Məhkəmə qərarları › İş №e-2(001)-1218/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1218/2022

18.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1218/2022 18.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Alşanov (Alshanov) Rəşadın iştirakı ilə İddiaçı cavabdehlər Alşanov (Alshanov) Rəşada və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 58.380 manat, cavabdeh Alşanov (Alshanov) Rəşad oğlundan 1.900 manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmişlər və təqdim edilmiş sübutların nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdilər. Məhkəmə iclasında cavabdeh Alşanov (Alshanov) Rəşad iddianı qəbul etməyərək, bildirmişdir ki, o, həm İddiaçı, həm də Cavabdeh2 tanıyır. İddiaçı ticarətlə məşğul olur və bu fəaliyyət çərçivəsində Türkiyə və Çin Xalq Respublikasından müxtəlif növ geyim əşyalarını sifariş edərək, onların Azərbaycan Respublikasında satışını həyata keçirir. Həmin əşyaların dəyərinin ödənilməsi köçürmə yolu ilə həyata keçirilir. İddiaçı müəyyən məbləğdə pul köçürmələrini həmin ölkələrdə olan partnyorlarına məhz Cavabdeh2 vasitəsi ilə həyata keçirmişdir. Bu məqsədlə İddiaçı bir neçə dəfə müxtəlif məbləğlərdə pul vəsaitini köçürmə yolu ilə ona ötürmüş, o da bu məbləğləri sifariş olunmuş geyim əşyalarının Azərbaycan Respublikasına gətirilməsinin təmin edilməsi üçün Türkiyə və Çin Xalq Respublikasına göndərməli idi. İki dəfə də, yəni 1.300 manat və 600 manat məbləğində pul vəsaitini Cavabdeh2 göndərilməsi üçün İddiaçı ona vermişdir. O, da bu məbləğləri elektron ödəmə sistemləri vasitəsi ilə Cavabdeh2 göndərmiş və bu barədə İddiaçı məlumat verməklə köçürməni təsdiq edən qəbzləri İddiaçı təhvil vermişdir. İddiaçı məxsus olan hər hansı vəsaiti özündə saxlamamış və ya mənimsəməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə birlikdə çalışır və iş icraçısı kimi fəaliyyət göstərir. Cavabdeh2 tanıyır. İddiaçı aid pul vəsaitini onun tapşırığı əsasında bir neçə dəfə Cavabdeh2 hesabına köçürmüşdür. Həmin köçürmələri elektron ödəmə sistemləri vasitəsi ilə həyata keçirmiş və bu halı təsdiq edən qəbzləri İddiaçı təhvil vermişdir. Lakin Cavabdeh2 göndərilmiş pul vəsaiti onun tərəfindən Türkiyə və Çin Xalq Respublikasında olan partnyorlara çatdırılmamışdır. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri, habelə şahidi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlər Alşanov (Alshanov) Rəşad oğlu və Cavabdeh2 biri birini bir neçə ildir ki tanıyan şəxslərdir. İddiaçı ilə Cavabdeh2 bir neçə il iş birliyi olmuş və həmin münasibətlər çərçivəsində bu cavabdeh iddiaçıya məxsus pul vəsaitlərini iddiaçının Türkiyə və Çin Xalq Respublikasında olan partnyorlarına vaxtında ötürülməsini və müxtəlif geyim əşyalarının həmin ölkələrdən gətirilməsini təmin etmişdir. Hazırda iddiaçı qeyd edilən işlərin görülməsi üçün cavabdehə ümumilikdə 58.380 manat məbləğində pul vəsaitini köçürdüyünü, lakin həmin məbləğlərin Türkiyə və Çin Xalq Respublikasında olan partnyorlaya ötürülmədiyini, nəticədə aidiyyəti geyim əşyalarının ona göndərilmədiyini və pulun cavabdeh tərəfindən mənimsənilərək, ona maddi zərər vurulduğunu, eyni hərəkətlərin yerinə yetirilməsi üçün digər cavabdeh Alşanov (Alshanov) Rəşad oğluna da 1.300 manat və 600 manat məbləğində pulun göndərildiyini, lakin onun tərəfindən də köçürmənin həyata keçirilmədiyini iddia edir və Cavabdeh2 58.380 manat, cavabdeh Alşanov (Alshanov) Rəşad oğlundan 1.900 manat məbləğində pulun tutulmasını tələb edir. Cavabdeh Alşanov (Alshanov) Rəşad oğlu iddianı qəbul etmir, Cavabdeh2 göndərilməsi məqsədi ilə iddiaçı tərəfindən ona 1.300 manat və 600 manat məbləğində pul vəsaitinin verildiyini, bu məbləğlərin də onun tərəfindən elektron ödəmə sistemləri vasitəsi ilə Cavabdeh2 göndərildiyini və bu barədə iddiaçıya məlumat verməklə köçürməni təsdiq edən qəbzlərin ona təhvil verildiyini bildirir və iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən Cavabdeh2 milliön elektron ödəmə sistemi vasitəsi ilə xx.xx.2020-ci il tarixdə 1.300 manat (terminal 11050, saat 18:38:42, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 3.910 manat (terminal 22009, saat 21:28:33, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 3.400 manat (terminal 01005, saat 23:16:12, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 3.400 manat (terminal 22009, saat 20:40:04, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 5000 manat (terminal 22009, saat 11:53:01, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 100 manat (terminal 22009, saat 12:00:02, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 5.000 manat (terminal 22067, saat 15:30:23, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 100 manat (terminal 22067, saat 15:36:50, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 5000 manat (terminal 22009, saat 20:36:27, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 100 manat (terminal 22009, saat 20:41:18, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 500 manat (terminal 22009, saat 20:58:12, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 2.400 manat (qəbz nömrəsi 84229, saat 22:33:54, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 600 manat (terminal 88610, saat 22:40:05, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 2.700 manat (terminal 00566, saat 21:42:15, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 4.250 manat (terminal 02247, saat 15:55:25, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 600 manat (terminal 02247, saat 15:43:09, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 600 manat (terminal 02247, saat 15:56:57, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 3.400 manat (terminal 10065, saat 23:01:43, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 5.000 manat (terminal 00755, saat 23:02:37, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 1.800 manat (terminal 00755, saat 23:05:43, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 1.700 manat (terminal 22009, saat 21:00:31, əməliyyat nömrəsi **********), xx.xx.2020-ci il tarixdə 4.420 manat (terminal 22009, saat 13:32:53, əməliyyat nömrəsi **********), cəmi 55.280 manat məbləğində pul köçürmüşdür. Bütün bu məbləğlər cavabdehin ******************** nömrəli hesabına köçürülmüşdür. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı qeyd edilən məsələ ilə bağlı şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Polis idarəsinə də müraciət etmiş və onun şikayəti üzrə aparılmış araşdırma zamanı da eyni məzmunlu izahat vermişdir. Cavabdeh2 isə öz izahatında iddiaçını bir neçə il əvvəl yaxından tanıdığını və bundan sonra aralarında iş birliyinin yarandığını, iş birliyinə əsasən iddiaçının Türkiyə və Çin Xalq Respublikasında olan ticarət partnyorlarına vaxtında pulların çatdırılmasını və həmin dövlətdən müxtəlif malların gətirilməsini təmin etdiyini, aralarında hər hansı bir narazılığın yaranmadığını, iddiaçının qeyd etdiyi pullardan isə xəbərinin olmadığını, 2020ci ilin iyul ayından başlayaraq, iddiaçının ona etibar etdiyi pulların deyilən tarixlərdə iddiaçının xarici dövlətlərdə olan partnyorlarına çatdırdığını, hazırda iddiaçıya hər hansı borcunun olmadığını, əksinə haqq-hesab edildiyi halda iddiaçının ona borcunun yaranmış olacağını bildirmişdir. Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 26-cı polis bölməsinin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən iddiaçının şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir; 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, tərəflər öz aralarında yaranmış münasibətləri necə adlandırılmasından asılı olmayaraq, iddiaçı ilə Cavabdeh2 arasında hüquqi nəticə etibarı ilə şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və bu münasibətlər çərçivəsində cavabdeh iddiaçının tapşırığı əsasında iddiaçıya məxsus olan pul vəsaitlərini iddiaçının Türkiyə və Çin Xalq Respublikasında olan partnyorlarına göndərilməsini təmin edirdi. Bu məqsədlə iddiaçı tərəfindən ona 2020-ci ilin aprel ayında 1 dəfə, sonradan isə 2020-ci ilin iyul-sentyabr aylarında ümumilikdə 55.280 manat məbləğində pul göndərilmişdir. İddiaçı bu məbləğin cavabdehə göndərildiyini, buna baxmayaraq, cavabdehin həmin pul vəsaitinin qeyd edilən ölkələrdə olan aidiyyəti şəxslərə göndərilməsini təmin etmədiyini iddia edir. Məsələ ilə bağlı Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 26-cı polis bölməsində verdiyi izahatında cavabdeh konkret məbləğ göstərməsə də, 2020-ci ilin iyul ayından başlayaraq, iddiaçı tərəfindən ona verilmiş pulların deyilən tarixlərdə iddiaçının xarici dövlətlərdə olan partnyorlarına çatdırdığını, hazırda iddiaçıya hər hansı borcunun olmadığını bildirmişdir. Lakin iddiaçının iddia etdiyi pul vəsaitinin cavabdehə ötürülməsini təsdiq edən qəbzlərin olmasına baxmayaraq, həmin pulların cavabdeh tərəfindən aidiyyəti üzrə göndərilməsini təsdiq edən hər hansı sənəd yoxdur. Hər bir halda, iddiaçı tərəfindən ona göndərilən pul vəsaitini aidiyyəti üzrə ötürüldüyünü bildirən cavabdeh bu köçürməni və köçürmə müqabilində həmin ölkələrdən geyim əşyalarının Azərbaycan Respublikasına gətirilməsini, habelə gətirilməsini qeyri mümkün edən halları təsdiq edən sübutlara, o cümlədən qəbzlərə, qaimələrə, işgüzar yazışmaya və sair sənədlərə malik olmalıdır. Belə ki, cavabdeh özü də qeyd edir ki, həm həmin dövlətlərə pulların çatdırılması, həm də həmin dövlətlərdən malların gətirilməsi işləri ilə məşğul olmuşdur. Tərəflərin biri-birinə “whatsapp” sosial şəbəkə vasitəsi ilə göndərdiyi səsli ismarıclarda da Cavabdeh2 iddiaçıya borcunun olduğunu etiraf edir. Bununla belə, cavabdeh bu münasibətlərdə iddiaçını təmsil etsə də nəticə etibarı ilə onun haqlı mənafeyini müdafiə etməmiş, öz maraqlarından çıxış etmiş və Türkiyə, habelə Çin Xalq Respublikasında olan aidiyyəti şəxslərə göndərilməsi üçün iddiaçı tərəfindən ona verilmiş pul vəsaitlərini nəticə etibarı ilə aidiyyəti üzrə ötürməmiş, bununla da iddiaçı tərəfindən ona verilmiş tapşırığı yerinə yetirməyərək, iddiaçıya maddi zərər vurmuşdur. Bu səbəbdən cavabdeh iddiaçı tərəfindən ona göndərilən pul vəsaitini tam şəkildə iddiaçıya qaytarmalıdır. Məhkəmə, Cavabdeh2 tərəfindən iddiaçıya ödənilməli olan məbləğlə bağlı qeyd edir ki, iddiaçı cavabdehdən 58.380 manat məbləğində pulun tutulmasını tələb etsə də, təqdim etdiyi qəbzlər üzrə ümumilikdə 55.280 manat məbləğində pulun göndərildiyi öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh2 İddiaçı xeyrinə 55.280 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin “cavabdeh Alşanov (Alshanov) Rəşad oğlundan 1.900 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu cavabdehə də eyni hərəkətlərin yerinə yetirilməsi üçün 1.300 manat və 600 manat, cəmi 1.900 manat məbləğində pul verdiyini bildirir. Cavabdeh Alşanov (Alshanov) Rəşad oğlu həmin məbləğlərin iddiaçı tərəfindən ona verilən tapşırığıa uyğun olaraq Cavabdeh2 ötürüldüyünü və bu halı təsdiq edən qəbzləri iddiaçıya təhvil verdiyini bildirir. Həmin qəbzlərdə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmişdir. Başqa sözlə, cavabdeh Alşanov (Alshanov) Rəşad oğlu hüquqi nəticə etibarı ilə iddiaçı tərəfindən bu məbləğin Cavabdeh2 ötürülməsi barədə tapşırığı lazımi qaydada yerinə yetirmiş, o cümlədən tapşırığın icrasından sonra iddiaçıya hesabat verərək, köçürməni təsdiq edən sənədləri ona təhvil vermişdir. Həmin məbləğlər də 55.280 manat məbləğinə daxil edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 İddiaçı xeyrinə 55.280 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 55.280 (əlli beş min iki yüz səksən) manat məbləğində pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar