Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1379/2023 22.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 20000 manat maddi ziyan və 5000 manat mənəvi ziyan olmaqla ümumilikdə 25000 manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 19 aprel 2021-ci il tarixdə Ağ şəhərdə Sea Tower ( əvvəlki adı Monolit N-2 MTK) yaşayış binasında 4 otaqlı mənzil almaq üçün Cavabdeh ilə görüşərək Xətai rayonunda yerləşən The House kafesində ona 10000 manat pul vermişdir. Görüş zamanı o, evin ümumi məbləğinin çatışmayan hissəsini düzəltmək üçün cavabdehdən 2 ay vaxt istəmiş, daha sonra təxminən 3 həftə sonra mənzil üçün ödəməli olduğu məbləği sözləşdiyi vaxtdan əvvəl hazır edərək cavabdehə zəng vuraraq və onu alğı-satqıya dəvət etmişdir. Cavabdeh isə mənzili Sea Tower (əvvəlki adı Monolit N-2 MTK) yaşayış binasında gördüyü qapı pəncərə işi əvəzində aldığını və işin az bir hissəsinin tamamlanmadığını bildirərək buna görə ondan bir az gözləməyi xahiş etdi. Cavabdehin xahişini nəzərə alaraq gözləmişdir. Daha sonra cavabdeh Sea Tower (əvvəlki adı Monolit N2 MTK) yaşayış binasında gördüyü işlərin tezləşməsi üçün ondan yenidən 10000 manat pul verməyini xahiş etdi. 06 may 2021-ci il tarixdə Heydər Məscidinin yanında Cavabdehlə görüşərək 10000 manat pulu vermiş və toplamda verdiyi məbləğ 20000 manat olmuşdur. İkinci dəfə pulu verdikdən sonra bir ay keçdi və cavabdeh verdiyi sözü tutmayaraq evi ona satmadı. Dəfələrlə şifahi və yazılı müraciətlər etməyinə baxmayaraq hər dəfəsində cavabdeh müxtəlif bəhanələrlə alğı-satqıya gəlməkdən yayındı. Onun bu hərəkətlərindən sonra bunların yalan olduğunu bilib, verdiyi 20000 manat pulu qaytarmağını tələb etdikdə cavabdeh razılaşaraq 3 gün ərzində qaytaracağını bildirdi. Buna baxmayaraq cavabdeh 20000 manat pulu ona qaytarmadı. Bu səbəbdən də o, Cavabdeh barəsində Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Polisə verdiyi izahatında da cavabdeh ona 20000 manat pul verdiyini, həmin 20000 manat pulu xərclədiyini və pulu yaxın vaxtda qaytaracağını bildirməsini izahatı ilə təsdiq etmişdir. 16 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa cavabdehin qanunsuz hərəkətləri nəticəsində o mənəvi sarsıntı və mənəvi iztirablar da keçirmişdir. Belə ki, dəfələrlə həmin şəxsə zənglər, müraciətlər etsə də, yenə də cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ondan vaxt istəyərək müxtəlif bəhanələrlə qaytarmalı olduğu pulu qaytarmaqdan yayınmış, daha sonra isə ümumiyyətlə zənglərini də cavablandırmamışdır. Cavabdehin bu cür hərəkətləri onun maddi və mənəvi zərər çəkməyimə səbəb olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı da iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddiasını müdafiə etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis-polkovnik leytenantı X1 tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə araşdırma zamanı Cavabdeh izahatı alınmışdır.
8. Cavabdeh izahatında göstərmişdir ki, o, ev alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən 2021-ci ili aprel ayında tanışı Elçin Bağırov ona zəng vuraraq «Ağ şəhərdə satdığ mənzinlərin olub-olmaması barədə soruşmuş, o, (Monolit Ne-2 MTK), hazır ki, adı isə "xxxx" MTK-da üç otağlı hər kvadarit 2000 manat olan 157 kvadrat mənzil olduğunu bildirmişdir. Həmin mənzilin maliyyə arayışını Elçinə göndərmiş və texminən 10-15 gündən sonra Elçin ona zeng vuraraq tanışı İddiaçı ilə həmin mənzilə baxaraq bəyəndiyini, buna görədə görüşüb qiyməti barəsində danışmağ istədiyni bildirmişdir. O, qeyd olunan mənzili satan İsfəndiyar Əliyev ilə har kvadratına görə 1750 manat olmaqla ümumilikdə 274.750 manata razılaşmışdır. Təxminən 2021-ci ilin iyun ayında o, İddiaçı, Elçin Bağırov və Elçinin tanışı Valeh ilə birlikdə Əhmədlidə yerləşən «The Hause» çay evində görüşərən qeyd olunan mənzilə görə 157 kvadrat olmağla hər kvadrata görə 1950 min manat ümumilikdə 306.000 min manat Zaur pul verməli olduğunu demişdir. Zaur razılaşaraq 10000 min manat behi Elçinə vermiş, Elçin isə 10000 min manat pulu Zaurdan götürərək ona vermişdir. Zaur ona bir ay ərzində mənzilin pulunu tam şəkilə verdikdən sonra alqısatqı olacağını demişdir. Həmin mənzilə görə Zaur 306.000 min manat pul verməliymiş. O, Elçin ilə həmin mənzildə hər kvadrata görə 200 manat, ümumilikdə 31.400 min manat qazanc əldə etməliymiş və həmin əldə etdiyləri qazancı Asiflə bölməliymişlər. Zaur behi verdikdǝn sonra oradan çıxıb getmiş, o, aldığı 10000 min manat puldan 5000 min manatını Elçinə vermişdir. Təxminən 10-15 gündən sonra Elçin, ona zəng vuraraq Zaurun "xxxx" MTK-dan dörd otağlı evi olduğunu və imkan olsa həmin mənzili satıb, çatmayan məbləğin "xxxx" MTK olan mənzil ilə hesablaşdığı bildirmişdir. O, Elçinə "xxxx" MTK-da olan binanın tikilməsində problemlər olduğunu, hal- hazırda həmin binada mənzinlərin satılması çətin olmasını bildirmişdir. Elçin yenidən ona zəng vuraraq Zaurun onlar ilə görüşmək istədiyni bildirmişdir. O, Zaur ilə «Heydər Məçidin» yanında görüşmüş, lakin Elçin avtomaşını ilə qəza törətdiynə görə onlar ilə görüşə gələ bilməmişdir. Zaur, ona yenidən 10000 min manat pulu verərək yaxın günləndə qalan pulları verdikdən sonra mənzilin alqı-satqısını keçirəcəyini bildirmişdir. Bundan sonra Zaurdan ayrılmış, o, isə Elçinin yanına gedərək 10000 min manat pulun yenidən 5000 min manatını Elçinə vermişdir. Bundan bir qədər sonra Elçin, ona zəng vuraraq Zaurun işində problemlər olduğuna görə mənzilin qalan pulunu verməkdə çətinlik çəkdiyni bildirmişdir. Bir müddətdən sonra Elçin, ona zəng vuraraq Zaur mənzili almağa imkanı olmağını və verdiyi behi qeri istədiyni bildirmişdir. O və Elçin, Zaur tərəfindən verdiyi 20000 manat pulun xərclədiylərini, yaxın vaxtda pulun tapıb qaytaracaqlarını Zaura bildirmişdilər. Bu günə kimi o və Elçin Zaur tərəfindən beh kimi verdiyi 20000 min manatı qaytarmamış, lakin, Zaur tərəfindən həmin mənzilin pulunu tam şəkildə verdiyi halda mənzili Zaura sata biləcəklərini bildirmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. Cavabdeh polisdə verdiyi izahatına əsasən qeyri-rəsmi ev alqı-satqısı ilə məşğul olmuşdur. İddiaçı tanışı Elçin Bağırov vasitəsilə cavabdehi tanımışdır. Lakin iddiaçının bildirdiyinə görə cavabdeh qapı-pəncərə ustası olmuş və guya iddiaçının almaq istədiyi binada cavabdehin mənzili olmuşdur. İddiaçı Ağ şəhərdən mənzil almaq niyyətini tanışı vasitəsilə cavabdehə bildirmişdir. İddiaçı əvvəlcə öz mənzilini cavabdehə məxsus olduğu iddia edilən 3 otaqlı mənzilə, daha sonra isə başqa şəxsə məxsus olan 4 otaqlı mənzilə dəyişmək barədə cavabdehlə razılaşmışdır. Bu minvalla iddiaçı tanışı vasitəsilə cavabdehə 20000 manat pul vermişdir. Lakin tərəflər arasında(evin mülkiyyətçisi və iddiaçı arasında) alqı-satqı baş tutmamışdır. Cavabdeh iddiaçının 20000 manat vəsaitini aldığını etiraf etmiş və həmin vəsaiti ortaq tanışları arasında paylaşdığını polisə verdiyi izahatında bildirmişdir. Eyni zamanda cavabdeh izahatında həmin vəsaiti beh olaraq aldığını göstərmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
12. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
14. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
16. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
17. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
18. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
19. 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.
20. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;
21. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
24. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında hər hansı yazılı müqavilə ilə rəsmiləşdirilmiş öhdəlik münasibətləri yaranmamışdır. Üstəlik qeyrirəsmi ev alqı-satqısı ilə məşğul olduğunu iddia edən şəxs iddiaçı tərəfdən aldığı vəsaiti satıcıya verməyərək özündə saxlamışdır. Halbuki özünü komisyonçu hesab edən cavabdehin həmin məbləği beh kimi qəbul etmək niyyəti olmuş olsaydı əldə etdiyi vəsaiti satıcıya, yəni mülkiyyətçiyə təqdim etməli idi. Hərçənd ki, nə tərəflər arasında yazılı qaydada beh müqaviləsi olmuş, nə də ki cavabdehin tərəf olduğu komissiya müqaviləsi mövcud olmuşdur. Müəyyən edildiyi kimi cavabdeh hər hansı hüquqi əsas olmadan və ya sonradan qalxmış əsasa görə iddiaçıdan aldığı vəsaiti özündə saxlamışdır. Bu səbəbdən də cavabdehin iddiaçıdan əldə etdiyi vəsait əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılmalıdır.
25. Odur ki, cavabdehin etiraf etdiyi məbləğ, yəni 20000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin həmin məbləği üçüncü şəxslə paylaşması barədə mövqeyi tərəflər arasında yaranmış öhdəliyin hüquqi mahiyyətini dəyişmir və cavabdehin digər şəxsə qarşı tələb hüququnu istisna etmir.
27. İddianın mənəvi zərərin tutulması hissəsində isə məhkəmə tələbi əsassız hesab edir.
28. Belə ki, iddiaçı yaranmış mübahisədən dolayı hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim etməmiş və işin halları ilə isə bu fakt müəyyən edilməmişdir.
29. Halbuki mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual normalar:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
33. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
35. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
36. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20000 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
37. İş üzrə ödənilmiş 165 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
38. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev