Məhkəmə qərarları › İş №e-2(001)-1479/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1479/2023

25.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1479/2023 25.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, ərizəçi İddiaçı (maraqlı şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət etdərək, onun N nömrəli hərbi hissədən hərbi xidmətdən 1993-cü ilin avqust ayının 28-də qanuni əsaslarla ehtiyata buraxılmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(001)-14712/2017 saylı Qətnaməsinə əsasən onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin olunmuş və İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 1993-cü ilin may ayının 5-dən avqust ayının 7-dək Füzuli rayonunda (Horadiz qəsəbəsi və Mahmudbəyli kəndi uğrunda) gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Həmin Qətnamə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli arayışına əsasən 15 yanvar 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmənin qərarı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim olunmuş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, N nömrəli hərbi hissədə hərbi xidməti, yaralanmağı və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı Arxiv arayışı ilə təsdiqlənmədiyindən və Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli Qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığından “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bu səbəbdən o, Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, o ,müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-11318/2022 №-li Qərarı ilə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsində aparılan icraat zamanı aşağıdakılar müəyyən edilmişdir: 1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş arayışa əsasən, o, həqiqətən xx.xx.1993-cü il tarixdən N saylı hərbi hissədə hərbi xidmətə daxil olmuşdur. 1993-cü ilin avqust ayının əvvəlində ağır bədən xəsarəti almışdır. Bir neçə gün hərbi hissədə qaldıqdan sonra Lənkəran Hərbi Hospitalına yerləşdirilmişdir. 1993-cü ilin avqust ayının 10-dan 28-dək Kalinovka Sağlamlıq Mərkəzində müalicə olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 1993-cü ilin may ayının 5-dən avqust ayının 7dək Füzuli rayonunda (Horadiz qəsəbəsi və Mahmudbəyli kəndi uğrunda) gedən döyüşlərdə iştirak etməyi faktı müəyyən edilmişdir; 2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 13 iyun 2018-ci il tarixli, 1104 saylı Qərarına əsasən Bakı şəhəri Binəqədi RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Masallı rayonu mərkəzi xəstəxanasının Kalinovka kənd xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və xəstəlik diaqnoz: “Başın müxtəlif nahiyyələrində çoxsaylı qəlpə yaralanması. Xroniki sistitin kəskinləşməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon idarəsinin xx.xx.2018-ci il tarixli 128 nömrəli göndərişi, xx.xx.2018-ci İl tarixli 249 nömrəli arayışı, Masallı rayonu mərkəzi xəstəxanasının Kalinovka kənd xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travma”dır, Azərbaycan Respublikasının müdafiəsi zamani alınmışdır”. Bakı İnzibati Məhkəməsində müəyyən edilmiş hallar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mübahisələndirilməmişdir. Əlavə olaraq bildirirəm ki, o, yaralanandan sonra müalicədə olarkən, 1993-cü ilin avqust ayının 23-də (müalicədə olan zaman) Füzuli rayonunun ermənilər tərəfindən işğal olundu (bu ümumi bəlli olan bir faktdır). Hesab edir ki, onun yaralanandan sonra hərbi xidmətdən tərxis olunmağı barədə əmrin verilməsinə və sonradan arxivdə saxlanmasına Müdafiə Nazirliyinin əməkdaşları cavabdehdilər və onların öz vəzifələrinə məsuliyyətsiz yanaşması onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır.Eyni zamanda hesab edir ki, əgər o hərbi hissəni öz başınatərk etsəydi belə, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmalı idi və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilməli idi. Buna görə hərbi uçot sənədlərinin hərbi komissarlığa göndərilməməsi hərbi hissəni özbaşına tərk etməməyinin və qanuni əsaslarla ehtiyata buraxılmağının sübutu kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin arayışına əsasən onun hərbi cinayətlərə ğörə cinayət məsuliyyətinə cəlb edilməməyi və məhkum olmamağı hərbi hissəni özbaşına tərk etməməyinin və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağının sübutudur. Göründüyü kimi, onun təxliyə olunaraq N nömrəli hərbi hissədə hərbi xidməti və yaralanmağı faktı artıq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(001)-14712/2017 saylı Qətnaməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11318/2022 №-li Qərarı ilə təsdiq edilsədə, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Həmin faktın müəyyən edilməsi ona veteran adı və veteran vəsiqəsinin verilməsi üçün lazımdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 310.1ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində göstərilmişdir müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Göründüyü kimi “qanuni əsaslarla ehtiyata buraxılma faktı”-nın müəyyən edilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bundan başqa “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Eyni zamanda «Hərbi xidmətkeçmə haqqında» Əsanamədə müharibə dövründə hərbi xidmət keçmənin xüsusiyyətləri, hərbi xidmətdən ehtiyata buraxılma və.s qaydalar tənzimlənmişdir. Sadalanan normalardan göründüyü kimi iddiaçının ehtiyata buraxılmasının qanuniliyinin yoxlanılması və nəticədə müharibə veteranı kimi tanınması qanunvericilikdə nəzərdə tutulmuş başqa qaydada mümkündür və bu səbəbdən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılan iş üzrə iddianın rədd edilməsi, həmin məsələyə mülki məhkəmə icraatı qaydasında baxılmasını mümkün etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ödənişi edən Vəkil geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, Bakı İnzibati Məhkəməsinin narazı olduğu qərarından yuxarı instansiya məhkəməsinə şikayət vermək, ehtiyata buraxılmasının rəsmiləşdirilməsi ilə bağlı müvafiq orqana müraciət etmək hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153,263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi İddiaçı (maraqlı şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100(bir yüz) manat məbləğində dövlət rüsumu ödənişi edən Vəkil geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar