Məhkəmə qərarları › İş №e-2(001)-1223/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1223/2024

18.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1223/2024 18.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X2 ilə düzəltmək adı ilə ondan aldığı 12000 manat pulun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 yaşlı oğlu Elgün Fərzəlizadə də daxil olmaqla, ailəsi ilə birlikdə yataqxanada yaşayırlar. Maddi cəhətdən ailə vəziyyəti çox ağırdır. Onun qardaşı Qurban Fərzəliyev və qardaşının arvadı Cavabdeh tez-tez onların evinə gəlmiş, hal-əhval tutmuşlar. Bu gəlişlərin birində Yeganə, ona oğlu Elgünü işə düzəldə biləcəyini, bunun üçün tanışlarının olduğunu bildirib ondan 12000 manat pul istəmişdir. İddiaçı ilk öncə etiraz etsə də, Yeganə dəfələrlə gah telefon zəngi, gah da evlərinə gələrək ona təkid etmiş, işin yaxşı iş olduğunu, oğlunun xoşbəxt yaşayacağını bildirərək onu inandırmışdır. Nəticədə onlar borc-xərclə 12000 manatı toplamış, 18 iyun 2018-ci il tarixdə metronun “Nəriman Nərimanov” stansiyasının qarşısında iddiaçı həmin pulu cavabdehə vermişdir. Pulu aldıqdan sonra işin düzəldiyi gecikdiyindən iddiaçı cavabdehlə tez-tez maraqlanmış, cavabdeh isə müxtəlif bəhanələrlə ya işin tezliklə düzələcəyini, bəzən isə işin alınmadığını və buna görə pulu qaytaracağını bildirmişdir. Nəticədə isə nə verilən pul qaytarılmamış, nə də oğlunun işi düzəlməmişdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehdən 12000 manat pulun alınaraq ona ödənilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, iddiaçı tərəfindən heç vaxt heç bir məqsədlə cavabdehə pul verilməmişdir. Cavabdehin işlədiyi iş ona kimisə işə düzəltmək səlahiyyətini vermir. İddia ərizəsində göstərilənlər əsassız olmaqla yanaşı, göstərilənləri təsdiq edən hər hansı sübut da mövcud deyildir. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlamış, ərizədə göstərmişdir ki, iddia əsassız olmaqla, həm də iddiaçı tərəfindən iddia tələbinin irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Buna görə də, iddianın həm də bu əsasla rədd edilməsi xahiş olunmuşdur. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, əlavə olaraq izahatında göstərdi ki, cavabdehin qardaşı Milli Məclisdə işləmiş, cavabdeh də məhz onun köməkliyi ilə cox adamı işə düzəltmişdir. Buna görə də, iddiaçı ona inanmış, pulu vermişlər. Sonradan cavabdehin qardaşı vəfat etmiş, iddiaçı cavabdehdən iş ilə maraqlandıqda cavabdeh müxtəlif bəhanələrlə işin alınmasının yubandığını bildirmiş, sonradan iddiaçı aldandığını anladıqda pulunu geri tələb etdikdə isə cavabdeh imtina etmişdir. Sonda iddiaçının nümayəndəsi göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri və vəkilinin dediklərini təsdiq edərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddiaya etirazda göstərilənləri müdafiə etdiyini, iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında iddia ərizəsində göstərilənlərlə bağlı heç bir münasibət olmamışdır. Cavabdeh özü sıravi işçidir, rəhbər vəzifə tutmur, kiməsə hansısa iş düzəltmək səlahiyyəti yoxdur. İddiaçı ilə cavabdeh qohumdurlar və cavabdehin işindən iddiaçının, ailəsinin də xəbəri var. Bunları bilə-bilə iddiaçının nəyə əsaslanaraq cavabdehə 12000 manat pul verdiyi müəyyən edilmir. Digər tərəfdən, iddia ərizəsində 12000 manat pulun iddiaçı tərəfindən cavabdehə təqdim edildiyi göstərilsə də, məhkəmə iclasındaki izahatlar, şahid ifadələrində pulu iddiaçının deyil, oğlu Elgünün verdiyi səsləndirilmişdir. Göründüyü kimi, tamamilə əsassız olan iddianın bu hissəsi də ziddiyyətlidir. Həmçinin, iddiaçı tərəfin dediyinə görə, cavabdehlə aralarında 12000 manat pulun verilməsi ilə bağlı münasibətlər 2018-ci ildə baş vermişdir. Hazırki iddia ərizəsi isə 2023-cü ilin sonunda verilmiş, beləliklə, mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti də iddiaçı tərəfindən buraxılmışdır. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində pul N.Nərimanov metro stansiyasının qarşısında verilməsi qeyd edilmiş, lakin şahid ifadələrində N.Nərimanov metro stansiyasının yaxınlığında cavabdehin işlədiyi ofisdə verildiyi bildirilmişdir. Həmçinin iddia ərizəsində 12000 manat məbləğində qeyd edilməsinə baxmayaraq, şahidlərin ifadələrindən isə 12000 manat yox, manatla ABŞ dolları ilə qarışıq pul olduğu müəyyən edilmişdir. Bu isə iddiaçının ümumiyyətlə subyektiv hüququnun olmadığına dəlalət edir. Həmçinin sübyektiv hüququ olsa da belə iddiaçı tərəfindən iddia müddəti tam ötürülmüşdür. Sonda iddiaçının nümayəndəsi və vəkili iddiaçı tərəfindən işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədtiyinə, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verdiyinə görə cərimə olunması barədə vəsatət təqdim edərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, iddiaçının arvadının qardaşıdır. 2018-ci ilin yay aylarında bacısı, yəni iddiaçının arvadı ona zəng vuraraq evə çağırmışdır. Həmin vaxt o, bilmişdir ki, iddiaçı oğlu Elgünü işə düzəltməsi üçün cavabdehə 12000 manat pul verəcək. Bu məqsədlə o, Elgünlə birlikdə metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında Yeganə ilə görüşmüş, Elgün pulu Yeganəyə vermişdir. O, pulu saymasa da, 12000 manat verilməli olduğunu əvvəlcədən bilmişdir. Yeganə pulu götürərək onlarla sağollaşıb ofisə daxil olmuşdur. Bundan sonra o, bacısından Elgünü işi ilə maraqlandıqda işin hələ də düzəlmədiyini, pulun da qaytarılmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, iddiaçı onun kiçik, cavabdehin əri isə ortancıl qayınıdır. 2018-ci ilin yay aylarında iddiaçı ondan 2000 manat borca almış, oğlu Elgünü işə düzəltmək üçün Yeganənin onlardan 12000 manat pul istədiyini bildirmişdir. O, 2000 manatı iddiaçıya verdikdən sonra bilmişdir ki, Elgün dayısı ilə birlikdə 12000 manat pulu Yeganəyə vermiş, lakin nə iş düzəlmiş, nə də pul qaytarılmışdır. Yeganə onun yoldaşına zəng vuraraq iddiaçını sakitləşdirməyi xahiş etmiş, pulu 2 aya qaytaracağını demiş, sonra yenə də qaytarmamışdır. Yeganənin qardaşı demişdi ki, pulu borclarına vermiş, xəstəxanaya ödəmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, həqiqi hərbi xidməti başa vurduqdan sonra harada işləyəcəyini bilməmişdir. Bu zaman əmisi Qurbanın yoldaşı Yeganə, yəni cavabdeh onu işə düzəldə biləcəyini, bunun üçün yaxşı əlaqələrinin olduğunu demiş və onlardan 12000 pul tələb etmişdir. Atası borcla həmin məbləği toplamış, anası pulu sayıb sellofana bükərək ona vermiş, o, dayısı ilə birlikdə “Metropark” ticarət mərkəzinin arxasında, Yeganənin dediyi ofisə getmiş, ofisin karidorunda pulu cavabdehə təqdim etmişdir. Yeganə pulu saymamış, tələsik işlərinin olduğunu deyib onlardan uzaqlaşmışdır. Sonra cavabdeh onun anasına bildirmişdir ki, iş təxminən 4 aya düzələcək. Həmin vaxtdan çox keçsə də, iş düzəlmədiyindən, cavabdeh gah işin tezliklə düzələcəyini, gah da işin alınmadığını, pulu qaytaracağını demişdir. Bir müddət sonra isə ümumiyyətlə pulu qaytarmayacağını demişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İlk növbədə məhkəmə qeyd edir ki, tələb pulun alınması ilə bağlı olsa da, tərəflər arasında hansı hüquq münasibətlərinin olması və iddiaçının nəyə əsasən hazırkı tələblə çıxış etməsi iddiada heç bir maddi hüquq norması ilə əsaslandırılmamışdır. Hal bu ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. İddiaçı cavabdehin iddiaçıdan onun oğlunu işə düzəltmək adı ilə 2018-ci ildə 12000 manat pul almasına, buna dair şahid ifadələri və məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilmiş, iddiaçı tərəfin təqdim etdiyi elektron daşıyıcıdakı (disk) səs yazılarına istinad edir. İş üzrə müəyyən edilir ki, tərəflər arasında yazılı əqd mövcud olmamışdır. Göründüyü kimi, tərəflər arasında yaranmış münasibətlər, yəni pulun alınması (verilməsi) hər hansı əqd və yaxud Mülki Məcəllədə əqdlərlə dair nəzərdə tutulmuş digər əsaslar nəticəsində baş verməmiş, mübahisə əsassız varlanmadan irəli gələn öhdəlik münasibətlərindən yaranmışdır. Bu baxımdan, məhkəmə hesab edir edir ki, işin hallarına iddianın hüquqi əsasını təşkil edən əsassız varlanma ilə bağlı hüquq normaları tətbiq edilərək qiymət verilməlidir. İddiaçının cavabdehə 12000 manat məbləğində pulun 2018-ci ildə verildiyini (bu tarixi şahidlərdə təsdiq etmişlər) iddia etməsinə baxmayaraq iddiaçı bu pulun tələb olunması ilə bağlı heç bir hüquqi tətbir görməmiş, yalnız 2023-cü ildə hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Buna görə də cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsaslanaraq iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.”. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Hazırkı iddia əsassz varlanma obyektini qaytarmaq hüququ ilə bağlıdır və qanunverici bu hüququ iki illik iddia müddəti ilə məhdudlaşdırmışdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «. iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». Hazırki halda həm iddia tərəfinin ümumi mövqeyindən, həm də istinad etdiyi məhkəmə iclasında ifadə vermiş şahidlərin ifadələrindən belə görünür ki, cavabdeh iddiaçının oğlunu işə düzəltmək adı ilə onlardan 12000 manat pulu 2018-ci ildə aldıqdan sonra 4 aya vəd etdiyi işi düzəldəcəyini demişdir. Bu müddətin ən geci 2019-cu ili əhatə etməsi nəzərə alınarsa, hazırki iddia ərizəsinin verilməsi ilə həmin tarixdən dörd il keçməsinə və əsassız varlanma obyektini qaytarmaq hüququnun ən geci iki illik müddətlə məhdudlaşdırıldığına baxmayaraq iddiaçı bu müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, qarşı tərəfə heç bir tələb irəli sürməmişdir. Təsadufi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “.....Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.”. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan mövqeylərini, işin faktiki hallarını və cavabdehin iddia müdətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü, 373-cü və 1095-ci maddələri ilə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı 12000 manat pulun cavabdehdən tutularaq ona qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar