Məhkəmə qərarları › İş №e-2(001)-1613/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1613/2022

04.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1613/2022 04.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “direktor vəzifəsindən azad edilməsinin rəsmiləşdirilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" MMC-nin qanuni təmsilçi kimi hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə "xxxx" MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə "xxxx" MMC-nin nizamnaməsinə uyğun olaraq iddiaçının bu cəmiyyətin direktoru vəzifəsindən azad edilməsinin rəsmiləşdirilməsi (bu barədə qərarın qəbul edilməsi üçün cəmiyyətin iştirakçılarının ümumi yığıncağının keçirilməsi, həmin qərara uyğun olaraq onun direktor olması barədə hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, habelə yeni direktor barədə qeydin aparılması üçün müraciətin edilməsi) vəzifəsinin qoyulması və cavabdehlərin həmin hərəkətlərin qətnamə qanuni qüvvəsini aldığı tarixdən 30 gün ərzində yerinə yetirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək, bildirmişdir ki, "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə o, cəmiyyətin direktoru vəzifəsindən artıq azad edilmişdir. Bu səbəbdən bu məsələdə onunla cavabdehlər arasında hər hansı mübahisə qalmamışdır. Lakin cəmiyyətə yeni direktor təyin edilməmişdir. Bu da onun direktor vəzifəsindən azad edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aparılan hüquqi şəxslərin dövlət reyestrində müvafiq qeydin aparılmasını qeyri-mümkün edir. Göstərilənlərin nəzərə alınmasını və onun "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə qərarın qəbul olunması üçün cəmiyyətin iştirakçılarının ümumi yığıncağının keçirilməsi tələbi istisna olmaqla digər tələblərin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı qismən müdafiə edərək bildirmişdir ki, "xxxx" MMC-nin nizamnaməsinə əsasən cəmiyyətə direktor təyin etmək və azad etmək cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. İddiaçı da vaxtı ilə direktor vəzifəsinə məhz bu qaydada təyin edilmiş və bununla bağlı qəbul edilmiş qərara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aparılan hüquqi şəxslərin dövlət reyestrində cəmiyyətin direktoru kimi iddiaçı barədə qeydiyyat aparılmışdır. Lakin bundan sonra iddiaçı tutduğu direktor vəzifəsindən azad olunması üçün dəfələrlə cəmiyyətin təsisçilərinə müraciət etsə də, cavabdehlər tərəfindən bu məqsədlə ümumi yığıncaq keçirilməmişdir. Məhz bu səbəbdən onların arasında hazırki mübahisə yaranmışdır. Hazırda iddiaçının cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi barədə tələb artıq öz hüquqi həllini tapmışdır. Belə ki, bir neçə gün əvvəl onlara iddiaçının "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə təsisçilərinin xx.xx.2022-ci il tarixdə keçirilmiş ümumi yığıncağının qərarı təqdim edilmişdir. Lakin bu vəzifəyə digər şəxsin təyin edilməməsi hüquqi şəxslərin dövlət reyestrində iddiaçının cəmiyyətin direktoru, yəni qanuni təmsilçisi olması barədə qeydin ləğv edilməsini qeyri-mümkün edir. Bunun üçün cəmiyyətə yeni direktor təyin edilməli və bu barədə ümumi yığıncağın qərarı yeni direktor barədə qeydin aparılması və buna müvafiq olaraq iddiaçı barədə qeydin ləğv edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın qismən təmin edilərək, iddiaçının bu cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi barədə qərara uyğun olaraq onun direktor olması barədə hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, habelə yeni direktor barədə qeydin aparılması üçün müraciətin edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması və cavabdehlərin həmin hərəkətlərin qətnamə qanuni qüvvəsini aldığı tarixdən 30 gün ərzində yerinə yetirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslər isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdilər. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1613/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata “cavabdehlərin üzərinə iddiaçının "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə qərarın qəbul edilməsi üçün cəmiyyətin iştirakçılarının ümumi yığıncağının keçirilməsi vəzifəsinin qoyulması” hissəsində xitam verilmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda həmin cəmiyyətin təsisçiləridir. Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı cəmiyyətin qanuni təmsilçilik funksiyası ilə direktor vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə, bundan sonra isə xx.xx.2021-ci il tarixdə cəmiyyətə, o cümlədən onun təsisçilərinə, yəni cavabdehlərə müraciət edərək, cəmiyyətin direktoru vəzifəsindən azad edilməsini xahiş etmişdir. Buna baxmayaraq, həmin vaxt bu məqsədlə təsisçilərin ümumi yığıncağı keçirilməmiş və bununla bağlı müvafiq qərar qəbul edilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə "xxxx" MMC-nin nizamnaməsinə uyğun olaraq onun bu cəmiyyətin direktoru vəzifəsindən azad edilməsinin rəsmiləşdirilməsi, yəni bu barədə qərarın qəbul edilməsi üçün cəmiyyətin iştirakçılarının ümumi yığıncağının keçirilməsi, həmin qərara uyğun olaraq onun direktor olması barədə hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, habelə yeni direktor barədə qeydin aparılması üçün müraciətin edilməsi vəzifəsinin qoyulması və cavabdehlərin həmin hərəkətlərin qətnamə qanuni qüvvəsini aldığı tarixdən 30 gün ərzində yerinə yetirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cəmiyyətin qanuni təmsilçilik funksiyası ilə direktor vəzifəsindən azad edilmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə bu cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi barədə qərara uyğun olaraq onun direktor olması barədə hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, habelə yeni direktor barədə qeydin aparılması üçün müraciətin edilməsi vəzifəsinin qoyulması və cavabdehlərin həmin hərəkətlərin qətnamə qanuni qüvvəsini aldığı tarixdən 30 gün ərzində yerinə yetirilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır; 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər; 91.2-ci maddəsinə əsasən cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir; 91.3-cü və 91.3.2-ci maddələrinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir; 91-2.1-ci maddəsinə əsasən cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Azərbaycan Respublikasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun: 2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər; 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir; 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir; 5.4-cü və 5.4.1-ci və 5.4.6-cı maddələrinə əsasən ərizəyə, həmçinin, təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır), habelə qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməlidir; 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; 9-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır; 14.1-ci və 14.1.7-ci maddələrinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar əks etdirilməlidir; 20.4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli, 70 nömrəli qərarı ilə təsdiq edilmiş hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarının 3.1-ci və 3.1.7-ci maddələrinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barədə qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar əks etdirilməlidir. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, hüquqi şəxsin təsis edilməsi və onun nizamnaməsinin təsdiq edilməsindən sonra həmin nizamnaməyə uyğun olaraq onun idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən qanuni təmsilçisinin təyin edilməsi barədə qərar qəbul edilir. Belə ki, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə ünvanlanan ərizə həmçinin, həmin şirkətin qanuni təmsilçisi tərəfindən imzalanmalı və ərizəyə qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Bu da öz növbəsində qanuni təmsilçinin bu prosesdən əvvəl təyin edilməsini şərtləndirir. Dövlət reyestrində aparılan yazıda isə reyestrə daxil edilmiş qurumun qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatların da əks etdirilməli olması göstərilmişdir. Həmçinin, dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxsin, o cümlədən məhdud məsuliyyətli cəmiyyətin qanuni təmsilçisi dəyişdikdə bu barədə hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatın aparılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsinin zəruriliyi təsbit edilmişdir. Bununla belə, bu sahəni tənzimləyən qanunvericilikdə hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan şəxsin təyin edilməsi, onun barəsində aidiyyəti məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi və bu vəzifəni tutan şəxs dəyişdikdə bununla bağlı hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə müraciət edilməsi imperativ qaydada müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, "xxxx" MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin direktorunu təyin etmək və vəzifədən azad etmək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. "xxxx" MMC də təsis edildikdən və onun nizamnaməsi təsdiq edildikdən sonra nizamnaməyə uyğun olaraq onun qanuni təmsilçisi (direktoru) təyin edilmiş və cəmiyyətin təsisçilərinin ümumi yığıncağının xx.xx.2012-ci il tarixli qərarı ilə bu vəzifəni tutan şəxs bu vəzifədən azad edildikdən sonra həmin vəzifəyə məhz iddiaçı təyin edilmiş və qərara uyğun olaraq cəmiyyətin qeydiyyat məlumatlarında baş vermiş bu dəyişikliyin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin (hazırda Dövlət Vergi Xidmətinin) aidiyyəti qurumuna müraciət edilmiş və nəticədə dəyişiklik dövlət qeydiyyatına alınmışdır. Bu cəmiyyətin təsisçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı da bu vəzifədən azad edilmiş (iddiaçı, həmçinin bu barədə tələb irəli sürmüşdür və qeyd edilən qərar işə məhkəmədə baxılan zaman qəbul edilmişdir) və cəmiyyətin qeydiyyat məlumatlarındakı dəyişikliyin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi qərara alınsa da, bu məsələ ilə bağlı həmin quruma müraciət edilməmiş, o cümlədən qərar icra olunması üçün göndərilməmişdir. Həmçinin, həmin vəzifəyə hər hansı başqa şəxsin təyin edilməsi məsələsi həll edilməmişdir. Bununla belə, iddiaçı xx.xx.2022-ci il tarixdən etibarən cəmiyyətin direktoru olmasa da, hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlara əsasən o, hələ də bu vəzifəni tutan şəxsdir. Bu vəzifəyə hər hansı başqa şəxsin təyin edilməməsi də, onun barəsində aparılmış bu qeydin ləğv edilməsini, yəni bu dəyişikliyin qeydə alınmasını qeyri-mümkün edir. Hər bir halda, hüquqi şəxsin qanuni təmsilçisinə dair qanunvericilikdə olan tələblər baxımından xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasda, habelə mövcud vəziyyətdə bundan sonra həmin vəzifəyə başqa bir şəxsin təyin edilməsi məsələsi də öz həllini tapmalı idi. Həmin vəzifəyə təyinatın aparılması məsələsində cəmiyyətin, o cümlədən onun təsisçilərinin hər hansı bir çətinliklə üzləşməsi, o cümlədən bu vəzifəyə real olaraq hər hansı namizədin olmaması bu məsələnin açıq qalmasına əsas ola bilməz. Belə ki, bu sahəni tənzimləyən qanunvericilik bu vəzifəyə cəmiyyətin 2 təsisçisindən birinin təyin edilməsini də qadağa etmir. Hər bir halda, iddiaçı ilə cəmiyyət (onun təmsilçiləri) arasında əmək müqaviləsi bağlanmasa da, iddiaçı ilə cavabdeh arasında hüquqi nəticə etibarı ilə əmək münasibətləri olmuş və iddiaçı bu vəzifəni tutmaqdan azad edilməsini tələb etməklə aralarında olan əmək münasibətlərinə son qoyulmasını istəyir. Bu onun hüququdur, bu hüququn məhdudlaşdırılması üçün hər hansı əsas mövcud deyil və onun reallaşdırılması vəzifəsini nizamnaməyə əsasən məhz cəmiyyətin təsisçiləri daşıyır (məsələnin təsisçilərin ümumi yığıncağında həll edilməsi yolu ilə). Bu səbəbdən məhkəmə iddianı əsaslı hesab edir və belə qənaətə gəlir ki, ümumi yığıncaqda iddiaçının cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi ilə yanaşı, həmçinin həmin vəzifəyə başqa bir şəxsin təyin edilməsi məsələsi də həll edilməli idi. Başqa sözlə, cəmiyyətin təsisçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarının icrasının, o cümlədən bununla bağlı cəmiyyətin qeydiyyat məlumatlarında olan dəyişikliyin dövlət qeydiyyatına alınmasının və bununla da iddiaçının cəmiyyətin direktoru olması barədə qeydin ləğv edilməsi üçün artıq vakant olan həmin vəzifəyə başqa bir şəxsin təyin edilməsi təmin edilməlidir. Bu da öz növbəsində cəmiyyətin təsisçilərinin üzərinə nizamnaməyə uyğun olaraq bu məsələ ilə bağlı ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulmasını şərtləndirir. Başqa sözlə, iddiaçının cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi təsisçilər tərəfindən bir sıra digər hərəkətlərin yerinə yetirilməsini, o cümlədən cəmiyyətin nizamnaməsinə uyğun olaraq yeni direktor təyin etməklə hüquqi şəxslərin dövlət reyestrində bu dəyişikliklərlə bağlı qeydin aparılmasının təmin edilməsini hüquqi baxımdan zəruri edir. Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarında cəmiyyətin qeydiyyat məlumatlarında olan dəyişikliyin dövlət qeydiyyatına alınması üçün aidiyyəti quruma müraciət edilməsinin göstərilməsinə baxmayaraq, iddia tələbinin bu hissədə də təmin edilməsi barədə qənaət, bilavasitə təsisçilərin bu məsələdə aşkar hərəkətsizliyi və ötən dövr ərzində həmin qərarın ondan irəli gələn məsələlərin qeydiyyata alınması üçün aidiyyəti üzrə göndərməməsi ilə bağlıdır. Bu səbəbdən məhkəmə, eyni zamanda, hesab edir ki, cəmiyyətin təsisçiləri tərəfindən qeyd edilən hərəkətlərin yerinə yetirilməsi vaxtı və müddəti müəyyən edilməlidir. Məhkəmə, cəmiyyətin iki təsisçisinin olmasını, ümumi yığıncağın keçirilməsinin, o cümlədən bu vəzifəyə təyin edilməli olan şəxsin müəyyən edilməsinin vaxt tələb etməsini nəzərə alıb, belə qənaətə gəlir ki, qeyd edilən hərəkətlərin yerinə yetirilməsi cəmiyyətin təsisçiləri, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən 30 gün ərzində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir; 223.3-cü maddəsinə əsasən həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, "xxxx" MMC-nin təsisçiləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə İddiaçı bu cəmiyyətin direktoru vəzifəsindən azad edilməsindən irəli gələn hərəkətlərin edilməsi, o cümlədən cəmiyyətin nizamnaməsinə uyğun olaraq yeni direktor təyin etməklə hüquqi şəxslərin dövlət reyestrində bu dəyişikliklərlə bağlı qeydin aparılmasının təmin edilməsi vəzifəsi qoyulmalı, qeyd edilən hərəkətlərin hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən 30 gün ərzində yerinə yetirilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən təmin edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin təsisçiləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə İddiaçı bu cəmiyyətin direktoru vəzifəsindən azad edilməsindən irəli gələn hərəkətlərin edilməsi, o cümlədən cəmiyyətin nizamnaməsinə uyğun olaraq yeni direktor təyin etməklə hüquqi şəxslərin dövlət reyestrində bu dəyişikliklərlə bağlı qeydin aparılmasının təmin edilməsi vəzifəsi qoyulsun. Qeyd edilən hərəkətlərin hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən 30 (otuz) gün ərzində yerinə yetirilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən təmin edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar