Məhkəmə qərarları › İş №e-2(001)-1483/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1483/2023

14.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1483/2023 14.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Kapital Bank ASC-nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Kapital Bank ASC Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh iddiaçı Kapital Bank ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh özünə məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh özünə məxsus № ******************** kart hesabından bir neçə dəfə istifadə etmiş, cavabdehin hesabı mənfiyə düşmüşdür. Cabadeh xx.xx.2021-ci il tarixdə müvafiq olaraq bir neçə dəfə əməliyyat etmiş, 1444,80 manat kartdan istifadə etmişdir və kart mənfiyə düşmüşdür. Həmin məbləğləri istifadə etdiyi vaxta qədər cavabdehin kartda öz vəsaiti olmamışdır. Həmin borcdan heç bir ödəniş etməmişdir. Nəticədə Cavabdeh banka cəmi 1444,80 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh heç bir əsas olmadan, texniki səhvin baş verdiyinə görə iddiaçının hesabına əsassız varlanmışdır. Ona görə də Cavabdeh iddiaçı Kapital Bank ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1444,80 manatın, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 34,45 manat dövlət rüsumunun iddiaçı Kapital Bank ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı Kapital Bank ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, o, Kapital Bank ASC-nin kart istifadəçisi olmuş, istifadəsində olan kart kredit deyil, debet kartı olmuşdur. 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, iddiaçı ona bildiriş göndərmədən məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi bank çıxarışından görünür ki, bank tərəfindən ona hər hansı vəsait göndərilməmiş, tələb olunan 1448,80 manat onun kartına mədaxil edilməmiş, kartın mənfiyə düşməsi isə çıxarışda öz əksini tapmır. Ona görə də iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 14.2.7. Əsassız varlanma. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: Maddə 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; Maddə 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Cavabdeh məxsus Kapital Bank ASC-də olan ******************** saylı kart üzrə çıxarışdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 3852 manat mədaxil, 5296,80 manat məxaric olunmuşdur. Kapital Bank ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli 16T/357 saylı bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehə istifadəsində olan ******************** saylı plastik kart hesabından istifadə zamanı balansında faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş verməsi və 1444,80 manat məbləğində borc yaranması, qeyd olunan vəsaitin 5 gün ərzində qaytarılmadığı halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6204 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh Kapital Bank ASC-yə olan overdraft borcu 1444,80 manat təşkil edir. xx.xx.2021-ci il tarixli hesab və ödəniş kartına dair müqavilədə faiz və cərimə borcunun hesablanması nəzərdə tutulmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh Kapital Bank ASC-də olan ******************** saylı kart hesabından əməliyyatlar apararkən hüquqi əsası olmadan iddiaçının pul vəsaitindən istifadə etməklə iddiaçıya vurduğu ziyana görə 1444,80 manatı geri qaytarmadığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, cavabdeh etirazında istinad etdiyi hallara dair sübutlarını məhkəməyə təqdim etmədiyindən, iddiaçının cavabdehə qarşı əsassız varlanma nəticəsində əldə etdiyi 1444,80 manat tələbi əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin edilir. Məhkəmə iddiaçının cavabdehdən həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin tutulması tələbi ilə bağlı qeyd edir ki, özünə məxsus pul vəsaitinə nəzarət etmək, müştərilərinə göstərdiyi xidmət nəticəsində öz vəsaitindən istifadə etmək imkanı verən iddiaçının sonda faiz tələb etməsi əsassız olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə ödənilmiş dövlət rüumunun və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinin cavabdehə aid edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyan görə 1444,80 manat, dövlət rüsumuna görə 34,45 manat olmaqla cəmi 1479,25 manat Kapital Bank ASC-nin xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar