Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1257/2022 22.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin əşyaları ilə birlikdə qeyri-yaşayış və torpaq sahəsindən çıxarılması və cavabdehin üzərinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan hərəkətlərdən çəkinmək vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh əşyaları ilə birlikdə İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşən ümumi sahəsi 0.56659 ha(texniki səhv olaraq kv.m qeyd edilmişdir) torpaq sahəsi və üzərindəki 858.8 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması; cavabdehin üzərinə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşən ümumi sahəsi 0.56659 ha(texniki səhv olaraq kv.m qeyd edilmişdir) torpaq sahəsi və üzərindəki 858.8 kv.m olan qeyri-yaşayış sahəsində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan hərəkətlərdən çəkinməsi vəzifəsinin qoyulması; cavabdehdən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşən ümumi sahəsi 0.56659 ha torpaq sahəsi və üzərindəki 858.8 kv.m olan qeyri-yaşayış sahəsi DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 18.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsusdur. Təxminən 2021-ci ilin əvvəlindən o, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən və qeyri-yaşayış sahəsindən yararlanmaq istəsə də, Cavabdeh onun tanımadığı bir qrup şəxslə ona məxsus əmlakdan çıxmaqdan imtina etmişdir. Cavabdehin həmin torpaq sahəsindən istifadə etməsinə dair hər hansı qanuni və ya müqavilə əsası olmasa da, onu əmlakına buraxmamış, onun əmlakı boşaltmaq barədə tələbinə əhəmiyyət verməmişdir. Cavabdehin qanunsuz hərəkətləri barədə Binəqədi Polis İdarəsinə müraciət olunsa da, 21.10.2021-ci il tarixli qərarla cinayət işinin başlanılmasından imtina edilmiş və tərəflər arasındakı mübahisənin mülki xarakterli olduğu bildirilmişdir. Bu səbəbdən müvafiq tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157, Konstitusiyanın 6, 60-cı maddələrinə, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya istinad etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçı məhkəmə proseslərində nümayəndə ilə təmsil olunmuş və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi cavabdehin etirazının dəlillərinin əsassız olduğunu bildirmiş və bunu onunla izah etmişdir ki, “Korona” LTD deyilən şirkət hüquqi şəxsdir, ona qarşı iddia qaldırmaq üçün həmin hüquqi şəxsin mübahisələndirilən torpaq sahəsi və qeyri-yaşayış sahəsi ilə bağlılığı olmalıdır. Halbuki Polis orqanına müraciət olunan zaman mübahisənin tərəfi kimi Cavabdeh iştirak etmiş və polis idarəsinə o izahat vermişdir. Eyni zamanda tərəflərin əvvəllər şərikli bizneslərinin olduğunu, sonradan münasibətlərinin pozulduğunu və cavabdehin torpaqdan istifadəyə dair pul vermədiyini bildirmişdir.
4. Cavabdeh iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməli olmasını onunla əsaslandırmışdır ki, sözgedən torpaq sahəsində və qeyri-yaşayış sahəsində Korona LTD MMC fəaliyyət göstərir, şirkət balıq satışı ilə məşğul olur və o, şirkətin icraçı direktorudur. Şirkətin təsisçisi sahibkar Hümbət Səfərovdur. Şirkət xaricdən balıq məhsulları gətirir və həmin obyekti anbar kimi istifadə edir. İddiaçı ilə Hümbət Səfərov qohumdurlar. Həmin obyekt H.Səfərova məxsus olmuş, daha sonra iddiaçının adına rəsmiləşdirilmişdir. Belə ki, onlar şərik olaraq xaricdən 1 milyon manatlıq balıq gətirmişlər, pandemiya ilə əlaqədar işlər yaxşı getməmiş və ziyana düşmüşlər. İddiaçı biznesə pul yatırdığına görə H.Səfərov iddiaçıda inam yaratmaq məqsədilə obyekti iddiaçının adına keçirmişdir. Obyektin hazırki bazar qiyməti təxminən 7 milyon manatdır. İddiaçı mülkiyyətçi olsa da, obyektə heç vaxt gəlməmişdir. Bunu orada işləyən işçilər də təsdiq edə bilər. O yalnız şirkətin direktoru kimi iddiaçı ilə telefonla danışmışdır.
5. Cavabdeh eyni zamanda bildirmişdir ki, orada bir neçə anbar var, mübahisələndirilən qeyri-yaşayış sahəsi onlardan sadəcə biridir və o, daimi olaraq orada olmur, şirkətin digər sahələrdəki işləri ilə də məşğul olur və əsas ofisi həmin ərazidə yerləşmir.
6. Bundan başqa cavabdehin iddiaya qarşı etirazı barədə ərizəsi olmuşdur, etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşən ümumi sahəsi 0.56659 ha(texniki səhv olaraq kv.m qeyd edilmişdir) torpaq sahəsi və üzərindəki 858.8 kv.m olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin(VOEN **********) təsərrüfat subyektidir və torpaq sahəsində yerləşən, qeyri-yaşayış sahəsində yerləşən əmlak, əsas və dövriyyə vəsaitləri "xxxx" MMC-yə məxsusdur. Odur ki, iddiaya cavab verməli olmayan şəxs kimi ona qarşı yönəlmiş tələbin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşən ümumi sahəsi 0.56659 ha torpaq sahəsi və üzərindəki 858.8 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi(tam pay) mülkiyyət hüququ ilə İddiaçı məxsusdur, hüquqların qeydiyyat tarixi 18.09.2020-ci il, daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********81-06301.
8. Bakı şəhəri, Binəqədi RPİ 4-cü PŞ-nin baş təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh izahatı belə olmuşdur, “ sözgedən torpaq sahəsi və üzərində olan qeyri-yaşayış sahəsi X1 həyat yoldaşı X2 məxsus olmuş, 10.11.2009-cu il tarixli çıxarışda həmin sahənin M.İmanovaya məxsus olması göstərilmiş, H.Səfərovla İddiaçı qohumdurlar, həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahəsini onlar şərikli olaraq işlətmişlər, lakin COVİD 19 pandemiyası ilə əlaqədar işlərin zəifləməsi səbəbindən aralarında yaranan maddi sıxıntılara görə İddiaçı bu cür əsassız şikayət etmişdir”.
9. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından görünür ki, "xxxx" MMC 24.10.2002-ci ildə qeydiyyata alınmış, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov, ev3/1-dir, təsisçi olaraq nizamnamə kapitalındakı mayanın 100 faiz miqdarı X3 məxsusdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşən ümumi sahəsi 0.56659 ha torpaq sahəsi və üzərindəki 858.8 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə tam payla İddiaçı məxsusdur. İddiaçı ona məxsus torpaq sahəsində Cavabdeh mövcudluğunu və faktiki sahibliyini qanunsuz hesab edir. Bu qanunsuzluğa son qoyulması ilə bağlı polis orqanına müraciət etmiş və müvafiq qərarla cinayət işinin başıanmasından imtina edilmişdir. İmtinanın əsası kimi tərəflər arasında olan mübahisənin mülki xarakterli olması ilə bağlı olduğu göstərilmişdir. Bu səbəbdən iddiaçı mülkiyyət hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir.Cavabdeh iddianı qəbul etməmiş və hesab etmişdir ki, iddiaçı ilə H.Səfərov arasında ortaq ticarət münasibətləri olmuş və iddiaçının adına rəsmiləşdirilən həmin daşınmaz əmlak, əslində onlar arasında pul öhdəliklərinin girovu olmuşdur. Eyni zamanda o, "xxxx" MMC-nin icraçı direktorudur və onun həmin qeyri-yaşayış sahəsində mövcudluğu şirkətin nümayəndəsi kimi olmuşdur. O, iddiaya cavab verməli olan şəxs deyildir və əslində iddiaya cavab verməli olan şəxs "xxxx" MMC-dir. Onun əsl cavabdehlə əvəz edilməli olmasını bildirmişdir. İddiaçı isə cavabdehin bu təklifini qəbul etməmiş və işə irəli sürülən tələb həddində baxılmasını xahiş etmiş və hesab etmişdir ki, "xxxx" MMC-nin həmin qeyriyaşayış sahəsi ilə hüquqi bağlılığı yoxdur. Belə ki, onlar mücərrəd formada, ehtimallara əsaslanaraq iddia irəli sürə bilməzdilər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
11. Məhkəmə hesab edir ki, irəli sürülən iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.
12. İddia tələbinin qanuni əsasının tapılması işə baxan məhkəmə üçün ona görə vacibdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə, tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Qanunvericiliyin qeyd olunan normasından göründüyü kimi, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər. İddia ərizəsində göstərilən əmlakın iddiaçının mülkiyyətində və cavabdehin qanunsuz sahibliyində olması və bununla da iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinin mövcud olması halının sübut etmə vəzifəsi iddiaçıya aiddir.
15. İşin müəyyən edilən hallarından görünür ki, sözügedən torpaq sahəsi və üzərində yerləşən daşınmaz əmlak iddiaçıya məxsusdur. Cavabdehin həmin reyestrdəki qeydin düzgün olmadığı və iddiaçının bir dəfə də olsun ora gəlmədiyi barədə etirazı əsassızdır.
16. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
17. Bundan başqa daşınmaz əşya üzərində mülkiyyət hüququna dair dövlət reyestrindəki rəsmi qeydiyyat, xeyrinə qeydiyyat aparılmış şəxsin həmin daşınmaz əşyanın sahibi olduğuna dair qanuni ehtimal və əsas verir (Mülki Məcəllənin 166.3-cü maddəsi). Yəni o şəxslər daşınmaz əşyanın sahibi hesab olunur ki, həmin şəxslərin xeyrinə dövlət reyestrində müvafiq qeydiyyat vardır.
18. Daha sonra işin mübahisələndirilən hallarından biri olan cavabdehin əsl cavabdeh olmaması barədə dəlili, dolayısı ilə Mülki Məcəllənin 157.2-ci maddəsinin ikinci dispozitiv şərti ilə bağlı məsələ barədə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. İşin müəyyən edilən hallarından da göründüyü kimi cavabdehin iddiaya etirazının əsası onun sözügedən daşınmaz əmlakda faktiki varlığı ilə deyil, onun statusu ilə bağlı olmuşdur. Yəni əslində cavabdeh göstərdiyi hüquqi şəxsin nümayəndəsi kimi həmin daşınmaz əmlakda fəaliyyət göstərdiyini qəbul edir, lakin bu faktın ondan asılı olmadığı vəziyyətdən irəli gəldiyinə əsaslanır.
20. Halbuki hüquq ədəbiyyatında əşyanın sahiblikdə olması dedikdə, özgə şəxsin əşya üzərində hər cür yiyəlik və fiziki(faktiki) nəzarət etməsi etməsi başa düşülür.
21. Bu baxımdan yanaşdıqda cavabdehin statusundan asılı olmayaraq, sözügedən daşınmaz əmlaka sahiblik etməsi aşkardır. Əsl cavabdehi əvəz etmək isə iddiaçının müstəsna hüququdur. Mülkiyyətçiyə məxsus daşınmaz əmlakda faktiki sahiblik edən şəxsdən başqa, digər şəxslərin də olması onun tələbinin əsaslılığını aradan qaldırmır.
22. Eyni zamanda o da anlaşılandır ki, iddiaçının mülkiyyətində olan əmlakdan cavabdehin göstərdiyi hüquqi şəxsin hansı qaydada istifadə etməsi, həmin hüquqi şəxsin tapşırıqlarını kimlərin, necə, hansı hüquqi əsasla icra etməsi iddiaçı üçün qeyri-müəyyən ola bilər. Bundan başqa cavabdeh ümumiyyətlə "xxxx" MMC-nin torpaq sahəsi ilə fiziki bağlılığını təsdiq edən sübut təqdim etməmiş, o, "xxxx" MMC-nin nizamnaməsini təqdim etməklə kifayətlənmişdir.
23. İddia tələbinin qanuni əsasının digər dispozisiya şərti olan cavabdehin sahibliyinin qanunsluğu da işin halları ilə sübut olunur. Belə ki, cavabdeh onun əşyaya sahibliyinin hər hansı qanuni və ya müqavilə əsasının olması ilə bağlı sübut təqdim etməmişdir. Etirazının dəlilləri isə onsuz da onun belə bir əsasının olmadığını təsdiq etmişdir.
24. Odur ki, işin halları ilə sübut olunur ki, cavabdeh tərəfindən bu və ya digər formada iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilir və iddiaçı mülkiyyət hüququnun müdafiəsi baxımından özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olmaqla yanaşı, həmçinin qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etməkdə də haqlıdır(MM 157.4). Tətbiq edilən prosessual normalar:
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
28. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
29. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
30. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşən ümumi sahəsi 0,56659 ha olan torpaq sahəsindən və üzərindəki 858,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən çıxarılmalı, Cavabdeh üzərinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşən ümumi sahəsi 0,56659 ha olan torpaq sahəsində və üzərindəki 858,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində İddiaçı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan hərəkətlərdən çəkinməsi vəzifəsi qoyulmalı, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməlidir.
31. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşən ümumi sahəsi 0,56659 ha olan torpaq sahəsindən və üzərindəki 858,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən çıxarılsın. Cavabdeh üzərinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşən ümumi sahəsi 0,56659 ha olan torpaq sahəsində və üzərindəki 858,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində İddiaçı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan hərəkətlərdən çəkinməsi vəzifəsi qoyulsun. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev