Məhkəmə qərarları › İş №e-2(001)-1554/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1554/2025

27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1554/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mahmut oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mahmut oğlundan 85000 manat pul vəsaitinin, 315 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır, Cavabdeh2 Mahmut oğlu mənim tanışım olmuşdur. Digər Cavabdeh1 isə Yaşar vasitəsi ilə tanımışam. Yaşarla heç bir zaman aramızda narazılıq olmamış,əksinə bir-birimizə qarşı hörmət və güvənimiz olmuşdur. Belə ki,Cavabdeh2 aramızdakı yaxınlıqdan istifadə edərək mənə onlarla birlikdə işləməyimi təklif etdi. Onlar, 2020-ci ilin iyul ayında məndən 45000 manat, daha sonra isə 32000 və 8000 manat olmaqla ümumilikdə 85000 manat restoran biznesi qurmaq adı ilə məndən onların işinə pul qoyaraq 25% qazanc əldə verəcəkləri vədi ilə pul aldılar. Mən isə Yaşara olan etibarımdan bu təklifini qəbul edərək 3 dəfəyə, hissə-hissə olmaqla, ümumilikdə 85000 manat məbləğində pul verdim. Qeyd edim ki, onunla işlədiyimiz dövrdə qazanc olaraq mənə 1 manat belə pul verməsələr də, müxtəlif vaxtlarda xırda-xırda kirayə pulu və södəyim deyə ümumilikdə 10000 manatı ödəmiş, sonra isə buna dair əlyazma yazaraq mənə verib həmin pulu da 85000 manatdan çıxaraq qalan 75000 manatı qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etdiklərindən mən polisə müraciət etdim. Bundan sonra cavabdehdən dəfələrlə qazancımı və ona verdiyim 85000 manatı tələb etsəm də, cavabdehlər hər dəfə müxtəlif bəhanələrlə pulumu və qazancımı qaytarmamışdır. Məni hər dəfə aldadaraq bir neçə günə qaytaracağını bildirdiyindən bir müddət ona inansam da, sonradan onun əməllərindən Nəsimi Rayon Polis İdarəsinə şikayət etmişdim. Həmin iş üzrə onun barəsində cinayət işi açılmamış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi cavabdeh məndən 85000 manat pul aldığını etiraf etmişdir. Lakin yalan məlumat verərək guya pulu borc aldıqlarını və ayda kassir işləməyə görə 2500 manat pul ödədiklərini bildirmiş və öz əməllərini mülki dona salmağa çalışmış və cinayət əməlləri olmadığına polisi inandırmışlar. Mən isə polisin bu qnunsuz qərarından və 2021- ci ildən bugünədək pulumu qaytarmadığından məhkəməyə müraciət etməli oldum. İşlədiyimdən və hüquqi savadımın olmaması səbəbindən hüquqlarımı müdafiə etməsi üçün vəkillə müqavilə bağlamalı və məhkəməyə dövlət rüsumu ödəməli oldum. Bütün bu xərclər isə cavabdehlərin pulumu əsassız saxladığından çəkildiyindən həmin xərclər cavabdehlərdən tutulmalıdır. Bununla yanaşı qeyd etmək istəyirəm ki, cavabdehin qanunsuz əməlləri nəticəsində mən ev almalı olduğum pulu onlara verdiyimdən illərdi ki kirayədə qalıram. Cavabdeh Hüseynov X1 Azər Rafiq oğlu məhkəmə iclasında bildirdi ki, həm iddiaçının, həm də hüquqlarını müdafiə etdiyi şəxsin VÖEN-i vardır və mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Bu səbəbdən də mülki iş məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil isə işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etməyərək bildirdi ki, onun hüquqlarını müdafiə etdiyi şəxsin VÖEN-nin olmasında məlumatı olmamışdır, indicə ondan həmin məsələnin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək, proses iştirakçılarının fikrini öyrənərək o qənaətə gəlir ki, vəsatət təmin edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, müvəqqəti dayandırılsa da həm Cavabdeh1, həm də İddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır və mübahisə də məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Odur ki, aşağıda göstərilənlərə əsasən mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsində göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. -25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bundan başqa, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Eyni zamanda məhkəmə tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, hazırki qərardaddan şikayət verildiyi təqdirdə MPM-nin 269-cu maddəsinin tələblərini və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilən xüsusatları nəzərə alsınlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mahmut oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar