Məhkəmə qərarları › İş №e-2(001)-1496/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1496/2024

23.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1496/2024 23.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 23 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Türkiyə Respublikasının vətəndaşı İddiaçı İran İslam Respublikasının vətəndaşı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60000 ABŞ dolları məbləğində pulun, habelə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 392 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 may 2016-cı il tarixdə iddiaçının bank hesabından cavabdehin hesabına 60000 ABŞ dolları məbləğində pul göndərilmişdir. Belə ki, iddiaçının qardaşı Mehmet Selim ilə cavabdeh arasında iş birliyi olmuş, sonradan cavabdeh iş birliyini pozmuş, daha sonra da bu məqsədlə göndərilmiş pulu geri qaytarmamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda göstərilmişdir ki, cavabdehin hesabına köçən pul Səlim Oka məxsus olmuşdur. Lakin həmin pul iddiaçının hesabından ödənildiyi üçün hazırda qardaşı Səlim Ok tərəfindən cavabdehə qarşı bu iddia qaldırıla bilmir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə etdiyini, iş materiallarında olan sübutlarla iddianın əsaslı olduğunun müəyyən olunduğunu bildirmiş, sonradan məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin məlum olduğu yaşayış yerinə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamış, habelə, iddaya öz yazılı münasibətini bildirməmişdir. Mülki iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əsgərov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Türkiyə Respublikasının vətəndaşı X4 İslam Respublikasının vətəndaşı Akbar Qurbani adlı şəxs tərəfindən kredit almaq məqsədi ilə onun 65000 ABŞ dolları məbləğində pulunun mənimsənilməsi barədə Bakı şəhər Baş Polis İdarəsinə ünvanlandığı elektron müraciəti araşdırılması məqsədi ilə Binəqədi RPİ 43-cü PB-nə göndərilmiş, araşdırma zamanı Akbar Qurbani izahatında göstərmişdir ki, o, birgə iş qurmaq niyyəti ilə Oqtay, Ramazan və Bayraktar Əli adlı şəxslərlə müəyyən məbləğlərdə pul vəsaitləri yatırım etmişlər. 2016-cı ilin may ayında ona məxsus "xxxx"na aid hesaba Ramazan tərəfindən 60000 ABŞ dolları məbləğində pul göndərilmişdir. Sonradan iş alınmadığından qoyulmuş pullar batmışdır. 2021-ci ildə X3 Respublikasında ondan, Oqtaydan və Ali Bayraktardan şikayət etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Ramazanın ona göndərdiyi pul Səlim Okun pulu olmuşdur. O, telefonla Səlim Okla danışaraq, onu tanımadığını, hesablaşmasını Ramazanla aparmasını bildirmişdir. O, konkret olaraq Selim Oku tanımır, onunla heç bir iş birliyi olmamışdır. Gələcəkdə işləri alınarsa Səlim Okun pulunu Ramazanın əvəzinə qaytara bilər... Təhqiqat zamanı Abdulhakim Okun 60000 ABŞ dolları pul vəsaitinin Akbar Qurbaninin hesabına köçürülməsinə dair qəbz materiallara əlavə edilmiş, beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, X2 və Rusiya dövlətlərində şərikli biznes fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Selim Okla aralarında bağlanmış şifahi razılaşma əsasında kredit məqsədi ilə Akbar Qurbaninin hesabına köçürüdüyü pul vəsaitinin sonuncu tərəfindən qaytarılmamaqla müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsi xüsusatı cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan öz həllini mülki qadada məhkəmədə tapmalıdır. Beləliklə, cinayət işi başlanması rədd edilmiş, Salim Oka mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin hüquq departamentinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh hesabına xx.xx.2016-cı il tarixdə İddiaçı tərəfindən 60000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında şifahi qaydada bağlanan müqavilədən irəli gələn münasibətlər nəticəsində Cavabdeh hesabına xx.xx.2016-cı il tarixdə İddiaçı tərəfindən 60000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə qənaətə gəlir ki, hüquqi nəticə etibarı ilə tərəflər arasında sahibkarlıq münasibətləri olmuş, bu münasibətlər çərçivəsində də iddiaçı cavabdehə 60000 ABŞ dolları pulun bügünədək qaytarılmadığını iddia edən iddiaçı bu halları sübut etməlidir. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir, cavabdehlik sübuta yetirildiyi təqdirdə belə, məhz pul vəsaitlərinin təyinatı üzrə məbləğının müəyyən edilməsi üçün bunu sübut edəcək təkzibedilməz sübutlar təqdim edilməlidir. Beləliklə, cavabdehin iddiaçı qarşısında borcun qaytarılması ilə bağlı icra edilməmiş öhdəliyinin mövcud olduğu öz təsdiqini tapmışdır. İşin məhkəmə araşdırılması ilə bu etirafın əksi sübut olunmadığından məhkəmə həmin sənədi mötəbər sübut kimi qiymətləndirir. "xxxx" ASC-nin hüquq departamentinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh hesabına xx.xx.2016-cı il tarixdə İddiaçı tərəfindən 60000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, 60000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tərəflər arasında yaranmış münasibətlərdə pul ödənişinin ABŞ dolları ilə aparılmalı olduğu şərtləndirilmədiyindən, cavabdehdən tutulmalı pul vəsaiti ödəniş anında Azərbaycan manatına uyğun məzənnə ilə hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 392 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. 60000 (altmış min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 392 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar