Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-757/2026 30.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsinə baxılması barədə Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)- ****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə məhkəməyə müraciət edərək, yaranmış əsas borca görə 293514,02 manat; cavabdehin öhdəliyini vaxtında icra etməməsinin birbaşa nəticəsi kimi yaranmış real zərər üzrə 15366,67 manat; dəbbə puluna görə 27883,83 manat; ödənilmiş dövlət rüsumuna görə 630,36 manat; hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 3600,00 manat; cəmi 340994,89 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” MMC cavabdeh “xxxx” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2020-ci il tarixli, ** nömrəli müqavilə üzrə yaranmış 195 800,58 (bir yüz doxsan beş min səkkiz yüz manat əlli səkkiz qəpik) AZN əsas borcun və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 486 (dörd yüz səksən altı) AZN dövlət rüsumunun, vəkil üçün ödənilmiş 330 AZN xərcin “xxxx” MMC-dən tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Hazırda kommersiya işi e-2-2(4-11)-5117/2026 nömrəsi ilə qeydiyyata alınaraq Bakı Kommersiya Məhkəməsinin icraatındadır. İlkin hazırlıq iclası ##.##.2026-cı il tarixə, saat 09:30a təyin edilmişdir. Ərizəçi “xxxx” MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2020-ci il tarixli, ** nömrəli müqavilə üzrə yaranmış 195800,58 (bir yüz doxsan beş min səkkiz yüz manat əlli səkkiz qəpik) AZN əsas borc tələbinin təmin edilməsi məqsədilə “xxxx” MMC-yə məxsus bank hesablarında olan pul vəsaitləri və digər əmlak üzərinə 195800,58 AZN məbləği həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ##.##.2020-ci il tarixdə “xxxx” MMC ilə “xxxx” MMC arasında Malların və/və ya xidmətlərin təqdim edilməsinə dair ** nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı mal və/və ya xidmətləri təqdim etməyi, alıcı isə razılaşdırılmış qoşmalarda göstərilən məhsulları alaraq əvəzində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndinə görə qoşmalarda başqa hal nəzərdə tutulmadıqda, ödəniş mallar və ya xidmətlər təhvil verildikdən və alıcıya müvafiq invoys və ya çatdırılma bildirişi təqdim edildikdən sonra 30 iş günü ərzində həyata keçirilməlidir. Müqavilənin 3.2-ci bəndində alıcının malları yoxlamaq, görünən qüsurlar barədə dərhal və ya ən geci 1 iş günü, aşkar edilə bilməyən gizli qüsurlar barədə isə 7 gün ərzində satıcını məlumatlandırmaq vəzifəsi müəyyən edilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən, bu müddətlərdə bildiriş verilmədikdə mallar lazımi qaydada qəbul edilmiş hesab olunur. 2025-ci il ərzində “xxxx” MMC tərəfindən müqavilə üzrə mallar “xxxx” MMC-yə təqdim edilmiş, hər bir sifariş üzrə qiymətlərin razılaşdırılması protokolları və təhvil-təslim aktları tərtib edilərək tərəflərin imza və möhürləri ilə təsdiqlənmişdir. Sənədlər üzrə ümumi məbləğ: 195800,58. Yuxarıdakı protokollar və təhvil-təslim aktlarında göstərilən məbləğlərin riyazi cəmi ƏDV daxil 195 800,58 AZN təşkil edir. Malları qəbul edən “xxxx” MMC təhvil-təslim aktlarını imzalamış, müqavilənin 3.2-ci bəndində müəyyən edilmiş müddətlərdə malların miqdarı, çeşidi, keyfiyyəti və ya sənədlərin düzgünlüyü barədə hər hansı yazılı irad bildirməmişdir. Bu səbəbdən mallar müqavilənin 3.3-cü bəndinə əsasən lazımi qaydada qəbul edilmiş hesab olunur. Hər bir təhvil üzrə müqavilənin 5.2-ci bəndində nəzərdə tutulan 30 iş günlük ödəniş müddəti başa çatmasına baxmayaraq, “xxxx” MMC tərəfindən195 800,58 AZN məbləğində borc ödənilməmiş, habelə ödənişi və ya borcun başqa qaydada xitamını təsdiq edən sənəd təqdim edilməmişdir. Borcun könüllü qaydada ödənilməsi məqsədilə cavabdehə pretenziya göndərmiş və 195 800,58 AZN borcun 3 iş günü ərzində ödənilməsini tələb etmişdir. “xxxx” MMC ##.##.2026-cı il tarixli məktubla tələb olunan borcu qəbul etmədiyini və pretenziyanı təmin etməkdən imtina etdiyini bildirmişdir. Bakı Kommersiya Məhkəməsinin **(*-**)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə (hakim Ülkər Həsənova) ərizənin təmin edilməsi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMCnin (VÖEN: Cavabdeh) mülkiyyətində olan əmlakların üzərinə əsas borc tələbi həcmində - 195800,58 (bir yüz doxsan beş min səkkiz yüz manat əlli səkkiz qəpik) manat məbləğində (bank hesabları üzərinə həbs qoyulacağı təqdirdə əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan) həbs qoyulması qərara alınmışdır. Məhkəmə ərizəni təmin edərkən qeyd etmişdir ki, iddianın əsaslılığına dair ilkin sübutlar (müqavilə, qiymət razılaşdırma protokolları, təhvil-təslim aktları, qaimələr və s.) iddiaçı tərəfindən ərizəyə əlavə edilmişdir. Odur ki, mülki qanunvericiliyə əsasən bank hesabında olan pul vəsaitlərinin də əmlakın bir növü olduğunu, cavabdeh tərəfindən bank hesabında olan pul vəsaitlərinin xərclənməsi və ya ona məxsus əmlakların özgəninkiləşdirilməsi, belə olan halda iddia təmin edildiyi təqdirdə qətnamənin icrasının çətinləşməsi ehtimalının mövcudluğunu, müvəqqəti təminat tədbiri tətbiq edilməklə cavabdehlərin mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyulmasının belə bir ehtimalı aradan qaldırdığını, müvəqqəti təminat tədbiri barədə ərizənin ərizəçi tərəfindən kifayət qədər əsaslandırıldığını və iş materiallarına əlavə edilmiş ilkin sübutları nəzərə alaraq hesab etmişdir ki, ərizə təmin edilməli, cavabdehlərə məxsus əmlaklar üzərinə AR MPM-in 158.3-cü maddəsi ilə müəyyən edilmiş ardıcıllıqla iddia tələbini təşkil edən əsas borc, yəni 195800,58 manat həddində həbs qoyulması növündə müvəqqəti təminat tədbiri tətbiqi edilməlidir. Qeyd edilən qərarardaddan cavabdehin verdiyi şikayət məhkəmənin ## ###### 2026cı il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan zərurət meyarının, mütənasiblik prinsipinin və sübutların obyektiv qiymətləndirilməsi tələbinin lazımi qaydada tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Qərardad faktiki hallara uyğun deyil, qarşılıqlı iddia tələbinin mübahisəli xarakterini və “xxxx” MMC tərəfindən həmin müqavilə üzrə həyata keçirilmiş əhəmiyyətli ödənişləri nəzərə alınmayıb, habelə qətnamənin gələcək icrasının real olaraq təhlükə altında olmasını göstərən konkret fakt müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli və müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5-ci maddəyə görə, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: - 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; - 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəyə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəyə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: - 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; - 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; - 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; - 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. 158.6. Maraqlı şəxslər və ya arbitraj mübahisəsində maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır. 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. 164.1. İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Müvəqqəti təminat tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. İddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, müvəqqəti təminat tədbirləri həmin subyektiv hüququn real bərpası deməkdir. İş materiallarından müəyyən olunur ki, ##.##.2020-ci il tarixdə “xxxx” MMC ilə “xxxx” MMC arasında Malların və/və ya xidmətlərin təqdim edilməsinə dair ** nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında cavabdehin iddiaçıya 195800,58 manat borcu yaranmışdır. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, “xxxx” MMC tərəfindən ərizəçi “xxxx” MMC-nin hesabına ##.##.2024-cü il tarixdə 327,24 manat, ##.##.2025-ci il tarixdə 1818 manat, ##.##.2025-ci il tarixdə 60000 manat, 10800 manat, 30000 manat və 5400 manat pul köçürülmüşdür. Göründüyü kimi, müqavilə üzrə istinad edilən borc məbləğindən ümumilikdə 108.345,24 manat ödəniş edilmişdir. Belə olduğu təqdirdə kollegiya hesab edir ki, 87455,34 manat dəyərində cavabdehin əmlakı üzərinə həbs qoyulmalıdır. Bununla yanaşı, məhkəmə müvəqqəti təminat tədbirinin məqsədi ilə cavabdehin fəaliyyətinə müdaxilə arasında balansın qorunmasını zəruri hesab edir. Bu baxımdan cavabdehin bank hesablarında olan pul vəsaitləri üzərinə həbs qoyulması onun fəaliyyətinə təsir göstərə biləcəyindən, həmin tədbirin tətbiqi hazırkı mərhələdə zəruri hesab edilmir. MPM-in 157.2 və 157.5-ci maddələrinin mahiyyətindən irəli gəlir ki, müvəqqəti təminat tədbiri tətbiq edilərkən məhkəmədən gələcək iddianın mahiyyəti üzrə əsaslılığını yekun şəkildə müəyyən etmək tələb olunmur. Bu mərhələdə tələb olunan, bir tərəfdən, iddia tələbinin kifayət qədər ilkin əsaslılığını göstərən sübutların mövcudluğu, digər tərəfdən isə tədbirin görülməməsinin ərizəçinin hüquqlarının gələcək müdafiəsini mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin edə bilməsi ehtimalıdır. Müvəqqəti təminat tədbiri mübahisənin qabaqcadan mahiyyəti üzrə həll etmir. Əks yanaşma MPM-in 157.7-ci maddəsində təsbit edilmiş müvəqqəti təminat tədbirinin müvəqqəti xarakter daşıması prinsipi ilə uzlaşmazdı. Birinci instansiya məhkəməsi özü də qərardadında bu hüquqi meyarları göstərmişdir. Kollegiya hesab edir ki, mövcud vəziyyətin qorunması və gələcəkdə qəbul edilə biləcək məhkəmə aktının real icrasının təmin edilməsi məqsədilə müvəqqəti təminat tədbirinin tətbiqi MPM-in 157-ci maddəsində nəzərdə tutulmuş məqsədə uyğundur. Bununla belə nəzərə alınmalıdır ki, iddia əsassız olduğu təqdirdə maraqlı şəxs barəsində tətbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində ona dəymiş zərəri tələb etmək hüququ Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində təsbit olunmuşdur. Qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı qismən ləğv edilsin. Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi qismən təmin edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan əmlaklar üzərinə 87.455,34 manat həddində həbs qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər saxlanılır. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-757/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-757/2026
30.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver