Məhkəmə qərarları › İş №e-2(001)-108/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-108/2025

07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-108/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması, bu mümkün olmadıqda hərracda satılması və satış pulunun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı 47.12 kv.m ümumi, 28.82 kv.m yaşayış sahəsi olan cavabdehlə onun paylı mülkiyyətində olan mənzildəki 2/3 hissəsində ifadə olunan payının naturada ayrılması, bu mümkün olmazsa, mənzilin açıq hərracdan satılaraq mənzilin satış pulunun paylı mülkiyyətdəki mənzildəki paylarına mütənasib olaraq cavabdehlə onun arasında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə əvvəllər nikahda olmuş və həmin nikahdan xx.xx.2004-cü il tarixdə X1 adlı övladları anadan olmuşdur. Sonradan ailə münasibətləri alınmadığı üçün nikahları pozulmuş və azyaşlı qızı onun yanında saxlanılmışdır. Cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlak olan ünvan 1 ünvandakı 47.12 kv.m ümumi, 28.82 kv.m yaşayış sahəsi olan cavabdehlə onun paylı mülkiyyətində olan mənzil aralarında bölünmüş, mənzilin 2/3 hissəsinə ona, 1/3 hissəsinə isə cavabdehə paylı mülkiyyət kimi çıxarış verilmişdir. Cavabdeh indiyə kimi övladı ilə maraqlanmamış, onun üçün aliment ödəməmiş, həm də ki qeyd olunan mənzilin özünə aid hissəsinə görə heç bir kommunal və digər xərc ödəməmişdir. Halhazırda paylı mülkiyyətlərində olan həmin mənzilin açıq hərracda satılması və satış pulunun paylara müvafiq olaraq bölüşdürülməsi məsələsini qaldırmaq istəyir. Lakin qanunun tələbinə görə bundan əvvəl paylı mülkiyyət olan mənzildəki paylarının naturada ayrılması məsələsi həll olunmalıdır. Hesab edir ki, əsassız yerə məhkəmə süründürməçiliyinə yol verilməməsi üçün qeyd olunan mənzildəki paylarının naurada ayrılması mümkün olmazsa, mənzil açıq hərracdan satılaraq, mənzilin satış pulu paylı mülkiyyətdəki paylarına mütənasib olaraq cavabdehlə onun arasında bölünməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0.069 ha torpaq sahəsində yerləşən 12/164 nömrəli, 9 mərtəbəli binada 47.12 kv.m ümumi, 28.82 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə Cavabdeh 1/3 hissə, İddiaçı 2/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 352 nömrəli reyestr kitabının 32907 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 102 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli 120 nömrəli Arayışdan görünür ki, Qəlbinur X2 rayonu, Azadlıq prospekti, 12/164 saylı evin 17 saylı mənzilində yaşayır. Qeyd olunan mənzil MH №0063187 nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan 2/3 hissəsinin əvəzinə bütün mənzilin kommunal xərclərini (ev kirayəsi və məişət tullantısı) daima 102 saylı MKİS-nə İddiaçıP ödəmişdir. Qonşu mənzildən ev axıntısının və liftin ekstra təmirində qonşularla birlikdə İddiaçı yaxından iştirak etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyun 2024-cü il tarixli 3-16-16/2-10/9311 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 12/164 ünvanda yerləşən 17 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47.12 kv.metr olan mənzilin faktiki vəziyyətinə görə, mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yalnız bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna görə, İnşaat norma və qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun mənzil tərəflərin payına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0162 saylı hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 12/164 ünvanında yerləşən, ümumi sahəsi 47.12 kv.m olan 17 saylı mənzilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən 115.000 (bir yüz on beş min) manat məbləğində müəyyən edilmişdir. Beləliklə, iddiaçının iddia tələbi onun paylı mülkiyyətdə olan əşyadan (Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 12/164 ünvanında yerləşən 17 saylı mənzilindən) özünün payının ayrılmasına dairdir. Qeyd edilməlidir ki, paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələr ilə tənzimlənir. Mülki Məcəllənin 220.3-220.6-cı maddələrinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (m. 220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (m. 220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (m. 220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (m. 220.6). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən maddənin tətbiqi ilə bağlı vurğulamışdır ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Məhkəmə qeyd edir ki, bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. Mübahisə predmeti olan mənzilin tərəflərin paylarına müvafiq olaraq natura formasında ayrılmasının mümkün olub-olmadığının müəyyən olunması məqsədilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə həmin mənzilin naturada bölünməsinin mümkünsüz olduğu müəyyən edilmişdir. Digər tərəfdən tərəflər arasında kompensasiyanın ödənilməsi barədə razılığın əldə edilmiş olduğu da müəyyən edilməmişdir. Belə ki, işin məhkəmə araşdırılması zamanı mübahisəli mənzilin bazar qiymətinin müəyyən olunması üçün ekspertiza təyin edilərək qiymətləndirici təşkilata ("xxxx" MMC-yə) göndərilmiş, həmin təşkatın məhkəməyə təqdim etdiyi qiymətləndirmə hesabatı ilə mənzilin bazar qiymətinin 115.000 (bir yüz on beş min) manat məbləğində olduğu müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmiş və mənzilin işə baxılarkən müəyyən edilmiş bazar qiyməti əsas götürülməklə onun mənzildəki payına uyğun gələn kompensasiyanı vermək iradəsini bəyan etməmişdir. Məhkəmənin qənaətinə görə, bu baxımdan cavabdehin iddiaçının mənzildəki payına uyğun gələn kompensasiya vermək istəmədiyi və əmlakın hərracdan satışına faktiki olaraq etiraz etməyi qənaətinə gəlmək mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin kompensasiya ödəmək niyyətində olmadığı qənaətinə gəlindiyindən iddiaçının tələbi əsasında üçüncü mərhələyə keçid edilməklə əşyanın birbaşa açıq hərracdan satılması qət edilməlidir. Mübahisə predmeti olan mənzilin açıq hərracdakı ilkin satış qiyməti ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 saylı 6 dekabr 2024-cü il tarixli qərardadında göstərilmişdir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Həmçinin yuxarıda qeyd olunduğu kimi, məhkəmənin müvafiq qərardadı əsasında əldə edilən "xxxx" MMC-nin qiymətləndirmə hesabatı ilə mübahisəli mənzilin bazar qiymətinin 115.000 (bir yüz on beş min) manat məbləğində olduğu müəyyən edilmişdir. Şərh edilənlərə, habelə icra mərhələsində qətnamənin əlavə mübahisəyə yol verilmədən daha tez icra edilməsinə nail olmaq baxımından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 12/164 ünvanında yerləşən, ümumi sahəsi 47.12 kv.m olan 17 saylı mənzil 115.000 manat satış qiyməti ilə hərraca çıxarılmaqla açıq hərracdan satılmalı və mənzilin satışından əldə olunmuş pul mülkiyyətçilər arasında paylarına mütənasib (İddiaçı 2/3 hissə, Cavabdeh 1/3 hissə) surətdə bölüşdürülməli, o cümlədən tərəflərə və izah edilməlidir ki, qətnamənin icrası mərhələsində həmin mənzilin bazar qiyməti əhəmiyyətli dərəcədə dəyişdiyi müəyyən edilərsə, onlar MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətinin yenidən müəyyənləşdirməsini istəyə bilərlər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmədə iddia qaldırmaq üçün iddiaçının ödədiyi 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 12/164 ünvanında yerləşən, ümumi sahəsi 47.12 kv.m olan 17 saylı mənzil 115.000 manat satış qiyməti ilə hərraca çıxarılmaqla açıq hərracdan satılsın və mənzilin satışından əldə olunmuş pul mülkiyyətçilər arasında paylarına mütənasib surətdə (İddiaçı 2/3 hissə, Cavabdeh 1/3 hissə) bölüşdürülsün. Eyni zamanda tərəflərə izah edilir ki, qətnamənin icrası mərhələsində həmin mənzilin bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi müəyyən edilərsə, onlar MPMin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətinin yenidən müəyyənləşdirməsini istəyə bilərlər. İddiaçı iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar