Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1026/2022 21.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi “pul tələbi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 icarəsində olan Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə bitişik ərazidə (Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində) yerləşən 2 ha. torpaq sahəsindən Cavabdeh1 faktiki olaraq verdiyi 0,003 ha. hissəsində inşa etdiyi fərdi yaşayış evinin tikintisinə xərclədiyi 29000 manat vəsaitin, habelə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaitinin, eləcə də, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 180 manatın, beləliklə ümumilikdə 30180 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçının qızı Maraqlı şəxs2 ilə Cavabdeh1 oğlu Məlik Babayev 2012-ci ildə ailə qurmuşlar. Sonradan münasibətləri pozulduğu üçün ayrılmışlar. Təxminən 5 il müddət keçdikdən sonra yenidən barışmış, təkrar evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. X6 şəhərində yaşamışlar, sonradan Məlik Bakı şəhərində işlədiyi üçün iddiaçının dəvəti ilə bir müddət Sulutəpə qəsəbəsində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evində ayrıca tikilidə ailə üzvləri ilə birlikdə yaşamışlar. Sonradan isə Cavabdeh1 məxsus, Qobustan şəhərində yerləşən evə köçüb orada yaşamışlar. Məlik Sevincə məlumat vermədən Türkiyə Respublikasına getdiyi üçün aralarındakı münasibət pozulmuş, sonradan isə məhkəmə qaydasında nikahları pozulmuşdur. Maraqlı şəxs2 Maraqlı şəxs1 ilə barışdıqdan sonra Cavabdeh1 iddiaçıya Cavabdeh2 icarəsində olan, Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə bitişik ərazidə, Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində yerləşən 2 hektar torpaq sahəsindən 0,006 ha. hissəsini aldığını, lakin öz adına tam rəsmiləşdirmədiyini bildirmiş, bununla bağlı sənədləri iddiaçıya göstərmişdir. Həmin torpaq sahəsinin 0,003 ha. hissəsini oğlu Maraqlı şəxs1, digər 0,003 ha. hissəsini isə digər oğluna verəcəyini bildirmişdir. Həmçinin, iddiaçıya təklif etmişdir ki, Məlikin yaşamağa evi olmadığından, torpaq sahəsini o verir, həmin torpaq sahəsində isə evi iddiaçı tikdirsin. İddiaçı əvvəl etiraz etsə də, sonradan razılaşmış, evin inşası bitdikdən sonra sənədləşmə işləri aparılaraq evin Məlikin və ya Sevincin adına rəsmiləşdirilməsi ilə bağlı da razılığa gəlmişlər. İddiaçı ustalar dəvət etmiş, bütün materialları Sulutəpə qəsəbəsində yerləşən “Eurohome” tikinti materialları bazarından özü almış, usta xərci ilə birlikdə orta hesabla 29000 manat xərc çəkərək evi təmirsiz vəziyyətdə inşa etdirmişdir. Lakin, Sevinclə Məlik boşandıqları üçün iddiaçı çəkdiyi xərci Cavabdeh1 tələb etmiş, sonuncu isə pulu ödəməkdən imtina etmişdir. Torpaq sahəsi rəsmi olaraq Cavabdeh2 istifadəsində olduğundan evin hüquqi müqəddəratını o həll etməlidir. İddiaçı sözügedən fərdi yaşayış evini borc-xərclə inşa etdirdiyindən və hazırda Cavabdeh1 ona pulu qaytarmadığından iddiaçı mənəvi-psixoloji sarsıntı, əsəb keçirmişdir. Buna görə də o, cavabdehlərdən mənəvi zərərin də tutulmasını tələb edir və məbləği 1000 manat müəyyən edir. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, sözügedən torpaq sahəsinin və orada inşa edilmiş evin ümumiyyətlə Cavabdeh1 aidiyyəti yoxdur. Belə olan halda, iddiaçının inşa etdirdiyi evə çəkdiyi xərcin əvəzinin Cavabdeh1 tutulmasına heç bir əsas yoxdur. Sonda Vəkil2 məhkəmədən iddianın Cavabdeh1 münasibətdə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, sözügedən evin tikintisində usta kimi işləmişdir. Belə ki, İddiaçı qızı üçün ev tikdirirdi, o, Qabil və sonuncunun qudası Abgül ilə birlikdə evi tikəcəkləri torpaq sahəsini nəzərdən keçirmiş, sahənin balaca olduğunu görmüşlər. Qabil Abgülə onun torpağının olduğunu, evi orada tikməyi təklif etsə də, Abgül razılaşmamış, evin burada tikilməli olduğunu demişdir. Evin tikintisi üçün pulu Qabil ona vermiş, o, Qabil və digər ustalarla birlikdə gedib lazımi materialları almışdır. Qabil evin tikintisi üçün təxminən 29-30 min manat pul xərcləmişdir. Həmçinin, onlar evi inşa edərkən heç kim onlara maneçilik törətməmişdir. O, Cavabdeh2 tanımır, torpağın sənədinin olub-olmadığını bilmir. Məhkəmə iclasında şahid qisminə dindirilmiş X1 ifadəsində göstərdi ki, o, sözügedən evin daş işlərini və dam örtüyünün vurulmasında iştirak etmişdir. İddiaçı evi başqa yerdə tikdirmək istəyirdi, lakin qudası Abgül buna etiraz edərək “torpaq sahəsi məndən, ev tikmək sizdən” demişdir. Evin tikintisi üçün bütün xərcləri Qabil ödəmişdir. Söhbət zamanı Abgül 2 oğlunun olduğunu, torpağın bir hissəsini digər oğluna verəcəyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, habelə, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(001)- 1009/2021 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs1 ilə X4 26 dekabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, bu zaman Sevinc Qabil qızına “Babazadə” soyadı verilmişdir. Tərəflərin birgə nikahlarından 30 aprel 2013-cü il təvəllüdlü Mələk, 01 iyun 2020-ci il təvəllüdlü Murad adlı iki uşağı vardır. Həmin qətnamə əsasında tərəflər arasındakı nikah pozulmuşdur. - torpaq sahəsinin plan və ölçüsündən, habelə çıxarışdan görünür ki, Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 2 ha. torpaq sahəsi icarə əsasında Cavabdeh2 adına 18 noyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlandırılmış 14 fevral 2022-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2.0 ha. icarə torpaq sahəsi üzərində Cavabdeh2 adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə **********54 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin icarə hüquqlarının alğı-satqısı müqaviləsinə əsasən 2 ha. icarə torpaq sahəsindən 0,48 ha. hissəsi X7 Saeed Alamerının adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 1,52 ha. icarə torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 14.2 və 14.2.7-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi əsassız varlanma təsbit edilmişdir. - 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. - 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İşin faktiki halları, tərəflərin izahatları və şahid ifadələri ilə müəyyən edilir ki, iddia tələbində göstərilən fərdi yaşayış evi Cavabdeh1 tələbi ilə Cavabdeh2 icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsində İddiaçı tərəfindən, sonuncunun hesabına inşa edilmiş, məqsəd isə Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 ailə kimi həmin evdə yaşamaları olmuşdur. Lakin, Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 arasındakı nikah pozulduğundan Maraqlı şəxs2, yəni iddiaçının qızı həmin evdə yaşamamışdır. Məhkəmənin 16 fevral 2022-ci il tarixli qərardadına əsasən, evin tikintisi üçün sərf edilmiş pul vəsaitinin məbləğinin hesablanması məqsədi ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 07 aprel 2022-ci il tarixli, QXM 417/M saylı rəyindən görünür ki, həmin fərdi yaşayış evinin mövcud vəziyyətə gətirilməsi üçün çəkilmiş xərclərin bazar dəyəri 32000 manat müəyyən edilmişdir. Hazırki halda İddiaçı tərəfindən 32000 manat pul vəsaiti xərclənməklə inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq Cavabdeh1 istifadəsində olan torpaq sahəsində yerləşdiyindən məhkəmə hesab edir ki, evin inşası üçün çəkilmiş xərc Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia bu hissədə digər Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, Cavabdeh1 torpaq sahəsinin bir hissəsini oğlu Məlikə, qalan hissəsini isə digər oğluna verəcəyinə dair vədləri ilə torpaq sahəsinin özünə məxsus olmasına əsaslandığından iddiaçı ilə Cavabdeh1 ilə şifahi razılıq əsasında tikinti işlərini öz vəsaiti hesabına məhz İddiaçı aparmışdır. Bu hal iş üzrə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Digər cavabdeh və mübahisəli evin yerləşdiyi torpaq sahəsinin icarədarı Cavabdeh2 isə tikinti aparılmasından və bununla bağlı tərəflər arasında hər hansı razılığın olmasından məlumatlı olmasına dair iş üzrə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə evin faktiki vəziyyətə gətirilməsi üçün çəkilmiş xərcin miqdarı 32000 manat müəyyən edilsə də, iddia tələbi bu hissədə 29000 manat olduğundan, tələbdən kənara çıxma halının mövcud olmaması üçün iddia bu hissədə 29000 manat məbləğində təmin edilməlidir. İddia tələbinin mənəvi zərərin əvəzinin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı iddia tələbində cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun tutulmasını xahiş etsə də, mənəvi zərərin nədə ifadə olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş 180 manat məbləğində dövlət rüsumunun 160 manat hissəsi də Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 29000 manat məbləğində pul vəsaiti, habelə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 160 manat tutularaq İddiaçı ödənilsin. İddia digər hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1026/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1026/2022
21.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver