Məhkəmə qərarları › İş №e-2(001)-106/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-106/2025

01.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-106/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “payın naturada bölgüsü və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsi, Biqələm küçəsi 0.10 ha torpaq sahəsində yerləşən 6 saylı fərdi yaşayış evinin və Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin iddiaçı və cavabdehin paylarına uyğun olaraq bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı tələbini dəqiqləşdirməklə məhkəmədən, Abşeron rayonu, Hökməli qəsəbəsi, Biqələm küçəsi 0.10 ha torpaq sahəsində yerləşən 6 saylı fərdi yaşayış evinin cavabdehin paylarına uyğun olaraq naturada bölünməsinə, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq, əldə olunan vəsaitin tərəflərin paylarına uyğun bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Biqələm küçəsi 0.10 ha torpaq sahəsində yerləşən ev 6 (bundan sonra “ev”adlandırılacaq) və Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi (bundan sonra “torpaq” adlandırılacaq) (ev və torpaq birlikdə“əmlaklar” adlandırılacaq) üzrə hər birinin ½ hissədə payının müəyyən edilməsi barədə razılığa gəldikləri barışıq sazişi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4500/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq edilmiş və müvafiq qərardad xx.xx.2021ci il tarixində qanuni qüvvəsini almışdır. Hazırda mübahisəli əmlakların tərəflərin payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda, açıq hərracdan satılaraq tərəflərin payına uyğun olaraq pulunun bölünməsinə ehtiyac var. Belə ki, hazırda cavabdehin təqsiri ucbatından öz payından sərbəst şəkildə istifadə edə bilmir, buna görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Müvafiq qərardadın xx.xx.2021-ci il tarixindən qanuni qüvvəsini almasına baxmayaraq, bügünədək cavabdehlə bu mövzuda razılığa gələ bilməmişlər. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddiasını müdafiə etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının əmlakın qiymətləndirilməsi barədə rəylə iddiaçı tanışdır və hər hansı etirazı yoxdur. İddiaçı əmlakı özü almaq niyyətindədir. Ona görə də, hərracın qapalı keçirilməsi tərəfdarıdır.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, mübahisənin həllinin hər iki tərəfin mənafeyinə uyğun olmasını istəyir. Cavabdehə təklif edir ki, özü Hökməli qəsəbəsində yerləşən evdə öz payından cavabdehin xeyrinə, cavabdeh isə Digah qəsəbəsində yerləşən evdə öz payından onun xeyrinə imtina etsin. Lakin cavabdeh təklifləri ilə razılaşmır. Qarşı tərəf sadəcə əmlakın adda qalması tərəfdarıdır. Lakin uşaqlar böyüyür, ayrı-ayrı otaqlar istəyirlər. İki uşaqla kirayədə qalmaq onun üçün çətindir. Cavabdeh Digah qəsəbəsindəki evin açarlarını diyişdirib. Artıq 3 ildir ki, boşanıblar və həmin evə daxil ola bilmir. Halbuki, bütün cehizləri ordadır. Digah qəsəbəsində həyətdə iki ev var. Böyük olan tikili yarımdır. Tam təmirsizdir. Lakin özləri üçün tikdikləri bir otaqlı evdə şərait var. Əgər həmin ev ona verilərsə, təmirə 30000-50000 xərci çıxacaq.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, birgə nikahda olan dövrdə ipotekada 3 otaqlı evləri olmuşdur. Əmlak bölgüsü ilə olan mübahisələrə görə, əmlakı satmalı olmuşlar. Bundan başqa ailəsinə hər zaman maddi dəstək olmuşdur. Hətta 7-ci mkr-da onlara ev alıb vermişdir. Həmin evi kirayə verdiyindən xanım, indi yaşadıqları evin kirayə haqqını ödəyir. Hökməli qəsəbəsində olan ev üzərinə həbs var. İddiaçının ona pul borcu var. İddiaçı istəyir ki, 17000 manat müqabilində Hökməlidəki evi onun adına, Digah qəsəbəsindəki evi isə öz adına rəsmiləşdirsin. Təklif edir ki, iddiaçı uşaqlarla birgə gedib, Digah qəsəbəsindəki evlərində qalsınlar. Əmlaklar bölünməsin. İddiaçı ilə aralarında ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin bölünməsi haqqında razılıq vardır. Lakin Abşeron rayonu, Digəh qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin bölünməsində razılıq yoxdur. Belə ki, həmin torpaq sahəsində yaşayışa yararlı ev vardır. Bu səbəbdən həmin torpaq sahəsinin bölünməsi mümkün deyil. Bundan başqa bildirmək istəyir ki, ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsini iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl almışdır. Lakin buna dair sübutu sonradan əldə etdiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə işin icraatına xitam vermişdir. Mən hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş və iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3101/2022 saylı qətnaməsinə əsasən hazırki iş üzrə iddiaçıdan 8565,52 manat pulun onun xeyrinə tutulması qət edilmişdir. Lakin iddiaçı ona olan borcunu ödəmir. Bu səbəbdən icra məmuru mübahisəli torpaq sahələrinin üzərinə həbs qoymuşdur.

7. Cavabdeh iddiaya yazılı etirazında göstərir: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Günel Abbasova tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli 2(001)- 4500/2021 saylı Qərardadına əsasən barışıq sazişi bağlanmışdır. Məhkəmə Qərardının nəticə hissəsində barışıq müqaviləsinin 3 bənddən ibarət müddəaları qeyd edilmişdir. Barışıq sazişinin 2-ci müddəasında qeyd edilir ki, mən Cavabdeh birgə nikah dövründə əldə edilmiş aşağıda qed olunan mülklər bölüşdürülməsi göstərildiyi kimi qəbul edilmişdir.

1. Mən İddiaçı birgə nikah dövründə əldə edilmiş və ipotekada olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, ev 7, mənzil 167-də yerləşən mənzilə dair mənə aid ½ hissədə payımdan Cavabdeh xeyrinə imtina edirəm və həmin evdən 1 (bir) ay ərzində uşaqlarımla birlikdə çıxmağımı öz öhdəmə götürürəm, bununla bağlı gələcəkdə heç bir tələbim olmayacaq; 2. Mən Cavabdeh birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, Abay Kunanbayev küçəsi, ev 24, mənzil 14-də yerləşən mənzilə dair mənə aid hissədə payımdan İddiaçı xeyrinə imtina edirəm və bununla bağlı gələcəkdə heç bir tələbim olmayacaq; 3. Biz birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsi, Biqələm küçəsi 0.10 ha torpaq sahəsində yerləşən ev 6 və Abşeron rayonu və Digah qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə hər birimizin ½ hissədə payının müəyyən edilməsi barədə razılığa gəldik. Məhkəmə aparılan zaman Abşeron rayonu, Hökməli qəsəbəsi, Biqələm küçəsi 0.10 ha torpaq sahəsində yerləşən ev 6 mülkə dair sənədləşmənin birgə nikah dövründə aparıldığı müəyyən edilmişdir. Bunu nəzərə alaraq məhkəmə zamanı mənim bu mülkün nigahdan öncə alınmasını təsdiq edən sənədin olmaması və iddiaçı (İddiaçı) tərəfindən bilərəkdən məhkəmə prosesində, bu mülkün birğə nikah dövründə alındığını iddia edərək məhkəməyə yanlış ifadələr vermişdir. Məhkəmə prosesləri zamanı iddiaçıya bu fikirlərin yanlış olduğu bildirilsədə o buna əhəmiyyət verməmiş və fikrində geri çəkilməmişdir. Bununla belə, məhkəməyə yanlış məlumat verərək Abşeron rayonu, Hökməli qəsəbəsi, Biqələm küçəsi 0.10 ha torpaq sahəsində yerləşən ev 6½ hissədə payının bölünməsinə nail olmuşdur. Mən iddiaçı ilə xx.xx.2009 tarixində ailə qurmuşuq, lakin Abşeron rayonu, Hökməli qəsəbəsi, Biqələm küçəsi 0.10 ha torpaq sahəsində yerləşən ev 6 alınmasına dair etibarnəmənin evlilikdən çox əvvəl xx.xx.2006-cı ildə alınması təsdiq olunmuşdur. Yuxarıdakı göstərilənləri və məhkəyə yanlış məlumatın verilməsini nəzərə alaraq mənimlə və iddiaçı arasında bağlanmış barışıq müqaviləsində göstərilən Abşeron rayonu, Hökməli qəsəbəsi, Biqələm küçəsi 0.10 ha torpaq sahəsində yerləşən ev 6 mülkin bənddən çıxarılmasını və İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri verilən qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022 çıxarışına xitam veriməsini xahiş edir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə Cavabdeh xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində, İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır.

9. İddiaçı tərəfindən Cavabdeh ünvanlanan bildirişdə göstərilir: yazıb sizə bildirirəm ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, **********26-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətimdə olan ½ hissəsinə aid torpaq sahəsindən 0,5 ha hissəsini, 30000 manaata üçüncü şəxsə satmaq istəyirəm. Həmin hissəni almaqda Sizin üstünlük hüququnun olduğu üçün mənə aid hissəni 30000 manata almağı Sizə təklif edirəm. 45 gün ərzində üstünlük hüququnuzdan istifadə edib-etməməyiniz barəsində mənə məlumat verməyinizi xahiş edirəm. (xəbərnamə anlaşılmır)

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/2438 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə bir tərəfdən yol ilə əhatə oludğunu, fərdi yaşayış evinin yol tərəfdə yerləşdiyini, fərdi yaşayış evinin yaşayış üçün yararsız vəziyyətdə olduğunu, eyni zamanda bir sanitaq qovşaq və bir mətbəx olduğunu, otaqların yerləşmə vəziyyətini nəzərə alaraq, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada bölünməsinin “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normalı” –nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və blgü variantlarının işlənib haırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, 0,03 ha torpaq sahəsində 2 ədəd fərdi yaşayış evinin inşa olunduğunu və bu fərdi yaşayış evləri üzrə payların müəyyən olunmadığını nəzərə alaraq, həmin torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada bölünməsinin mümkün olmadığı müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manatdır.

11. "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, 0161 saylı mütəxəssis rəyindən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində Abşeron rayonu, Hökməli qəsəbəsi, Biqələm küçəsində yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin üzərində inşa edilən 97,70 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən 30000 manat müəyyən olunur. Qiymətləndirmə xidmətinin göstərilməsinin dəyəri 350 manat təşkil edir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilən işin faktiki halları

12. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı paylı mülkiyyətindədir.

13. İddiaçı özünə aid olan hissənin naturada bölünməsini və bu mümkün olmadıqda isə əmlakın hərracdan satılmasını arzu edir.

14. Əmlakın naturada bölgüsünün mümkünlüyünün müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/2438 saylı rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin naturada bölgüsünün mümkün olmadığı müəyyən edilmişdir. Eyni zamanda açıq hərracda satılmalı olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə mütəxəsis rəyi alınmış və "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, 0161 saylı mütəxəssis rəyinə görə Abşeron rayonu, Hökməli qəsəbəsi, Biqələm küçəsində yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin üzərində inşa edilən 97,70 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin bazar qiymətinin tələblə təklifin 30000 manat təşkil etdiyi müəyyən edilmişdir.

15. Mübahisənin məhkəmədən kənar həlli ilə bağlı tərəflər arasında razılıq əldə edilməmişdir.

16. İddiaçının nümayəndəsi və vəkili iddiaçının əmlakı hərracdan almaq niyyətinin olduğunu bildirmiş və bu məqsədlə ilkin olaraq qapalı hərracın keçirilməsinin təyin edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

19. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

20. 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

21. 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.

22. 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.

23. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

24. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 saylı qaradadında göstərilir: Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.

26. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir.

27. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.

28. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur.

29. Hazırda iddiaçının əldə etmək istədiyi hüquqi nəticə payının dəyərinə uyğun vəsait əldə etməklə, ümumi paylı mülkiyyətdən çıxmaqdır. Odur ki, hazırki mübahisə 221-ci maddənin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

30. Beləliklə, birinci mərhələ (əşyanın fiziki bölgüsü) yəni əşyadan payın naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsidir. Məhkəmə araşdırması dövründə keçirilmiş ekspertiza tədqiqatı ilə müəyyən edildi ki, mübahisəli əmlakın naturada bölgüsü mümkünsüzdür. İddiaçı tərəf bu səbəbdən əmlakın hərracdan satılmasına təkid etmişdir.

31. Hazırda, mübahisənin həlli, ikinci mərhələ üzrə əmlakın açıq hərracdan satılması məsələsinin həll edilməsidir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması isə tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır.

32. Məhkəmə araşdırması dövründə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddiaçının əmlakı almaq niyyətinin olduğunu bildirmiş, əmlakın ilkin olaraq, qapalı harracdan satılmasını xahiş etmişdir.

33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak əvvəlcə payın mülkiyyətçiləri üçün qapalı hərracda bu mümkün olmadıqda, açıq hərracdan satılmalıdır.

34. Mülki Məcəllənin 220-ci maddəsində paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin suiistifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın hərracdan ilkin satış qiymətinin mütəxəssis rəyinə uyğun olaraq, 30000 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

38. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

39. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən əmlak əvvəlcə yalnız paylı mülkiyyətin mülkiyyətçiləri üçün qapalı hərracda, bu mümkün olmadıqda açıq hərracdan satılmalı, əmlakın ilkin satış qiyməti 30000 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq, bölüşdürülməlidir.

40. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısı qismində 50 manat məbləğində pul vəsaiti Cavabdeh Poltatəkin oğlundan tutularaq, İddiaçı ödənilməlidir.

41. Eyni zamanda aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti və mütəxəssis rəyinin alınması ilə bağlı 350 manat məbləğində pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər şəkildə bölündükdən sonra onlardan tutularaq, müvafiq olaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). və "xxxx" MMC-nin hesabına ( benefisiarın adı Hüquqçu MMC, benefisiarın VÖEN-i **********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, SWİFT PAHAAZ22, bank kodu 505141, valyuta AZN, bank VÖEN-i **********) ödənilməlidir.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak(reyestr nömrəsi: **********29-10301) əvvəlcə yalnız paylı mülkiyyətin mülkiyyətçilər (İddiaçı və Cavabdeh) üçün qapalı hərracda, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılsın. Əmlakın ilkin satış qiyməti 30000 (otuz min) manat müəyyən edilsin və izah edilsin ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza xərci və 350 (üç yüz əlli) manat məbləğində qiymətləndirmə xərci tərəflərdən bərabər şəkildə tutularaq, müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) və "xxxx" MMC-nin hesabına (benefisiarın adı: Hüquqçu MMC, benefisiarın VÖEN-i:**********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank: "xxxx" ASC, SWİFT: PAHAAZ22, bank kodu: 505141, valyuta: AZN, bank VÖEN-i: **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar