Məhkəmə qərarları › İş №e-2(001)-1460/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1460/2023

09.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1460/2023 09.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş ½ pay hüququ əsasında ona məxsus olan “FAW BESTUNE X80” markalı avtomaşının hazırki bazar dəyərinin yarısını təşkil edən 14000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş və bu nikahdan Gülay adlı övladları anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-5935/2022 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X3 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana qədər hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin birgə nikah dövründə əldə olunmuş “FAW BESTUNE X80” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bərabər paylara bölünməklə, həmin nəqliyyat vasitəsinin ½ hissəsinə onun, ½ hissəsinə Cavabdeh paylarının müəyyən olunması qət edilmişdir. İddiaçının həmin avtomobilin ½ hissəsinə pay hüququ olduğundan və həmin əmlak daşınar əşya olmaqla naturada bölünməsi qeyri-mümkün olduğundan iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh adına olan 2020-ci il buraxılışlı, **-OL-*** dövlət qeydiyyat nişanlı, “FAW BESTUNE X80” markalı nəqliyyat vasitəsinin açıq hərracda satılaraq əldə olunan pulun paylara mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, avtomobilin 19400 manat dəyərində qiymətləndirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 avtomobilin hazırki orta bazar qiymətinin 19400 manat məbləğində olduğunu və iddia tələbinin həmin həcmdə təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5935/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X3 anasının himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması və birgə nikah dövründə əldə olunmuş “FAW BESTUNE X80” markalı, **- OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bərabər paylara bölünməklə, həmin nəqliyyat vasitəsinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh paylarının müəyyən olunması qət edilmişdir. - AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “FAW BESTUNE X80” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən Cavabdeh adında qeydiyyatdadır. - "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, X1 X80 (Ban nömrəsi: LFBGE3060MJK01909) avtomobilini xx.xx.2020-ci il tarixlində 26900 manat qiymətinə almışdır. xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin satış mütəxəssisi avtomobilin buraxılış ilini və yürüşü (38000 km) nəzərə alaraq avtomobilin bazar qiyməti 19400 manat civarında olmasını təsdiq etmişdir. - "xxxx" MMC-nin 0098 saylı hesabatından görünür ki, 2020-ci il buraxılışlı, “FAW BESTUNE X80” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 26500 manat olaraq müəyyən edilmişdir. İşin materiallarından da aşkar surətdə göründüyü kimi iddiaçı və cavabdeh mübahisəli avtomobilin paylı mülkiyyətçiləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində isə, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarından əmlakın (avtomobilin-daşınar əşyanın) naturada bölgüsü texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin işin materiallarından aydın olur ki, iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisinə ödənilməsini tələb etmək hüququna malik olduğu halda, avtomobilin açıq hərracdan satılmasını təklif etmişdir (məhkəməyə qədər mediasiya mərhələsi). Yuxarıda qeyd edildiyi kimi, əmlakın naturada bölünməsi mümkün olmadığından, bu halda Qanunun tələbinə uyğun olaraq məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsində qeyd edilmişdir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xilam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 23 iyul 2013-cli il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Məhkəmə qeyd edir ki, hazırki halda mübahisəli paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına mütənasib şəkildə naturada bölünməsinin mümkünsüzlüyü aşkardır, mübahisəli nəqliyyat vasitəsi paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına mütənasib şəkildə naturada bölünə bilməz. Belə olan halda isə hazırki iş üzrə iddiaçı olaraq ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, tərəflər arasında kompensasiya məbləği barədə qarşılıqlı razılaşma olmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə əməl edilmiş hesab edilməlidir. Bu səbəbdən də məhkəmənin qənaətinə görə iddiaçının mübahisəli avtomobilin açıq hərracdan satılması və satış pulunun ümumi məbləğdən mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbi əsaslı olduğundan, iddia təmin olunmalıdır. Məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gəldiyindən, açıq hərraca çıxarılacaq mübahisəli nəqliyyat vasitəsinin ilkin satış qiymətinin müəyyənləşdirilməsini zəruri hesab edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktına əsasən mübahisəli “FAW BESTUNE X80” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 19400 manat təşkil edir. Həmçinin, mübahisəli nəqliyyat vasitəsinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən qərardad qəbul edilmiş və həmin qərardad əsasında "xxxx" MMC-nin 0098 saylı hesabatından görünür ki, 2020-ci il buraxılışlı, “FAW BESTUNE X80” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 26500 manat olaraq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli nəqliyyat vasitəsinin açıq hərracda ilkin satış qiyməti "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktına aktına və tərəflərin birgə razılaşmasına əsasən 19400 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh mülkiyyətində olan 2020-ci il buraxılışlı, **-OL-*** dövlət qeydiyyat nişanlı, “FAW BESTUNE X80” markalı avtomobilə tərəflərin ½ pay hüququ nəzərə alınmaqla, həmin nəqliyyat vasitəsi ilkin olaraq 19400 manat məbləğində açıq hərraca çıxarılmalı və əldə edilən pul tərəflərin paylarına mütənasib şəkildə bölüşdürülməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (qeyd: iddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutulması barədə tələb mövcud deyil). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh mülkiyyətində olan 2020-ci il buraxılışlı, **-OL-*** dövlət qeydiyyat nişanlı, “FAW BESTUNE X80” markalı nəqliyyat vasitəsi açıq hərracdan satılsın və satışdan əldə edilmiş pul məbləği mülkiyyətçilərin paylarına uyğun olaraq (Cavabdeh 1/2, İddiaçı 1/2) bölünsün. Cavabdeh mülkiyyətində olan 2020-ci il buraxılışlı, **-OL-*** dövlət qeydiyyat nişanlı, “FAW BESTUNE X80” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 19400 (on doqquz min dörd yüz) manat məbləğində müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar