Məhkəmə qərarları › İş №e-2(001)-1049/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1049/2024

22.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1049/2024 22.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan borc olaraq aldığı 3400 manat pulun ona ödənilməsi, Cavabdeh 54 manat ödənilmiş dövlət rüsumunun və vəkil xidməti üçün ödənilmiş 320 manat pulun tutularaq ona ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 3400 manat pulu 1 ay müddətində geri ödəmək şərti ilə borc istəmişdir. O, 3400 manat pul məbləğini Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 82F ünvanında yerləşən öz ofisində əvvəlcədən tanıdığı Cavabdeh 2022-ci ilin fevral ayında vermişdir. Ancaq daha sonra cavabdeh pulun geri ödənilməsini müxtəlif bəhanələrlə gecikdirərək borcu ödəməmişdir. Daha sonralar tərəflər arasında baş tutan danışıqlar zamanı Cavabdeh ödənişli təlimlər keçdiyini və yalnız həmin təlim baş tutduqdan sonra pulun ödənilməsini həyata keçirə biləcəyini söyləyərək ona yalan vəd vermiş və iki ilə yaxın müddətə borcun ödənilməsini gecikdirmişdir. Hazırki dövrdə hələ də Cavabdeh tərəfindən ona heç bir məbləğ ödənilməmişdir. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, borcun geri ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilsə də, bu heç bir nəticə verməmiş, 3400 manat borc məbləği indiyədək ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olamdan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması və materialın əlavə araşdırma aparılması üçün göndərilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə şöbəsinə göndərilmişdir. Cavabdeh tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-də verilmiş izahatından görünür ki, “ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2022 fevral ayında maddi vəziyyəti yaxşı olmadığından əvvəldən tanıdığı İddiaçı zəng edərək 2000 ABŞ dolları borc pul istəmişdir. Pulu alan zaman işləri düzələndən sonra geri qaytaracağını bildirmişdir. Sonradan işləri yolunda getmədiyi üçün o, İddiaçı borclu olduğu 3400 manat pulu geri qaytara bilməmişdir. İddiaçı ona bir neçə dəfə zəmg vurub borcunu istəsə də, o, İddiaçı qısa müddət ərzində qaytaracağını desə də, borcunu qaytara bilməmişdir. Bildirmişdir ki, onun hal-hazırda İddiaçı 3400 manat borcu var. Həmin borcu yaxın müddət ərzində qaytaracaq.” xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; İş materiallarından göründüyü kimi, cavabdeh verdiyri izahatda iddiaçıdan pul götürdüyünü etiraf etmişdir. Cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia cavabdehdən 3400 manat pulun alınması hissəsində təmin edilməli, Cavabdeh 3400 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə iddianın vəkil xidməti üçün ödənilmiş 320 manat pulun cavabdehdən tutulması hissəsində hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən vəkil xidməti üçün ödənilmiş 320 manat pulun ödənilməsi barədə mülki iş materiallarına heç bir sübut (qəbz) əlavə edilməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh ödənilmiş 54 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində borc və ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar