Məhkəmə qərarları › İş №e-2(001)-1423/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1423/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1423/2021 30.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə müştərək qaydada dəymiş ziyana görə 5690.30 manat sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03.03.2017-ci il tarixdə Cavabdeh2 MMC-yə məxsus **-TD-*** dövlət qeydiyyat nişanlı Otokar markalı avtonəqliyyat vasitəsi ilə “xxxx” ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşları tərəfindən 03.03.2017-ci il tarixli KYP 681820 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “xxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5690,30 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin 17.09.2019-cu il tarixli sığorta aktına əsasən ASC tərəfindən dəymiş ziyana görə 5690,30 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtomobil vasitəsinin təmiri üçün təmir mərkəzinin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərərçəkmiş nəqliyyat vasitəsi təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığotasının olmadığı müəyyən edilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 5690,30 manat məbləğində vəsaitin “xxxx “ ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş verilmişdir. Lakin cavabdehlər dəymiş zərər məbləğinin ödənilməsindən yayınmışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin 30.06.2021-ci il tarixində iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 02.02.2021-ci il tarixində məhkəməyə ona qarşı qaldırılmış iddia ərizəsinə etiraz ünvanlayaraq ona qarşı qaldırılan iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 03 mart 2017-ci il tarixdə idarə etdiyi **-TD-*** markalı minik maşını ilə qəza törətməsi nəticəsində maşın **-JX-*** markalı avtomaşınla toqquşmuşdur. Bununla bağlı olaraq KYP681820 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin avtomaşın sığortalı olmuşdur. Bununla bağlı sığorta aktı tərtib olunmuşdur. “xxxx” ASC 17 oktyabr 2019-cu il tarixdə ona ona aşağıdakı məzmunda məktub ünvanlamışdır. “Cavabdeh2 “ MMC-yə məxsus **-TD-*** dövlət qeydiyyat nişanlı Otokar markalı avtonəqliyyat vasitəsi ilə 03.03.2017-ci il tarixdə “xxxx” ASC tərəfindən “ Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar olaraq “xxxx” ASC tərəfindən 5690,30 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya hüququna əsasən 5690,30 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində “xxxx”ASCnin bank hesabına ödənilməsini xahiş edilir. Qeyd edir ki, vurulan maşın sığortalı olmuş, lakin şirkət tərəfindən idarə olunan avtomaşınlar sığorta edilməmişlər. Əgər sığortalı olsaydı təbii ki, bunu sığorta şirkəti qarşılamalı idi. Maşının sığorta edilməməsinin onun idarə etməsi ilə heç bir bağlılığı olmamışdır. Pandemiya ilə əlaqədar olaraq Bakı şəhərinə gələ bilmədiyindən iddiaya onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bundan başqa Cavabdeh2 MMC-nin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmədiyini bildirmiş və dəymiş zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxx” MMC tərəfindən tərtib edilən 03.03.2017-ci il tarixli, 844 zərər aktından görünür ki, “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5690,30 manat zərər dəymişdir. “xxxx” ASC tərəfindən tərtib edilən 17.09.2019-cu il tarixli sığorta aktından görünür ki, 03.03.2017-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində “xxxx” MMC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5690,30 manat maddi ziyan dəymiş və dəyən zərərin əvəi yəni 5690,30 manat məbləğində sığorta ödənişi avtobusun təmiri üçün “xxxx” MMC-nin hesabına köçürülür. 26.09.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən “xxxx “ MMC-nin hesabına 5690,3 manat ödəniş edilmişdir. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 “Otokar” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobili 03-31 mart tarixlərində şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün idarə etməsi üçün 229 №-li yol vərəqi verilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Binəqədi DYPŞ-nin polis mayoru F.Məmmədov tərəfindən tərtib edilən arayışdan görünür ki, 03 mart 2017-ci il tarixində Binəqədi rayonu, S.S.Axundov küçəsində toqquşma yol nəqliyyat hadisəsi baş vermiş və “Otokar Avtobus” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “xxxx” MMC-yə məxsus, “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə zamanı “Otokar Avtobus” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmuş və ayıq halda olmuşdur. Hadisə zamanı “Otokar Avtobus” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 barəsində Bakı şəhər Binəqədi rayonu DYPŞ-də YNHÜ-ə baş inspektor vəzifəsində işləyən F.Məmmədov tərəfindən tərtib edilən KYP seriyalı, 681820 saylı protokoldan görünür ki, Cavabdeh1 idarəetdiyi nəqliyyat vasitəsi ilə 03.03.2017-ci il tarixində S.S.Axundov küçəsi ilə hərəkətdə olarkən manevr qaydasını pozmaqla “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin tələbini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2021-ci il tarixli, 9/1664 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” təmir mərkəzinin 03.03.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsassən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “İveco Urban” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4450 manat müəyyən edilmişdir. Ekspert rəyində qeyd edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” təmir mərkəzinin 03.03.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “İveco Urban” markalı **- JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4689,0 manat müəyyən edilir. Dəyişilməli olan hissələrin qiymətı 3039,0 manat, təmir-bərpa işlərinin dəyəri 1650,0 manat müəyyən edilmişdir. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4 % (2-6%) aşınma nəzərə alınmaqla, 2 il(2015-2017) istismarında olmuş dəyişilməli hissələrin qalıq dəyəri təsminən 2800 manat müəyyən edilir. (3039,0-4%/X2dəfə) Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” təmir mərkəzinin 03.03.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “İveco Urban” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı təmir-bərpa xərci , avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4450 manat müəyyən edilir. İddiaçı tərəfindən elektron qaydada məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 03.03.2017-ci il tarixdə Cavabdeh2 MMC-yə məxsus **-TD-*** dövlət qeydiyyat nişanlı Otokar markalı avtonəqliyyat vasitəsi ilə “xxxx” MMC-yə məxsus və “xxxx” ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsi toqquşmuşdur. Toqquşma nəticəsində **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsinə 5690,30 manat məbləğində maddi zərər dəymişdir. Nəqliyyat vasitəsi sığortalı olduğundan vurulan zərərin əvəzi “xxxx” ASC tərəfindən “xxxx” MMC-nin hesabına ödənilmişdir. Hazırda iddiaçı ödəmiş olduğu zərər məbləğini həm Cavabdeh2 MMC-dən, həm də MMC rəhbərliyi tərəfindən verilmiş yol vərəqi əsasında nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 müştərək qaydada tutulmasını xahiş edir. Cavabdeh tərəf tələb edilən pul məbləği ilə razılaşmadığından məhkəmə tərəfindən mübahisənin ədalətli həlli üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin 4450 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İşin hallarından görünür ki, yüksək təhlükə mənbəyi Cavabdeh2 MMC-yə məxsus olmuş, yüksək təhlükə mənbəyini Cavabdeh1 hüquqi şəxsin işçisi olmaqla qanuni əsasla idarə etmiş və mülki hüquq pozuntusu törətmişdir. Göstərilən hallar iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi Mülki Məcəllənin 1099 və 1108-ci maddələri arasında hazırki hala dair normalar arasında mübarizə vardır. Belə ki, yüksək təhlükə mənbəyinin vurduğu zərər mülki hüquq pozuntusu hesab edilir, yüksək təhlükə mənbəyini digər qanuni əsasla idarə edən şəxs həmçinin yüksək təhlükə mənbəyinin mənsub olduğu hüquqi şəxsin işçisi də ola bilər. Yəni yüksək təhlükə mənbəyini idarə edən şəxsin həmin yüksək təhlükə mənbəyini eyni zamanda iki qanuni əsasla idarə etməsi mümkündür və məsələyə MM 1099-cu maddəsinin tələbi baxımından yanaşdıqda mülki hüquq pozuntusuna görə məsuliyyəti hüquqi şəxs, digər tərəfdən yanaşdıqda isə yüksək təhlükə mənbəyini qanuni əsasla idarə edən şəxs daşıyır. Bu isə mübahisəyə Mülki Məcəllənin 1099-cu və eyni zamanda həmin Məcəllənin 1108-ci maddəsinin tətbiqini mümkün edir. Lakin məhkəmə o qənaətə gəlir ki, hüquqi şəxsin işçisi kimi şəxsin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyəti müəyyən edən Mülki Məcəllənin 1099-cu maddəsi digər normaya münasibətdə xüsusi normadır. Belə ki, həmin norma mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı olan şəxslərin subyekt tərkibini məhdudlaşdırır. Odur ki, hazırki halda yaranmış mübahisəyə xüsusi norma tətbiq edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 10.4cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Odur ki, yüksək təhlükə mənbəyini idarə edən şəxs hüquqi şəxsin sürücülük fəaliyyəti ilə məşğul olan işçisi olduğundan, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti hüquqi şəxs daşımalı və **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi Cavabdeh2 MMC-dən tutulmalıdır. Bundan başqa tələb edilən 5690,30 manat zərər məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə mülki iş üzrə keçirilmiş məhkəmə ekspertizasının nəticəsi olaraq verilən 29 aprel 2021-ci il tarixli, 9/1664 saylı ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq hesab edir ki, avtomobilə vurulan zərərin məbləği 4450 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh2 MMC-dən 4450 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx“ ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 MMC-dən tutularaq, məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 4450 (dörd min dörd yüz əlli) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx“ ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 MMC-dən tutularaq, məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar