Məhkəmə qərarları › İş №e-2(001)-1574/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1574/2023

16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1574/2023 16.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə ödədiyi 160000 manatın, habelə dəymiş zərərin əvəzi kimi 10500 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh ona məxsus ünvan 1 ünvanında olan 5 otaqlı mənzili satmağı, iddiaçı isə hissəvi ödənişlərlə olmaqla 160000 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 90000 manat, xx.xx.2021-ci il tarixdə 30000 manat, xx.xx.2022-ci il tarixdə 20000 manat və xx.xx.2023-cü il tarixdə iddiaçının həyat yoldaşı X3 tərəfindən 20000 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər icra edilsə də, Cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər icra edilməməkdədir. Cavabdeh qeyd edilən mənzilin alğı-satqısını (bağışlanmasını) həyata keçirməkdən yayınır. Belə ki, müqavilənin 4-cü bəndinə əsasən sonuncu ödəniş edildikdən sonra cavabdeh ona məxsus olan ünvan 2 ünvanında olan 5 otaqlı mənzili iddiaçıya bağışlamalı idi. Tərəflər qardaş olduqlarından bağışlanma yolu ilə mənzilin ötürülməsinə razılaşmışlar ki, vergidən azad olma hüququndan istifadə etsinlər. Bu halın da məhz cavabdehin xeyrinə olduğu bəllidir. Çünki vergi məhz onun tərəfindən ödənməli idi. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən, yəni mənzili iddiaçıya təhvil vermədiyindən, iddiaçı tərəfindən ona ödənilmiş 160000 manat pulu geri qaytarmalıdır. Habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən, Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Bundan başqa, cavabdeh mənzili vermədiyindən ona verilmiş vəsaitlərdən istifadə etmiş, iddiaçı öz vəsaitindən istifadə edə bilməmişdir. İddiaçıya zərər vurulmuşdur. 90000manat x 5 faiz=4500 manat x 2 il= 9000 manat+30000 x 5 faiz= 1500 manat. 9000 manat +1500 manat = 10500 manat. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddianı qismən, 140000 manatın ödənilməsi hissəsində qəbul etdiklərini bildirərək, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən sözügedən müqavilə üzrə cavabdehə 140000 manat pul ödənilmişdir. Qalan 20000 manat isə tərəflərin qarşılıqlı iş münasibələri nəticəsində yaranmış puldur. Həmin pul iddiaçı tərəfindən cavabdehə ödənilməmişdir. Hazırda cavabdeh iddiaçı tərəfindən ona ödənilmiş 140000 manatı qaytarmağa razıdır, lakin, iddianı qalan hissələrdə qəbul etmir. Mülki iş materiallarında olan, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ona məxsus ünvan 3 ünvanında olan 5 otaqlı mənzili satmağı, özünə həyət evi əldə etmək niyyətində olduğunu, digər tərəfdən qardaşı İddiaçı həmin mənzili hissəsi ödənişlərlə əldə etmək niyyətində olduğunu nəzərə alaraq bu müqaviləni aşağıdakı şərtlərlə bağlamışlar:

1. Cavabdeh ... mənzili 160000 manata satır.

2. İddiaçı ilkin olaraq xx.xx.2020-ci il tarixdə 90000 manat ödəməyi, xx.xx.2021ci ildə 30000 manat, xx.xx.2022-ci il tarixdə 20000 manat, xx.xx.2023-cü il tarixdə 20000 manat ödəyəcəyini təklif edir və Cavabdeh bu təklifi qəbul edir.

3. İddiaçı ödənişləri etdikcə Cavabdeh aldğı vəsaitin alınmasını təsdiq edən yazılı qeydin bir nüsxəsini İddiaçı, digər nüsxəsini atası İbrahimov Kamilə təqdim edir.

4. Tərəflər razılaşırlar ki, sonuncu ödəniş edildikdən sonra Cavabdeh mənzili bağışlama yolu ilə qardaşı İddiaçı adına keçirir.

5. Tərəflər razılaşırlar ki, ödəniş tam ödənməyincə mənzil tələb edilə bilməz.

6. Bu müqavilənin şərtləri pozularsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. - 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. - 439.3-cü maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasənİ, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. - 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 16 yanvar 2020-ci il tarixi müqaviləyə əsasən, cavabdeh mülkiyyətində olan mənzili 160000 manat pul vəsaiti əvəzində iddiaçıya bağışlamağı, iddiaçı isə mənzilin dəyəri olan 160000 manatı hissəhissə (müqavilədə nəzərdə tutulan qaydada) ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı tərəf müqavilədə göstərilən pul məbləğini tam olaraq cavabdehə ödədiyini, lakin cavabdehin evi iddiaçıya bağışlamadığnı, yəni müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilmədiyini iddia edir, buna görə ödənilmiş 160000 manatın, eləcə də zərərin əvəzi kimi 10500 manatın cavabdeh tərəfindən iddiaçıya ödənilməsini tələb edir. Cavabdehin vəkili həm məhkəmə iclasındakı izahatında, həm də məhkəməyə ünvanlandırdığı ərizədə iddianı 140000 manatın qaytarılması hissəsinə qəbul etməklə, dolayı yolla müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilmədiyini etiraf etmişdir. İddia tələbini 140000 manatın qaytarılması hissəsində qəbul etdiklərini isə onunla əsaslandırmışdır ki, qalan 20000 manat tərəflərin ortaq işləri ilə bağlı pul olmuş, iş alınmadığından hazırda iddiaçı bu pulu cavabdehdən tələb edir. Halbuki, evlə bağlı iddiaçı tərəfindən cavabdehə 140000 manat pul ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin vəkilinin evin dəyərinin 140000 manata razılaşdırılması ilə bağlı fikirləri əsassızdır, çünki tərəflər arasında bağlanmış müqavilədə evin dəyəri dəqiqliklə, 160000 manat kimi göstərilmişdir. Həmçinin, cavabdehin vəkilinin izahatında göstərdiyi xüsusatlarla bağlı cavabdeh tərəf məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə bundan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən, habelə, iddiaçının üzərinə düşən öhdəliklərin iddiaçı tərəfindən icra edildiyi sübuta yetirildiyindən, cavabdehə ödənilmiş 160000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbi dəymiş zərərin tutulması hissəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.3-cü maddəsi ilə əsaslandırılmışdır. Həmin maddədə göstərilir ki, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Tərəflər arasında bağlanmış müqavilədə faizlərin hesablanması nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki halda iddiaçıya münasibətdə borclu sayılan cavabdehin müqavilə üzrə öhdəliyi evin iddiaçıya bağışlamaq olduğundan, bu öhdəliyin icra edilməməsi ilə bağlı faizlərin hesablanması əsaslı deyildir. Digər tərəfdən, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki halda 160000 manat iddiaçı tərəfindən cavabdehə verilməsəydi, cavabdehin həmin puldan gəlir əldə edəcəyi ilə bağlı iddiaçı tərəf məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib əvəzi, yəni 450 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh pul tələbinə dair iddiası qismən təmin edilsin. 160000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X2 ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 450 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar