekunlaşana qədər Umbakı Penitensiar Müəssisəsində saxlanılıb. İ. Əbilov ## ####### 2025-ci ildə saxlanıldığı müəssisədən Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə iclasında iştirak etmək üçün Şirvan şəhər X5 Saxlama yerinə gətirilib. Onun üzərində axtarış keçirilmiş və kameraya özü ilə apara biləcəyi əşyaların siyahısı ona bildirilib. Bu zaman o, axtarış aparan polis əməkdaşlarına bildirmişdir ki, sabah keçiriləcək məhkəmə iclasına hazırlaşmağı üçün ona qələm lazımdır və özü ilə gətirdiyi şahmat qutusunu boş vaxtı olanda məşğul olması üçün özü ilə götürməyə icazə istəmişdir. Buna cavab olaraq polis əməkdaşları bildirmişdir ki, icazəni rəis Əhməd Zəkiyev verməlidir. O, qələmi istifadə edib geri qaytarmaq şərti ilə icazə verdiyini bildirmişdir. Bundan əlavə şahmat qutusunu özü ilə götürmək istədiyimi bildirdikdə o, buna icazə vermədiyini bildirmişdir. Bu qadağanın qanunsuz olduğunu və şahmat qutusunun ona verilməyəcəyi təqdirdə onun qanunsuz hərəkətlərindən şikayət edəcəyini bildirmişdir. Həmin vaxt Ə.Zəkiyev onun etirazından hiddətlənərək artıq qələmi də verməyəcəyini bildirmiş, sonra isə əmr etmişdir ki, onu dəhlizdə ayaq üstdə saxlasınlar və ona bildirmişdir ki, onu bütün gecə kamerada deyil, boksda saxlayacaqlar. Dəhlizdə duran zaman onun üzərinə hücum edərək onu təhdid etməyə başlamışdır. Onu tapdalayacağını və “deyəsən, başın bədəninə ağırlıq edir” demişdir. Sonra ona “Sən kimsən?! Bir özünə bax, bir mənə bax”, “Məndən o qədər şikayət ediblər, o şikayətlər mənim bir yerimə də deyil” kimi təhqiramiz ifadələr işlətmişdir. Təxminən 15 dəqiqə sonra onu kabinetinə gətirilməsini tapşırmış, digər polis əməkdaşlarına isə oradan çıxmasını tələb etmişdir. Bu zaman o, yenə də üstünə hücum edərək “sən məni hələ tanımırsan, youtube-da “Şirvan işgəncələr” yazsan məni orada görərsən” demişdir. Daha sonra o, qanunla şahmatın buraxılmasına icazənin olduğunu desə də, “burada qanun mənəm, mən də icazə vermirəm”. Heç kim mənə heç nə edə bilməz” deyə bildirmişdir. Sonra o bildirmişdir ki, insanları ölümcül vəziyyətə qədər döyə bilər. Həmçinin vəkili ilə telefon əlaqəsi saxlamaq istədiyini bildirsə də, Ə. Zəkiyev ona icazə verməmişdir. X3 saxlama kameralarında tavanda müşahidə kameraları quraşdırılıb. Bu müşahidə kameraları ilə sanitar qovşaqlarını da görmək mümkündür. Eyni zamanda kameralarda çarpayıların üzərində mələfə yoxdur, yastıq üzü yoxdur, bu da antisanitariya hallarına zəmin yaradır. Kameralarda sutka ərzində fasiləsiz işıq yanır. Yuxu üçün maskanı kameraya keçirməyə icazə vermirlər. Buna görə də gecə vaxtları işıq altında yatmaq çətindir. MSY-də həkim yoxdur, Əməkdaşlar əvvəlcədən bildirmişlər ki, tibbi yardıma ehtiyac olduqda, heç kim kömək edə bilməyəcək. Yuxarıda adı Əhməd Zəkiyev kimi qeyd edilən şəxsin həqiqətən Əhməd Zəkiyev adlanmasını dəqiq bilmir, amma ona həmin ad, soyadda özünü təqdim etmişdir. Lakin onu üzdən tanıyır, əgər görsə tanıya bilər. Sonradan həbs edilmiş şəxslər ona bildirmişdir ki, o, rəis deyil, rəis müavinidir və adı Pənahdır (soyadını bilmir). Bundan əlavə, 02 oktyabr və ## ####### 2025-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarında bütün iclas boyu onun və vəkilinin qaldırdığı vəsatətə baxmayaraq Şirvan PŞ-nin əməkdaşları əllərindəki qandalları açmağa icazə verməmişlər”. Şikayətçi baş vermiş hadisə ilə bağlı araşdırma aparılmasını və təqsirkar şəxslər barəsində müvafiq qanuni tədbirlərin görülməsini xahiş edib. Şirvan şəhər Prokurorluğunun ## #### 2026-cı il tarixli qərarı ilə hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin mövcud olmaması əsası ilə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilib. Şikayətçi həmin qərarın ləğv olunması üçün Şirvan şəhər məhkəməsinə şikayət edib. Şirvan şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməyib. Şikayətçi hesab edir ki, Şirvan şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanunsuz və əsassızdır. Şikayətçi şikayətində Şirvan PŞ-nin əməkdaşı kimi təqdim olunan Pənah Vəliyev (o, özünü Əhməd Zəkiyev kimi adlandırıb) tərəfindən təhdid və təhqirlərə məruz qalmasından, vəkili ilə əlaqə saxlamaq hüququnun məhdudlaşdırılmasından, X3 qeyri-insani və antisanitar saxlanma şəraitindən, habelə məhkəmə iclasları zamanı əsassız olaraq qandallı saxlanılmasından şikayət edir. Şikayətçiyə qarşı pis rəftar halının araşdırılması effektiv olmayıb, natamam aparılıb. Belə ki, prokurorluq yalnız şikayətdə adı hallandırılan Pənah Vəliyevin izahatını almaqla kifayətlənib, lakin MSY-ə baxış keçirməyib, MSY-də mövcud olan kamera görüntülərini əldə etməyib. Şikayətçi şikayətində göstərib ki, sanitar qovşaqlarının müşahidə kameraları vasitəsilə görünməsi saxlanılan şəxslərin şəxsi həyatının və ləyaqətinin qorunması tələbləri ilə bir araya sığmır, eyni zamanda kameralarda gecə-gündüz fasiləsiz işıqlandırmanın saxlanılması və yuxu maskasının istifadəsinə icazə verilməməsi onun normal istirahət və yuxu imkanlarını məhdudlaşdırıb. Bundan əlavə, kamerada çarpayı ağları yox idi, şikayətçiyə özü ilə gətirdiyi əşyaları kameraya buraxmayıblar. Bundan əlavə, prokurorluq məhkəmə iclasları zamanı şikayətçinin bütün proses boyu qandallı saxlanılması ilə bağlı iddialarını ümumiyyətlə araşdırmayıb. Şikayətçi göstərib ki, 02 oktyabr və ## ####### 2025-ci il tarixlərdə Şirvan Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasları zamanı müdafiə tərəfinin vəsatətlərinə baxmayaraq, o, bütün məhkəmə prosesi ərzində əlləri qandallı vəziyyətdə saxlanılıb. Şikayətçinin sözlərinə görə, polis əməkdaşları qandalların açılmasından imtina edərkən bunu yalnız naməlum "göstəriş"lə əsaslandırıb, həmin göstərişin hüquqi əsası və zəruriliyi barədə heç bir izahat verməyib. Şikayətçi bu halın araşdırılması barədə prokurorluğa müraciət etsə də, prokurorluq həmin iddianı ümumiyyətlə araşdırmayıb, bu hissədə hər hansı sübut toplamayıb, polis əməkdaşlarının izahatlarını almayıb və qandalların tətbiqinin hüquqi əsasını müəyyən etməyib. Birinci instansiya məhkəməsi də bu mühüm arqumentə münasibət bildirməyib, prokurorluğun həmin iddianı araşdırmamasının səbəblərini yoxlamayıb, qandalların tətbiqinin zəruriliyini və qanuniliyini qiymətləndirməyib. Halbuki dövlət nümayəndələri tərəfindən məhkəmə iclası zamanı şəxsin qandallı saxlanılması Konvensiyanın 3-cü maddəsi baxımından ciddi qiymətləndirilməli olan haldır və belə məhdudiyyət yalnız konkret təhlükəsizlik riskləri ilə əsaslandırıldıqda tətbiq oluna bilər. Məhkəmə bu məsələyə ümumiyyətlə hüquqi qiymət vermədən prokurorluğun qərarını qanuni hesab edib. Avropa Insan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin fərdi risk qiymətləndirilməsi aparılmadan, avtomatik qaydada qandallı saxlanılması Konvensiyanın 3-cü maddəsi baxımından qiymətləndirilməlidir. Buna baxmayaraq, nə prokurorluq, nə də birinci instansiya məhkəməsi qandalların tətbiqinin zəruriliyini, mütənasibliyini və hüquqi əsasını araşdırmayıb. Bu da araşdırmanın natamam və qeyri-effektiv olduğunu göstərir. Şikayətçi şikayətində göstərib ki, Şirvan Şəhər X5 Saxlama Yerində saxlanıldığı zaman kameraların tavanında quraşdırılmış müşahidə kameraları sanitar qovşağını da əhatə edib, nəticədə onun ən intim ehtiyaclarının belə daimi videomüşahidə altında qalmasına səbəb olub. Bundan əlavə, kameralarda sutka ərzində fasiləsiz işıqlandırmanın saxlanılması, yuxu maskasının istifadəsinə icazə verilməməsi, çarpayılarda mələfə və yastıq üzlərinin olmaması, habelə özü ilə gətirdiyi qanunla qadağan edilməyən bəzi şəxsi əşyaların kameraya buraxılmaması onun şəxsi həyatına və insan ləyaqətinə əsassız müdaxilə təşkil edib. Buna baxmayaraq, prokurorluq həmin iddiaların heç birini araşdırmayıb, saxlanma yerinə baxış keçirməyib, göstərilən şəraiti yoxlamayıb və həmin məhdudiyyətlərin hüquqi əsaslarını müəyyən etməyib. Avropa Insan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna əsasən, azadlıqdan məhrum edilmiş şəxslər də Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət hüququndan məhrum olmurlar. Həbs və ya cəzaçəkmə müəssisəsində saxlanılma həmin hüququn müəyyən məhdudiyyətlərinə səbəb ola bilsə də, belə məhdudiyyətlər qanunla nəzərdə tutulmalı, legitim məqsəd daşımalı və demokratik cəmiyyətdə zəruri olmalıdır. Xüsusilə, həbs edilmiş şəxslərin sanitar qovşağından istifadəsinin daimi videomüşahidə altında saxlanılması, onların şəxsi həyatına ciddi müdaxilə hesab edilir və belə müdaxilə yalnız konkret və kifayət qədər əsaslandırılmış təhlükəsizlik zərurəti olduqda mümkün sayıla bilər. Hazırkı işdə isə nə prokurorluq, nə də birinci instansiya məhkəməsi şikayətçinin şəxsi həyata müdaxilə ilə bağlı iddialarını araşdırıb, sanitar qovşağının müşahidə kameraları vasitəsilə izlənilməsinin zəruriliyini və hüquqi əsasını yoxlayıb, kameralarda gecə-gündüz fasiləsiz işıqlandırmanın və digər məhdudiyyətlərin qanuniliyinə qiymət verib. Beləliklə, dövlət orqanları şikayətçinin Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqlarına müdaxilə barədə iddiaları üzrə effektiv araşdırma aparmaq öhdəliyini yerinə yetirməyiblər. Şikayətçi məhkəməyə verdiyi şikayətində aşağıdakı vəsatətlərin təmin edilməsini xahiş edib: - Araşdırma materialı Şirvan şəhər prokurorluğundan tələb edilsin - Şirvan şəhər PŞ-nin MSY-nin müşahidə kameralarının ## ####### 2025-ci il tarixə olan görüntüləri tələb edilərək tədqiq edilsin. - MSY-ə baxış keçirilsin. Məhkəmə bu vəsatətləri təmin etməyib, ümumiyyətlə bu vəsatətlərə hər hansı münasibət bildirməyib. Şikayətçi öz şikayətini əsaslandırmaq üçün bir sıra vəsatətləri təqdim edib. Həmin vəsatətlər təmin edilsəydi və vəsatətlərdə adları qeyd edilən şəxslər dindirilsəydi, sübutlar tələb edilsəydi, bu halda şikayətçinin şikayətinin əsaslı olub-olmaması müəyyən edilərdi. Məhkəmə nə vəsatətləri təmin edib, nə də şikayətçinin əlavə sübutları təqdim etməsinə şərait yaradıb. Şikayətçi qeyd edir ki, kamera görüntüləri məhdud müddət saxlanılan sübut növüdür. Araşdırma orqanının həmin görüntüləri vaxtında götürməməsi sonradan onların silinməsi və ya itirilməsi riskini yaradıb. Bu isə araşdırmanın effektivliyini ciddi şəkildə zəiflədib. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında Şirvan Şəhər Prokurorunun böyük köməkçisi X1 şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət verən şəxs1 və müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının ləğv edilməsini və məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin olunmasını xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə yoxlayıb, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-in 449 və sonrakı maddələrində nəzərdə tutulmuş məhkəmə nəzarətinin predmeti cinayət təqibini həyata keçirən orqanın qəbul etdiyi prosessual qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir. Bu icraat çərçivəsində məhkəmə cinayət təqibi orqanının səlahiyyətlərini öz üzərinə götürərək yeni ibtidai araşdırma aparmır, sübut toplamır, hadisənin bütün hallarını yenidən müəyyən etmir və cinayət işinin başlanması məsələsini birbaşa həll etmir. Məhkəmənin vəzifəsi qəbul olunmuş qərarın mövcud araşdırma materiallarına əsaslanıb-əsaslanmadığını, araşdırmanın qanunun tələb etdiyi həddə aparılıb-aparılmadığını və gəlinmiş nəticənin aşkar əsassız olub-olmadığını müəyyən etməkdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qanuniliyinin qiymətləndirilməsi zamanı əsas meyar araşdırmanın mümkün olan bütün prosessual hərəkətləri əhatə edib-etməməsi deyil, konkret müraciət üzrə cinayət işinin başlanması üçün kifayət qədər səbəb və əsasların mövcud olub-olmamasıdır. Cinayət-prosessual qanunvericilik araşdırma orqanının hər bir müraciət üzrə şikayətçinin göstərdiyi bütün prosessual hərəkətləri mütləq həyata keçirməsini tələb etmir. Araşdırmanın yetərliliyi əldə olunmuş məlumatların qəbul edilmiş qərarı əsaslandırmağa kifayət edib-etməməsi baxımından qiymətləndirilməlidir. Iş materiallarından görünür ki, prokurorluq tərəfindən şikayət üzrə araşdırma aparılmış, şikayətçinin izahatı alınmış, şikayətdə adı çəkilən polis əməkdaşı izahat vermiş, müraciətdə göstərilən hallar cinayət qanununun müvafiq normaları baxımından hüquqi qiymətləndirilmiş və nəticədə hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin müəyyən edilmədiyi qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında həmin nəticəni aşkar şəkildə təkzib edən obyektiv məlumat mövcud deyildir. Apellyasiya şikayətində əsas dəlil araşdırmanın natamam aparılması, müşahidə kameralarının görüntülərinin əldə edilməməsi, saxlanma yerinə baxış keçirilməməsi və əlavə şəxslərin dindirilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə həmin dəlillərlə razılaşmır. Prosessual hüquqda araşdırmanın effektivliyi aparılmış prosessual hərəkətlərin sayı ilə deyil, onların qəbul edilən qərarın əsaslandırılması üçün kifayət edib-etməməsi ilə müəyyən olunur. Hər hansı prosessual hərəkətin aparılmaması yalnız o halda qəbul olunmuş qərarın ləğvinə səbəb ola bilər ki, həmin hərəkətin keçirilməsi iş üzrə nəticəyə təsir göstərə biləcək mühüm halların müəyyən edilməsi üçün zəruri olsun və onun aparılmaması araşdırmanın obyektivliyini aradan qaldırsın. Hazırkı iş üzrə isə apellyasiya şikayətində göstərilən prosessual hərəkətlərin keçirilməməsinin qəbul edilmiş nəticəni dəyişdirə biləcəyi inandırıcı şəkildə əsaslandırılmamışdır. Videogörüntülərin əldə edilməməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında hadisənin baş verdiyi tarixə aid görüntülərin faktiki mövcud olması, onların saxlanılma müddətinin bitməməsi və ya araşdırma zamanı həmin görüntülərin əldə edilməsinin real mümkünlüyü barədə mötəbər məlumat yoxdur. Belə şəraitdə yalnız videogörüntülərin əldə olunmaması faktı araşdırmanın qeyri-effektiv aparılması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Əks yanaşma hər bir ehtimal olunan sübutun əldə edilməməsini birbaşa araşdırmanın qanunsuzluğu kimi qiymətləndirməyə gətirib çıxarardı ki, bu da cinayət-prosessual qanunvericiliyin məqsədlərinə uyğun deyildir. Apellyasiya şikayətində göstərilən təhdid və kobud rəftar iddialarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətçi ona qarşı fiziki zorakılıq tətbiq edilmədiyini özü təsdiq etmiş, məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Fiziki xəsarətin olmaması təhdid və ya kobud davranış ehtimalını birmənalı istisna etməsə də, cinayət işinin başlanması üçün subyektiv iddialarla yanaşı həmin iddiaları təsdiq edən ilkin obyektiv məlumatların mövcudluğu tələb olunur. Hazırkı iş üzrə isə şikayətçinin izahatından başqa belə məlumat müəyyən edilməmişdir. Qələm və şahmat dəstinin kameraya buraxılmaması ilə bağlı dəlillər də cinayət tərkibinin mövcudluğu barədə nəticəyə gəlmək üçün kifayət etmir. Müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin istifadə edə biləcəyi əşyaların təhlükəsizlik və daxili rejim qaydaları ilə məhdudlaşdırılması qanunvericilikdə nəzərdə tutulmuş inzibati-təşkilati tədbirlərdən biridir və həmin tədbirlərin tətbiqi, özlüyündə, vəzifə səlahiyyətlərinin aşılması kimi qiymətləndirilə bilməz. Iş materiallarında polis əməkdaşının alternativ yazı vasitəsinin təqdim olunduğunu bildirməsi də bu hissədə araşdırmanın gəldiyi nəticə ilə ziddiyyət təşkil etmir. Şikayətçinin məhkəmə iclasları zamanı qandallı saxlanılması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ konvoy xidməti, məhkəmə təhlükəsizliyi və məhkəmə iclasının aparılması qaydaları ilə bağlı hüquqi münasibətlərdən irəli gəlir. AIHM-in Raninen Finlandiyaya qarşı və Henaf Fransaya qarşı işlərində ifadə olunmuş yanaşmasına görə, qandaldan istifadə edilməsi özlüyündə Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab edilmir; bu məsələ hər bir halda tədbirin məqsədi, müddəti, şəxsin davranışı, təhlükəsizlik riski və alçaldıcı rəftar məqsədinin olub-olmaması baxımından qiymətləndirilməlidir. Hazırkı materiallarda qandaldan istifadənin məhz şikayətçini alçaltmaq, ona pis rəftar etmək və ya vəzifə səlahiyyətlərini aşmaq məqsədi daşımasını təsdiq edən obyektiv məlumat müəyyən edilməmişdir. Eyni qaydada, X3 saxlanma şəraiti, işıqlandırma, sanitar qovşağının müşahidəsi, yataq ləvazimatları və digər saxlanma şəraiti ilə bağlı iradlar müəyyən hallarda inzibati, intizam və ya digər hüquqi qiymətləndirmə predmeti ola bilər. Lakin hazırkı araşdırma materiallarında həmin şəraitin konkret vəzifəli şəxsin cinayət məsuliyyəti yaradan qəsdli hərəkətlərinin nəticəsi olması barədə kifayət qədər məlumat müəyyən edilməmişdir. Bu səbəbdən həmin halların mövcudluğu belə, birbaşa olaraq Cinayət Məcəlləsinin 309-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin yaranmasına səbəb olmur. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsi dövlət üzərinə pis rəftar barədə əsaslandırılmış iddiaları effektiv araşdırmaq öhdəliyi qoyur. AIHM-in Assenov və digərləri Bolqarıstana qarşı və Labita Italiyaya qarşı işlərində formalaşdırdığı mövqeyə əsasən, bu öhdəlik nəticə öhdəliyi deyil, davranış öhdəliyidir və araşdırma işin hallarına uyğun ağlabatan tədbirlərin görülməsini tələb edir. Hazırkı iş üzrə prokurorluq tərəfindən aparılmış araşdırmanın formal xarakter daşıdığı, qərəzli olduğu və ya əvvəlcədən müəyyən edilmiş nəticəyə yönəldiyi barədə iş materiallarında əsaslı məlumat müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış materialları düzgün qiymətləndirmiş, prosessual qanunun tələblərini düzgün tətbiq etmiş və Şirvan şəhər prokurorunun köməkçisi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğvi üçün CPM-in tələblərinə uyğun kifayət qədər hüquqi əsasın mövcud olmaması barədə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin nəticəni təkzib edən yeni hüquqi və ya faktiki hallar müəyyən etmədiyindən, şikayətin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququnu, 13-cü maddəsi isə səmərəli hüquqi müdafiə vasitəsi hüququnu təmin edir. Bu müddəalar şəxslərin iddialarının səmərəli hüquqi mexanizm vasitəsilə araşdırılmasını tələb etsə də, həmin mexanizmin forması və tətbiqi qaydası milli prosessual qanunvericiliklə müəyyən edilir. AIHM-in X7rşı və Kudła Polşaya qarşı işlərində ifadə olunmuş mövqeyə görə, dövlət şəxsin hüquqlarının müdafiəsi üçün real və səmərəli mexanizm təmin etməlidir. Lakin bu tələb hər bir müraciət üzrə cinayət işinin başlanmasını və ya şikayətçinin tələb etdiyi bütün prosessual hərəkətlərin mütləq yerinə yetirilməsini nəzərdə tutmur. CPM-in 212.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Şirvan şəhər prokurorunun köməkçisi tərəfindən qəbul edilmiş qərar CPM-in 212.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, müraciətdə göstərilən hallar üzrə cinayət işinin başlanılması üçün qanuni əsasların mövcudluğu təsdiq edilməmiş, toplanmış materiallarda hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətlərini göstərən kifayət qədər obyektiv məlumat müəyyən olunmamışdır. Beləliklə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən halları təsdiq etmir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 449.1.4 və 449.1.5-ci maddələrinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Həmin Məcəllənin 450.6.5-ci maddəsinə əsasən, hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edir. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə yaxud barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərarlardan birini çıxarır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və CPM-in 398.1.1, 450 və 454cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı şikayətçi şikayət verən şəxs1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar