Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1575/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 11 saylı Notariat ofisi tərəfindən borclu İddiaçı barəsində 8i-7589 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, icra qeydinin verilməsinə əsas olan borc məbləği dəqiqləşdirilməmişdir. Belə ki, icra qeydində göstərilən borc məbləğinin təxminən 70%-i borclu tərəfindən ödənilməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin hamısı tələb olunur. Həmçinin, pretenziya qaydalarına riayət edilməmiş, icra qeydi aparılmazdan əvvəl yazılı qaydada göndərilmiş bildiriş borcluya çatmamışdır. Göstərilən hal isə icra mərhələsində həll olunan məsələ olmadığı üçün borclunun ödədiyi borc məbləğini əsassız olaraq yenidən ödəməsinə səbəb olacağından bu barədə tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin qanunun tələblərinə uyğun olaraq göndərildiyindən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Daha sonra cavabdeh etiraz ərizəsinə əlavə ünvanlayaraq, İddiaçı icra qeydi üzrə ödəmələri həyata keçirdiyini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə başladığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, işə onların iştirak olmadan baxılmasını və iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmiş, Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini qəbul etmədiyini, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 8(103)-60/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(001)-60/2023 saylı qərardadına əsasən təqdimat təmin edilərək borclu İddiaçı mülkiyyətində olan Göycay şəhəri, ünvan 1 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinin üzərinə ünvan 2n 8i-7589 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələb həcmində həbs qoyulmuş, borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-60/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2022-ci il tarixli borc müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 12634 manat məbləğində pul borc vermişdir. - Nəcəfova Laçın, Hacızadə Fidan və Qasımov Ələsgər tərəfindən imzalanmış aktdan görünür ki, şirkətin rəhbəri Fidan Hacızadənin razılığı ilə Qasımov Ələsgərə 500 manat dəyərində Brige Mekanik şirkətinə məxsus olan divan və stol satılmışdır. Ödənilən məbləğ Brige Mekanik şirkətinin icarə borcundan çıxılmaq şərti ilə X2 administratoru Nəcəfova Laçın tərəfindən təhvil alınmışdır. - Nəcəfova Laçın və Hacızadə Fidan tərəfindən imzalanmış aktdan görünür ki, Brige Mekanik şirkətinə məxsus olan 1 ədəd mebel dəsti, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 5 ədəd prosessor, 6 ədəd monitor, 6 ədəd klaviatura, 3 ədəd printer, 1 server avadanlığı, 1 ədəd wifi aparatı, 1 dispenser, 1 ədəd plastik masa, 4 ədəd plastik oturacaq və 21 ədəd qablaşdırılmış qutu Fidan Hacızadə tərəfindən qablaşdırılaraq Laçın Nəcəfovaya təhvil verilmişdir. Qeyd olunan əşyalar Brige Mekanik şirkətinin tam icarə borcu ödənilənə qədər saxlanılacaqdır. - ödəniş qəbzlərindən görünür ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıya 1000 manat olmaqla, ümumilikdə 5000 manat məbləğində pul ödəmişdir. X.X.Soltanov və R.Y.Baxşəliyev tərəfindən imzalanmış aktdan və 513815 saylı qaimədən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən ünvan 3 ünvanında yaşayan İddiaçı 513815 yol qaimə nömrəli bildiriş-məktub göndərilmiş, həmin bildiriş-məktub xx.xx.2022-ci il tarixdə, saat 15:20-də İddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir. - Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən əvvəl poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparacağı barədə müəyyən edilmiş formada bildiriş göndərilmiş və həmin bildiriş-məktub xx.xx.2022-ci il tarixdə Fatiyev tərəfindən imzalanaraq qəbul edilmişdir. Bundan sonra, Cavabdeh ərizə ilə Bakı şəhəri 11 saylı notariat kontoruna müraciət edilmiş və Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən xx.xx.2022-ci il tarixdə 8i- 7589 nömrəli icra qeydi aparılmışdır. Azərbaycan Respublikasinin “Notariat haqqında” Qanununun: - 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. -İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. -Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. -İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. -Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. -Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. -Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. -İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. -Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 79-cu maddəsinə əsasən, icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Odur ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-1575/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1575/2023
31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver