Məhkəmə qərarları › İş №e-2(001)-1469/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1469/2023

06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1469/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə (MMC) qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclаsındа bаxаrаq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 18 sentyabr 2017-ci il tarixli "xxxx"yə əsasən, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının A bloku, İİ giriş, 7-ci mərtəbədə yerləşən 2 otaqlı, 100,2 kv.metr ümumi sahəli, 104 saylı mənzilə görə 120240 manat məbləğində pul vəsaitini MMC-yə ödəməyi, MMC isə həmin mənzili İddiaçı təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etsə də, yəni mənzilə görə müqavilədə nəzərdə tutulmuş pul məbləğinu MMC-yə ödəsə də, mənzil ona təhvil verilməmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin mənzilin cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən mənzillə bağlı cavabdehlə aralarında müqavilə bağlandığı tarixdə mənzilə görə ödəməli olduğu 120240 manat məbləğində pul vəsaitini cavabdehə ödəmiş, bu barədə ona maliyyə arayışı verilmişdir. Bundan sonra iddiaçı mənzildə təmir işləri aparmaq üçün ora gəldikdə, cavabdehin işçiləri tərəfindən mənzilə buraxılmamış, bildirilmişdir ki, mənzil saxta sənədlər əsasında ona satılmış, bununla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmış, istintaq getməkdədir. Bundan sonra iddiaçı sözügedən İdarəyə rəsmi müraciət etməklə, aldığı mənzillə bağlı cinayət işi olubolmamasını maraqlanmış, aldığı cavabda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində X4 və X3 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə istintaq olunmuş ********* nömrəli cinayət işi 31 mart 2021-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş, qeyd edilən cinayət işi üzrə 13 mart 2021-ci il tarixli qərarla ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının A-İİ blokunun 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, 104 saylı mənzilin İddiaçı satılması ilə bağlı cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, hazırda Baş İdarənin İstintaq İdarəsində göstərilən xüsusatla bağlı hər hansı cinayət işi istintaq olunmur.” İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, cavabdehin iddiaçını mənzilə buraxmamasına əsas kimi göstərdikləri hal mənzillə bağlı cinayət işi üzrə istintaq getməsi olmuşdur. Halbuki, MMC-nin əməkdaşları barəsində olan həmin cinayət işi üzrə araşdırma zamanı iddiaçıya satılmış mənzillə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda, iddiaçı ilə cavabdeh arasında mənzilin iddiaıçya satılmasına dair müqavilə mövcuddur, həmin müqavilə üzrə iddiaçının cavabdehə borcunun olmaması məhz cavabdeh tərəfindən verilmiş maliyyə arayışı ilə öz təsdiqini tapır və mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməməsi cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi deməkdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-nin həm hüquqi ünvanına, həm də “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, MMC tərəfindən səlahiyyətli nümayəndələrinin məhkəmədə iştirakları təmin edilməmişdir. Tədqiq edilən sübutlar: Mülki iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 18 sentyabr 2017-ci il tarixli "xxxx"nin 3.4-cü bəndində göstərilmişdir ki, “İcraçı”, yəni Cavabdeh MMC mənzilə aid bütün hüquqları bina tikildikdən və X5 tam ödənildikdən sonra “Sifarişçiyə”, yəni İddiaçı verir. Cavabdeh MMC tərəfindən verilmiş 18 sentyabr 2017-ci il tarixli, 02/09 nömrəli Maliyyə Arayışında göstərilmişdir ki, ünvan 2 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Həmin binanın A-İİ blokunda 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100,2 kv.metr olan 2 otaqlı, 104 saylı mənzilə dair X2 Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsindən İddiaçı ünvanlandırılmış məktubda göstərilmişdir ki, İstintaq İdarəsində X4 və X3 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə istintaq olunmuş ********* nömrəli cinayət işi 31 mart 2021-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş, qeyd edilən cinayət işi üzrə 13 mart 2021-ci il tarixli qərarla ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının A-İİ blokunun 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, 104 saylı mənzilin İddiaçı satılması ilə bağlı cinayət hadisəsi olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda Baş İdarənin İstintaq İdarəsində göstərilən xüsusatla bağlı hər hansı cinayət işi istintaq olunmur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Qeyd olunmalıdır ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İşin müəyyən edilən hallarına görə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 18 sentyabr 2017-ci il tarixli "xxxx"yə əsasən, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının A bloku, İİ giriş, 7-ci mərtəbədə yerləşən 2 otaqlı, 100,2 kv.metr ümumi sahəli, 104 saylı mənzilə görə 120240 manat məbləğində pul vəsaitini MMC-yə ödəməyi, MMC isə həmin mənzili İddiaçı təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.4-cü bəndində göstərilmişdir ki, “İcraçı”, yəni Cavabdeh MMC mənzilə aid bütün hüquqları bina tikildikdən və X5 tam ödənildikdən sonra “Sifarişçiyə”, yəni İddiaçı verir. Cavabdeh MMC tərəfindən verilmiş 18 sentyabr 2017-ci il tarixli, 02/09 nömrəli Maliyyə Arayışında göstərilmişdir ki, ünvan 2 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Həmin binanın A-İİ blokunda 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100,2 kv.metr olan 2 otaqlı, 104 saylı mənzilə dair X2 Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Lakin, mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir. Göründüyü kimi tərəflər arasında müqavilə azadlığı prinsipinə uyğun müqavilə bağlanaraq qarşılıqlı ödəlik götürmüş, iddiaçı öhdəliyi icra etmiş cavabdeh isə onun icrasından yayınmışdır. Buna görədə məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ünvan 1 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının A bloku, İİ giriş, 7-ci mərtəbədə yerləşən 2 otaqlı, 100,2 kv.metr ümumi sahəli, 104 saylı mənzilin təhvil verilməsini tələb etməklə haqlıdır. Bununla yanaşı hazırda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmasa da onun gələcəkdə bu mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirməsi ilə bağlı gözləntisi var və mənzilin ona təhvil verilməməsi onu bu hüququn həyata keçirməsinə də maneə yaradır. Təsadüfi deyil ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi nəzərdə tutulmuşdur. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının A bloku, İİ giriş, 7-ci mərtəbədə yerləşən 2 otaqlı, 100,2 kv.metr ümumi, 48,5 kv.metr yaşayış sahəli, 104 saylı mənzil İddiaçı təhvil verilsin. Dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar