Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1198/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi X22, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X28 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 02.12.2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 02.12.2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X8 01 iyun 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından 02.05.2017-ci il təvəllüdlü X24 doğulmuşdur. Daha sonra X23 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə X12 qarşı nikahın pozulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli, 2(001)-760/2019 saylı qətnaməsi ilə onlar arasımda olan nikah pozulmuşdur. Həmin məhkəmə qətnaməsinə əsasən X23 X6 arasında 01.06.2016-cı il larixdə 2 saylı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 418 saylı nikah qeydi ləğv edilmiş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 02.05.2017-ci il təvəllüdlü X13 yetkinlik yaşına çalanadək saxlanması üçün X14 qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarda aliment X9 xeyrinə tutulmuş, 18.01.2019-cu il tarixdən hesablanmaqla 02.05.2017-ci il təvəllüdlü X13 3 yaşına çatanədək hər ay 50 manat X10 X9 xeyrinə tutulması qəl edilmişdir. Bundan sonra iddiaçı ilə keçmiş həyat yoldaşı X23 arasında birgə nikahdan olan 02.05.2017-ci il təvəllüdlü X18 ilə ünsiyyət barəsində barışıq sazişi bağlanmış və həmin barışıq sazişinə indiyə kimi də əməl edilir. Hal-hazırda iddiaçının keçmiş qayınatası və qayınanası nəvələri ilə ünsiyyət üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, Binəqədi rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 02.12.2021-ci il tarixli, 38/2021 saylı Qərarı ilə aşağıdakılar müəyyən edilmişdir: “ ... Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının 20.02.2019-cu il tarixli, 02/2019 saylı qərarı ləğv edilsin. Vətəndaş İddiaçı tərəfindən, X2 və X15 yetkinlik yaşına çatmayan nəvəsi 02.05.2017-ci il təvəllüdlü X24 ilə ünsiyyətdə olmalarına yaradılan manelər aradan qaldırılsın. X7 və X15 nəvələri X24 ilə İddiaçı iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan, saat 17:00-dək və uşağın doğum günü hər ilin 02 may tarixində saat 12:00-dan saat 15:00-dək görüşü təmin edilsin”. X42 və X29 bundan öncə də Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, müraciətləri əsasında Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası rəy vermişdir ki, vətəndaş X32 və X15 nəvələri X16 ilə X3 iştirakı olmadan hər həflənin bazar günü saat 12:00-dan saat 15:00-dək ünsiyyət hüququ təmin edilsin. X42 və X29 bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət elsələr də, həmin mülki iş baxılmamış saxlanılmışdır. Mülki işin baxılmamış saxlanmasının səbəbi X42 və X15 məhkəmə prosesinə gəlməmələri olmuşdur. İddiaçı hal-hazırda X30 işləyir. Həftənin beş günü işdə olur, onun özü də övladı ilə həftənin şənbə bazar günü vaxt keçirir. İddiaçı ilə X23 arasında bağlanmış barışıq sazişinə əsasən X23 övladı X24 ilə həftənin bazar günü görüşür. Əgər həftənin 6-cı günü də baba və nənə üçün görüşə vaxt ayrılsa, o zaman iddiaçı üçün uşaqla vaxt keçirmək istənilən səviyyədə olmayacaq, qalan vaxt sadəcə formal olaraq qalacaq. Bu isə valideyn hüququnun kobudcasına pozulması deməkdir. Qərarın əsaslandırma hissəsində qeyd edilir ki, “baba və nənənin sağlamlığında ciddi problemlər yoxdur. Püstə Həsənova sağlamlığında yaranmış probləmlərə görə ev şəraitində kənarda uşaqla ünsiyyətdə ola bilmir, bu hal isə onun nənə kimi ünsiyyət hüququnun həyata keçirilməsinə mane olur”. İddiaçı ilə X25 arasında bağlanmış və məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin 1.4-cü bəndinə əsasən aşağıdakı şərtlə razılığa gəlinmişdir: iddiaçı tərəf və cavabdeh tərəf qarşılıqlı razılıqla müəyyən etdikləri həftənin bir günü razılaşdırılmış saatlarda (3 saatdan artıq olmamaq şərti ilə) Sumqayıt şəhərində cavabdehin və ya cavabdehin valideynlərinin (valideynlərindən birinin) iştirakı ilə 02 may 2017-ci il təvəllüdlü X24 ilə iddiaçının görüşünə heç bir mane yaradılmayacaq. Qərarın əsaslandırma hissəsində qeyd edilir ki, X8 onun övladı X24 bazar günləri saat 12:00-dan 15:00-dək görüş olduğu üçün iddiaçının uşağın qayğısına qalmağa kifayət qədər çox vaxt qalır. Bundan başqa işin təkzib edilməz halı odur ki, X42 və X29 iddiaçının keçmiş həyat yoldaşı olan X8 bir ünvanda yaşayırlar. Ən önəmli məqam ondan ibarətdir ki, iddiaçı indiyə kimi görüşlə bağlı heç kimə mane yaratmamış və tərəflər istədikləri vaxt görüş üçün Sumqayıta gəlimişlər. Lakin nədənsə nənə uşağı ayağına gətizdirmək istəyir. Bu isə sadəcə bir eqodur. Təəsuflər olsun ki, cavabdeh orqan da bu eqonu təmin etmək üçün əlindən gələni etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, oğlu – 02.05.2017-ci il təvəllüdlü X24 hal-hazırda 4 yaşındadır, uşaq körpə olanda uşağın atası ilə ayrılıblar. Rəhim atası və babasını tanıyır. Belə ki, ataya verilən görüş saatlarında baba da gəlib uşağı görür və o, buna heç vaxt etiraz etməyib. Uşağın nənəsi isə bu dörd ildə bir dəfə də olsun uşağı görməyə gəlməyib, Rəhim onu ümumiyyətlə tanımır. Hal-hazırda bu tələbin irəli sürülməsinin məqsədi də sırf uşağı evinə ayağına gətizdirməkdir. Rəhimin qidalanması çox pisdir. Yeməyini saatlarla yeyir. Eyni zamanda mədə-bağırsaq sistemində də müəyyən problemləri var, qəbizlikdən əziyyət çəkir. Təbii ehtiyaclarını yalnız anası və ya ana nənəsi yanında olanda icra edə bilir. Atasını belə həmin vaxt yaxın buraxmır. Uşağın atası ilə razılığa gəlmişlər ki, uşaqla həftədə bir dəfə uşağın yaşadığı Sumqayıt şəhərində ananın iştirakı ilə görüş olacaq. Ata buna razılaşmış və hal-hazıradək aralarında ünsiyyətlə bağlı hər hansı narazılıq olmayıb. İftixar yaxşı atadır, uşağını çox istəyir və o, heç vaxt bunu dana bilməz. Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası 02.12.2021-ci il tarixli qərarını qəbul edərkən bütün bunları nəzərə almamış, uşağın mənafeyinə diqqət yetirməmişdir. Dörd yaşlı uşağın hər həftə Sumqayıt şəhərindən Bakı şəhərinə, faktiki olaraq tanımadığı adamların içinə aparılması nə qədər düzgündür? Onun yeməyi, təbii ehtiyacları ilə həmin evdə kimin məşğul olacağı komissiya tərəfindən heç araşdırılıbmı? Uşağın nənəsi ümumiyyətlə onu heç vaxt istəməyib. İndi də nə onda birdən-birə uşağa qarşı məhəbbətin yaranmasına inanmır, nə də ki, uşağa baxmaq vəziyyətində və həvəsində olmasına. Özlərinin dediyinə görə, səhhətində ciddi problemlər var. Belə olan halda o, uşağının hazırkı vəziyyətdə onun iştirakı olmadan başqa şəhərə aparılmasına narazıdır. Eyni zamanda, Komissiya görüş günü kimi altıncı günü seçməklə, onun hüqularını məhdudlaşdırmışdır. Belə ki, o, həftə içi beş gün saat 09:00-dan 18:00-dək işləyir. Hətta növbətçi olduğu günlər də olur. Bazar günü adətən uşağın atası ilə ünsiyyətinə həsr olunur. Ona qalır bir altıncı gün, həmin günü də Komissiya saat 11-dən 17-dək nənə və babanın uşaqla öz evlərində ananın iştirakı olmadan ünsiyyəti üçün müəyyən edir. Göründüyü kimi, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 02.12.2021-ci il tarixli qərarı yalnız nənə və babanın mənafeyinə xidmət edir və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 02.12.2021-ci il tarixli qərarının uşağın mənafeyinə zidd olması aşkardır. Belə ki, barışıq sazişinə əsasən ataya bazar günü ananın iştirakı ilə Sumqayıt şəhərində görüş saatları müəyyən edilib, bu görüşlərə hazırlıq və görüşlərin özləri uşaq üçün hər dəfə bir hadisəyə çevrilir. Komissiyanın qərarına əsasən isə uşağı gərək altıncı gün saat 11-də görürüb aparsınlar atasının baba və nənəsi ilə yaşadığı evə, axşama qədər orda qalsın, sonra səhərsi gün yenidən atası ilə görüşə artıq Sumqayıt şəhərində ananın iştirakı ilə getsin. Bunun uşağın psixoloji durumuna ehtimal olunan təsiri və uşağın real mənafeyi Komissiya tərəfindən araşdırılmamışdır. Dörd yaşlı uşağın stabil həyata, müəyyən rejimə və öyrəşdiyi mühitdə yaşamağa ehtiyacının olması mübahisəsizdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi X33 izahatında məhkəməyə bildirdi ki, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 02.12.2021-ci il tarixli qərarı tamamilə uşağın mənafeyinə xidmət edir və həmin qərar qəbul edilərkən bütün zəruri məqamlar nəzərə alınmışdır. Uşaq körpə deyil, 02.05 tarixində artıq 5 yaşı tamam olacaq və səhhətində problemlərin olması barədə Komissiyaya hər hansı sənəd təqdim edilməmiş, uşaq özü Komissiyanın iclasına gətirilməmişdir. Beş yaşında uşaq artıq özü həm yeyə, həm də, təbii ehtiyaclarını icra edə bilər. Onun ata babasının evinə getməsinə, həmin mühitlə tanış olmasına, orda vaxt keçirməsində uşağa ziyan verə biləcək heç nə yoxdur. Bu əksinə onun formalaşmasına xeyir gətirə bilər. Hazırkı iş üzrə qərar qəbul edilərkən nənə və babanın uşağa hər hansı mənfi təsir edə bilmələri müəyyən edilməmişdir. Onlar sadəcə təbii olaraq nəvələri ilə öz evlərində ünsiyyətdə olmaq istəyirlər. Yaşlı adamlardır, səhhətlərində müəyyən problemlər var və bu yaşdan sonra onların nəvələri ilə Sumqayıt şəhərinin parklarında ünsiyyətdə olmaları mümkün deyil. Belə ki, həm yol uzaqdır, həm də, bunun payızı, qışı, isti yay günləri var. Ona görə də, hesab edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 02.12.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır, iddia ərizəsinin isə əksinə heç bir hüquqi əsası mövcud deyil. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X42 izahatında məhkəməyə bildirdi ki, onun hər hansı bir qeyri-adi tələbi və ya xahişi yoxdur. O və yoldaşı sadəcə nəvələri ilə ünsiyyətdə olmaq, onun tərbiyyəsində və böyüməsində iştirak etmək istəyirlər. Hal-hazırkı vaxtadək o, oğlunun ünsiyyət saatlarında Sumqayıt şəhərinə gedib nəvəsini görürdü. Lakin qısa vaxt ərzində, çöl şəraitində, nəzarət altında keçən bu görüşlər onun nəvəsi ilə ünsiyyət tələbatını ödəmir. Sumqayıt parkının bütün işçiləri onları artıq tanıyır. X4 bu yaxında ağır əməliyyat olunub. O, heç vaxt Sumqayıt şəhərinə Rəhimlə görüşə getməyib, onunla yalnız evində görüşə bilər. Onların nəvələri ilə Bakı şəhərində ünsiyyətdə olmalarında təhlükəli və ya pis nə var ki. Hətta bu görüşün altıncı gün olması da şərt deyil. Başqa günlər də ola bilər. Əsas odur ki, 2-3 saatlıq hamısı Sumqayıta yığışmaq məcburiyyətində olmasınlar. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X29 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 02 dekabr 2021-ci il tarixli, 38/2021 saylı qərarında aşağıdakılar qeyd edilmişdir: “ ... Ərizəçilərin həyat şəraiti müayinə edilərkən X29 ilə aparılan söhbət zamanı o, qeyd etdi ki, 22.03.1954-cü il təvəllüdlüdür, ali təhsillidir, təqaüdçüdür, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır, sağlamlığında yaranmış problemlərə görə Komissiyaya gələ bilməyib. X39 keçmiş gəlini İddiaçı ayrıldıqdan sonra onların nəvəsi ilə ünsiyyətinə ciddi problemlər yaradılmışdır. Oğlu, özü və həyat yoldaşı Nadir Həsənov ünsiyyət hüququ əldə etsələr də, İddiaçı uşaqla rahat görüşmələrinə icazə verməmişdir. X40 birinci nikahından dünyaya gələn sağlamlıq imkanları məhdud qız nəvəsinə özü nəzarət etdiyi üçün digər nəvəsi Rəhim Həsənovla görüşmək məqsədilə Sumqayıt şəhərinə gedə bilməmişdir. Sağlamlıq imkanları məhdud qız nəvəsi bir müddət əvvəl 14 yaşında vəfat etdikdən sonra böyük stres yaşamış və yeriməsində problem yaranmışdır, hazırda müalicə olunur. O, izahatının sonunda nəvəsi Rəhim Həsənovu çox istədiyini və nənə kimi onun qayğıları ilə yaxından məşğul olmaq arzusunda olduğunu qeyd edərək, ərizədə göstərilən müddətdə və qaydada nəvəsi ilə görüşmələri barədə qərar qəbul olunmasını xahiş etdi. ... Ərizəçi X1 olarkən qeyd etmişdir ki, 05.11.1950-ci il təvəllüdlüdür, ali təhsillidir, polis polkovniki kimi təqaüddədir, sağlamlığında ciddi problem yoxdıır və hazırda ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. X5 ilə İddiaçı ailə münasibətləri pozulduqdan sonra nəvəsi X24 anasının himayəsində qalıb. Oğlu ilə gəlini ayrıldıqdan sonra nəvəsi ilə ünsiyyətdə olmasına şərait yaradılmadığı üçün uşaqla ünsiyyət hüququ əldə etmək məqsədilə həyat yoldaşı Püstə Həsənova ilə birlikdə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına 31.01.2019-cu il tarixdə ərizə ilə müraciət etmişlər. Onların nəvəsi Rəhim Həsənovla hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-dək müddətdə ünsiyyətdə olması barədə Komissiya tərəfindən 20.02.2019-cu il tarixli 09/2019 saylı Qərar qəbul edilmişdir. X49, uşaqla ünsiyyət hüququ əldə etmək üçün məhkəməyə müraciət etdikdən sonra İddiaçı iştirakı ilə onun övladı Rəhim Həsənovla hər həftənin bazar günü saat l2:00-dan saat l5:00-dək müddətdə ünsiyyətdə olması barədə qətnamə qəbul edilmişdir. Müəyyən edilmiş müddətdə özü və X49 uşaqla görüş üçün İddiaçı yaşadığı Sumqayıt şəhərinə getmiş, həyat yoldaşı isə müəyyən səbəblərə görə görüş üçün oraya getməmişdir. Onlar orada mənzil şəraitindən kənarda, sərbəst ola bilməyəcəkləri şəraitdə və İddiaçı nəzarəti altında uşaqla ünsiyyətdə olmuşlar. Ayrı yaşamalarına və istədikləri kimi uşaqla ünsiyyətdə ola bilməmələrinə baxmayaraq, hər zaman uşağın maddi tələbatlarının qarşılanmasında iştirak etmiş, nəzərdə tutulmuş alimenti ödəmişlər. Oğlu ilə gəlini 2019-cu ildə ayrıldıqları dövrdə nəvəsi Rəhim Həsənov azyaşlı idi, anasından çox ayrı qala bilmirdi, hazırda isə uşağın yaşı bir qədər artıb, onlarla rahat və sərbəst ünsiyyətdə olur. Bunlarla yanaşı, həftədə bir gün 3 saat müddətində nəzarət altında və rahat olmayan bir şəraitdə nəvəsi ilə ünsiyyətdə olması onu qane etmir. Həmçinin X40 birinci nikahından dünyaya gələn 14 yaşlı qız nəvəsi vəfat etdikdən sonra özü və həyat yoldaşı çox böyük stres yaşamışlar. Yaşadığı stres nəticəsində həyat yoldaşı Püstə Həsənovanın yeriməsində problemlər yaranıb və hazırda müalicə olunur. Keçmiş gəlini İddiaçı ünsiyyət müddətinin artırılması və görüşün ev şəraitində keçirilməsinə razılıq verməsini xahiş etsə də o, icazə verməmişdir. O, izahatının sonunda nəvəsi Rəhim Həsənovun yaşının artmasını, sağlamlığında ciddi problemlərin olmamasını, uşağın onlarla sərbəst ünsiyyətdə ola bilməsini, ailə vəziyyətini, uşağı çox istəmələrini və ona çox bağlı olmalarını qeyd edərək, ərizədə göstərilən müddətdə və qaydada nəvəsi ilə ünsiyyətdə olmaları barədə qərar qəbul olunmasını Komissiyadan xahiş etdi. ... Komissiya daxil olmuş müraciətlə bağlı apardığı araşdırmalar zamanı müəyyən etdi kı, ərizəçilərin əxlaqi və şəxsi keyfiyyətləri müsbətdir, uşaqla ünsiyyətə mane olan zərərli vərdişləri və sağlamlıqlarında ciddi problemləri yoxdur, onlar nəvəsinin qayğıları ilə məşğul olmaq və uşaqla rahat ünsiyyətdə olmaq üçün hazırki ərizə ilə müraciət ediblər. Hal-hazırda Püstə Həsənova sağlamlığında yaranmış problemlərə görə ev şəraitindən kənarda uşaqla ünsiyyətdə ola bilmir, bu hal isə onun nənə kimi ünsiyyət hüququnun həyata keçirilməsinə mane olur. Habelə müəyyən edildi ki, yetkinlik yaşına çatmayan Rəhim Həsənovun artıq 4 yaşı tamam olduğundan və sağlamlığında ciddi problem olmadığından körpə yaşlarındakı kimi ana qayğısına xüsusi ehtiyacı yoxdur, uşaq ata tərəfdən yaxın qohumlarını tanıyır, münasibətləri yaxşıdır, uşağın anası İddiaçı işlədiyi üçün uşaq ana tərəfdən baba-nənəsinin himayəsində olur. Komissiya qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan Rəhim Həsənov anasının himayəsində yaşadığından və uşağın atası İftixar Həsənovla anası İddiaçı iştirakı ilə hər həftənin bazar günü saat 12:00-dan saat l5:00-dək görüşməsi nəzərdə tutulduğundan, İddiaçınm övladı ilə birgə həftəsonu sərbəst vaxt keçirməsi və onun qayğıları ilə məşğul olması mümkündür. ... Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 20.02.2019-cu il tarixli 09/2019 saylı Qərarı ləğv edilsin. Vətəndaş İddiaçı tərəfindən, X2 və X15 yetkinlik yaşına çatmayan nəvəsi 02.05.2017-ci il təvəllüdlü X24 ilə ünsiyyətdə olmalarına yaradılan maneələr aradan qaldırılsın. X2 və X15 nəvəsi X24 ilə vətəndaş İddiaçı iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək və uşağın doğum günü hər ilin iki may tarixində saat 12:00dan saat 15:00-dək müddətdə görüşü təmin edilsin”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 05 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları Bəyənnaməsi”nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə əsasən, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6 nömrəli qərarında göstərilmişdir ki, ... uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. ... Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir.Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. ... Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedibgetməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər”. Hazırkı işdə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 02.12.2021-ci il tarixli qərarı ilə baba və nənənin görüş saatlarının atanın görüş saatları (bazar günləri saat 12:00-dan 15:00-dək) ilə üst-üstə düşməmiş, baba və nənəyə şənbə günləri 11:00-dan saat 17:00-dək ünsiyyət vaxtı müəyyən edilmiş, eyni zamanda, ata uşaqla ananın iştirakı ilə uşağın yaşadığı Sumqayıt şəhərində görüşsə də, nənə və babanın ünsiyyəti ananın iştirakı olmadan Bakı şəhərində nəzərdə tutulmuş və Komissiyanın qərarında nənə və babanın ataya nisbətdə qeyd olunan “imtiyazlı vəziyyəti” əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, Komissiya uşağın yaşını, onun yaşam qrafikini, uşağın istirahət günləri hər iki valideynlə birlikdə vaxt keçirməli olmasını nəzərə almamışdır. Hər həftənin şənbə və bazar günləri fərqli vaxtlarda, fərqli şəraitdə dörd yaşlı uşağın həm baba və nənə ilə, həm də atası ilə ünsiyyət qaydasının müəyyən edilməsi həm ananın, həm uşağın mənafeyinə ziddir. İki gün ardıcıl fərqli vaxtlarda və fərqli şəraitdə həm nənə və baba ilə, həm də atası ilə görüşməsi azyaşlı uşaq üçün çətin şərait yarada bilər. Uşaq orta məktəbə gedəndə, müvafiq hazırlıqlara gedəndə isə belə ünsiyyət ümumiyyətlə onun mənafeyinə uyğun olmayacaq və uşağın sağlamlığına əks təsir edəcək. Ona görə məhkəmə hazırkı vəziyyətdən çıxış yolu kimi onu görür ki, baba ilə nənənin görüş vaxtı uşağın atasının görüş vaxtı ilə bir gündə keçirilsin. Eyni zamanda nə qədər ki, baba ilə nənənin görüş vaxtı da atanın ünsiyyətdə olduğu günə düşəcək, məhkəmə hesab edir ki, baba ilə nənənin ünsiyyət vaxtı atanın ünsiyyət vaxtından sonra başlamalı və əlavə üç saat davam etməlidir ki, hər üç nəfərin mənafeyi qorunsun. Həmçinin məhkəmə hesab edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 02.12.2021-ci il tarixli qərarı qəbul edilərkən Komissiya tərəfindən dörd yaşlı uşağın ananın iştirakı olmadan hər həftə yaşadığı şəhərdən başqa şəhərə getmək və orada 6 saat anasından və onunla birlikdə yaşayan ana nənə və babasından ayrı qalmaq (fizioloji və psixoloji) imkanları, həmin faktorların ona ehtimal olunan təsiri araşdırılmamış, uşağın 2019-cu ildən anası ilə birlikdə, atasından, ata nənə və babasından ayrı yaşamasını, nənəsini illərlə görməməsini və tanımamasını, xüsusi gida qəbulu rejiminin olmasını və tərəflər arasında mövcud olan kəskin münaqişəli vəziyyəti nəzərə alınmamışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nənə və babanın nəvələri ilə kənar müdaxilə olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq, onunla asudə vaxt keçirmək, tərbiyyəsində iştirak etmək və s. hüquqları vardır və müəyyən müstəsna hallar olmadan bu hüquqların məhdudlaşdırılması yolverilməzdir. Lakin hazırkı iş üzrə isə qeyd olunan hüquqların müəyyən həddə məhdudlaşdırılması üçün əsaslar mövcuddur. Belə ki, yuxarıda sadalanan daxili və beynəlxalq qanunvericilik normalarının məzmunundan göründüyü kimi, bu qəbildən olan işlərə baxarkən məhkəmələr ilk növbədə uşağın mənafeyini üstün tutmalı, böyüklər arasındakı ziddiyyətli münasibətləri uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidirlər. Hər bir uşaq öz yaxın qohumlarını tanımaq və onlarla ünsiyyətdə olmaq hüququna malikdir. Nənə və baba isə uşağın mənəvi və fiziki inkişafı, təhsili və ictimai faydalı əməyə hazırlanması istiqamətində ona qayğı göstərməlidir. Uşaqla ünsiyyətdə olmadan isə göstərilənləri həyata keçirmək mümkün deyildir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, nənəsini bir neçə il ərzində görməyən dörd yaşlı uşağın faktiki olaraq xatırlayıb-xatırlamadığı sual altında olan nənəsi ilə birbaşa uzunmüddətli ananın iştirakı olmadan, uşağın yaşadığı və öyrəşdiyi mühitdən kənar görüşlərinin müəyyən edilməsi uşağın mənafeyi və psixolojı vəziyyəti baxımından məqsədəmüvafiq hesab edilə bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6 saylı qərarında da göstərildiyi kimi, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Yəni, nənə və baba uşaqla bir müddət daha məhdud rejimdə ünsiyyətdə olduqdan, uşaq daha anlaqlı yaşa çatdıqdan və onlara öyrəşdikdən sonra, yenidən eyni ərizə ilə müraciət edərək, ünsiyyət qaydasının dəyişdiriməsini tələb edə bilərlər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli; Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 02 dekabr 2021-ci il tarixli, 38/2021 saylı qərarı ləğv edilməli; mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X42 və X19 nəvələri – 02.05.2017-ci il təvəllüdlü X24 ilə hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək ananın (İddiaçı) iştirakı ilə uşağın yaşadığı Sumqayıt şəhərində ünsiyyətdə olmaq (görüş) hüququ verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 02 dekabr 2021-ci il tarixli, 38/2021 saylı qərarı ləğv edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X42 və X19 nəvələri – 02.05.2017-ci il təvəllüdlü X24 ilə hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək ananın (İddiaçı) iştirakı ilə uşağın yaşadığı Sumqayıt şəhərində ünsiyyətdə olmaq (görüş) hüququ verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-1198/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1198/2022
15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver