Məhkəmə qərarları › İş №e-2(001)-1177/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1177/2025

24.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1177/2025 24.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi X1 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı əvvəlcə cavabdeh "xxxx" MMC(Qaya Qala)-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" MMC ilə (Qaya Qala) onun arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 90 saylı müqavilənin dəyişdirilərək cavabdehin onun mənzilinin əvəzinə 80 kv.m sahəsi olan 2 otaqlı mənzilin yox, 280000 manat nəğd pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda sahəsi 35 kv.m olan, 2 otaqlı 42 saylı mənzili olmuşdur. Cavabdeh "xxxx" MMC (hazırda Qala Qaya adlanır) həmin ərazidə çoxmərtəbəli binalar tikmək istədiyindən onun və qonşularının evlərini alaraq yerində çoxmərtəbəli yaşayış evi tikərək onlara həmin binalardan ev verməyi vəd etdi. Bunu üçün cavabdeh 19 sentyabr 2018-ci ildə mənimlə 90 №-li müqavilə bağlamışdır ki, onun 2 otaqlı evini sökür, yerində tikəcəyi çoxmərtəbəli yaşayış binalarından ümumi sahəsi 80 kv.m olan tam təmirli mənzil verir. Müqaviləni hər iki tərəf imzalamışdır. Cavabdeh "xxxx" MMC müqavilənin 2.2.4.-cü maddəsinin şərtinə görə binanın bünövrəsini qoyduqdan sonra 18 ay müddətində tikintini başa çatdırmağı və mənzili tam təmirli vəziyyətdə mənə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2 bəndinin tələbinə görə cavabdeh bina tikilib başa çatanadək mənim 2 otaqlı mənzil kirayə etməyi üçün ona hər ay 600 manat kirayə haqqı verməyi öhdəsinə götürmüçdür. Müqavilənin 2.1.1-ci bəndinin tələbinə görə mülkiyyətində olan mənzili müqavilə bağlandıqdan dərhal sonra mənzili boşaldıb cavabdehə təhvil vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini göstərilən vaxtda yerinə yetirmədiyi halda hansı məsuliyyət daşımalı olduğu barədə heç bir şərt qeyd etməmişdir. Cavabdeh eyni zamanda onu aldadaraq mənzili hansı binadan, binanın hansı girişindən, hansı mərtəbədən, neçənci mənzili verəcəyini də göstərməmişdir. Cavabdeh həmin ərazidə 6 çoxmərtəbəli bina tikmişdir. Onun 5-ni tikib başa çatdırmış, mənzillərdən ona mənzil verməmişdir. Əksinə, həmin binalardakı mənzilləri evi sökülən sakinlərə vermək əvəzinə, kənar adamlara satmışdır. Cavabdehlə bu barədə mübahisələri olmuş, fəqət cavabdeh onun tələbini yerinə yetirməmiş, onu 18 ay müddətinə mənzillə təmin etməmişdir. Bunu nəticəsində ağır xəstəliyə tutulmuşdur. 2024cü ilin 19 sentyabrında cavabdehin onu aldatmasından 6 il keçir, hələ də mənzili təhvil verməmişdir. Nəticədə onun ailə tərkibi 2 nəfər olduğu halda hazırda oğlu ailə qurmuş, 2 uşağı var, ailə üzvləri 5 nəfərə çatmışdır. Artıq bu ailəyə 2 otaqlı mənzildə yaşamaq münasib deyildir. Mənzil sahəsinin genişlənməsinə ehtiyac vardır. Bu keçən müddətdə mənzillər də bahalaşmışdır. Hazırda onun mənzilimin yerləşdiyi yerdə tam təmirli mənzilin hər kvadrat metrinin qiyməti 3500 manatdır. Cavabdeh hələ tikintisi tamamlanmamış 6-cı yaşayış binasınınə 11-ci mərtəbəsində mənzil təklif edir. Bu yüksəklik artıq onun səhhəti üçün də əlverişli deyildir. Beləliklə, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən o, maddi və mənəvi zərər çəkmiş və çəkməkdə davam edir. Onun təqsiri ucundan sağlamlığını da itirmişdir. İşin halları göstərir ki, borclu öhdəliyini vaxtında icra etmədiyindən, onun müqavilədə nəzərdə tutulan gözləntiləri baş tutmamış, onu və ailəsini qane etməyən şərait yaranmışdır. Ona görə də, onun sağlamlığı ilə əlaqədar ona aşağı mərtəbədə yerləşən mənzil, ailə sayının artmasına görə isə daha geniş mənzilə ehtiyac yaranmışdır. Onun evinin yerləşdiyi yerdə bu gün tam təmirli mənzilin hər kvadrat metri 3500 manata satılır. Ona görə də, cavabdeh sağlamlığına və ailə vəziyyətinə görə mənzil əldə etmək üçün müqavilədə nəzərdə tutulan 80 kvadrat metr mənzilin əvəzinə 280.000 manat ödəməlidir ki, o, sağlamlığına və ailə vəziyyətinə görə daha uyğun mənzil əldə edə bilsin. Sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1 Cavabdeh MTK-nin əsl cavabdeh kimi icraata cəlb edilməsi və mülki işin aidiyyəti üzrə əsl cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə, yəni Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət vermişdir. Bundan başqa əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də əsl cavabdeh əvəz edildikdən sonra mülki işə aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsində baxılmalı olduğunu bildirmişdir. İddiaçının nümayəndəsinin əsl cavabdehin əvəz edilməsi barədə vəsatəti məhkəmənin ayrıca akt şəklində tərtib olunmadan çıxartdığı qərardadla təmin edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətini də əsaslı hesab edir. Belə ki, işin halları ilə müəyyən edilir ki, hazırda əsl cavabdeh kimi cəlb edilmiş Cavabdeh MTK əvvəlki cavabdeh "xxxx" MMC-nin hüquqi varisi deyildir və onun hüquqi ünvanı AZ1029, ünvan 2 bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında göstərilən hüquqi mövqeyə görə Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bundan əlavə Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Hazırki işin hallarından iddia ərizəsinin ilk baxışdan aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyi təəssüratı yaransa da, məhkəmə hesab edir ki, əsl cavabdehin əvəz edilməsi işə əvvəldən baxılmasını şərtləndirdiyindən və nəticə etibarı ilə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmədiyindən vəsatət əsaslıdır. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyanın prinsipindən və mülki prosessual qanunvericiliyin aidiyyətlə bağlı tələbindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Beləliklə, iddiaçının nümayəndəsinin vəsatətini cavabdehin razılığı ilə birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, vəsatət təmin edilməli və mülki iş baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Mülki işin göndərilməsi qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilsin. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar