Məhkəmə qərarları › İş №e-2(001)-1606/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1606/2024

19.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1606/2024 19.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni İddiaçı cavabdeh olan bacısı Cavabdeh 14225 manat borc pul vermişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixli borcun etirafı barədə cavabdehin yazılı izahatı vardır. Bundan başqa ondan 30 manat dəyərində 1 ədəd kostyum, 35 manat dəyərində 1 ədəd ventilyator və 25 manat dəyərində 1 ədəd ətir almışdır. Cavabdeh 14315 manat məbləğində pul vəsaitini hər dəfə 1000 manat olmaqla geri qaytaracağını öz öhdəsinə götürsə də, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina etmişdir. Bu günə qədər həmin borcdan yalnız 3500 manatını geri qaytarmışdır. Borcunu qaytarmadığına görə dəfələrlə ondan müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi və borc məbləğinin qaytarılması tələb olunsa da, cavabdeh öhdəliyin icrasından yayınmışdır. Hər dəfə borcunu ödəməsini tələb etdikdə onu dilə tutaraq başqa vaxt ödəyəcəyinə onu razı salmışdır. O, başa düşmüşdür ki, onun bu pulları qaytarmaq fikiri yoxdur və onu aldatmaq niyyətindədir. Hazırda səhhətindəki narahatçılıqlara görə maddi cəhətdən vəziyyəti ağırlaşmışdır. Halbuki, cavabdehə verdiyi pulu vaxtında alsa idi, sağlamlığına xərcləyərdi və səhhətində geriləmələr də olmazdı. Cavabdeh onun pulunu özündə əsassız olaraq saxlamaqla ona maddi cəhətdən ziyan da vurmuşdur. Buna görə də o, hesab edir ki, həmin pullar məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir. Lakin rüsum ödəməyə imkanı olmadığına görə əlavə pulları tələb edə bilmir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 10815 (on min səkkiz yüz on beş) manat məbləgində borcun və ödənilmiş 122.44 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını məhkəmə iclasında təmin etməmişlər. Lakin iddiaçının nümayəndəsi Vəkil “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, Xəzər universitetində imtahanda olması ilə əlaqədar məhkəmə iclasına gecikmə ehtimalının olmasını əsas gətirməklə gecikəcəyi təqdirdə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, şahid qismində dindirilməli olan anaları, yəni X1 yıxılaraq zədə almasını və müalicəsinin 21 gün davam etməsini əsas gətirməklə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı, məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh məhkəmə iclasında verdiyi izahatında ilk əvvəl borcunun olmasını bildirərək geri qaytaracağını bildirsə də, sonradan mövqeyini dəyişmiş, pul vəsaitinin geri qaytardığını bildirmişdir. Eyni zamanda cavabdeh 21 dekabr 2022-ci il tarixli əlyazmada olan xəttin və imzanın ona məxsus olmasını məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış 21 dekabr 2022-ci il tarixli əlyazmadan görünür ki, həmin tarixdə Cavabdeh tərəfindən yazılmış əlyazmada o, İddiaçı 14225 manat pul borcunun olmasını, hər ay evi satılanda 1000 manat verəcəyini, imkanı olanda tez zamanda borcunu ödəyəcəyini qeyd etmiş və əlyazmanı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış əlyazmanın surətindən görünür ki, İddiaçı tərəfindən yazılmış əlyazmada o, bacısının ona 14225 manat pul borcunun olmasını, həmin məbləğdən 3500 manatın çıxıldığını qeyd etmiş və əlyazmanı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əlyazmadan görünür ki, həmin əlyazmada “Arzu bacım” “3.06.2022”, “stol-150 man, xalça-80 man, tumba mebel-250 man, stol üstü 6 ədəd-24 manat, termo mebel-450 man, yupka yaşıl- 20man və sair”, ümumilikdə “1375”, sənədin arxasında “xeyirli olsun” və sair sözləri yazılmış, lakin həmin əlyazmada tərəflərə məxsus imza mövcud deyildir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, etiraz ərizəsində göstərmişdir ki, İddiaçı onun doğma bacısıdır, o, qanunsuz olaraq ticarətlə məşğuldur. 2019-cu ildə ondan geyim və məişət əşyaları almışdır. Pulu da hissəhissə ödəmişdir. Bacısı ona ərizəni yazdıran zaman həmin ərizəyə tarix qoymamış, güya o, 2022-ci ildən ondan 14000 manat borc almışdır. O, bacısından nağd pul almamış, yalnız geyim və məişət əşyaları almışdır. Ortada nağd pul haqq-hesabı olsa idi, bacısı onu notariusa apararaq borc müqaviləsi bağlayardı. Aralarında olan bəzi söz-söhbəti şişirdərək dava dalaş salan bacısı bu gün 14000 manat pul iddiası ilə onu məhkəməyə vermişdir. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə borc müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin borcla bağlı normaları tətbiq edilməlidir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, tərəflərin məhkəmə iclasında verdikləri izahatları, cavabdeh tərəfindən yazılmış, lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehin xətti və imzası olan əlyazma ilə təsdiq edilir ki, tərəflər bacı olmaqla yanaşı, İddiaçı tərəfindən Cavabdeh 14315 manat məbləğində borc pul verilmiş, cavabdeh tərəfindən həmin məbləğin hər ay evi satılanda 1000 manat ödənilməsi və imkanı olanda tez zamanda borcunun ödənilməsi barədə öhdəlik götürülsə də, həmin məbləğdən hazırki günədək cəmi 3500 manat pul vəsaiti geri qaytarılmış, geri qalan məbləğ isə hazırki günədək iddiaçıya geri qaytarılmamışdır. Cavabdeh məhkəmə iclasında həmin borcun iddiaçıya qaytarılmasını əsas gətirsə də, borcun qaytarılması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Cavabdeh 10725 manat (14225-3500=10725) məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən “30 manat dəyərində 1 ədəd kostyum, 35 manat dəyərində 1 ədəd ventilyator və 25 manat dəyərində 1 ədəd ətir olmaqla ümumilikdə 90 manat pulun cavabdehdən tutulması hissəsində sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10725 (on min yeddi yüz iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün 122.44 manat dövlət rüsumunun 50%, yəni 61.22 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun, qalan 50%, yəni 61.22 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar