Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-161/2025 19.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X6 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi ilə, İddiaçı Baxçəli oğlunun nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Baxçəli oğlunun Cavabdeh qarşı tikilinin sökülməsi və dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Baxçəli oğlu iddia ərizəsi ilə məhkəmyə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ofis və anbar binalarında aparılan tikinti işlərinin dayandırılmasına, ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin qarşısındakı 6 metr hündürlüyündə hasarın cavabdehin hesabına sökülməsi , fərdi yaşayış evimə dəymiş 50.000 (əlli min) manat zərərin və ödənilmiş 240,8 (iki yüz qırx manat səksən qəpik) dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən aparılan tikinti işləri nəticəsində cavabdehə məxsus tikinti obyektlərindən qopmuş panellər ona məxsus evin üzərinə düşərək evin çardağına, divarlarına və həyətyanı sahəsində yerləşən ağaclara zərər vurmuş, internet təchizatı zədələnərək sıradan çıxmışdır. Qeyd edilən hadisə nəticəsində ona məxsus olan evin divarlarında çatlar əmələ gəlmiş və evi yararsız vəziyyətə salmışdır. Onun ailəsində 3 azyaşlı uşaq var və cavabdeh tərəfindən aparılan tikiniti ilə əlaqədar yaranmış təhlükəli vəziyyət onların həyat və sağlamlığı üçün təhlükə törədir. Bundan əlavə olaraq bildrimiş ki, ona məxsus fərdi yaşayış evinin pəncərəsinin qarşısında hasar çəkilmiş və həmin hasar pəncərənin qarşısını kəsərək evə gün işığının qarşısının alınmasına səbəb olmuşdur. Daha əvvəl dəfələrlə cavabdehə şifahi olaraq bildirməsinə və rəsmi qaydada yazılı məktub göndərməsinə baxmayaraq, qeyd edilən hallar aradan qaldırılmamış, tikinti işləri davam etdirilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmış və iddia ərizəsində göstərilən tələbin təmin olunması ilə bağlı qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında evin dəmiryolu istiqamətində yerləşən otaqlarında hər hansı bir qüsur yaranmadığını da məhkəmənin diqqətinə çatdırdı. Sonuncu iclasda iştirak edən iddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixli rəyində göstərilən dəymiş zərər məbləği ilə razılaşdığını, təkrar qiymətləndirmə zamanı ödənişin nə onun nə də ki, cavabdeh tərəfin ödəmək imkanında olmamasını, artıq bütün sübutlarını məhkəməyə təqdim etdiyini bildirdi. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 xx.xx.2025-ci il tarixdə Elektron Kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd olunmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, iş uzun müddətdir ki iddiaçının suni maneələri səbəbindən baxışa təyin edilmir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı artıq öz iddiasında maraqlı deyildir. Sonuncu eksertiza təyin edilən zaman (hansı ki iddiaçının təşəbbüsü ilə təyin edilmişdi) tərəflərindən ekspertizanın aparılması üçün bütün lazımı şərait yaradılmış və sənədlər təqdim edilmişdir. Lakin, iddiaçı marağını itirdiyindən ekspert rəy verməkdən imtina etmişdir. Tərəflərindən tikinti aparılarkən iddiaçının əmlakına zərər vura biləcək hər hansı qanunsuz işlər görülməmiş, tikinti normaları pozulmamışdır, bütün sənədlər qaydasındadır. Bu səbəbdəndə iddianı qəbul etmir və hesab edir ki, iddia məhkəmə tərəfindən rədd edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq isə “sendviç” panellerin düşməsi nəticəsində iddiaçının bildirdiyi məbləğdə ziyan dəyə bilməsinin mümkün olmadığını, iddiaçıya məxsus yaşayış evindəki çatların cavabdehlə əlaqəsinin olmamasını və bunun iddiaçının evinin yaxınlğından keçən dəmir yolu vaqonlarının titrəyişinin də səbəb ola biləcəyini bildirdi. Sonrakı məhkəmə iclaslarının isə yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı heç bir məlumat daxil olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: İş materiallarına əlavə edilmiş və tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Torpağın təyinatı sənaye, rabitə, nəqliyyat və digər qeyd olunmuşdur. Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 333 nömrəli qərarına əsasən Bakı, Binəqədi rayonu, 7 mkr, 3126 saylı məhəllədə cihazqayırma zavodunun yanında öz vəsaiti hesabına abadlışdıraraq istifadə etdiyi 200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Baxçəli oğlunun mülkiyyətinə ayrılması qərara alınmışdır. X1 xx.xx.2024-cü il tarixli, 270 saylı mütəxəssis rəyində göstərilir ki, “Tikinti təmir zamanı fərdi yaşayış evinə ziyan dəymişdir. Evin 1 metr kənarında 6 metr katlavan qazıldı. Ağır texnikaların istifadəsi zamanı evin silkələnməyinə səbəb olurdu. Nəticə etibarı ilə bu günki halda evin daxili və xarici hissələrində çatlar əmələ gəlmişdir, evə çox ciddi zərər dəymişdir. Həmin tikinti demək olarki yekunlaşıb 12 metrlik sendviç panellərlə evə düşən günəşin qarşısını kəsən hündür hasarlar çəkilib, çəkilən sendviç panelin birinin ağırlığı 6 metrdir, külək baş verən zaman sendviç panelin ikisi evin dam örtüyünə, biri həyətə düşüb. Dam örtüyü, işıq kabellər, ümumiyyətlə bütün naqillər yararsız vəziyyətə salınmışdır. Orda iş gedən zaman yağış sularının axıntısı üçün quraşdırılmış borular iș prosessində çıxarılıb və nəticə etibarı ilə bütün evdəki boyalar sıradan çıxıb, evdə rütubət yaranıb. İstifadə etdikləri kimyəvi maddələr küləyin yaymağı nəticəsində həyətdə qazonların bitməməyinə səbəb olub, eyni zamanda ağaclara ciddi ziyan vurub. Möveud hasarın üzərindən 2 metr hündürlüyündə qeyri qanuni şəkildə daş hasar qaldırılıb. Cavabdeh məxsus həmin ünvanda yerləşən tikinti işlərinin aparılması nəticəsində İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərərin məbləği 38000.00 (otuz səkkiz min) manat müəyyən edilmişdir”. Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyul 2024-ci il tarixli, 3-16-16/2-10/3538 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən Cavabdeh məxsus torpaq sahəsində inşa edilmiş anbar tikilisi ilə sərhəd hasarı arasındakı məsafənin 2.25 metr (9.0m x 0.25) olmalı olduğunu, faktiki olaraq isə həmin tikili ilə sərhəd hasarı arasındakı məsafənin 1.5 metr olduğunu nəzərə alaraq, həmin anbar tikilisinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 saylı maddəsinin 69.5.3 bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmiş, o cümlədən tədqiq olunan hasarın hündürlüyünün 2.2 metr təşkil etdiyini nəzərə alaraq, həmin hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə iclası zamanı təkrar qiymətləndirilməsi məqsədilə ekspertiza təyin edilmiş, lakin mütəxəsis rəyinin alınması tərəflərin müvafiq ödənişi etmədikləri səbəbindən mümkün olmamış, məhkəmə iclasında tərəflərə ödənişin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən təkliflər edilsə də hər hansı müsbət nəticə əldə edilməmişdir. Mübahisə ilə bağlı tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 180.1 və 184.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan toraq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına qarşı” iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin, hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəsi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdir. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır.” Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “... ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmələrinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqalnlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə çıxır ki, onun hüquqları pozulmamışdır.” “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. “X5rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X2rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmənin mövqeyi: Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bir çox hallarda insanlar ömür boyu işləyib çalışmaqla yalnız bir yaşayış evinə malik olur, özünün istirahət, ailə, sağlamlıq, yaradıcılıq və sair hüquqlarını həyata keçirmək üçün özünə məxsus olan yaşayış evindən istifadə edirlər. Yaşayış evinin tikintisi, təmiri uzun vaxt və vəsait tələb etdiyinə, ailə üzvlərinin hər birinin əməyindən istifadə olunduğuna, həm də ailə üzvlərinin ömürlərinin əksər hissəsini - şad, firəvan, kədərli günlərini yaşayış evində keçirdiklərinə görə yaşayış evi ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir. Bununla belə insan üçün onun həyat, yaşamaq, sağlamlıq hüququ daha önəmli hüquqlardır. Həyat, yaşamaq yoxdursa, digər hüquqlar, o cümlədən mülkiyyət hüququ da öz əhəmiyyətini itirir. Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu, həmin evdə yaşayanlar üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Beləliklə, işin araşdırması tədqiq edilən sübutlar, ekspert rəyinə əsasən müəyyən olundu ki, iddiaçının inşa etdiyi yaşayış evinə vurulmuş ziyan məhz cavabdehin həyata keçirmiş olduğu tikinti ilə birbaşa əlaqəli olmaqla məhz tikinti normalarına zidd inşası aparılan hərəkətlərin dayandırılmasını labüd edir. Bundan əlavə iddiaçı tərəf əsaslandığı halları məhkəməyə təqdim etmiş, cavabdeh tərəf isə bu halların və sübutların işin əhəmiyyətli hallarının müəyyən edilməsi məqsədilə tətbiq edilməsini və əsas götürülməsini istisna edən heç bir təsdiqlənən arqumentlərini çəkişməli məhkəmə müstəvisinə çıxarmamış, hər hansı tutarlı mənbəyə əsaslanmayan şəxsi mülahizə formasında yazılı etirazla iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin ekspert rəyinin tədqiqi zamanı müəyyən olundu ki, iddiaçı tələbində qismən haqlıdır, cavabdeh tərəfindən inşa edilmiş anbar tikilisi tikinti və şəhərsalma normalarına zidd inşa olunmuşdur, qeyd olunanlar isə həmin anbarın tikintisi ilə əlaqədar iddiaçının tələbinin təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə qərarlarında qeyd etmişdir ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Prosessual qənaət prinsipi, məhkəmə prosesinin lüzumsuz uzanmasının qarşısını almaq, vaxt və resurslara qənaət etmək məqsədi daşıyan bir hüquqi anlayışdır. Bu prinsipə əsasən, məhkəmələr bəzi hallarda müvafiq şikayətlərin verilməsi hüququnu məhdudlaşdıra və ya istisna edə, eləcə də işlərə baxarkən qüsurları aradan qaldırmaq üçün tədbirlər görərək məhkəmə prosesinin lüzumsuz uzadılmasının qarşısını almağa çalışırlar. Həmçinin vurulmuş ziyanla bağlı da məhkəmə işə ağlabatan müddət ərzində baxılıb yekun hüquqi qiymət verilməsinin və artıq 2 il ərzində davam edən məhkəmə çəkişməsinin nəticələnməsinin zəruriliyini nəzərə alıb iddiaçı tərəfindən təqdim edilən sübut qismində qiymətləndirmə rəyinin qəbul edilməsini və həmin həcmdə cavabdehdən maddi ziyanın tutulmasını məqsədəmüvafiq hesab edir. Qalan hissədə isə iddianın sübuta yetirilməməsi əsası ilə təminini məhkəmə məqbul hesab etmir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən anbar binasında aparılan tikinti işləri dayandırılmalı və aparılmış tikinti işlərinin nəticəsində İddiaçı Baxçəli oğluna məxsus Binəqədi rayonu, 7-ci mkr, 3126 nömrəli məhəllədə yerləşən fərdi yaşayış evinə dəymiş maddi ziyanın əvəzi olaraq 38000 (otuz səkkiz min) manat və dövlət rüsumunun əvəzi kimi 204 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 204 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən məhkəə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən anbar binasında aparılan tikinti işləri dayandırılsın və aparılmış tikinti işlərinin nəticəsində İddiaçı Baxçəli oğluna məxsus Binəqədi rayonu, 7-ci mkr, 3126 nömrəli məhəllədə yerləşən fərdi yaşayış evinə dəymiş maddi ziyanın əvəzi olaraq 38000 (otuz səkkiz min) manat və dövlət rüsumunun əvəzi kimi 204 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet) Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-161/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-161/2025
19.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver