Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1206/2022 15.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 550 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 09.05.2020-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Akademik H.Əliyev küçəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, **-MB- *** dövlət qeydiyyat nişanlı avtomobil, "Kia Soul” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "Hyundai Sonata” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 24.02.2020-ci il tarixindən 24.02.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 03.06.2020ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 550 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 ödənilmişdir. TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və onun əsasında Nəsimi RPİ DYPŞ tərəfindən tərtib edilmiş YNH-nin təfərrüatları barədə Arayışdan görünür ki, Babayev X3 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə təqsirli bilinmişdir. İddiaçının subroqasiya hüququnun olduğunu nəzərə alaraq iddiaçı tərəfindən ödənilmiş 550 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Hyundai Sonata” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən icbari sığorta müqaviləsinə əsasən sığortalanmışdır. İş materiallarında olan Nəsimi rayon DYPŞ TP ******* №-li qərardan görünür ki, Cavabdeh 09.05.2020-ci il tarixdə "Hyundai Sonata” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına keçməklə manevr etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 09.05.2020-ci il tarixdə "Hyundai Sonata” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Cavabdeh yol hərəkəti qaydalarını pozması nəticəsində "Kia Soul” markalı, **- XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. İş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən tərtib edilmiş 19.05.2020-ci il tarixli qüsur aktından görünür ki, "Kia Soul” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 550 manat zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş PXA63410 saylı sığorta aktından və 01.06.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “08.05.2020-ci il tarixdə nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 19.05.2020-ci il tarixli qüsur aktına uyğun olaraq "Kia Soul” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 550 manat zərər ********** nömrəli plastik kart vasitəsilə X1 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə də, yuxarıda təsvir olunanlarla "xxxx" ASC-də icbari sığorta ilə sığortalanmış, Cavabdeh tərəfindən idarə olunan "Hyundai Sonata” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayınmış olduğundan sığortaçı "xxxx" ASC-nin qeyd olunan hadisəni törətmiş cavabdehə qarşı 550 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 580 (beş yüz səksən) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1206/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1206/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver