Məhkəmə qərarları › İş №6(3-9)-32/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-9)-32/2026

21.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-32/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibində, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Şikayət vermiş şəxs Şikayət verən şəxs, onun müdafiəçisi “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi və prosessual hərəkətindən şikayət verilmiş şəxs Masallı Rayon Polis X15 müstəntiqi Nümayəndə iştirakları ilə Şikayət verən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Masallı Rayon Polis X15 müstəntiqi Nümayəndə hərəkətinin qanunsuz hesab edilməsi haqqında məhkəmə nəzarəti qaydasında verilmiş şikayətinin təmin edilməməsinə dair Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət verərək, şikayətinin təmin edilməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Masallı Rayon Polis X15 müstəntiqi Nümayəndə hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə Masallı rayonunda olan zaman axşam saatlarında əvvəllər tanıdığı X6 ona “SMS” yazaraq öz evlərinə çağırıb danışmaq istədiyini bildirmişdir. Özünə məxsus “BMW M760e xDrive markalı” **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gedib həyətin darvazasını döymüşdür. Həyətdən çıxan X7, X3, X11, X4 və X2 heç bir söz demədən üzərinə hücum çəkərək onu itələməyə və vurmağa başlamışlar. O, yerə yıxılanda Elmar Ağayev başından küt alətlə vurmuş və başından qan açılmışdır. Bundan sonra həmin şəxslər əllərində olan balta, dəmir və taxta parçaları ilə avtomobilinə zərər yetirməyə başlamışlar. Çətinliklə də olsa avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Masallı Rayon Mərkəzi Xəstəxanasına gəlmiş və xəstəxanada başına tikiş qoymuşlar. Hadisələrin baş vermə ardıcıllığı onu deməyə əsas verir ki, yuxarıda qeyd edilən şəxslərin məqsədi onu həyatdan məhrum etməyə yönəlmiş, çünki onlar ona əvvəldən kin və ədavət bəsləmişlər. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli *** nömrəli qüsur aktı ilə cinayət hadisəsi nəticəsində ona məxsus avtomobilə 25923 manat 17 qəpik maddi ziyanın yetirilməsi müəyyən edilmişdir. Fakta görə Masallı RPŞ-nin IB-nin müstəntiqi, R Nümayəndə tərəfindən ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaqı aparılır. MTE və PA Birliyinin Masallı rayon şöbəsinin *** nömrəli ## #### 2026-cı il tarixli rəyi ilə ona yetirilən xəsarət yüngül xəsarət kimi qiymətləndirilmişdir. ##.##.2026-cı il tarixdə həmin cinayət işi üzrə Masallı RPŞ-nin IB-nin müstəntiqi, R Nümayəndə tərəfindən şahid qismində dindirilmişdir. X1 Respublikası vətəndaşlarıdırlar və orada yaşayırlar. O, tez-tez ailəsinə baş çəkmək üçün həmin ölkəyə, eyni zamanda iş adamı kimi müxtəlif ölkələrə işgüzar səfərlər edir. ##.##.2026-cı il tarixdə ailə vəziyyəti ilə əlaqədar Çin Xalq Respublikasına səfər etmək istəyərkən Azərbaycan sərhəddində ona ölkədən getmək hüququnun məhdudlaşdırıldığı və ölkədən getməyinin mümkün olmadığı bildirilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Masallı RPŞnin IB-nin müstəntiqi, R Nümayəndə ölkədən getmək hüququnu qanunsuz olaraq məhdudlaşdırmışdır. O, 1990-cı illərin əvvəlindən Azərbaycanda, Çində və bir sıra ölkələrdə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olur və fəaliyyətində Azərbaycan dövlətinin sahibkarlıq sahəsində apardığı siyasəti və qəbul etdiyi hüquqi aktları rəhbər tutur. Qeyd etdiyi qanunsuz məhdudlaşdırma həm iş, həm də şəxsi məsələlərdə ona mühüm çətinliklər yaratmışdır. O, Çində işgüzar görüşlər keçirməli idi və istintaq orqanının bu qanunsuz hərəkəti nəticəsində ona külli miqdarda maddi ziyan dəymişdir. Ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı tətbiq edilmiş tədbirin hüquqi əsaslarının qiymətləndirilməsi zamanı ilk növbədə Azərbaycan Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsinin məzmununa diqqət yetirilməlidir. Həmin norma açıq və məhdudlaşdırıcı xarakter daşıyır və vətəndaşın ölkədən getmək hüququnun yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda və müəyyən prosessual qaydada müvəqqəti məhdudlaşdırıla biləcəyini təsbit edir. Qanunverici bu sahədə geniş şərhə yol verməmiş, əksinə, sərbəst hərəkət azadlığının müdafiəsi məqsədilə konkret və qapalı siyahı müəyyən etmişdir. Həmin Məcəllənin 9.3.1-ci və 9.3.3-cü bəndlərinə əsasən məhdudiyyət yalnız şəxsin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulması, barəsində qətimkan tədbiri seçilməsi və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi hallarında mümkündür. Iş materiallarından isə görünür ki, barəsində belə bir prosessual qərar qəbul edilməmişdir. O, cinayət işi üzrə yalnız şahid qismində dindirilmiş, barəsində nə qətimkan tədbiri seçilmiş, nə də hər hansı prosessual məhdudiyyət tətbiq edilmişdir. Şahid statusu özüözlüyündə sərbəst hərəkət azadlığının məhdudlaşdırılması üçün hüquqi əsas yaratmır. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarını aşağıdakılara əsasən əsassız və ədalətsiz hesab edir. Belə ki, Masallı RPŞ-nin IB-nin müstəntiqi, R Nümayəndə tərəfindən ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. MTE və PA Birliyinin Masallı rayon şöbəsinin *** nömrəli ## #### 2026-cı il tarixli rəyi ilə hüquqlarını müdafiə etdiyi Şikayət verən şəxs xəsarəti yüngül xəsarət kimi qiymətləndirilmişdir. Şikayət verən şəxs ##.##.2026-cı il tarixdə ********* nömrəli cinayət işi üzrə Masallı RPŞ-nin IB-nin müstəntiqi, R Nümayəndə tərəfindən şahid qismində dindirilmişdir. Şikayət verən şəxs X1 Respublikası vətəndaşlarıdırlar və orada yaşayırlar. O, tez-tez ailəsinə baş çəkmək üçün həmin ölkəyə, eyni zamanda iş adamı kimi müxtəlif ölkələrə işgüzar səfərlər edir. ##.##.2026cı il tarixdə Çin Xalq Respublikasına səfər etmək istərkən Azərbaycan sərhədində ona ölkədən getmək hüququnun məhdudlaşdırıldığı və ölkədən getməyinin mümkün olmadığı bildirilmişdir. Məlum olmuşdur ki, cinayət işi başlanılan gün, yəni ##.##.2026-cı il tarixdə Masallı RPŞ-nin IBnin müstəntiqi, R Nümayəndə Şikayət verən şəxs ölkədən getmək hüququnu qanunsuz olaraq məhdudlaşdırmışdır. Şikayət verən şəxs 90-cı illərin əvvəlindən Azərbaycanda, Çində və bir sıra ölkələrdə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd etdiyi qanunsuz məhdudlaşdırma Şikayət verən şəxs həm iş, həm də şəxsi məsələlərdə mühüm çətinliklər yaratmışdır. Şikayət verən şəxs Çində işgüzar görüşlər keçirməli idi və istintaq orqanının bu qanunsuz hərəkəti nəticəsində ona külli miqdarda maddi ziyan dəymişdir. Masallı Rayon Məhkəməsində şikayətlə bağlı 3 məhkəmə iclası keçirilmişdir. 31 iyul və 11 avqust tarixlərində təyin edilmiş iclaslar cinayət işinin materialları məhkəməyə təqdim edilmədiyindən təxirə salınmışdır. Cinayət işinin materiallarının məhkəməyə təqdim edilməməsi məhkəmədə şikayətə baxılmanın yubadılmasına gətirib çıxarması və şikayətə baxılmanı məhdudlaşdırmaması məhkəmənin diqqətinə çatdırılsa da birinci instansiya məhkəməsi bu etirazları nəzərə almamışdır. Istintaq orqanı cinayət işi materiallarının Daxili Işlər Nazirliyinin sorğusu əsasında göndərildiyini bildirmişdir. Lakin məlum olmuşdur ki, cinayət işi Nazirliyə ##.##.2026-cı il tarixli **/*-******** nömrəli məktubla göndərilmişdir. Istintaq orqanı ##.##.2026-cı il tarixdə təyin edilmiş iclasda məhkəməni aldadaraq məhkəməyə hörmətsizlik nümayiş etdirmiş, iş materiallarını məhkəməyə təqdim etməmiş, nəticə etibarilə işin məhkəmədə baxılmasını yubatmaqla ##.##.2026-cı il tarixdə Şikayət verən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə qanunsuz və əsassız ittiham elan edilmişdir. Halbuki, Şikayət verən şəxs həmin tarixdə tibb müəssisəsi tərəfindən stasionar müalicəyə göndərilmişdir. Ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı tətbiq edilmiş tədbirin hüquqi əsaslarının qiymətləndirilməsi zamanı ilk növbədə Azərbaycan Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsinin məzmununa diqqət yetirilməlidir. Həmin norma açıq və məhdudlaşdırıcı xarakter daşıyır və vətəndaşın ölkədən getmək hüququnun yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda və müəyyən prosessual qaydada müvəqqəti məhdudlaşdırıla biləcəyini təsbit edir. Qanunverici bu sahədə geniş şərhə yol verməmiş, əksinə, sərbəst hərəkət azadlığının müdafiəsi məqsədilə konkret və qapalı siyahı müəyyən etmişdir. Məcəllənin 9.3.1-ci və 9.3.3cü bəndlərinə əsasən məhdudiyyət yalnız şəxsin Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinə uyğun olaraq tutulması, barəsində qətimkan tədbiri seçilməsi və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi hallarında mümkündür. Şikayət verən şəxs cinayət işi başlanılan tarixdə yəni ##.##.2026-cı il tarixdə şahid statusunda olarkən barəsində qanunsuz məhdudiyyət tətbiq edilmişdir. Həmin zaman barəsində nə qətimkan tədbiri seçilmiş, nə də hər hansı prosessual məhdudiyyət tətbiq edilmişdir. Şahid statusu özü-özlüyündə sərbəst hərəkət azadlığının məhdudlaşdırılması üçün hüquqi əsas yaratmır. Beləliklə də, mübahisələndirilən tədbir qanunsuz hesab edilməlidir. Apellyasiya icraatı zamanı şikayətçi Şikayət verən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya icraatı zamanı prosessual hərəkətindən şikayət verilmiş şəxs Masallı Rayon Polis X15 müstəntiqi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Masallı rayon prokuroru, R X5 Apellyasiya Məhkəməsinə ## ###### 2026-cı il tarixli məktub ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları əsasında nəzərdən keçirib aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin II hissəsində göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi təminatı bir tərəfdən hər hansı şəxsin müvafiq məhkəməyə şikayət vermək hüququnu, digər tərəfdən məhkəmənin həmin şikayətə baxıb qanuni, ədalətli və əsaslı qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinə (Hərəkət etmək azadlığı) əsasən qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində qeyd edilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək. Bundan başqa, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası CPM-in 442-454-cü maddələri ilə tənzimlənir. CPM-in 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Kollegiya cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, məhkəmə cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin cinayət-prosessual fəaliyyətində qəbul etdiyi qərarların və onların hərəkətlərinin qanuniliyini və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlayır, bu yolla cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarına faktiki məhkəmə nəzarətini də təmin etmiş olur. Lakin, o da qeyd edilməlidir ki, məhkəmə, yoxlanılması və qiymətləndirilməsi cinayət-prosesini həyata keçirən orqanın səlahiyyətinə aid olan məsələyə maddi-hüquqi qiymət verə bilməz, məsələn, cinayət işi başlaya və ya cinayət işinin başlanması üçün şərait yaradan əsaslar formalaşdıra bilməz. Məhkəmə daha çox cinayət prosesini həyata keçirən orqanların, fiziki və hüquqi şəxslərin şikayəti əsasında başladıqları araşdırmanı tam, hərtərəfli aparıbaparmamasını, habelə işin müəyyən edilmiş faktiki hallarına cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verib-vermədiklərini yoxlaya, eləcə də bu orqanların maddi və prosessual hüququ düzgün tətbiq edib-etmədiyini müəyyən edə bilər. Məhkəmə nəzarətinin həyata keçirilməsinin prosedur qaydalarına gəldikdə isə qeyd olunmalıdır ki, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və qərarlarının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Məhz bu məhkəmə instansiyası cinayət prosesini həyata keçirən orqanların araşdırmanı tam, hərtərəfli aparıb-aparmadıqlarını və hüququ düzgün tətbiq edib-etmədiklərini öz səlahiyyətləri çərçivəsində yoxlamağa borcludur. Nəticədə məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarını qanuni hesab edir yaxud yuxarıda qeyd edilən tələblərə cavab verməyən qərarı ləğv edib araşdırmanın təkrar aparılmasını təmin edir. Apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi birinci instansiya məhkəməsinin, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərinə və qərarlarına düzgün qiymət verib-verməməsini yoxlayır, eyni zamanda, əgər birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdirsə, bu səhvi aradan qaldırır və fiziki və hüquqi şəxslərin şikayətləri üzrə birbaşa qərar qəbul edir. Iş materialları məhkəmə nəzarəti qaydasında araşdırılarkən müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən qanun pozuntularına yol verilmişdir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Masallı Rayon Polis X8 Bölməsinin HK/1- 285 və *** nömrəli materialları üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Cinayət işi materiallarından müəyyən edilir ki, Şikayət verən şəxs ##.##.2026-cı il tarixdə həmin cinayət işi üzrə Masallı RPŞ-nin IB-nin müstəntiqi, R Nümayəndə tərəfindən şahid qismində dindirilmişdir. Işdə olan təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Şikayət verən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli məcburi gətirilmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şikayət verən şəxs istintaq hərəkətlərinin aparılması üçün məcburi qaydada Masallı RPŞ-nin Istintaq bölməsinə gətirilməsi qərara alınmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla şahid statusunda Şikayət verən şəxs ölkədən getmək hüquqları məhdudlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-9.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz Həmin Məcəllənin 9.3.1-ci maddəsinə görə vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək müvəqqəti məhdudlaşdırıla bilər Göründüyü kimi, qanunverici şübhəli və təqsirləndirilən şəxsin konstitusion hüquqları sırasında təsbit edilmiş sərbəst hərəkət etmək hüququna səlahiyyətli orqanlar tərəfindən müdaxilənin yolverilənliyini və müddətini yuxarıda sadalanan hallarla şərtləndirmişdir. Qanunun qeyd olunan normasının mənasından görünür ki, cinayət işinin başlanması, habelə şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi belə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün yetərli deyil. Lakin hazırki şikayətə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Şikayət verən şəxs nəinki şahid, heç bir prosessal statusu olmadığı halda konstitusiya ilə təsbit edilmiş sərbəst hərəkət etmək hüququ Masallı RPŞ-nin IB-nin müstəntiqi Nümayəndə tərəfindən qanunsuz və əsassız şəkildə məhdudlaşdırılmışdır. Belə ki, iş materialları əsasında müəyyən edilmişdir ki, müstəntiq Nümayəndə tərəfindən ##.##.2026-cı il tarixdə Masallı RPŞ-nin Boradigah PB-nin HK/1-285 və *** nömrəli materialları üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Lakin buna qədər, yəni ##.##.2026-cı il tarixdə müstəntiq Nümayəndə və Masallı RPŞ-nin rəisi Azay Ağayev tərəfindən “cinayət işinin istintaq zərurəti” ilə əlaqədar imzalanaraq təsdiq edilmiş “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət” siyahısına daxil edilməsi və çıxarılmasına dair ##.##.2026-cı il tarixli “Bildiriş” əsasında Şikayət verən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Şikayət verən şəxs müstəntiq tərəfindən yalnız ##.##.2026-cı il tarixdə şahid qismində dindirilmiş, ibtidai araşdırma müddəti 2 ay (CM 128-ci maddəsi) həddində müəyyən edilmiş cinayət işi üzrə fakta görə cinayət işi başladığı tarixdən 1 ay sonra, yəni ##.##.2026-cı il tarixdə Şikayət verən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin qərardan, eyni zamanda məhkəmə iclası zamanı müstəntiqin və şikayətçinin izahatından müəyyən edilir ki, hazırki tarixədək Şikayət verən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il # ###### tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Plenum qeyd etmişdir ki, məhkəmə nəzarətinin həyata keçirilməsinə dair icraat hüquq və azadlıqların pozulmasına dair məlumatlar olduğu halda cinayət təqibini həyata keçirən (əməliyyat-axtarış, təhqiqat, istintaq, prokurorluq) orqanların vəzifəli şəxslərinin hərəkət və qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarətini işə salır. Məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə icra edir: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması. Birinci instansiya məhkəməsi isə müstəntiq tərəfindən yol verilmiş yuxarıda qeyd olunan pozuntulara hüquqi qiymət verməmiş, şikayət dəlillərini faktiki olaraq araşdırmamış, məhkəmə nəzarətinin mahiyyətinə uyğun olmayan formal mövqe tutmuşdur. Halbuki, CPM-in 449–451-ci maddələrinə əsasən, məhkəmə nəzarəti yalnız qərarın mövcudluğunu yoxlamaqla kifayətlənməməli, həmin qərarın qanuniliyini və əsaslılığını real şəkildə qiymətləndirməlidir. CPM-in 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: 451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; 451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanının prosessual hərəkəti (hərəkətsizliyi), qərarı üzərində məhkəmə nəzarətini həyata keçirən məhkəmənin məhkəmə nəzarəti funksiyası, yalnız hərtərəfli, tam və obyektiv araşdırmanın aparılmasını təmin etməklə məhdudlaşır. Bu kateqoriyadan olan qərarlarda faktlar müəyyən edilmiş sayıla, belə hallara maddi-hüquqi qiymət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin və müstəntiqin barəsində şikayət verilən qərarları ləğv edilməli və prosessual hərəkətindən şikayət verilmiş şəxs Şikayət verən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Masallı Rayon Polis X15 müstəntiqi Nümayəndə hərəkəti qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 450, 451, 453 və 454-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. Şikayətçi şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Şikayət verən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Masallı Rayon Polis X15 müstəntiqi Nümayəndə hərəkəti qanunsuz hesab edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar